writer1

Qismət

Məqalə sayı

180
clock13:55 calendar-gray 14 Mart 2014 view-gray1582 dəfə oxunub
view-gray1582 dəfə oxunub

Üzü gələcəyə

Hərfləri necə öyrəndiyimi, birinci hansı kitabı oxuduğumu düşünəndə, mənə elə gəlir ki, uşaqlığımla bağlı xatirələr get-gedə illər boyu istifadəsiz qalan, sonra isə dəyər-dəyməzinə satılan piano kimi, yalnız üzünü çoxdan görmədiyimiz qohumlar gələndə qapısını-çəkməcəsini açdığımız qab-qacaqlı şkaflar kimi tozlanır, şəffaflığını itirir. Amma əsla yox olmur, itmir. İtməməlidir! Çünki orda, əslində çox da uzaq olmayan keçmişdə, indi ailə albomundakı fotolara və məzar daşındakı şəkillərə köçmüş, amma onda səsləri, nəfəsləri itməmiş, cağbacağ yerində olan insanların içində bir uşaq da var; burnunun suyunu köynəyinin yaxasına silən, dəcəl, dizi-dirsəyi yıxılmaqdan yara-yura, qıyıq gözlü bir oğlan uşağı–bu sətirlərin müəllifi.

Beş-altı yaşım olanda evimizdə səbəbini tam dərk edə bilmədiyim, günü bu gün də mənə nədənsə sisə-dumana bulaşmış kimi gələn, anlaşılmaz, qəribə bir pıçhapıç başlamışdı. Qadınlar bir-birini mətbəxə çağırır, kişilər tez-tez eyvanda siqaret çəkməyə çıxır, evdəki hamı telefon söhbətlərində daha çox susur, köks ötürür, qırıq-qırıq sözlər danışırdı. Bu qəribə sükutqarışıq təlaşın səbəbi babama ilk dəfə xərçəng diaqnozunun qoyulması idi. Həmin il Rusiyada oxumuş, yaşamış dayılarım, toxtaqlığını itirmək istəməyə valideynlərim, nəslimizdəki ad-sanlı, dünyagörmüş adamlar böyük bir heyətlə babamı əməliyyat üçün Moskvaya apardılar və mən ağlayıb özümü paralasam da, balaca ömrümdə ilk dəfə doğmalarımdan uzaq qalmalı oldum.

Məni qohumlarımızdan birinin - Səidə xalanın yanında qoydular. Səidə xalagildəki valideynlərimdən, çarpayımdan, sevimli yorğanımdan ilk dəfə uzaq qaldığım günləri indi xatırlayanda, yadıma onda təzə-təzə tanımağa başladığım hərflər, sözlər, şəkilli kitablar, bir də əlbəttə ki, kisel düşür. Yadıma gəlir ki, ilk oxuduğum kitablar Səidə xalagilin evindəki şəkilli kitablar idi; bir də ki, hafizəm əgər məni aldatmırsa, iki cildlik uşaq ensiklopediyası. Ensiklopediyanın ancaq rəsmlərinə baxırdım, amma get-gedə hərfləri öyrəndikcə, höccələyə-höccələyə olsa da mətnləri də oxumağa başlayır, o yaşda mənə sirli-sehrli görünən dünyalara qədəm basır, hər şeyi bilmək ehtirası ilə saatlarla balaca bir məqalənin üstündə baş sındırırdım.

Sonralar mənə fatalistcəsinə özlüyündən düzülüb-qoşulmuş kimi gələn bir taleyin ssenarisi üzrə heç vaxt kitablardan, kitabxanalardan uzaq düşmədim. Atamın 3-4 minlik kitabxanasında, hər iki babamın az qala bir yerdə 12 minə çatan kitabxanalarında həmişə kitabların rəngli, cazibəli dünyasına sakin oldum. Bu gün də məndəki kitab təşnəliyi, fetişizmə yaxın kitab sevgisi, təkcə individual xarakter yox, görünür həm də genetik instinktdir.

Çağımızda sürətinə heç cür çata bilmədiyimiz elektro-texniki yeniliklərin içində deyəsən kağız kitabdan danışmaq get-gedə qəribə görünür. Fikrimcə, nə olur-olsun, yaddan çıxmamalı vacib məsələlərdən biri, bəlkə də birincisi balaca uşaqların gələcəyinə təsir edəcək kitabların, uşaq ədəbiyyatının vəziyyətidir. Nə oxuyur indiki uşaqlar? Uşaqlar üçün çap olunan kitablar nə haldadır? Neçə valideyn var ki, övladına kitab alır, səbirlə oturub nağıl oxuyur ?

Hansısa bir essenin içində ünlü mütəfəkkir Cibran Xəlilin belə bir fikrini oxumuşdum: “Valideynlər kaman, övladları isə gələcəyə atılmış oxlardır”. Bu fikirdəki kaman-ox obrazını davam etdirsək, sualı belə formulə edə bilərik: valideynlər oxlarını hansı cür gələcəyə tuşlayıblar?

Uşaq kitablarında uşağın yaş mərhələsi, kitabın dili, ifadə olunan mətləbin aydınlığı nəzərə alınmalıdır. Böyük mənada insan sevgisi, yardımsevərlik kimi keyfiyyətlər təbliğ olunmalıdır. Bunlar əslində bilinən, amma hər təkrar edilməsi lazım olan mətləblərdi. Məsələnin başqa tərəfləri də var. Yaxın aylarda uşaq ədəbiyyatı ilə bağlı ilə oxuduğum bir neçə kitabda çağdaş nəzəriyyəçilər vacib bir məqama da diqqət çəkirlər: uşaq kitablarında təqdim olunan insan tipləri yaxşıya-pisə bölünüb təqdim edilir, bunu yanlış hesab edirlər.

Düşünürlər ki, uşaq yaşından insanları kobud qəliblərlə yaxşıya-pisə bölməyə vərdiş etmiş adamlar gələcəkdə uğursuz olurlar. Uşaq kitablarında bir insanı təqdim edərkən, yaxşı insan-pis insan yerinə, səhv etmiş, səhvini anlamış insan kimi təqdim etmək daha düzgün hesab olunur. Uşaq kitablarında heç bir dini, irqi, cinsi ayrı-seçkilik yaradan motiv olmamalıdır. Cəsarət qiymətləndirilməli, amma aşırı dərəcədə igidlik təbliğ olunmamalıdır. Xüsusilə aşağı yaş qrupunda olan uşaqlar üçün tərtib olunan kitablarda fatalizm ünsürü olmamalıdır. Çünki o yaşdan hər şeyi qəzavü-qədər kimi başa düşən uşaq gələcəkdə çox passiv ola bilər.

Uşaq kitablarının dizaynı xüsusən önəmlidir. Kitab yüngül, sadə, rəsmlərlə dolu, rəngli, tez cırılmayan olmalıdır. Tez cırılan kitab uşağın psixologiyasında kitabın lazımsız, önəmsiz bir əşya olması fikrini doğura bilər. Kitabın ölçüsü ələgələn, şriftləri aydın, uşaq gözünün qavraya biləcəyi kimi olmalıdır. Özün rənglə kitabları düşünüldüyünün əksinə, xeyirli yox, zərərli hesab olunur. Çünki bu cür kitablar uşağı yalnız şablonu rəngləməyə, mexanikiləşməyə öyrədir.

Həmişə universitet kitabxanalarında, şəhərdəki kitab evlərində gəzişəndə içimdə eyni duyğu baş qaldırır, eyni həyəcanlı, əvəzsiz, təkrarsız təlatümlü hissin qucağına düşürəm. Kitabların sonsuz, rəngli, bənzərsiz dünyası qarşı-qarşıya qalanda anlayıram ki, hər şeyi oxumaq, bilmək qeyri-mümkün arzudur və bu arzu bəlkə də dirilik suyunu tapmağa çalışan, ölümsüzlük iksirini kəşf etmək istəyən mifik qəhramanların arzusu ilə qohumdur. Fərq etməz, istər uşaq olsun, istər yetkin insan, dünyada ən gözəl görüntü kitab oxuyan insandır.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Mirzə Ələkbər Sabirin ilk və son müsahibəsi: “Başda o böyükdür, yaşda mən”
16:27 30 May 2020
“Ələddin” tamaşası "Youtube"da nümayiş ediləcək
15:31 30 May 2020
Aysel Əlizadə feminist kitab yazdı: "Qızlar ağlamaz"
14:39 30 May 2020
Cani rollarının ən məşhur ifaçısı öldü
13:37 30 May 2020
Ölüm çox qorxunc və arzuolunmaz gəlir – İkinci Mahmudun dərc olunmayan yazısı
12:51 30 May 2020
Ledi Qaqadan yeni albom - "Chromatica"
12:07 30 May 2020
Çəkilişinə 5 il icazə verilmədi - "Yenilməz batalyon" haqqında bilmədiklərimiz
09:00 30 May 2020
Məşhur aktrisa vəfat etdi
17:32 29 May 2020
Dəb xəstələri üçün 10 film - Siyahı
16:41 29 May 2020
Mehriban Ələkbərzadə: "Mədəniyyət naziri olmaq istəmirəm"
15:03 29 May 2020
"Altun kitab" uşaqlar günü ilə bağlı qeyri-adi layihəyə start verdi
14:40 29 May 2020
Merilin Monronun çılpaq şəkli hərraca çıxarıldı- Foto
13:36 29 May 2020
70 yaşında ata olan qocanın evindən reportaj
12:22 29 May 2020
Nəbi Xəzrinin sözlərinə bəstələnən mahnıya klip çəkildi
10:40 29 May 2020
Dünyada ən çox satılan bestsellerin müəllifi vəfat etdi
09:49 29 May 2020
Elə bildim cin yığnağına düşmüşəm - Bircənin romanı
08:59 29 May 2020
Qəfəsdəki quşların uçduğu göylər göynər - Şəhriyarın yeni şeirləri
16:45 28 May 2020
Əmi, bəlkə köhnə ayaqqabın ola? - Alikin yeni şeiri
16:00 28 May 2020
Reha Erdemden yeni film
14:45 28 May 2020
Mənim Habil Əliyevim - Şərif Ağayar yazır...
13:33 28 May 2020