Məşhur rejissor: “7 min dedilər, 1500 verdilər”

Məşhur rejissor: “7 min dedilər, 1500 verdilər”
10 iyun 2014
# 15:12

Kulis.Az rejissor Rövşən Almuradlı ilə müsahibəni təqdim edir.

- Mətbuatda müsahibələrinizdə sərt tənqidlər səsləndirdiniz. Bir nəticəsi olubmu?

- Xeyr, səd heyf ki, yox… Mən özümə görə danışmaq istəyində deyildim… O məlumatı sizə yanlış veriblər. Mən bu məsələni son məqamda demişəm. Azərbaycan teatrının bu günü və problemlərindən danışanda özümü misal gətirərək demişəm. Mənə hazırlamağa tamaşa vermirlər, təbiidir, verməyəcəklər də… Artıq məcburam deyim ki, Azərbaycanın heç bir teatrında tamaşa hazırlamaq və ya film çəkmək istəmirəm. Mənim söz-söhbətim ondan ötrü deyil. Teatrın inkişafı qarşısına elə bir daş dığırladıblar ki, həyəcan təbili çalınmalıdı!

- Bir müsahibənizdə demişdiniz ki, sovet zamanında nə qədər nəzarət olsa da, rejissorlar öz nəsildaşlarına, sonrakı nəsillərə bir şeylər ötürə bilirdi. İndi müstəqillik dövrüdü, siz də “Yaşlı xanımın gəlişi” kimi xeyli müxalif ruhlu əsər hazırlamışdınız tamaşaya.

- Teatrın özü müxalif olmalıdır…

- Amma indi nə mane olur sizə?

- Bilirsiniz, vaxtilə Moskvaya teatrın Məkkəsi deyirdilər. Bir zamanlar məşhur bir aktyor başqa aktyorları ətrafına yığıb özünü təqdim edirdi, tamaşanı hazırlayan baş rolun ifaçısı olurdu. XX əsrin əvvəllərindən rejissorluq ayrıca bir sənət kimi formalaşdı. XX əsr atom əsri olduğu kimi rejissor əsri adlandı. Və rejissorun səlahiyyətləri var idi. Bu səlahiyyətlər maliyyəni, maddi texniki heyəti formalaşdırıb idarə etməkdən ibarət deyildi. Baş rejissorun fəaliyyəti üç istiqamətdən ibarət idi: Yaradıcı istiqaməti təyin etmək, repertuarı seçmək və truppanı formalaşdırmaq.

Bu səlahiyyətləri rejissordan alıb direktora veriblər, halbuki direktor inzibati məsələləri həll etməlidir. Sonra da deyirlər şəxsiyyət rejissor yoxdu… Teatrda adda-budda yaxşı tamaşa ola bilər, amma yaxşı tamaşa yaxşı teatr prosesi deyil. Yaradıcı istiqamət başqa şeydir. Təsəvvür edin ki, bir bina tikilir, bir rejissor gətirir kubik daşı qoyur, o biri çay daşı qoyur, başqa biri çiy kərpic gətirir. Belə bina tikilərmi? Baş rejissorsuz teatra ayrı-ayrı rejissorların dəvət olunması da belədir. Rejissorun səlahiyyətləri hansısa məmurların əlində olduqca Azərbaycan teatrının inkişafından danışmaq yersizdir. Mən tam ümidsiz deyiləm, hər enişin bir qalxmağı da var. Bu millət qısır millət deyil. Dəyərli, istedadlı oğullar törəyir. Bizlərdən min dəfə artıq istedadlıları gələcək. Biz heç olmasa özümüzdən əvvəl olanları bizdən sonrakılara ötürə bilməliyik. İndi elədiyimiz ona oxşayır ki, duraq deyək Qız Qalasını sökək, yerində gözəl bir Qız Qalası tikək. Olarmı? Rejissorluq təklərin peşəsidi. Çox gözəl, peşəkar rejissorlarımız, müasir tələblərə cavab verən aktyorlar, yaradıcı heyət, tamaşalar da var. Yeganə olmayan rejissor səlahiyyətidi !

- Dediniz ki, məmurlardan asılı olduqca… Bəs sizcə necə olmalıdır?

- Deyirlər, dərdi deyən dərmanı da deyər. Bu struktur dəyişməlidir.

- Necə dəyişməlidir?

-Teatr-dövlət əlaqəsi yeni xətt üzrə qurulmalıdır. Çünki buna ehtiyac var. Mədəniyyət və Turizm Nazirliyi deyə bilər ki, biz heç bir repertuar işinə qarışmırıq. Belə deyil axı. İstəsələr mən əyalət teatrlarından tutmuş “Akademik” teatra qədər repertuara dövlət sifarişi kimi sırınmış əsərlərin adını çəkərəm. O əsərləri bir araşdırsınlar, nə dəyəri var ki, onları dövlət sifarişi ilə tamaşaya hazırlayırlar. Deməli, repertuar bunlardan asılıdır və yaradıcı istismar var. Tutalım “Akademik” teatrın baş rejissoru yoxdur və yaradıcı istiqaməti direktor təyin edir. Etiraz edib deyərlər ki, baxın, “Akademik” teatrda nə qədər aktual əsərlər hazırlanır: Eduardo Filippo, Viktor Hüqo, Hüseyn Cavid… Amma dəyərli əsərlərin səhnəyə gəlməsi, göstərici deyil. Tamaşa ayrı məhsuldur, pyes ayrı.

Təzə söz düşüb bəzilərinin dilinə. Nə edirlərsə ölkə prezidentinin təsdiqlədiyi proqrama əsaslandıqlarını deyirlər… Mən o proqramla tanışam. Olduqca dəyərli və vaxtında verilmiş proqramdı. Bəyəm prezidentin sərəncamı ilə təsdiq olunmuş teatrın inkişaf proqramında yazılıb ki, “Akademik” teatr kimi bir teatr dağıdılmalıdır? Mən həmin o dövlət proqramı ilə bağlı yazı hazırlayıram. Orada yazılıb ki, gənclər gəlməlidir, bilik-bacarıqlar ötürülməlidir. Amma bu estafeti o gənclərə kim ötürməlidir? Vaqif İbrahimoğlu çox gözəl bir teatr- “Yuğ” teatrı yaratmışdı. Amma bu o demək deyil ki, Vaqif İbrahimoğlunun bütün tələbələri elə Vaqif İbrahimoğlu səviyyəsindədir və hərəsi bir teatra baş rejissor ola bilər. Və yaxud da, “Yuğ” teatrından da, Mingəçevir teatrından da aktyorlar “Akademik” teatra dəvət oluna bilər. Amma bu o demək deyil ki, “Yuğ” teatrını Akademik Milli Dram Teatrına yerləşdirəsən, Vaqif İbrahimoğlunun min bir əzabla ərsəyə gətirdiyi teatrı məhv edəsən .

Bu, rejissor Cənnət Səlimovanın “Kamera” teatrını bağlamaq üçün onu “Gənc Tamaşaçılar”a birləşdirmək kimi bir şeydir. Və yaxud da Hüseynağa Atakişiyevin əziyyətlə formalaşdırdığı “Gənclər teatrı”nı “Gənc Tamaşaçılar”a birləşdirmək kimidi. Birləşdirdilər və rənglər qarışdı.

- Siz düşünürsünüz ki, Yuğ teatrının aktyorlarının yavaş-yavaş “Akademik” teatra cəlb olunması “Yuğ” teatrının bağlanmağına tədarük görməkdir?

- Mənə elə gəlir ki belədir. Olmazdı ki, bu teatrlara daha yaxşı şərait yaradıla, yaşadıla?

- Sizcə bu kiçik, müəyyən qədər müstəqil teatrların bağlanması nəyə xidmət edir?

- Əvvəla teatr kiçik olmur. Baxmayaraq ki, birinin 5 nəfərlik tamaşaçı zalı var, o birinin beş yüz… Onları birləşdirmək ən böyük qəbahət idi. Onlar müxtəlif rənglər idi. Nəyi pis idi?

- Sizcə bu müxtəlif rəngli teatrları bağlamaqda məqsəd nə idi?

- İdarə etmək və bir əldə saxlamaq.

- Nəzarət etmək?

- Ay sağ ol. Onlar ilk növbədə o teatrları dövlət teatrı etdilər və nazirliyə tabe oldu. Çünki dövlət teatrı olmayanda onlar idarəolunmaz idi - repertuarlarını istədikləri kimi qururdular, onlara diktə etmək mümkün deyildi. Qərara gəldilər ki, birləşdirsinlər. Azərbaycan teatrındakı bu proses çox ağrılı prosesdir.

- Bəlkə ümumiyyətlə, teatr dövlətin himayəsindən, nəzarətindən çıxsa yaxşıdır?

- Qətiyyən. Dünyada dövlət teatrları var, muzey kimi qorunan teatrlar var, kral teatrı, prezident teatrı kimi. Bunları yüzilliklərdən gələn abidə kimi qoruyurlar. Teatrların hamısına dövlət qayğısı göstərilir.

- Müstəqil teatr şirkətləri yaratmaq necə?

- Çox yaxşı bir məqamın üstünə gəldik. Mənim anlamıma görə, ayrıca teatr departamenti olmalıdır və bu departament Mədəniyyət və Turizm Nazirliyinə yox, birbaşa Nazirlər Kabinetinə tabe olmalıdır. Maliyyəni də birbaşa oradan almalıdır. Bizim Mədəniyyət Nazirliyi həm turizmlə, həm muzeylərlə, həm musiqi, həm kino ilə məşğuldur. Hansına çatdırsın?

Departament olanda məqsədyönlü şəkildə teatra dəstək olacaq. Belədə bələdiyyə teatrları da ola bilər, kiçik teatr qrupları da. Bunları əlaqələndirən strukturlar, gildiyalar, aktyor birjaları yaradılar. Və dövlət bunların hamısına qayğı göstərər; təbii ki, ilk növbədə dövlət teatrlarına. Yəni, hardasa işıq varsa, onu bir az da genişləndirir, daha barmağını tıxamır ki, “Kamera” teatrı olmaz, “Gənclər” teatrı olmaz. “Yuğ” teatrına şirnikləndirmə yolu ilə deyirlər olmaz. Hansısa teatrın yaratdığının dəyəri yoxdursa da, departament ona pul ayırmır, o da özbaşına tənəzzül edib gedir.

- Niyə dövlət teatrlara pul ayırmalıdır?

- Mədəniyyət böyük anlamdır. Hətta müharibənin də mədəniyyəti var. Mədəniyyətin ən güclü daşıyıcısı incəsənətdir, çünki onun güclü təsir etmə qabiliyyəti var. Teatr incəsənətin ən böyük sütunlarından biridir. Teatr canlı sənətdir, incəsənətin laboratoriyasıdır. İncəsənətdəki bütün axınlar teatrda yoxlanılır, ordan şaxələnir. Teatr televiziya və kinonun kadr potensialıdır. Ona görə teatr qorunmalıdır. Teatr cəmiyyətlə sıx əlaqədardır. Teatr dövlətçiliyin sütunlarından biridir. Teatr yaxşının daha yaxşı olmasından ötrü çalışmaqdır. Dövlətçilik mövqeyində duraraq cəmiyyətdə olan eybəcərliyə qarşı müxalif olub, vətəndaş mövqeyini göstərmək üçündür.

- Sovet zamanında teatr həm də ona görə dövlətə vacib idi ki, hansısa ideoloji təbliğat mexanizmi idi. İndi müstəqillik dövrüdür. Dövlət teatrdan faydalanmaqda hansı maraqları olmalı idi və niyə yoxdur?

- Məncə sadəcə teatrı ciddiyə almırlar. Teatr idarə olunan yer deyil, teatr özü idarə edənlərdən, təsir edənlərdən olmalıdır. İstiqamət vermək, duyğuları düşüncələri idarə etmək baxımından.

- Rövşən müəllim, nazirliyin prosesə nəzarət imkanlarından danışdıq. Bəs konkret bir teatr rejissorunun fərdi yaradıcılığına necə nəzarət edir?

- Çox sadə. Yaradıcı insanların maaşları o qədər aşağıdır ki, hamı təqaüd almaq istəyir. Bir düşünün, niyə mükafat bir ildən bir verilir? Hər il yenidən təsdiq olunur? Yəni, hər şey bir il müqabilində sən necə davranacaqsansa ondan asılıdır. Əllərində bu sayaq rıçaqlar var.

Fikir verin, bələdiyyə teatrından başqa müstəqil teatr yoxdur. O teatrı da Amaliya xanım nüfuzu hesabına qoruya bilir. Sovet zamanında dərnəklər, xalq teatrı var idi. İndi ancaq dövlət teatrı var və bu teatrlarda işləmək üçün gərək onun şərtlərinə qəbul edəsən. 2005-ci ildə mən teatrda “Ölüləri qəbiristanlıqda basdırın” tamaşasını hazırlamışam, bir də 2011-ci ildə tamaşa hazırlamışam. Bu qədər vaxt niyə mənə tamaşa verilməyib? Nazirliyin bir sözçüsü var, deyir ki, biz heç kimin qarşısını almırıq. Amma hamı gözəl bilir ki, teatrlar onlara tabedir. Onların göstərişi olmadan hansı teatr direktoru addım ata bilər, Rövşən Almuradlıya tamaşa verə bilər?…

- Tamaşa hazırlayanda konyukturaya görə öz işinizdə güzəştə getdiyiniz olubmu? Sizə hansısa basqılar olubmu?

- Qətiyyən. Yox.

- “Yaşlı xanımın gəlişi” əsərini özünüz seçmişdiniz?

- Xeyr. Mənim hazırlamaq istədiyim əsərlərin içində Dürrenmattın başqa bir əsəri- “Fiziklər” əsəri var idi. İsrafil İsrafilovsa “Yaşlı xanımın gəlişi”ni mənə təklif etdi. Bildiyim qədər, bunu Bəxtiyar Xanızadə hazırlamalı imiş. Amma o imtina edəndən sonra əlimyandıya düşüblər. İstədiyim yar idi, yetirdi pərvərdigar. Mən əsəri oxudum və gördüm ki, bu günün əsəridir.

Yəni, əsas seçim düz olsun, kim olsa əsəri təklif edə bilər. Tamaşa hazırlandı. İlk iki resenziya sifarişlə yazılmış tənqidi resenziyalar idi. Mən təəssüf etdim. İstəmirəm indi bu barədə danışım. Sonra isə isti qarşılandı.

- Bəyənmişdilər?

- Məsələ bəyənməkdə deyil. Mənə kiminsə bəyənməsi maraqsızdı. Mənə maraqlıdı ki, mənim görmədiyimi görübmü o? Ya da mənim gördüyümü necə dəyərləndirir? Yoxsa durub deyirlər ki, filan rolu filankəs daha yaxşı oynayardı. Ola bilər ki, biri Hamleti gombul təsəvvür edir, o biri cılız.

Bilirsiniz, Azərbaycanda teatr prosesi düzgün formalaşmayanadək, rejissorun səlahiyyətləri özünə qaytarılmayanadək nə rejissor, nə dramaturq, nə teatrşünas , nə aktyor olmayacaq. Bir sözlə teatr inkişafdan qalacaq

Teatrımızın bir bəlası da gənc adı ilə peşəkar olmayan rejissorlara tamaşa verilməsidir. Rejissorluq elmdir, onu öyrənmək lazımdır. Peşənin sirlərini öyrənmək üçün ustad yanında təcrübə keçməlidir... Rejisorluq təklərin peşəsidir.

- Axı gənclər də özlərini ifadə etməlidir?

- Ay qızım, etsinlər də. Bəs bizə niyə o imkanı vermirlər? Niyə deyirlər ki, sənə olmaz.? Gəncləri irəli çəkmək olduqca gözəldi. Mən istəyərəm ki, ətrafımda gənclər olsun, onlara öyrədəm. Moskada oxuyanda müəllimim Valentin Nikolayeviç Pluçek mənə dedi ki, Rövşən gedirsən, amma rejissorluq 50 yaşdan sonra başlayır. 30 yaşım var idi, dedim ki, gedəcəm yaradacam. Hətta Mingəçevir teatrının da rəhbəri oldum, müstəqil teatrım da oldu, amma gördüm ki, cəmiyyət buna hazır deyil. 1992-ci ildən sonra mənə tamaşa vermədilər. Yoxsa mənim televiziyada nə işim var idi?

Deyirsiniz gənclərə... İradə Gözəlova... Gözəl rejissordur. Əvvəl Vaqif İbrahimoğlunun tələbəsi, sonra Fokinin tələbəsi olub. Bu xanım Gəncə teatrında “Evlənmə” tamaşasını hazırladı. Əla iş idi. Amma onu ordan götürüb gətirdilər “Akademik” teatra – imkan da vermədilər tamaşasını hazırlayıb bitirsin. İndi İjevskdə tamaşa hazırlayır. Ya da Mikayıl Mikayılov. “İlahi oyun” tamaşası. Gözəl aktyor oyunu. Amma o tamaşanın estetik prinsipləri “Yuğ” teatrının balaca dairəvi səhnəsi üçün idi. …

- Rejissorların qonorar məsələsi necə həll olunur?

- Bilirsiniz, bir neçə il əvvəl nazir müavini Ədalət Vəliyev bizi toplayıb dedi ki, siz gözəl, peşəkar rejissorlarsınız, bizim sizə ehtiyacımız var. Elə məbləğdə qonorar verəcəyik ki, ildə bir tamaşa hazırlasaz sizə bəs edəcək. 6-7 min manat qonorar olacaq. Bəs nə oldu? Məbləğ 1500-2000 manatadək düşdü, o da hələ olsa. Mən üç ildir tamaşa hazırlamıram, nə ilə dolanmalıyam? Başqa müstəqil teatr yoxdur ki, mən gedim işləyim… Bəs mən nə etməliyəm? Hansı ailə başçısı evə üç il pul gətirməz? Mənə mükafat zad lazım deyildi, tamaşa hazırlamağa imkan verəydilər. Nə ömrüm qalıb ki? Ömrümün sonuna kimi 5- 6 tamaşa hazırlasam, nazirlik bundan maliyyə böhranına düşəcəkdi?

- Hazırlamaq istədiyiniz 3 əsər var dediniz. Hansılardır?

- Şekspirin “Kral Lir”, Hüseyn Cavidin “İblis”, Anarın “Səhra yuxuları”… Əsər çoxdur. Özümün repertuarımda çox əsər var , saymaqla qurtaran deyil …

# 2759 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #