writer1

Qalib Arif

Məqalə sayı

8
clock14:21 calendar-gray 01 May 2014 view-gray1135 dəfə oxunub
view-gray1135 dəfə oxunub

O, yazıdan saz düzəldirdi...

Əməkdar jurnalist Telman Heydərovun 75 illiyinə

“Ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Bəzən mənə elə gəlir ki, Mövlanə Cəmaləddin bu sözləri məhz Telman Heydərov haqqında demək istəyib. Sadəcə olaraq, bəxti gətirməyib, aradakı böyük zaman fərqi ona bu kişi ilə şəxsən tanış olmağa imkan verməyib. Mənim isə bəxtim gətirib, “Xalq qəzeti”ndə Telman müəllimin şöbəsində, onunla çiyin-çiyinə düz 10 il işləmişəm. Sözün əsl mənasında, olduğu kimi görünən və göründüyü kimi olan kişini, bir neçə addımlıqdan, bilavasitə iş prosesində müşahidə etmişəm. Ondan – ustadımızdan, şerdən tutmuş nəsihətə kimi, çox şey eşitmişəm, çox şey öyrənmişəm, indi də karıma gəlir. Gözlərimin önünə isə, düz 18 il bundan əvvəlki Telman müəllim gəlir. Doğrudur, orta yaşı keçmişdi, amma qocalığın cavanlığını bayram edirdi. Şəhriyar demiş, o günlər elə bil bir sinema pərdəsidir gözümdə, oturub seyr edirəm indi özüm də.

1992 - 93-cü illərdə Azərbaycanda, o cümlədən mətbuatda vəziyyət yaxşı deyildi, maaşlar aşağı idi, vaxtlı-vaxtında verilmirdi. Buna görə mən də bir çoxları kimi, bir tikə çörək dalınca Rusiyaya, konkret olaraq, Sverdlovsk vilayətinin Nijni Tagil şəhərinə getmişdim. Amma arada mərhum Məmməd Nazimoğlu ilə zəngləşir, əlaqə saxlayırdım. Onların da vəziyyəti yaxşı deyildi, məlum “dozakl” problemi var idi, “Aydınlıq” qəzeti bağlanmaq üzrə idi. Deyəsən, 1995-ci ilin dekabrı idi, ona zəng etdim, yeni ilini təbrik etmək istəyirdim. Kefi kök idi, dedi Prezident “Xalq qəzeti”ni öz himayəsinə götürüb, “Aydınlıq”dan kollektivlə bu qəzetə gəlmişik. Amma yerimizi dəyişmişik, Mahal İsmayıloğlı baş redaktordur, mən birinci müavin. Qəzetimiz hər gün çıxır, biz də hər ay maaş alırıq. O dövrdə bütün postsovet məkanında nağd pul qıtlığı vardı, hər ay pul almaq, ailəni dolandırmaq bir hünər sayılırdı. Odur ki, yarızarafat, yarıgerçək soruşdum ki, mən də gəlim?! Dedi istəyirsən gəl, görək neynirik.

1996-cı ilin yanvarında Bakıya gəldim, ertəsi gün “Xalq qəzeti”nə getdim. Məmməd məni “Aydınlıq”da olduğu kimi gülərüzlə qarşıladı. Dedi sənin məsələni danışmışam, vaxt itirmə get evə, bir-iki günə Rusiyada yaşayan azərbaycanlılar, onların problemləri haqqında bir yazı yaz gətir. Doğrudur, biz səni yaxşı tanıyırıq, amma ruslar demiş “doveryay, no proveryay”. Mən Nijni Tagildə “Azəri” cəmiyyətinə rəhbərlik etmişdim, diaspor problemləri ilə yaxından tanış idim. Nə isə, məqaləni deyilən vaxtda hazırladım, “Xalq qəzeti”ndə çap olundu, mənim əmrim verildi. Növbəti həftənin bazar ertəsi işə çıxdım. Məmməd dedi Telman müəllimlə işləyəcəksən, o da siyasətçidir, sən də, o da qəbələlidir, sən də (mən qaxlıyam!), deməli, sizinki tutar. Sual dolu baxışlarımı görüb əlini telefonun dəstəyinə atmaq istədi, amma nə fikirləşdisə, ayağa durdu. Dedi gəl, bir yerdə gedək, həm sizi tanış eləyim, həm də kişiyə bir salam verək. Telman müəllim köhnə kişilərdəndir…

Bəli, Telman Heydərov köhnə kişilərdəndir, belələri haqqında deyirlər ki, kişilər 41 - 45-də getdilər. Telman müəllim isə, sadəcə olaraq, axıra qalıb, 41 – 45-də nəinki müharibəyə, heç məktəbə getməyə yaşı çatmayıb. Bəlkə, Allah onu qəsdən qoruyub, bizim üçün bir nümunə saxlayıb ki, köhnə kişiləri görək?! Deyirəm, bu suallara cavab tapmaq üçün bir az irəli qaçım, köhnə kişi haqqında bir arayış verim… Artıq bir neçə ildi ki, Telman müəllimlə işləyirdik, İttifaq Mirzəbəyli ilə birlikdə ustadla bir otağın havasını içirdik. Humanitar sahənin tanınmış alimlərindən biri gündəmlə səsləşən iri siyasi bir yazı gətirmişdi. Telman müəllim şöbə müdiri kimi yazını redaktə etmiş, qəzetdə getməsinə kömək etmişdi. Həmin alim də, beynəlxalq normalara uyğun olaraq, bir qutu konfet, bir köynək, üstündə qalstukla sovqat gətirmişdi, ustada hədiyyə etmək istəyirdi. Telman müəllim əməlli-başlı əsəbiləşdi, dedi sən məni tanımırsan, bu nə hoqqadır çıxarırsan?! Mən 40 ilə yaxındır (səhv etmirəmsə, 97 - 98-ci illər idi) bu qəzetdə işləyirəm, bircə dəfə belə şey etmişəm? Həmin alim də bir az pərt kimi idi, nə edəsini bilmirdi. Mən xəyala dalmışdım, yadıma uşaqlığım, atam düşmüşdü. O zaman, deyəsən, orta məktəbdə direktor işləyirdi. Valideynlərin biri atam işdə olanda bizə bir qutu meyvə gətirmişdi. Atam işdən gəlib bunu bilən kimi, məni də anamı da möhkəm danladı, yeşiyi isə 6-cı mərtəbədən aşağı tulladı. Yadımdadır, bu məsələyə görə qonşular bizdən “Jek”ə şikayət də etmişdilər… Sağ olsun Mirzəbəyli, təcili bir çay dəsgahı yaratdı, məni yuxudan (xəyallar da ayıq adamın yuxularıdır) ayıltdı, pərtliyi, incikliyi də aradan qaldırdı. Telman müəllim də qonağı yola salanda sovqatını qoltuğuna verməyi unutmadı.

Hə, biz Məmmədlə birlikdə 5-ci mərtəbəyə qalxdıq. Telman müəllim onda Arif Quliyevlə, iclas zalına dönəndə sağdan birinci otaqda otururdu. Altmışı haqlamışdı, başı tamam ağarmışdı, amma cavanlıq enerjisi, yaşayıb-yaratmaq eşqi dərhal hiss edilirdi. Rusiya ilə bağlı yazımı oxumuşdular, sağ olsunlar, xeyli xoş sözlər dedilər, məni sevindirdilər. Beləliklə, otaqda sayca 3-cü olsam da, artıq olmadım, tezliklə qaynayıb qarışdıq. Mən jurnalistikaya elmdən gəlmişdim, yazılarımın məzmunu olsa da, formasında xamlıq hiss olunurdu. Bəzən yazının adını, ideyasını buraxıb, fikirlərimin arxasınca gedirdim, fəlsəfəçilik edirdim. Telman müəllim də əsl peşəkar redaktor kimi hərəkət edirdi, yazılarımın mahiyyətinə dəymədən, bir məcraya yığılmasına kömək edir, formasını düzəldirdi. O, olduqca həssas adam idi, insanı hiss etdiyi kimi, yazını, sözü də hiss edirdi. Yaxşı redaktor idi, yazını korlamadan - müəllifin dəsti-xəttinə və qəlbinə toxunmadan düzəldə bilirdi. Obrazlı desək, yazı (söhbət YAZI-dan gedir) tut ağacı kimi bir şeydir, ondan saz da düzəltmək olar, paz da. Bu prosesdə redaktorun peşəkarlığı üzə çıxır, onun şeirə, ya şairə qulluq etməsi məlum olur. Telman müəllim sözsüz şeirə qulluq edən redaktor idi, o, hətta adi yazıdan “saz” düzəldə bilirdi. Mən buna sonralar, “Xalq qəzeti”ndə onunla birlikdə işləyəndə, yüz dəfə əmin oldum. Tezliklə Arif müəllim bizi tərk etdi, ustadla otaqda ikilikdə qaldıq. O zaman əməkdaşı çox olan qəzetdə bu genişlik hər bir yaradıcı işçinin arzusu idi. Telman müəllimin isə ürəyi də geniş idi, günlərin bir günü dedi ki, qəzetin İttifaq Mirzəbəyli adlı bir parlament müxbiri var, yaxşı qələmli, xoş xasiyyətli adamdır. Nahardan sonra parlamentdən gəlir, yazılarını verir, amma oturmağa yer tapmır. Bəlkə onu bizim otağa dəvət edək, qoy görsünlər ki, ürəyimiz də yerimiz kimi genişdir…

Beləliklə də 96-nın əvvəllərində bir-neçə ay birlikdə işlədik. Bir-birimizlə təzəcə isinişməyə başlayırdıq ki, mənim problemlərim çıxdı. Rusiyada işlərim yarımçıq qalmışdı, Cəmiyyətdə təlim-təslim işləri görmək, sənədləri təhvil vermək lazım idi. Məsələni otaqda yoldaşlara dedim, rəhbərliyə müraciət etməyi məsləhət gördülər. Baş redaktorun yanına getdim, məruzə edim. Dedi bir-iki aylıq öz hesabına məzuniyyət götür, get, işlərini qurtarıb gələrsən. Belə də etdim, amma geri qayıdanda redaksiyada dedilər ki, səni işdən çıxarıblar. Beləliklə, Əli aşından da oldum, Vəli aşından da. Ustad, dedi ruhdan düşmə, yazılarını yaz gətir, mən rəhbərliyə təqdim edəcəyəm. Qəzetdə imzan tez-tez görünsə, səni unutmayacaqlar, mən də sözümü deyəcəyəm. Bu minvalla bir-neçə ay qonorara işlədim, amma zəhmətim hədər getmədi. Sağ olsun Telman müəllim; ağıllı məsləhət verdi, əlindən gələn köməyi də əsirgəmədi. Mən yenidən “Xalq qəzeti”nin əməkdaşı oldum. Həm də nə birinci idim, nə də axırıncı; ustad neçə-neçə qələm yiyəsinə əl tutmuş, qəzetdə işə götürülməsinə nail olmuşdu. Rövşən, Kamran, Səbuhi (indi səsləri dövlət orqanlarından, Prezident Aparatından gəlir) – bunlar hələ gözümün qabağında olan, yadımda qalanlardır…

Otaqda həmişə mübahisəmiz düşürdü, mən Şəhriyarı XX əsrin ən böyük Azərbaycan şairi sayırdım, İttifaq Sabiri. Yəqin fərqli təbiətimizdən irəli gəlirdi, mən insanı düşündürən, fəlsəfi şeri sevirəm, İttifaq isə cəmiyyəti yumorla, gülüşlə müalicə edən sənətin tərəfindədir. Yeri gəlmişkən, illərlə davam edən həmin mübahisəmiz indi də nəticəsizdir, hər ikimiz öz fikrimizdəyik. Telman Heydərov isə heç kimin tərəfində deyildi, arabir bığaltı gülümsəyirdi, kefi kök olanda Rəsul Rzadan bir-iki misra deyirdi. Bununla da bizə yol göstərirdi, hər şairin öz yeri var demək istəyirdi. Şerə arabir müraciət etsə də, məqalə ilə sözünü tez-tez deyirdi. Onun “Güllələnmiş kitablar” yazısı indi də yaddaşımın qızıl fondundadır. Deməli, Telman müəllim indiki 20 Yanvar dairəsindən bir az yuxarıda 9 mərtəbəli binada yaşayır. 20 Yanvar hadisələrində şəhərə əsas hücum da bu istiqamətdən olmuşdu. Telman müəllim ailəsi ilə birlikdə mənzilin həyətə baxan otağında daldalansa da, kitablar küçəyə baxan otaqda müdafiəsiz qalmışdı. 20 Yanvar dairəsindən atılan güllələr də pəncərələri dəlib kitab şkafına dəymiş, onlarla kitabı “al-qana qərq etmişdi”. O qədər təbii və səmimi yazılmışdı ki, oxuyanda elə bilirdim güllələr bizim evə dolur, bizim kitabları (adamları deyə bilmirəm!) həyatdan məhrum edir…

Böyük-kiçiyə hörmət, təvazökarlıq və nəzakət ailə tərbiyəsindən gələn keyfiyyətlərdi və Telman müəllimin uca şəxsiyyətini daha da zənginləşdirirdi. Son dərəcədə zəhmətkeş idi, bir dəqiqəsini də boş keçirmirdi, respublikada baş verən bütün yenilikləri bilir, postsovet məkanında və dünyada baş verənləri izləyirdi, konkret işimizlə bağlı, siyasi məsələləri bizimlə müzakirə etməyi sevirdi. Respublikanın adlı-sanlı ziyalıları ilə şəxsən tanış idi, bir qismi “Xalq qəzeti”nə Telman müəllimin xətrinə gəlirdi. Biz onun sayəsində Fuad Qasımzadə, Budaq Budaqov, Yaqub Mahmudov kimi alimlərlə tanış olmaq imkanı qazanmışdıq. Keçmişləri xatırlayır, ümummilli liderimiz Heydər Əliyev, “Kommunist qəzetinin redaktoru Ağababa Rzayev haqqında danışmağı bir ayrı aləmdi. Deyirdi, Heydər Əliyev Azərbaycan KP MK-da keçirilən iclasda mənim “Kommunist” qəzetinin kollegiya üzvlüyünə namizədliyimi təsdiq edəndə cavandım, cəmi 30 yaşım vardı. Zarafat deyildi, Azərbaycanın, respublikanın rəhbəri adımı çəkirdi, mənə etimad göstərirdi (maraqlıdır, cavan yaşında ona daha bir etimadın göstərilməsindən, “Əməkdar jurnalist» adı verilməsindən heç zaman danışmır – Q.A.)… Ağababa müəllimin cəsarətli redaktor, peşəkar jurnalist kimi yüksək qiymətləndirirdi. Deyirdi, o, əsl rəhbərdi, yaxışını mükafatlandırmağı, pisi cəzalandırmağı bacarırdı, amma olduqca ədalətli və ləyaqətli idi, sözü ilə əməli həmişə düz gəlirdi. Eyni zamanda, səmimi insan kimi iş yoldaşlarının qayğısına da qalırdı, onların səhhəti, ailə problemləri ilə maraqlannırdı, hamıya kömək edir, əlindən gələni əsirgəmirdi. Məsələn, mən xəstə uşağımı Moskvaya müalicəyə aparmaq üçün baş redaktora müraciət edəndə, çəkinmədən səhiyyə nazirinə zəng etdi, bizə xəstəxanaya göndərdi, mehmanxanada yer düzəltdi. Bir deyil, iki deyil, unutmaq olarmı?!

Yeri gəlmişkən, Telman müəllim gördüklərini, bildiklərini (eşitdiklərini yox!) “Geriyə boylananda” adlı avtobioqrafik kitabında cəm edib, gözəl təhkiyə ilə oxucuların ixtiyarına verib. Bu kitab “Xalq qəzeti”nin əlli illik səlnaməsidir - Telman müəllimin üzü kimi… Sar olsun Nazim Mustafa, bu kitab haqqında elə bir yazı yazıb ki (“Bütövlük”- Xalq qəzeti, 24.07.2012), mən indi bədahətən bir-iki kəlmə deməyə utanıram və kitabı əldə edə bilməyən oxucuları onun ünvanına yollayıram. Özüm isə Telman müəllim, İttifaq Mirzəbəyli, Nazimlə, Əliqismətlə işlədiyim günləri, keçirdiyim illəri – bizim “Xalq qəzeti”ni xatırlayıram. Burnumun ucu göynəyir…

Mən “Xalq qəzeti”ndə cəmi 10 il işləmişəm, o günlərin, xatirələrin əlində əsirəm. Telman müəllim isə 50 ildən çox işləyib, görün o, nə çəkir? Bəli, bu yazının adını başqa cür də qoymaq olardg: “Əlli il bir qəzetdə, bir kollektivdə işləyən kişi”. Telman müəllimin həyatı boyu iki stixiyası (tərcüməyə gəlmir!), iki səcdəgahı olub, biri “Xalq qəzeti”dir, biri ailəsi. Hansının birinci olduğunu mən bilmirəm, özündən soruşun, bəlkə bilir?! Amma ailəsini, iki oğlunu, indi nəvələrini çox sevir, lap çox sevir. Onun övladları üçün nələr etdiyini, bu yolda nələr çəkdiyini mən də bilirəm, sadəcə olaraq, konkretləşdirmək istəmirəm. Yalnız onu deyə bilərəm ki, Telman müəllim Allahın dərdini də, qismətini də kişi kimi qəbul edib, bir dəfə də taleyindən şikayət etməyib. Amma vaxtsız ağaran saçları öz sözünü deyib, onu ələ verib…

Sonda bir pritça danışmaq, bununla da köhnə kişi haqqında təzə söhbətimə nöqtə qoymaq niyyətindəyəm. Deməli səhrada yol gedən bir yolçu yaman susuzlayır, obrazlı desək, dili-dodağı yanır. Uzaqdan qolu-budaqlı bir palıd ağacı görür, irəli yürüyür. Təbiətin qaydası budur, harda yaşıl rəng varsa, kökü sudur. Nə isə, yolçu gəlib çatır, görürü ki, palıdın alıtnda çay kimi bulaq qaynayır. Diz üstə çökür, Allahın nemətindən doyunca içir. Kefi kökəlir, ilham pərisi də gəlir. Və bizim yolçu bulağa müraciət edir: “Gözəl bulağım, sənə nə arzulayım? Deyim ki, sənin böyük dayağın olsun, bu palıddan böyük dayaq ola bilməz. Deyim ki, sənin suyun bol olsun, sən onsuz da qaynayırsan. Deyim ki, sənin suyun sərin, təmiz olsun, sən elə təmizlik timsalısan. Bir olan Allahdan arzulayıram ki o, bunları sənə çox görməsin. Biz gəldi-gedərik, sən yaşa, bulaq”.

İndi, Telman müəllim, biz sizə nə arzulayaq? Biz də bu yolçu kimi, bir olan Allahdan arzulayırıq ki, o, olanları sizə çox görməsin, ürəyinizə görə versin. Bir də, əgər könlünüzdən keçirsə(!), nəvələrin toyunu görməyi qismət eləsin. Biz də sizə yoldaş olaq, sirdaş olaq. Keçmişlərdə “Xalq qəzeti”ndə olduğu kimi…

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nəriman Qasımoğlu: “Atam sovet dövrünə görə tövbə elədi” - Müsahibə
21:00 28 İyul 2021
Sənət müsabiqəsi elan olundu - Mükafat fondu 50 min avro
19:00 28 İyul 2021
Qobustanda Hindistan qalereyası açıldı
18:20 28 İyul 2021
“Ev dustağıyam” kitabının təqdimatı olub
17:25 28 İyul 2021
Bu mənəm - şairlərin yuxusuna gizli kamera yerləşdirən – Güneydən şeirlər
16:40 28 İyul 2021
Bakıda yeni fotosərgi açılacaq
16:00 28 İyul 2021
“Nimdaş” müxbirin dönər sifarişi - Ulucay Akif yazır...
15:29 28 İyul 2021
Müslüm Maqomayevin heykəlinin yeri müəyyənləşdi
15:01 28 İyul 2021
Səndən ayrılanda, dağlar, cavandım - Günün şeiri
14:15 28 İyul 2021
Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt
13:30 28 İyul 2021
Səməd Səmədovun dəfninə gəlmədilər - Giley
12:40 28 İyul 2021
İşıqları keçirib yazanlar
12:00 28 İyul 2021
Dərnəgülün qansoranları – Vüsal yazır…
11:20 28 İyul 2021
“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata
10:40 28 İyul 2021
Müğənni 56 yaşında öldü
10:05 28 İyul 2021
Votsapda beş roman yazan xanım: “Mənim davam internetdəki əxlaqsız kişilərlədir” - Müsahibə
09:00 28 İyul 2021
Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021