writer1

Sevinc Elsevər

Məqalə sayı

106
clock16:00 calendar-gray 06 May 2014 view-gray3429 dəfə oxunub
view-gray3429 dəfə oxunub

Azərbaycanlının qonağa nifrəti

Azərbaycanlıların qonaq getmək və qonaq qəbul eləmək adətləri çox qəribədir. Uşaqlığımı əyalətdə keçirmişəm. Yadımdadır ki, biz bayır darvazamızı günün bütün saatı qıfıllamırdıq. Çünki, gün ərzində bu qapıdan azı qırx dəfə girib-çıxılırdı. Qohumlar, qonşular, alverçilər, dilənçilər, ələmgəzdirənlər və s. hamısının üzünə qapımız açıq idi. Yadlar heç olmasa, darvazanın ağzında dayanıb, ağızucu "ay ev yiyəsi" deyə çağırırdılar. Qohumlar səslərini də çıxarmırdılar. Hətta səni həyət-bacada tapmasalar, hamama qədər gedib axtarırdılar. Ailəmiz şəhərə köçəndən sonra gördüm ki, qonaqlıq adəti şəhərdə nisbətən fərqlidir. Qonaq gəlmək istəyən adam zəng eləyir, sənin izin-rüsxətini alır, heç olmasa evdə olub-olmadığını öyrənir, sonra təşrif buyurur.

Bax bu əla idi!

Çünki belə olanda bilirdin, üç gün sonra sənin evinə qonaq gələcək. Evdə çatışmayan şeyi alıb qoyurdun ki, qonağın gələndə qapılara düşməyəsən. Pulun yoxdursa, nisyə götürürdün - cəhənnəm! Yoxsa, rayonda biz uşaqların günü qara idi. Kasıbçılıq illərində anam qəndi də bizə sayla verirdi ki, birdən qəfil qonaq gələr, stolun üstünə qoymağa qənd tapılmaz. Bu qəfil qonaqların ucbatından adam ürəyi istəyən kimi yeyib içə də bilmirdi. Konfet, şokolad qonaq üçün, anamın qoyduğu beş-altı kompot, xiyar turşusu qonaq üçün, narşərab, çarpayının altındakı üç-dörd qarpız, iki-üç yemiş qonaq üçün... Qapıdakı üç-dörd qotur hinduşka, xoruz, cücə qonağın... O qonağın, bu qonağın. Qonaq sözünə nifrət edirdik.

Qonaq da gəldi, qeyri-səmimi olmağa, özümüz olmamağa, özümüzü heç olmadığımız kimi aparmağa məcbur idik. Ya göz ağardır, ya da harda yanlasalar, "özünüzü adam kimi aparın, evdə qonaq var" deyirdi böyüklərimiz.

Kənddə evinə qonaq gələn kimi bütün qonum-qonşular axışır evinə ki, görüm kimdir gələn. Heç kəndə sirk, yaxud teatr truppası gəlsə, bu qədər maraqlanmırlar.

Əgər qohumlarınla bir şəhərdə, bir kənddə yaşayırsansa, günün qaradı. Gediş-gəliş o qədər çox olur ki, evinin təmizliyinə daima diqqət eləməlisən. Lap yaxın qohumlar səni arzu eləmədiyin vəziyyətdə yaxalamaq məqsədiylə qəfil gəlib çıxırlar. Vəziyyət o həddə çatır ki, evin xanımı vasvası birinə çevrilir. Hünəri var, əri, ya uşağı əlindən yerə bir çöp salsın, ya bir damcı su töksün, alıcı quş kimi alacaq başının üstünü. Bütün günü deyinəcək. Əli suya girib çıxmaqdan dərisi xəstəlik tapacaq. Azərbaycan əyalətlərindən şəhərə köçmək eşqiylə alışıb yanan adi ev qadınlarının şəhərə köçmək arzusunun altında qohum-əqrəbalardan qaçmaq istəyi yatır həm də. Çünki onlar hər şeyə qarışırlar: geyim-keciminə, evindəki əşyaların düzülüşünə, uşağının tərbiyəsinə və s.

Başqa xalqların nümayəndələri də evdə qonaq qəbul edirlər. Amma çay süfrəsində. O da ayrı dərddir ki, qonaq qəbul eləyəndə evin xanımı qıçını qatlayıb bir dəqiqə oturmur. Yaxud ərinin evə yığışan dostlarının ucbatından evin mətbəxində saatlarla dustaq oturur.

Azərbaycanlıların adı qonaqpərvər çıxıb. Doğrudur, onların evinə qonaq gələndə nadir hallarda üzlərini turşudur, yaxud qonağı qapıdan qovurlar. Amma əllərindən yerə bıçaq, qaşıq, çəngəl düşdüsə, götürüb arxasını üç dəfə yerə vurarlar ki, yolda olan qonaq geri qayıtsın. Özü də yerə nəyin düşməsinin də fərqi var. Yerə düşən xörək çəkmək üçün olan qaşıqdırsa, bu yaşlı arvad, çox güman ki, qayınanadır. Bıçaqdırsa, kişi xeylağıdır. Adi xörək qaşığıdırsa, qadındır, çay qaşığıyla birgə düşübsə, uşağıyla gəlir...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
16:38 18 Sentyabr 2020
Üzeyir Hacıbəylinin xatirəsi anıldı
15:51 18 Sentyabr 2020
Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
15:10 18 Sentyabr 2020
“Qalatasaray”ın qələbəsinə sevinən kölə təfəkkürü – Sərdar yazır...
14:32 18 Sentyabr 2020
İntim görüntülərlə şantaj olunan qadın nə etməlidir? – Mütəxəssis rəyi
13:39 18 Sentyabr 2020
Mədəniyyət Nazirliyi: "Fəxri adlara namizəd olanları müstəqil komissiya seçəcək"
13:10 18 Sentyabr 2020
Şabanın adı filmlərinin çəkildiyi küçəyə verilib
12:47 18 Sentyabr 2020
Pula görə təhsilini yarımçıq qoydu, repressiyadan təsadüfən xilas oldu, xanımı başqa qadınla evlənməsini istədi – Üzeyir bəydən maraqlı faktlar
12:08 18 Sentyabr 2020
Müəlliməni intihara aparan səbəb
11:36 18 Sentyabr 2020
Musiqi Günü ilə bağlı elektron baza hazırlanıb - Link
11:02 18 Sentyabr 2020
Tanınmış yazıçı vəfat etdi
10:33 18 Sentyabr 2020
27 yaşda intihar edən müəlliməyə gecikmiş təsəlli
10:04 18 Sentyabr 2020
Bəy!
09:36 18 Sentyabr 2020
Qanı gördükcə qorxudan titrəyirdim - Bircənin romanı
09:00 18 Sentyabr 2020
Xalq artisti qonşusunu məhkəməyə verdi
19:05 17 Sentyabr 2020