writer1

Şəhriyar del Gerani

Məqalə sayı

63
clock14:31 calendar-gray 17 Aprel 2014 view-gray4447 dəfə oxunub
view-gray4447 dəfə oxunub

“Kuxna” xalalar – həyatda, ədəbiyyatda, çatda...

Həyatda:


Zaman o zaman idi ki, hələ bu gözəlim yer üzündə mətbəx deyə bir yer yoxuydu. Elliycə hamı meşədə biş-düş eləyib bir qarın ac, bir qarın tox dolanırdı. Lap “İdeal” kimi başladım özüm ölüm. Zarafatsız, hardasa beşcə gün qabaq bir nömrədən zəng gəldi. Tanımadığım nömrəni açmıram. Nəyimə lazımdı?


Bir də gördün kirvənin baldızının yengəsinin qaynı zəng eləyib srağagün tələf olmuş, xoruzlu-xoruzsuz 4 aydı fasilə tanımadan günə iki yumurta verən çil toyuqlarının faciəvi ölümündən kəlağayı dolusu danışır. Toyuq haqqında elə danışır çaşıb axırda “allah qəni-qəni rəhmət eləsin, yerdə qalanların da başı sağ olsun, çox kədərləndim”- filan da deyirsən. Sözüm onda yox, nə isə, tanımadığım nömrədən zəng gəldi və nə təhər oldusa qəfil bir hərəkətlə telefonu açdım. Elə “alo” demişdim, telefonun o biri başında kimsə tapança kimi açıldı, nə açıldı. Başladı məni danlamağa. Ki, “ay əclaf, adam da halalca, kəbinli arvadını, fağırca, dakumentalnı balalarını atıb gedər? Düşmüsən o qancığın ...nə, ərə gedəsi qızın var, utanmırsan heç? Ay oğraşbaşı, barı ayda bir dəfə yarım kilo irislə gəlib baş çəksənə”- zad. Təxminən bu janrda elə təxminən iyirmicə dəqiqə hüdüləyib tökdü. Mən də ilahi tısbağa təmkiniylə dinləyib dincəlirdim. Ki, beqafıl dayandı, araya hüznlü vağzal sükutu çökdü. Həə, nooldu, sözün yoxdu deməyə ay əclaf? – deyə pozğuncasına sükutu pozdu. Dedim “ay kuxna xala, bağışlayın e, səhv düşmüsüz, o əclaf döyül, alayıəclafdı”. Qayıtdı ki, “ə, səy, bə bayağdan niyə demirsən bunu durub mal-mal qulaq asırsan”? Dedim “ay kuxna xala, bir köşəlik söhbət eləyirsən alla aqqı, adam da belə puldan qaçar”? Başa düşdüsə küftə olayım! Yenə də nə isə... sağollaşıb ayrıldıq. Düzü, o əclafın halına möhkəmcə acıdım. Görəsən bu kişiləri “əclaf” eləyən “kuxna xalalar” qadın olmaq haqqında 3 dəqiqə artıq düşünəcəklər mi haçansa? Deyəsən çox müdrik danışdım, utanım yerimə...

Ədəbiyyatda:

O günlərdə bir tədbirdə ikisi kişi, üçü qadın cinsinə mənsub olmaqla beş ədəd “kuxna bacı” qabaqcadan əlbir olaraq düz camaatın gözünün qabağında Bukovskinin abrın bükdülər ətəyinə. Müəlliminə “patxod” eləməyinin üstündə nətər “niprav” çıxartdılarsa kişini, lap utanıb yerə girdim. Tərslikdən Bukovskini oxumaqlarını mən məsləhət görmüşdüm, ol səbəb də bütün danlaqları mənə dedilər. Biri qayıtdı ki, “orda bir yer vare, nəcis belə gəldi, şey belə getdi, guya onu elə yazmasaydı noolardı, başına daş düşərdi”? Camaatın anası-bacısı yoxdu?! Təxminən belə demək istədi – “kül onun təpəsinə, elə də yarpaq dolması bişirərlər, yumru düyü əvəzinə uzun düyü qatıb, quyruğu da çox eləyib, adamın ürəyin vurur”. Sonda məlum oldu ki, Bukovski olduqca tərbiyəsiz adammış. Heç qohum-əğrabanın yasına-zadına da getməzmiş, toyuna da “mübarək olsun” deməzmiş. Heç elə birisi ailə-uşaq qədri də bilməzdi. Avaranın da biriymiş, daş onun başına.

Yeri gəlmişkən, bu “camaatın anası-bacısı” söhbətini eləyənlər var e, onların ən düşük saxtakarlıqları elə “camaat” sözündən başlayır, bax bu ölsün. Yəni, “o qadınların mənə qəti dəxli yoxdu haa, onlar camaatın namusudu, mənim namusum olsaydı söhbət başqa cür olardı qaqaş canı” - zad.

Çatda:

Bu Facebook çıxardanın da ölənlərinə biş rəhmət, yaxşıca açıb-tökdü bu cəmiyyətin haqq-hesabın.

Əmi qəbri, indiyə evlənib-zad eləmişdik irağ olsun. Deməli, məlum oldu ki, bu ölkədən baş götürüb gedənlər belə bu sevgili diyardan ayrı qala bilmirlər. Facebook da yep-yekə televizor kimi sağ olsun hamısını imişdililər demiş “görsədir”. Məsələn, hər şeyə tüpürüb Avropaya köç eləyən əhli-inqilab hər gün Azərbaycan Respublikasının gündəlik ictimai-siyasi-mədəni-gələni-gedəni və sairi-şairi işlərilə-çişləri çabalaşmaqdadı. Hətta mən kənddə olanda biri mənə çatda “necəsən”? yazmışdı. Mən də yazdım “kənddəyəm, mal-qaranı qotur aparır, nətəri olacam? itin günündə”. O da dərhal Əflatun Qubadovun playlistinin linkin atdı mənə. Hiss elədim ki, babat kövrəlib. Dedim – ay “kuxna bacı”, mal-qaranın qoturunun Əflatuna nə dəxli var? Bir balaca da hirslənib əlavə elədim - vapşe orda pivnoy-mivnoy yoxdu mu gedib oturasan dostlarla, sinemaya-filana gedənə söyüş qoyublar orda? Və ya bir lüğət yoxdu mu qoyub qabağına əzbərləyəsən? Sən ümumiyyətlə niyə bi çıqqan da olsa almanca düşünə bilmirsən? O boyda Münhendən gəlib girirsən Mürsəlliyə? Özü də “çerez çat”. Nə isə, sözüm heç onda da yox. Əslində deyəcəyim başqaydı, hardan dedim bunları sizə heç xəbərim olmadı. İş burdadı e. Eşit nə deyirəm. O gün də biri inboxa yazıb ki, a bəy, bəs filan yazını oxudum, çox xoşuma gəldi. Amma, təəssüf paylaşa bilmədim. Dedim, lap yaxşı, sevindim bəyəndiyinə, paylaşmaq da öz işindi, onsuz da oxuyan oxuyur. Ancaq, ay qa, qanammadım e paylaşa bilməməyin niyəsini? Dedi, bəs bizim rəhbərlik qadağan eləyib sənin o yazın çıxan saytdan nələrisə paylaşmağa. Dözəmmədim, qayıtdım ki, - əə, nə gijdiyirsən, nətəri yəni qadağan eləyib? Bu qədər xırda rəhbər mi olar? Taa bunun harası “rəhbərlik” oldu, “xırdalıq”dıki. Dedi, ay dədə, sən bilmirsən e, o gün mətbəxdə bizə bir divan tutdu gəl görəsən. Bizim işçilərdən kimsə sənin yazını like eləmişdi. Bu da görübmüş sən demə. Gəlib girdi mətbəxə. İş yoldaşlarımızdan biri də evlərindən obedə çörəkarası kələm dolması gətirmişdi. İki dolmanı qoymuşdu para çörəyin arasına. Elə yetim yeməyə başlayırdı ki, adam o yandan getdi əl atdı vilka götürdü, gəldi bu yandan çörəyi aralayıb kələm dolmasına batırıb dolmanı qaldırdı başının üstünə. Hirsli-hirsli qayıtdı ki, “and olsun bu kələmdolmasına, bir də o gədənin yazılarını hansınızın paylaşdığın, layk elədiyin görsəm iti meçiddən qovalayan kimi qovalayacam burdan”! Elə nitqini qurtarar-qurtarmaz dolma sürüşüb düşdü ayağının altına, tapdalayıb keçib getdi otağına.


Düzü, hər şey bir yana, o yazığın evdən həvəslə gətirdiyi dolmaya görə çox pis oldum. Soruşdum – ayə, bə o biri dolmanın axırı nətər oldu? O yetim heç olmasa birini yeyə bildi mi? Nə desə yaxşıdı? – yox e, bəxtəvərin doğduğu, sən nədən danışırsan?! Təzədən qayıdıb o biri dolmanı da özü yedi, hələ nöqsan da tutdu, maaşından da 100 kəsdi. Ki, niyə mal ətiynən yox, qoyun ətiynən bişirilib?! Həm də kələmi yaxşı pörtdədmiyiblər. Dedim, ayə, kimin maaşından kəsdi? Mənim yazımı layk eləyənin? Dedi – ayə, elə hər ikisinin. Dedim - ə, üstünə sağlıq, ürəyim bulandı, gedim “qaytarım” gəlim. Gəlirsən gəl birgə qaytaraq. Dedi – yox ay qağa, yerin məlum, mən hər gün qaytarıram. Dedim - onda məni bağışla, sizə nuş...

Paylaş

REKLAM

Yazarın digər yazıları