Sabir Məmmədov: “Qazaxlı olasan, içməyəsən?”

 Sabir Məmmədov: “Qazaxlı olasan, içməyəsən?”
19 fevral 2014
# 09:00

Kulis.az Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Sabir Məmmədovla müsahibəni təqdim edir.

- Deyəsən qayğınız çoxdur. Müsahibəni təxirə salırdıq hər dəfə...

- Sadəcə işim çoxdur. Filmlə işlərimiz təzəcə bitib. Teatrda da “Nazirin xanımı” tamaşasını yenicə təhvil vermişik. Bu yaxınlarda premyera olacaq.

- Sabir müəllim, sizcə, məşq yaradıcı prosesdi, ya tamaşa?

- Hər ikisi. Yaradıcılıq məşqlərin ilk günündən başlayır - tamaşa oynayanda da davam edir.

Burada da obraz maraqlıdı. Əsər bizim teatrda bundan əvvəl də hazırlanıb.

- Adətən sizi maskalanmış qatil (“Qatil”, “Şah Qacar”), qəhrəman sevgili və kefli “filosof” (“Bəxt üzüyü”, “Ölülər”) rollarında görməyə vərdiş etmişik. Bu amplua sizi bezdirməyib?

- Yox. Bu barədə heç düşünməmişəm də. Mən bu işə daha rasional yanaşıram. Bəziləri deyir ki, teatr mənim hobbimdi. Bu necə ola bilər? Axı bu işimdi və buna görə pul alıram. Mən işimə elə romantik baxmıram. Nə versələr onu oynayıram...

- Axı çox vaxt eyni amplua aktyorlarda ştamp yaradır.

- Düz deyirlər.

- Sizdə olmayıb belə?

- Bu ştamp normal şeydir. Axı hamısını mən oynayıram. Ona görə deyirlər ki, sənin oynadıqların bir-birinə oxşayır. Bu təbiidir. Mən bundan uzaqlaşmağa çalışıram. Bəzən tamaşada hiss edirəm ki, səsim “Qatil”dəki bir çalarda çıxdı. Çalışıram dəyişim.

- Mehriban Ələkbərzadənin “Qatil” tamaşasının birinci quruluşunda baş qəhrəmanı siz oynamışdınız, ikincidə dəyişdiniz. İndiki “Qatil”i bəyənirsiniz?

- Açığını deyim ki, ləzzət almadım. Bizim tamaşa çox fərqli idi.

- Nəyi bəyənmədiniz?

- Bu “Qatil”də qadının tənhalığını görmədim. Sevgi, məyusluq... o təəssürat yox idi. Burda hər şey daha çılpaqdı. Daha açıqdı.

- Aktyor işindən, yoxsa rejissor işindən razı qalmadınız?

- Bunlar rejissor işindən irəli gələn məqamlar idi. Aktyorluq bir iş yoxdur. Aktyor ifaçıdı, nə tapşırılsa onu da oynayır.

- Bəs dramaturji materialla aktyorun problemi olmur?

- Niyə olmur? Olur. Bu təbiidir. Dramaturq təxəyyülünü əks etdirir, amma canlılığı biz qazandırırıq. Elə “Qatil”də də müəyyən sözlər ixtisar olunmuşdu. Səhnədə sözlər yerini tapır. Bu normal bir şeydir. Elə “Qacar”da da müəyyən sözləri dəyişdik, əlavələr etdik.

- Sabir müəllim, görkəminiz, səs tembriniz... Naturaca bir dramatiklik var... Adətən tamaşaçılara aktyorun həyatı və uşaqlığının necə keçdiyi maraqlı olur.

- Mən sizə bir söz deyim. Bu dramatiklik, filan...bunlar peşəkarlıqla bağlı olan məqamlardır. Mən aktyor olub həyatımı dəyişməmişəm. Gündə bir obraz oynayıram, bu o demək deyil ki, mən o obrazlar kimiyəm.

- Yaradıcı insanın yaşantıları, xatirələri həmişə maraqlıdır...

- Qeyri-adi bir həyatım yoxdur. Nə deyim heç, bilmirəm... Kənddə doğulmuşam - Ağstafada. Bizim regionun mədəniyyətə bağlılığı böyük olub. Şairləri olub. Elə təkcə bizim kənddən on nəfər şair sayaram. Nəriman Həsənzadə bizim kənddəndi. Azərbaycanın ilk aktrisası Göyərçin xanım qazaxlı olub. Yəni, özünüz bilirsiniz, Qazax teatra, incəsənətə bağlı bir bölgədir. Biz də məktəbdə tamaşalar oynayırdıq. Belə-belə teatra həvəsim yarandı.

- Bu dramatik sənəti seçmək sizin regionun sözə, şeirə bağlılığından gəlib bəlkə?

- Haqlısınız. Mənim özümün şeirə həvəsim böyük idi. Bərkdən şeir oxumağı sevirdim.

- Sözsüz tamaşada oynamağınızı təsəvvür edirsiniz?

- İstərdim. Söz sonra yaranıb, söz həmişə vasitədir. Aktyor teatrı zamanında söz əsas idi. Antik yunan tamaşaları necə idi? Monoloq və xor bir-birini əvəzləyirdi. Rejissor teatrı yaranandan sonra söz bir az sonrakı plana keçdi. Pantomima janrı da o zaman yarandı. Mən özüm sözdən qaçmağa çalışıram, hərəkətli olmağa cəhd edirəm.

- Orta nəslə aid tamaşaçıların təkrarladığı bir fikir var - əvvəlki aktyorlar gedir, yerində elələri yoxdur. Sizin nəsli də o baxımdan sonuncu hesab edirlər – səs, xarizma...

- Sizə bir şey deyim, bu həmişə olub. Bizim zamanımızda da deyirdilər ki, indikilər əvvəlkilərin yerini verməyəcək.

Bilirsiniz, ona qalsa, tez-tez teatrın öldüyünü deyirlər. Elə şey yoxdur. Dünyada nə qədər kiçik teatrlar var, yaranır və yaranacaq. Teatr var və həmişə olacaq - teatr heç vaxt məhv olmur! Teatr canlıdır, onun məhv olma təhlükəsi yoxdur. Dövrün tələbilə müxtəlif tip aktyorlar yetişir. Bir müddət Dastin Hoffman kimi balacaboy aktyorlar məşhur oldu, bir müddət Şvartsneqer kimi aktyorlar məşhurlaşdı. Bunlar dövrün, mühitin tələbilə yaranmış hallardı.

- Tamaşaçılardan məktublar almısınız, ünsiyyətdə olmusunuz yəqin ki. Yaddaqalan tamaşaçı reaksiyaları olubmu?

- “Bəxt üzüyü”ndə alkoqoliki oynayırdım. Tamaşadan sonra bir uşaq gəldi, məni qucaqlayıb ağladı ki, mənim atam da belə çox içir. Çox pis oldum....

Bir dəfə də Xırdalanda tamaşa oynayırdıq. Yenə bu alkoqolik Hüseyni oynayırdım - bir uşaq çıxıb mənə gül verdi ki, atam göndərib, əli ilə də zalda atasını göstərdi. Baxdım ki, zalda bir kişi plaşa bürünüb oturub, gözləri də axır. Eynən mənim oynadığım qəhrəmanın günündədi. Gül çatandan sonra mənə əl elədi (gülür).

- Özünüz necə, içkiyə meyllisiniz?

- Yox, içən deyiləm.

- Qazaxlı olasınız, içməyəsiniz?

- (Gülür) Düz deyirsiniz, Tovuzu keçdinsə, səni məcbur içirdəcəklər. Yəni içirəm, amma qaydasında. Məclisdə, toyda, qonaqlıqda. Belə...

- Müsahibələrinizin birində deyirsiniz ki, mən səhnəyə çıxdımsa artıq misal üçün kefli İsgəndər kimi düşünürəm. Çox maraqlıdır, bu, necə ola bilər?

- Qoy deyim, oxucular da bilsin. Əslində belə şey mümkün deyil. Yüz faiz obraza girmək, dönüb başqa adam olmaq mümkün deyil. Boş söhbətdi.

- Heç tamaşa zamanı, səhnədə, öz aranızda zarafat etdiyiniz olurmu?

- O qədər... Səhnədə nə qədər ayıq olsan, gözüaçıq olsan, o qədər yaxşıdır. Tamaşaçı səhnədə Sabiri nə qədər görsə, görə bilsə, bir o qədər səmimi oluram. Yəni obrazı yox, mənim özümü görsünlər. Məsələn, “Napoleon”da General Bertyeni oynayıram - qrimdə çıxıram, amma tamaşaçı desin ki, gələn Sabirdi.

Elə aktyor dostlarımız var ki, başqa cür yanaşır. Sən nəsə soruşursan, səni eşitmir. Guya girib obraza, çıxa bilmir (gülür). Yalandı. O dərəcədə də olmaz. Necə yəni, girdim obraza - daha başqa adamam? Teatr özü şərtidi. Tamaşaçı teatra gəlibsə, artıq o şərtiliyi qəbul edib. Yalandan üstünə qoymaq lazım deyil...

- Deyirlər, teatr adamlarının öz leksikonu, kobud desək, jarqonu var.

- Düzdü.

- Etik sözlərdi?

- Yox, 90 faizi etik deyil.

- Dublyajda çalışırsınız. Dublyajla bağlı nə kimi problemləriniz yaranır?

- Tərcümələr bərbad olur. Dublyajda diksiya təmiz olmalıdı. Tamaşaçı səni dəqiq başa düşməlidi. Səs tembri uyğun olmalıdı. Sənə inanmalıdırlar ki bu, Dastin Hoffmandı, Jan Renodu. Məndə bu, alınır. Sizə bir şey danışım... Bir vaxtlar “Tikan və qızılgül” adlı serial gedirdi. Xarici serial idi. Şekspirin “Şıltaq qızın yumşaldılması” pyesinin süjeti əsasında hazırlanmışdı. Baxılan serial idi. O serialda Petruçço obrazını dublyaj edirdim. Bir dəfə Sumqayıtda qohum toyuydu, çıxıb təbrik sözləri deyirdim, bir qoca arvad yaxınlaşdı mənə və yavaşca dedi: “Petruçço sənsən. Elə bilirsən tanımadım?” (Gülür). Yəni, bu dərəcədə inandırıcı alınmışdı.

- Sabir müəllim, nə düşünürsünüz, dublyaj aktyorda monotonluq yaradır?

- Ola bilər. Mənim səs tembrim hamının qulağındadır. Mən danışanda deyirlər, elə bil seriala qulaq asırıq. Amma məncə teatrda mane olmur.

- Oynadığınız obrazlar içində bəyəndikləriniz hansılardı?

- Harda ki, rolum balacadı, rahatdı, axırda çıxıram, bax, odur (gülür). Komediya oynamağı sevirəm bir də. Musiqili komediyanı çox sevirəm. Elə mahnı oxumaq istəyirəm ki... Amma musiqi duyumum yoxdu.

- Bizim dramaturgiyada Kefli İsgəndər Şekspirin Hamleti kimi bir şeydi. Aktyorlar onu oynamaq istəyir. Siz də onu artıq oynamısınız. Daha nə arzunuz var?

- Nə arzum olacaq? Kefli İsgəndəri oynamışam. Hamleti indən belə, mənə kim verəcək? Otello mənlik deyil artıq. Amma ola bilər elə bir gənc dramaturq çıxar ki, onun pyesində oynamaq istəyərəm.

- Kino.

- Oqtay Mirqasımın “Qisas almadan ölmə” filminə çəkilmişəm. Bu günlərdə premyerası olacaq. Bir də Elçin Musaoğlunun “Nabat” filminə çəkilmişəm.

Kino deyəndə mən filmi nəzərdə tuturam. Serial kino deyil. Kino düşüncəsi başqa bir şeydi. İfaçılıqda bunları qarışdırmaq olmaz.

Təzəlikcə “Sonuncu fəsil” serialına dəvət almışam.

- Serialla bağlı nə şərtiniz olur?

- Ssenari və maliyyə. Ssenari yaxşı olmalıdır.

- Məbləğ qane edir?

- Bilirsiniz, bizdə bazar belədir. Qiymətlər də budur. Mən necə böyük məbləğ istəyim?

Axırda Əli aşından da olursan, Vəli aşından da. Serial çəkən üçün nə fərqi var, bunu Sabir oynasın, ya Aliyə oynasın? Sən razılaşmasan gedib qonşusunu çəkəcək. Xalası qızını çəkəcək. Məcbursan çəkiləsən. Tutalım, mən Cek Nikolsonam, Bakıdayam. Durum deyim ki, mənim qiymətim bir milyondu. Deyəcəklər, lap yaxşı. Amma biz o qədər verə bilmirik. Heç nə olub gedəcəksən. Anladınız məni?

- Anladım.

- Bax belə...

# 5850 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
# # #