Azad sevgi, fahişəlik və ərlə arvadın biri-birinə qarşı dönüklüyü

Azad sevgi, fahişəlik və ərlə arvadın biri-birinə qarşı dönüklüyü
29 may 2014
# 11:02

Yazıçı Araz Gündüzün tərcüməsində bu günlərdə çapdan çıxan "CİNSİ ÖZƏLLİKLƏR VƏ CİNSLƏRARASI İLİŞKİLƏR" (Herbert Spenserin, Edvard Vestermarkın və Heveleok Ellisin əsərlərindən seçmələr) kitabından bir parçanı oxuculara təqdim edirik. Adı çəkilən kitab hal-hazırda çapdan çıxıb.

I

Bu gün, primitiv durumda yaşayan xalqların çoxunda, evlənənə kimi hər iki cinsə bütünlüklə azadlıq verilir. Çox yerlərdə, qızın oynaşının olmaması onun üçün üzüqaralıq sayılır. Barea və Kanama oymaqlarında ərdə olmayan qızın boyuna uşaq düşübsə nə onu, nə də oynaşını qınayan olur. Emin paşa Vajoro oymağı ilə bağlı yazır: “Buradakı gənc qızlar çox vaxt bütün gecəni öz oynaşları ilə keçirir, yalnız dan yeri söküləndə evə qayıdırlar, ancaq bu onlarla ata-anaları arasında hansısa qarşıdurma yaratmır”. Baumanın yazdığına görə, Vadigo oymağında ərə gedən qızın bakirə olmasına utanmazlıq kimi baxırlar, ən yaxşı halda isə, gülməli bir durum kimi yanaşırlar. Constonun yazdığına görə, Baconqo oymağında qızların bakirəliyinin nə olduğunu bilmirlər, burada kişiləri ancaq evlənmək istədikləri qadınlar üçün neçə para ödəməli olduqları maraqlandırır.

Britaniya ağalığında olan bütün orta Afrika bölgəsində yaşayan oymaqlarda cinsi yetkinlik yaşına çatan qızlara azadlıq verilir və onların heç biri ərə gedənə kimi bakirə qalmırlar. Varonga oymağında cinsi istəklərindən çəkinənləri ələ salıb gülürlər. Afrikada yaşayan kaffrlar da qızlarla və dul qadınlarla, evlənmədən, yaxınlıq eləyən kişiləri cəzalandırmırlar.

Madaskarda da evliliyə kimi hər iki cinsə öz cinsi istəklərini örəməkdə özgürlük verilir. Yeni Zelandiyanın Maori oymağında qızlar ərə gedənə kimi bütünlüklə özgür yaşayırlar, onların arasında bakirəlik anlayışı yoxdur. Marinerin yazdığına görə, Tonqar adalarında ərdə olmayan qadın kiminlə istəsə cinsi yaxınlıq eləyə bilər. Orada qadınları yalnız öz oynaşlarını tez-tez dəyişməyə görə qınayırlar. Guppunun yazdığına görə, Salamon adasının insanları üçün bakirəliyin namusluluq atributu sayılması kimi bir anlayış yoxdur. Onlarda cinsi yetkinlik yaşına çatan qızlar ərə gedənədək öz kəndlərində yaşayan gənc insanlarla istədikləri kimi cinsi yaxınlıq eləyə bilərlər. Malay adalarında da evlənədək olan cinsi ilişkilər namussuzluq sayılmır. Bütün bu dediklərimiz hindusların və hind-çin xalqlarının arasında da geniş yayılmışdır. Pren adlı araşdırıcının yazdığına görə, hindusların Anqami Naqas oymağında bakirəliyini itirməmiş qızlar qısa saç saxlayırlar, yerli qızlar cinsi yetkinlik yaşına çatan kimi, bu durumu özləri üçün üzüqaralıq saydıqlarından, tez bir zamanda cinsi ilişkilərə girməyə çalışıb saçlarını uzatmağa can atırlar. Burada kişilər evlənəcəkləri qadınların soysuz olub-olmamasını evlənənədək ayırd eləməyə çalışırlar.

Sunnerin yazdığına görə yakutlar da azad sevgiyə pis baxmırlar, ancaq bu kiminsə maddi maraqlarına toxunanda ona qarşı çıxırlar. Udmurtlar başqa gənclərin cinsi yaxınlıq üçün can atmadıqları qızlara yuxarıdan aşağı baxırlar, onlar ərə gedənədək artıq uşaq doğmuş qadınlara daha böyük sayğı göstərirlər; belə qadınlarla evlənmək üçün onların ataları daha böyük başlıq parası alır. Georginin verdiyi bilgiyə görə, Kamçatkada yaşayan yerli oymağın insanları evləndikləri qızların bakirəliyi ilə maraqlanmırlar. Yenə də o, eskimoslarla bağlı yazır: “Onların arasında cinsi münasibətlərlə bağlı bizdə əxlaq deyilən anlayışa uyğun gələn heç bir qaydalar yoxdur. Evli və subay insanlar arasında da heç bir məhdudiyyət qoyulmadan cinsi əlaqələr baş verir, hətta uşaqların belə cinsi yaxınlıq eləmələrinə göz yumur, buna onların əyləncələri kimi yanaşırlar. Onlar qızların bakirəliyi ilə bağlı düşünmürlər. Onlar sekslə heyvanlarda olduğu kimi heç bir əxlaqi qaydaları gözmədən məşğul olurlar”.

Vəhşi oymaqların çoxunda bakirəliyə önəm verilməsə də, ancaq eskimoslarla bağlı deyilənləri onların hamısına aid eləmək olmaz. Mən özümün “Evliliyin tarixi” kitabımda olduqca çoxlu vəhşi və barbar xalqların bakirəliyini itirmiş qızları namussuz saydıqlarını, onlara cinayətkar damğası vurduqlarını, onları çox vaxt öz aralarından qovub çıxardıqlarını, ya da öldürdüklərini göstərən çoxlu örnəklər vermişəm. Burada ən maraqlı olan isə, bakirəliyə belə böyük önəm verən bu oymaqların ən aşağı inkişaf pilləsində dayanmasıdır, bunlara örnək olaraq Seylonda yaşayan veddahları, Filippinin Lyutson adasında yaşayan qorrotları, bir sıra Avstraliya oymaqlarını göstərmək olar. Mən bu kitabımda gerçək faktlara arxalanaraq vəhşilər arasında özünü göstərən əxlaqsızlıqların çox vaxt yad ölkələrdən buraya gələnlərin təsirindən yarandığını da sübut eləməyə çalışmışam.

Belə “yüksək mədəniyyət” örnəklərini buralara çox vaxt yadellilər gətirir–vəhşi xalqların arasına gələn bu subay kişilər çox vaxt buradakı yerli qızları yoldan çıxaıb onlarla cinsi yaxınlıq eləyir, ancaq onlarla qanuni şəkildə evlənməyi ağıllarına belə gətirmirlər. Bundan başqa da bu, vəhşilik çağında yaşayan oymaqlarda azad sevgi də bəlli qaydalara uyğun olaraq baş verir və bunlar bir sıra araşdırıcıların göstərdiyi kimi heç də daimilik deyildir. Boyuna uşaq düşən qızlar çox vaxt onu yoldan çıxaran kişilərə ərə gedirlər. Bir sıra durumlarda isə, vəhşilik çağını yaşayan oymaqlarda evli olmadan boyuna uşaq düşən qızla birgə, onunla bu işi görən adamı da çox ağır cəzalandırırlar. Myunçingerin bildirdiyinə görə, Doğu Afrikadakı Takue oymağında hansısa qızın boyuna uşaq düşmüşsə, bu işin günahkarı olan kişini: qızın ölümünə görə ödənilməli olan qanbahası qədər cərimələyirlər. Bu cərimə isə ən azı əlli inəklə ödənilir. Elə bu qaynağın bildirdiyinə görə, Bəni Əmr və Marea oymaqlarında bu durumda qızı, onun uşağını və oynaşını da öldürürlər.

Batı Afrikanın bir sıra ölkələrində yaşayan vəhşi oymaqlarda ərə getmədən uşaq doğmuş qızları oymaqdan çıxarıb qovur, onun oynaşını isə amansızlıqla döyürlər. Forbesin deməsinə görə, Daqomeyada(indi Benin adlanır) bu durumda qızın oynaşını onunla evlənməyə məcbur eləyirlər, o bundan başqa da qız atasına çox böyük məbləğ olan 80 kauris pul ödəyir. Kaffrlara gəlincə, onların bir sıra oymaqlarında evlənmədən hamilə olmuş qızın atası, yaxud da qəyyumu günahkar kişidən birdən dördə kimi inək tələb eləyə bilər.

Kasalis adlı araşdırıcının dediyinə görə, Güney Afrikada yaşayan Basuto oymağında çox ilginc bir adət vardır. Burada dünyaya uşaq gələndə daxmada soba qalayırlar. Bu vaxt yeniyetmə oğlan uşaqlarının bakirəliklərini yoxlamaq üçün, onlara sürtünmə yolu ilə alovlandırmaq üçün ağaclar verirlər, kimin ağacından alov çıxsa, onun da elə bu alov kimi təmiz olduğu düşünülür, kiminsə əlində ağac alışmırsa onun oğlanlıq bakirəliyini itirdiyini düşünür, və belələrinin yalan danışdıqlarına görə, çox yaşamayacağına inanırlar. Beləliklə də, kənddə uşaq doğulanda ataların öz oğlanlarının bakirəliyini yoxlamaq imkanları olur. Bakirəliyini itirmiş oğlanlar, əllərindəki ağaclar alışmayacağı üçün, tez öləcəklərinə inandıqlarından, ən ağır cəzadan belə qorxmayıb günahlarını boyunlarına alırlar, onların inancına görə, belə bir etirafla onlar tez ölməkdən canlarını qurtarmış olurlar. Bu adətdən göründüyü kimi, bir sıra yerlərdə vəhşi oymaqlar arasında qızlarla yanaşı kişilərin də evlənənədək bakirəliyinin qorunmasına çalışırlar.

İndoneziyada yaşayan Nias oymağında evlənmədən hamilə qalmış qızı da, onun oynaşını da öldürürlər. Tunquzlar bu durumda ancaq kişini cəzalandırırlar; birdən bu kişi başlıq parası ödəyib qızla evlənmək istəməsə, onu ölümcül döyürlər. Tilinkitlər arasında, Duqlasın yazdığına görə, belə bir adət vardır: ərə getməmiş qadını yoldan çıxarmışlarsa, onda bunu eləyən kişi qadının ailəsinin namusunu “təmizə çıxarmaq üçün” onun atasına çox bahalı hədiyyələr verməlidir. Quzey Amerikadakı hindi oymaqlarının çoxunda yoldan çıxan qadından çox, onu yoldan çıxarıb namusuna sataşan kişini qınayırlar.

Daha yüksək inkişaf pilləsində olan xalqlara baxsaq, burada bakirəliyin yalnız qadınlar üçün məcburi olduğunu görürük, kişilərin bakirəliyinə isə önəm verilmir. Qriffis yazır: “Konfutsiçilikdə qadınlarla kişilər üçün fərqli əxlaqi dəyərlər irəli sürülməsi açıq-aydın görünür. Burada bakirəlik qadınlar üçün zəruri sayılır, kişilər üçün isə ona heç bir önəm verilmir”. Konfutsiçilikdə əxlaqla bağlı belə ikili standartların olmasına baxmayaraq, hər halda Çinin inanclarında kişinin öz bakirəliyini qoruyub saxlaya bilməsi kişilik idealı kimi dəyərləndirilir. Çinlilərin arasında cinsi ilişkilərlə bağlı pozğunluqlar geniş yayılsa da, ancaq burada öz bədənini bakirə saxlamaqla tanrıya ən çox yaxınlaşa bilməsi ilə öyünən kişilər də az deyildir. Onlarada belə bir Atalar Sözü də var: “Minlərlə yaramazlıqların içində ən pisi şəhvətpərəstlikdir”. Bu ölkədə qadın, namusuna toxunulmasın deyə, özünü öldürürsə ona hamılıqla baş əyirlər. Kişi pul qazanmaq üçün arvadını başqa kişilərin yatağına sürükləyəndə, qadın namusunu qorumaq üçün özünü öldürərdisə, onda valideyinlərinin evi qarşısında bu qadının ziyarət olunan abidəsini ucaldardılar.

Əski çağlarda yəhudilərin arasında qadınların bakirəliyini qoruması ən önəmli əxlaq normalarından biri sayılsa da, kişilər üçün belə bir yasaq qoyulmurdu. İslamda da qadınların bakirəliyi onların mütləq yerinə yetirməli olduqları bir borc olaraq irəli sürülür. Persiyada ərdə olmayan qadın uşaq doğardısa onu öldürərdilər. Hinduslar da kişilərin evlilikdən qıraqda baş verən cinsi ilişkilərini yaramazlıq saymır, ancaq bunu qadın üçün yolverilməz sayırlar.

Əski çağlarda adlı-sanl alman ailələri bakirəliyini itirmiş qızlarını çox ciddi cəzalandırar, ailənin namusuna sataşmış kişidən isə amansız qisas alar, ya da ondan çox böyük məbləğdə pul tələb eləyərdilər. Anqlosakslar hələ romanlaşmadıqları dönəmlərdə, müqəddəs Bnifasın ortaya çıxdığı çağlaradək, bakirəliyini itirib ailəsinin namusunu ləkələmiş qızları özlərini asmağa məcbur eləyir, sonra onun ölüsünü yandırır, onu yoldam çıxaran kişini qızın külünün üstündə dar ağacından asırdılar.

Əski yunanlar da öz qızlarının bakirəliyinə çox önəm verirdilər. Afina qanunlarına görə, bakirəliyi pozulmuş qızın qohumları onu yoldan çıxaran kişini cəza almadan öldürə bilərdilər. Burada bakirəlik çox yüksək dəyərləndirilirdi; bakirəlik onlarda Afina ilə Artemisin müqəddəslik simvolları sayılırdı; Afinanın ən böyük və ən müqəddəs kultu olan Panteon “qızlıq(bakirəlik) məbədi” adlanırdı. Düzdür, burada azad sevgi üçün də meydan var idi və getera adlanan özgür qadınlar yunan toplumunda önəmli yer tutur, buranın ən sayseçmə insanları belə onlarla oturub-durmaqdan çəkinmirdilər. Ancaq burada getera deyilən qadınların görkəmcə gözəl olmaları ilə yanaşı, onların çox yüksək intellektual səviyyəsi də önəmli rol oynayırdı, yunanlar insani dəyərlərində əxlaqla yanaşı, intellektə də çox böyük önəm verirdilər. Romalılar isə, əksinə, geteraları sevməzdilər. Burada bizim eranın 19-cu ilində qadınların gəzəyənliyinin qarşısını almaq üçün olduqca sərt yasalar verilmişdi. Bu yasalara görə, atası, babası və əri adlı-sanlı romalı olmuş bütün qadınların fahişəliklə pul qazanması yasaqlanırdı. Kişilərə gəlincə, Yunanıstanda olduğu kimi, onların evlənməzdən qabaq bakirəliklərini itirməsinə heç bir önəm verilmirdi. Bununla bağlı Siseron deyirdi: “Gənclərə fahişə yanına getməyi yasaqlamaq istəyənlər bununla çox böyük aşırılığa varmış olurlar. Mən bu sayaq hökmlərin qanunauyğun olduğunu düşünmürəm, busayağı yasaqlar, ulu babalarımızın yol verilən saydıqları, onların öyrəşdikləri, habelə özlərindən sonrakı törəmələrini də alışdırdıqları və elə buna görə də, bugünə gəlib çıxmış sapqınlıqlarla çox kəskin və barışmaz qarşıdurmalar yaradır. Kişilərin fahişə yanına getmədiyi çağlar olubmu? Haçağsa bunun qarşısını almaq üçün addımlar atılıbmı? Bunun yasaqlandığı çağlar olubmu? İndi qanun donu geyindirdiyiniz hadisələr bütün bu çağlarda qeyri-qanunimi baş vermişdir?” Filosof Epiktet öz öyrənçilərinə deyirdi: “Siz evlənənə kimi bakirliyinizi qoruya bilsəniz çox yaxşı olardı. Özünüzü cinsi yaxınlıq eləməkdən saxlaya bilmirsinizsə, onda heç olmasa bəlli sərhədləri aşmamağa çalışın. Cinsi istəklərə qapılanları istər açıq, istərsə də də üstüörtülü qınamayın; onları mühakimə eləməyin, onların qarşısında özünüzün cinsi istəklərdən çəkinməyinizlə öyünməyin”. Göründüyü kimi, burada kişi bakirliyi ideal hal kimi dəyərləndirilmişdir. Ancaq bütsevərliyin olduğu uzaq keçmişlərdə də bir sıra kişilər bakirliyi özləri üçün borc sanmışlar. Epiktetin öyrətməni olmuş Qay Muzoni Rufun düşüncəsinə görə, evlilikdən qıraqda olan bütün cinsi ilişkilər yolverilməzdir. Dio Krisos Tomus adında başqa bir filosof isə fahişəliyin qanunla yasaqlanmasına çağırırdı. Belə baxışlar ən çox əski çağlarda neoplotonizm və neopifaqorizm fəlsəfi axınlarının yaranması ilə bağlı olaraq üzə çıxmışdır. Deyilənə görə, Pifaqor öz öyrənçilərinə bakirlik ideyalarını çox güclü aşılaya bildiyindən, onlardan on nəfəri, cinsi istəklərə qapılıb bakirliklərini itirməmək üçün, özlərini öldürmüşdülər. Platonun öyrətdiyi qanunlara görə, kişilər evlilikdə olmadıqları heç bir azad və ya aristokrat qadınlarla cinsi ilişkilərə girə bilməzdilər.

Evlilikdən qıraqda baş verən cinsi ilişkilərə kilsənin baxışları daha kəskin olmuşdur. Evlənməyin özünü belə çox da yaxşı qarşılamayan kilsə, evlilikdən qıraqda baş verən bütün cinsi ilişkiləri ən ağır və bağışlanmaz suç sayırdı. Kilsə hətta evli olmayan kişi ilə qadının öpüşməsini belə ağır suçlar sırasına yazırdı; evli olmadığı qadınla cinsi ilişkiyə girməyi düşünməyin özü belə günah sayılırdı. Burada artıq, cinsi ilişkilərlə bağlı əxlaq normalarında qadın və kişilərə eyni bir meyarla yanaşılırdı.

Ancaq xristian əxlaqındakı bu bənd xristian təlimi ilə də, xristian ölkələrindəki ictimai rəy ilə də, kəskin qarşıdurma yaranmasına gətirib çıxarmışdır. Orta yüzilliklərdə xristian ölkələrində baş alıb gedən qabalıqlar və əxlaqsızlıqlar xristianlığın cinsi ilişkilərlə bağlı yasaqlarının o çağlarda yaşayan xalqların adətlərinə və baxışlarına necə az təsir eləyə bildiyini göstərir. Kilsənin cinsi istəklərdən çəkindirməklə bağlı təbliğatı istər xalqın içində, istərsə də ruhanilərin öz arasında uğursuzluqla üzləşdi. Ruhanilərin evlənməsinin yasaqlanması isə, namus anlayışını cinsi istəklərə bağlamaqla onun anlamının kiçildilməsinə və bununla yanaşı olaraq, insanların cinsi istəklərə göstərdiyi diqqətin artmasına gətirib çıxarmışdı.

Orta yüzillikıərdə, Avropada bakirəlik gülüş konusuna çevrilmişdi və o çağların bütün komik ədəbiyyatında ruhanilər insanların ailələrini dağıtmağa çalışan personajlar kimi göstərilirdi.

Orta yüzilliklərdə, cəngavərlik(rıtsarlıq) qanunlarının oturuşduğu çağlarda, insanların bakirəliklə bağlı qoyulan yasaqları gözlədiyi çox da inandırıcı görünmür. Bununla bağlı Sainte-Palazın belə bir yazısı vardır: “Cəngavərlik dönəmində olan əxlaqsızlıq başqa heç bir vaxt olmamışdır, onların törətdiyi pozğunluqlar heç bir ölçüyə sığmırdı”.

Sevgi orta yüzillikdəki cəngavərlərin ömrünün başlıca ideyası idi. Sevdiyi qadını ələ almağı bacarmayan cəngavər əskik kişi sayılırdı. Burada, görünür, sevgili ilə oynaş arasındakı fərq də aradan qalxmışdı. Cinsi istəklərini açıb ağartamayan bu oynaş cəngəvərin, idman yarışlarında, ad-san qazanmaq düşkünlüyündə və macəraçılıq yanğısında özünü göstərən obrazı, xristian folklorunda yüzilliklər boyu şişirdilərək, göylərə qaldırılmışdı, keçmişlərdə heç vaxt belə bir ədəbi yaradıcılıq örnəkləri olmamışdı.

Sonrakı yüzilliklərdə kilsənin apardığı islahatlar xristianlıq inancının cinsi ilişkilərlə bağlı normalarını yaxşılığa doğru dəyişdirə bildi, ən azından monastrların çox geniş yayılımış şəbəkəsinin aradan qaldırılması bu yöndə irəliyə doğru atılmış addım oldu. Bu isə buçağacan özünü cinsli ilişkilərə girməkdən çəkindirməli olan çoxsaylı ruhanilərin evlənə bilmələrinə yol açmış oldu. Bununla yanaşı olaraq, evlilikdən qıraqda baş verən cinsi ilişkilərlə bağlı problemlərin çözülməsinə artıq dünyəvi(laik) hüquq qanunvericiləri də qarışmağa başladı.

İkisi də subay olan qadınla kişinin qarşılıqlı anlaşma üzrə baş verən cinsi ilişkiləri necə yolverilməz ola bilər? Nə üçün bu ilşikilərlə bağlı əxlaqi baxışlarda belə qarşıdurmalar vardır? Əxlaq meyarlarının qadınlar üçün bir, kişilər üçün başqa cür olması doğru sayıla bilərmi? Gəlin bütün bu sorulara cavab verməyə çalışaq.

Təkarvadlıq üzrə qurulan evlilik, mənim inanmaq istədiyim kimi, bizim meymunabənzər əcdadlarımızın seçimi olmuşsa, belə bir evlilik forması bizə onlardan keçmişsə, onda cinsi ilişkilərin baş verməsi üçün belə bir formanın yaranması, görünür, insan üçün ən uyğun gələn bir seçim olmuşdur, ancaq daimiliyi ilə gözə çarpan bu evlilik formasından qıraqda baş verən ötəri cinsi ilişkilər də olmuş və insanlar bunlara keçici hallar kimi yanaşaraq önəm verməmiş, bu halları sinsi ilişkilərin başlıca forması olaraq seçməmişlər. Çox ola bilsin, insanlığın böyük bir kəsimi bugün də evlilikdən qıraqda baş verən cinsi ilişkilərlə bağlı belə duyğularla yaşamaqdadır, ancaq bunun belə olduğunu sonacan aydınlaşdırmaq da çox çətindir. Mənə elə gəlir, insanların içində çağlayan cinsi ilişkilərə canatma duyğuları az, ya çox dərəcədə, bəzən də bütünlüklə, oturuşmuş ictimai münsaibətlər tərəfindən söndürülür, indiki ictimai münasibətlərin cinsi yetkinlik yaşına çatan insanlara evlənmək üçün gərəkən dolanışıq şəraiti yarada bilməməsi buna gətirib çıxarır. Ona görə də, gəlin, evliliyə kimi və evlilikdən qıraqda baş verən cinsi ilişkilərə başqa yönlərdən yanaşmağa çalışaq.

Mənim düşüncəmə görə, evlilikdən qıraq və evliliyə qədər olan cinsi ilişkilərə pis baxılması indiki kişilərin çoxunun evləndikləri qızların bakirəliyinə böyük önəm verməsi ilə bağlıdır. Mən “Evliliyin tarixi” kitabımda da kişilərin evləndikləri qadınların bakirəliyinə böyük önəm verməklə bağlı baxışlarının geniş yayıldığını sübut eləməyə çalışmışam. Bu baxışların kökündə artıq başqa kişilərlə cinsi yaxınlıq eləmiş qadınlara yanaşmada özünü göstərən qısqanclıq duyğusu dayanır,–burada kişilərin qadınlardan yalnız onlara qarşı bəslənənə biləcək güclü sevgi duyğusu gözləmələri də özünü göstərməkdədir. Görünür, cinsi istəklərə qapılan kişidə qadının sevgi duyğularını birinci olaraq onun özünün ödəməsi istəyi də baş qaldırır. Qadınlar isə öz cinsi istəklərində, məməlilər sinfindən olan bütün dişilərdə olduğu kimi, kişilərin qarşısından qaçaraq onlar tərəfindən yaxalanmaq, cinsi baxımdan yenilmək yanğısına qapılırlar. Kişilərin qadınlarla cinsi yaxınlıq eləmək üçün onları yola gətirməyə çalışması və bunun üçün onların arxasınca gəzməsi və şıltaqlarına dözməsi təkcə elə mədəni xalqların arasında deyildir, bu davranış, primitiv və barbar xalqların çoxunda da belədir. Bir çox sivil xalqalrın bugünkü toy adətlərinə baxanda bunun izlərini açıq-aydın görmək olur.

Araşdırıcılardan Nanimin yazdığına görə Qrenlandiyanın doğu bölgələrində evlənməyin çox ilginc bir forması vardır. Evlənmək istəyən kişi istədiyi qızın evinə gəlib onun saçından, yaxud da əllərindən tutur, heç bir söz demədən, onu öz evinə sürüyüb aparır. Burada, görünüş üçün, qız evi toqquşma da yaradır. Yaşı keçmiş qızlar, bu anda namuslu görünmək üçün, dirəniş görüntüsü yaratmağa çalışırlar. Bəlli olduğu kimi, kişilərin cinsi istəklərini ödəməkdə üzüyolalıq göstərən qadınlar onların cinsi istəklərini qızışdıdırmır. Elə buna görə də, əski çağlarda əxlaqı gözəlliyin çiçəyi adlandırardılar. Qadının cinsi istəklərlə bağlı üzüyolalığı kişilərə çox qaba və iyrənc görünür, onları belə qadınlardan soyudur. Kişinin idealı, əldən-ələ keçmiş qadın yox, bakirəliyini qoruyub saxlaya bilmiş qızdır.

Buna görə də, evliliyin cinsi yaxınlıq eləmək üçün bir forma olaraq anlaşıldığı bütün yerlərdə qızların evliliyədək olan cinsi ilişkiləri onlara üzüqaralıq gətirir, bu olay onların əxlaqsızlığı və əskikliyi kimi dəyərləndirilir. Bununla yanaşı olaraq, onların belə davranışları ailəsinin adı üçün də böyük əskiklik sayılır. Qadınların evlənmək üçün pulla alındığı yerlərdə bakirəliyini ərə getməzdən qabaq itirmiş qızların bazar qiyməti aşağı düşdüyündən, onlar öz ailələrinə böyük maddi zərər vurmuş olurlar. Musanın kitabından aşağıdakı sözləri oxumaq olar: “Hansısa kişi bakirə qızı yoldan çıxarıb onunla cinsi ilişkiyə girərsə, gərək onunla evlənsin. Atası öz qızını ona ərə vermək istəməzsə, onda o, qız atasına bakirə qızı ərə verəndə ödənilən məbləğdə pul ödəməlidir”.

Qadının pulla alınması ilə bağlı adət onların bakirəliyini böyük bir dəyərə çevirməklə yanaşı, kişiləri də şəhvətlə bağlı istəklərini cilovlamağa yönəltmiş olur. Veddah oymağında qızları ərə verəndə onlar üçün pul istənilməsə də, ancaq onların bakirəliyinə çox böyük önəm verilir. Yuxarıda sadaladığımız bir çox örnəklərdən də göründüyü kimi, bakirə qızları yoldan çıxaran kişilər təkcə pul cəriməsi ödəməklə canlarını qurtara bilməmiş, bununla yanaşı olaraq başqa amansız cəzalar da çəkmişlər. Evləndikləri qızların bakirə olmasını istəyən kişilər onların evlilikdən sonra da başqaları ilə cinsi ilişkilərini yasaqlayırlar. Qızların bakirəliyini saxlamasını önəmli sayan toplumlarda onları yoldan çıxarıb bakirəliyini pozan kişi qatı cinayətkar sayılır. Onun bu cinayəti çox dar bir çərçivədə dəyərləndirilir, başlıca günahı isə, yoldan çıxardığı qızın ailəsinin namusuna sataşmaq, bununla da onların ad-sanına ziyan vermək sayılır. Ancaq bu vəhşi insanların arasında kişilərin özünü cinsi ilişkilərdən çəkindirməsi məcburi sayılmır. Kişilər öz cinsi istəklərini ortalıqda olan fahişələrlə söndürürlər və buna görə onlar yanyörədəkilərin qınağına tuş gəlmirlər.

Burada baxdığımız sorunu dərindən araşdıranda, yoldan çıxaran kişinin yoldan çıxarılan qadına qarşı düzgün davranmadığı aydın görünür. Ancaq mən öz araşdırmalarımda nədənsə, vəhşi oymaqlarda insanların bunu anladığı ilə bağlı örnəklərlə qarşılaşmamışam. Belə durumların hamısında, yoldan çıxaran kişi ilə yanaşı, demək olar həmişə, yoldan çıxarılan qadını da mühakimə eləyirlər. Burada qıza aşağılanan tərəf kimi yox, öz ailəsini aşağılayan tərəf kimi yanaşılır. Hətta zorlama baş verəndə də, qıza qarşı ədalətsizlik olduğunu düşünmürlər. Araşdırıcılardan Marinerin yazdığına görə, Tonqass adalarında zorlanan qadın ərli deyilsə və zorlayan kişidən yüksək təbəqədə dayanmırsa, onda bu olaya cinayət kimi yanaşmırlar. Zorlanmış qızlara qarşı belə barmaqarası davranırlarsa, onda necəsə özü aldanıb yoldan çıxmış qızın yaxınlarından özünə qarşı ürəyiyananlıq gözləməsinə yer qalmır. Elə bizim yüksək mədəniyyətli sayılan toplumumuz da namusuna toxulan qadını, onun namusuna toxunan kişidən daha artıq qınamırmı?

Qadınların yoldan çıxarılması ilə bağlı olan bir faktoru da xatırlamağa dəyər: bu, qadının bic doğulmuş uşağıdır. Ərə getməyən qızın doğduğu uşağın sonu nə olacaqdır sorusu, elə bilirəm, bütün anlaqlı və duyğulu insanları ağır düşüncələrə qapılmağa gətirib çıxaracaqdır. Ancaq əxlaqla bağlı konularda kişilər heç vaxt ağlabatan davranmamış, çox vaxt ağılsızlıq həddinə çatan amansızlıq yolunu tutmuşlar. Evlənmək, demək olar, bütün durumlarda dünyaya uşaq gətirmək üçün olsa da, ancaq kişilər özlərinin uşaq doğurmaq üçün olmayan cinsi ilişkilərinin olduğunu da açıb-ağartmağı sevmirlər. Kişilər evlilikdən qıraqda doğulan uşaqlarla bağlı qanunları ancaq öz yararlarına uyğun bir şəkildə yaratmağa çalışmışlar. Onlar özlərinin bu yanlış düşüncələrinə uyğun olaraq evlənmədikləri qadınlardan doğulan uşaqları qarşısındakı atalıq borclarını çox kiçik məbləğdə pulla dəyərləndirməyə çalışmışlar. Çox vaxt isə, yerli adətlərə arxalanaraq, öz uşaqlarına bu kiçik məbləği də ödəməkdən boyun qaçırmışlar.

Roma-katolik kilsəsinin işləri üzrə ən sayğılı kimsələrdən biri olan Tomas von Aquino gəzəyənliyin ən ağır və bağışlanmaz suç olduğunu sübut eləməyə çalışır, dediklərinin doğruluğunu göstərmək üçün, başlıca arqument olaraq belə cinsi ilişkilərdən doğulan uşaqların taleyinin korlanmasını ortaya atır. Ancaq Roma-katolik kilsəsinin öz tarixi boyunca belə uşaqlara hansı münasibət bəslədiyini xatırlayanda onun bu kövrək duyğuları inandırıcı görünmür. Xristianlığın evlilikdən qıraqda olan cinsi ilişkilərə qarşı belə kəskin yanaşması onun mahiyyətində olan asketizmdən doğulmuşdur, xristian asketizminə görə, evlənməmək və cinsi ilişkilərdən büsbütün çəkinmək evlilikdən qat-qat üstündür, habelə xristianlığın evliliyi və cinsi yaxınlığı bütünlüklə yasaqlaya bilməməsinin tək səbəbi, insanın soyunun kəsilməməsinə görədir.

Bakirəliyə əxlaqi anlam verən faktorlardan biri də, incə duyğular yiyəsi olan kişilərin sevdikləri qadınlarla cismani təlabatlarını ödədikdən sonra da, onlara qarşı olan cinsi və ruhani vurğunluqlarının qalmasıdır. Belə bir vurğunluğun örnəklərini biz fahişələrə vasvasılıqla yanaşan kişilərin olmasında, bir də sevdiyin qadınla baş verən cinsi yaxınlığın fahişələrlə baş verən cinsi yaxınlıqdan ölçüyəgəlməz dərəcədə dadlı olmasında görə bilirik. Könülləri biri-birinə calayan yüksək ruhani ilişkilər olmadan cinsi duyğularını ödəmək kişilərə çox qaba görünür, qadınlar isə bundan daha çox çimçəşirlər. Bundan başqa da, kişilərin ömründə sevgi çox vaxt bir yaşam epizodu olur, qadınlar üçün isə sevgi yaşamın bütün mahiyyətinə çevrilir. Yunan oratoru Lusiusun düşüncəsinə görə, qadın bakirəliyini itirəndə onun ruhu da dəyişikliyə uğrayır.

literaz.com

# 2428 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
#
#
# # #