Homoseksual üçün dua

Homoseksual üçün dua
21 aprel 2014
# 10:52

Qədim Spartada əlil uşaqları öldürürdülər! Çünki bu dövlət tamamilə hərbi sistem üzərində qurulmuşdu və düşüncəyə görə vuruşmaq qabiliyyəti olmayan oğlan uşaqları cəmiyyət üçün yararsız, hətta yük idilər. Eyni zamanda, döyüşlər zamanı qolunu, qılçasını itirib “havayı yeyənlər” sırasına daxil olanlar qətlə yetirilirdi.

İslamdan əvvəl isə, bədəvi ərəblər arasında qız uşaqlarını basdırmaq ənənə idi.

Sonra insanların qafası inkişaf etdi. Anladılar ki, əlil doğulmaq, fiziki cəhətdən qüsurlu olmaq insanların öz seçimi deyil. Onlara qarşı bu amansız münasibətə son qoyulmalıdır.

İslam peyğəmbəri qız uşaqlarının basdırılmasını birmənalı şəkildə qadağan etdi!

İnsanın özündən fərqli yaranmışlara alçaldıcı münasibətinin çox qədim yaşı var. Bu həqarət bəlkə də ulu əcdadlarımız hələ insana tam çevrilib qurtarmamış da var idi. Təəssüf ki, insan dediyimiz varlıq milyon illərlə inkişaf yolu keçsə də bu axmaq keyfiyyətini qoruyub saxlayıb. Hətta bu günümüzdə belə fərqli insanlara üstdən aşağı baxan avaralar vardır.

Bəzən o qüsurlu insanlar ifrat diqqətdən də narahat olurlar.

Bu çox həssas məsələdir!

Fərqlilikləri səmimi qəlbdən qəbul etmək! İlk baxışdan adama çox asan görünən bu məsələ öz praktiki həyatında ciddi problemlər yaradır. Bu fərqlilik fiziki qüsur kimi də, cinsi, dini, siyasi, milli, irqi mənsubiyyət kimi də, alternativ fikir kimi də ortaya çıxa bilər. Fərqliliklərə düşmən münasibətin bircə adı var: FAŞİZM!

Kulis.Az-ın “Kino Seans” layihəsi çərçivəsində baxdığım Rejissor Rassel Malkexinin “Dualar Bobbi üçün” filmi məndə bu düşüncələri yaratdı əvvəl-əvvəl...

Açığı, filmə baxmışdım. Amma seansda ikinci dəfə izləməyə ərinmədim. Film elə də xoşuma gəlməmişdi. Amma ideyası olduqca mütərəqqidir: bəhs etdiyim fərqlilik məsələsi homoseksual bir gənc kontekstində qoyulur! Və məncə ən uğurlu tərəfi keşişlə həmin gənc Bobbinin anasının dialoqudur. Eyni paraleli İslamın homoseksuallara münasibəti ilə aparmaq olar. Guya biz səmavi kitabların buyurduğu bütün qaydalara riayət edirik də, qalır homoseksuallar! Məsələn, oğurluq edənin həmən əlini kəsirik, bakirə olmayan qızları daşlayırıq, sələmçiləri günahkar elan edirik, məzlum malı yeyənin cəzasını yubatmırıq, haqqın üzünə tüpürənlərə qarşı cihada qalxırıq və s.

Homoseksuallara münasibət cəmiyyətdə demokratiyaya münasibətin çox ciddi ölçülərindən biridir. Çünki bu, fərqliliklərin ən sensasionudur. Heç kim maskasını saxlaya bilmir. Hətta yadımdadır bir nəfər “azad fikirli gənc” məlum İsa Şahmarlı söhbətində kadrlara düşməkdən ehtiyat edirdi ki, mənə də “gay” deyəcəklər.

Cəmiyyətdə heç bir tale yüklü haqsızlığa etiraz edə bilməyənlər fağır bir homoseksuala qarşı “vətənpərvərlik silahlarını” məmnuniyyətlə sınaqdan keçirir, dini təəssübkeş kimi gözə soxulmağa çalışır.

ABŞ kimi bir ölkədə belə Bobbi yaşaya bilmir… ABŞ kimi cəmiyyət belə “onun rənglərini daşımaq gücündə deyil”. O da ki Azərbaycan ola, Şərq ola…

Amma İsa Şahmarlı sübut etdi ki, Azərbaycanda bu mənada vəziyyət çox da ağır deyil. Yəni o dərəcədə ki, M.Kırmızıgülün “Günəşi gördüm” filmindəki kimi fərqli bir yaradılışı qardaşının əli ilə qətlə yetirmir, onu “mədəni şəkildə” intihara vadar edir.

Fərqliliklərə dözümlə yanaşmaq…

Bu, həqiqətən də, göründüyü qədər asan məsələ deyil!

# 3816 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #