writer1

Sevinc Elsevər

Məqalə sayı

104
clock12:18 calendar-gray 14 Mart 2014 view-gray1922 dəfə oxunub
view-gray1922 dəfə oxunub

Duzlu dodaqlarımız toqquşanda...

2004-cü il idi... Biz sevgiliydik Elsevərlə. Evlənmək istəyirdik. Amma onun özündən böyük qardaşı vardı. Subay idi. Qaydalara görə qardaşını gözləməliydi. Bizim evdə qan su yerinə axırdı hər gün. Atamın zülmü bitib-tükənmək bilmirdi. Tək dərdi vardı: məni ərə verib başından rədd eləmək. Bunu içkili olanda üzümə də deyirdi. Yaxın dostlarının qızlarından misal çəkərək. Filankəsin qızı ərdədi, bəhmənkəs də qızını verdi. Bu isə oxuyur. Harda? İncəsənətdə. Atam məni ələ salırdı. Əməkdaşlıq elədiyim "Kino+" qəzetində qonorar az idi. Mən evə pul verə bilmirdim. Bəlkə də versəydim, atam mənimlə mülayim davranardı. İşləməyim də lağ obyekti idi. Kinoşünaslığın nə olduğunu atama başa sala bilmirdim. Gəlir gətirən sahə deyildi. Olsaydı, atam kinoşünaslığın nə olduğunu bilərdi, təqdir edərdi. Yoxsa ki, əlbəttə, oxumağımı həmişə arzulamışdı. BDU-nun qarşısından nə vaxt ailəvi keçsək, barmağını uzadar, "Qızım orda oxuyub hüquqşünas olacaq – deyirdi – vəkil işləyəcək. Oğlumsa, prokuror olacaq"... Mən atamın arzusunu gözündə qoymuş, hüquqşünas olmaq yerinə, kinoşünas olmuşdum. Allah üzümə baxmışdı ödənişsiz əsaslarla oxuyurdum. Yoxsa, atam bir qəpik verməzdi təhsilim üçün. Zatən yoxu idi, amma axtarmazdı da.

Atam gecələri məni yerimdən oyadar, durduğum yerdə mənimlə savaşardı ki, bu nə sənətdi tapmışam özümə? Belə vaxtlarda susar, dinləyərdim. Nə vaxt ki, dinləməzdim, döyülərdim.

Universiteti bitirdim.

"Universiteti qurtardın, qəzeti də at!" - şərt belə idi. Ona görə yox ki, atam işləməyimi istəmirdi. Yox, o qədər də ürəyi qara adam deyildi. Çörək sexində işləsəydim qəzetdən sərfəli idi deyə. Mən gününü "yubadan" avara bir adamdım onun gözündə. Ərə getmir, oxuduğundan, işlədiyindən də bir şey çıxmır, üstəlik hər gün evdən yolpulu alır.

Vəziyyəti Elsevər gözəl bilirdi. Kimə gedəcək, dərdimi kimə deyəcəkdim ki?

Bir gün bulvarda gəzişirdik. Evimizi yeni sökmüşdülər. Atam başını itirmişdi. Daha acıqlı, daha qəddar olmuşdu, acığını bizdən çıxırdı. Bir skamyaya yaxınlaşdıq. Qoca bir qadın oturmuşdu o biri skamyada. Bu vaxt Elsevər əlimi tutdu, gözlərimə baxdı, dedi: "Az qalıb, qaçıracağam səni. Qurtaracağam bütün bu zülmlərdən". Bir-birimizə ağlaya-ağlaya necə sarılmışdıq, dünyanı necə unutmuşduq, bilmirəm, duzlu dodaqlarımız toqquşanda, qonşu skamyadakı bayaqkı qoca qadın alıcı quş kimi aldı başımızın üstünü: "Utanmazlar, abırsızlar!" Çaşıb-qalmışdıq. Axı biz neyləmişdik? Kimisə söymür, təhqir eləmirdik. Sadəcə bir-birimizi sevirdik.

Sevdiyi qızı öpdüyünə görə qətl olunan Elçin Dəmirovu düşünürəm indi.

Onun qatili kimi birisi qarşımıza çıxmayıbsa, çocuqlarımızın qismətində bu dünyaya doğulmaq varmış demək. Öpüşmək cinsəlliklə bağlı bir şey deyil, ruhla, qəlblə, sevgiylə bağlıdır. Sevməkdən-sevişməkdən qorxursunuzsa, hürkürsünüzsə, içinizi kin, nifrət bağlamış.

Şəhərdə sevgililər parklarda görüşməsin, qucaqlaşıb öpüşməsin, əl-ələ gəzişməsin, bunu başqa harda etsinlər? Şəhərin də kənd kimi ot tayaları, tövlələri, sıx ağaclıqları, gizli yerləri, ucsuz-bucaqsız açıq çölləri yoxdu ki, Beyrəklə Banuçiçək kimi görüşüb, üç öpüb bir dişləsinlər. Siz heç ömrünüzdə sevgi şeirləri oxumadınızmı? Sevgidən bəhs edən romanlar almadınızmı əlinizə? Filmlərə necə, baxmadınızmı? Cəhənnəm, hind filmlərini belə izləmədinizmi? Və sevgililər üçün ürəyiniz atmadımı? Dolmadımı ürəyiniz sevgiylə - onlar xoşbəxt olanda? Üç öpüb bir dişləyəndə. Film qəhrəmanlarını, kitablardakı obrazları sevdiyiniz qədər olmadımı gerçək həyatdakı insanlar? Niyə qınaq hədəfinə çevirirsiniz? Axı siz hər axşam bütün vacib işlərinizi kənara qoyub serial qəhrəmanlarınızın qovuşması arzusuyla ekran başında yanıb-qovrulursunuz. Niyə onları həyatda, parkda, qonşuluqda, küçədə görəndə diksinirsiniz? Filmdəkilər qədər, kitabdakılar qədər insan deyilmi onlar?

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
13:37 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020
Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020