news-inner
clock21:00 calendar-gray 24 Aprel 2018 view-gray2026 dəfə oxunub
view-gray2026 dəfə oxunub

“İntihar edənlər özlərinə iki güllə vurmurlar”

Bu gün dahi ingilis yazıçısı Daniel Defonun doğum günüdür. Kulis.az bu münasibətlə mərhum şair Adil Mirseyidin “Ən sevdiyim əsər” layihəsindən D.Defo şedevri olan “Robinzon Kruzo” haqqında vaxtıyla Kulis.az a verdiyi müsahibəni təqdim edir.

- Hansı məziyyətlərinə və bədii keyfiyyətinə görə ən çox sevdiyiniz əsər Defonun “Robinzon Kruzo” romanıdır?

- İlk onu deyim ki, “Robinzon Kruzo” romanını birinci dəfə dördüncü sinifdə oxuyanda mütaliə etmişdim. Doğrudan da, inanmışdım ki, bu hadisə Defonun başına gəlib. Elə bilirdim avtobioqrafiq əsərdir. Sonra məlumat və mütaliəm çoxaldıqca bildim ki, yazıçılar həm də ayaqlarının getmədiyi yerə gedən, gözlərinin görmədiyini görə bilən adamlardır. İlk dəfə oxuyanda əsərdəki macəraçılıq mənə xoş gəldi. Sonra tələbəlik illərimdə yenidən oxudum, onda da əsərdəki həyata bağlılığı, insan iradəsinin gücünün tərənnümünü bəyəndim. Nəhayət, bu romanı 50 yaşımda bir də oxudum. Həmin vaxtlar sufizimlə çox maraqlanırdım. Əsəri ona görə sevdim ki, bu roman batini batin kimi göstərir. Batini batin kimi göstərmək çox çətin məsələdir ədəbiyyatda. “Robinzon Kruzo”nu son dəfə mütaliə edəndə anladım ki, bütün o əzmkarlığın, macəraçılığın arxasında nəsə batini bir məqam var. Amorfati – qəzavü-qədərə inanmaq, labüdlük var. Ancaq baxdım ki, amorfati də insana havayı verilmir. Bir də onu anladım ki, batini batin kimi görməyin böyük bədəli varmış. Bütün böyük əsərlərə diqqətlə baxanda görürük ki, əsərin mayasında bir nəsihət, bir pritça, bir hədis gizlənib. Bu əsərdə olmuş hadisə nəql edilir. Həmin hadisə baş verən ada Çilidən 70, yaxud da 170 km aralıdadır. Bu gün o adaya “Robinzon Kruzo” adası deyirlər. Tomas Eliot deyir ki, özünə bir ada yap, o adada öz dünyanı yarat. Hər adamın öz adası, tənhalığı olmalıdır. Həyatda Robinzon Kruzo kimi adamlar gördüm, amma onlar bunun fərqinə varmırdılar. Xüsusən rəssamlar arasında. Məsələn, rəssam Camal Əhməd. İnsanı qınaya bilərlər ki, cəmiyyətin içində yaşayıb cəmiyyətdən ayrı qalırsan, ancaq şairin nəyi var, ağ kağızı, qələmi, bir də Allahı. Ədəbi mühit-filan boş söhbətdir, ədəbi mühit heç kəsi şair eləmir. Tənhalığı ürək dolusu yaşamaq lazımdır. Ən yaxşı məqam gəlib öz tənhalığına çatmaqdır. İnsanlar tənhalıqdan qorxur, bəzisi mühitə uyğunlaşmadığına görə digərini qınayır və s. Mən həmişə tənhalığı sevmişəm. Ona görə ki, tənhalıq heç zaman insana pislik, paxıllıq eləmir, adamı aldatmır, yalan danışmır. Ancaq bir çox insanlar bütün sadaladıqlarımın hamısını edirlər. Cavan və seçim imkanım olsaydı, rahat şəkildə, darıxmadan Robinzon Kruzo həyatını seçər, bəlkə də xoşbəxt olardım. Şeirlərimi qumların üstünə yazardım, dalğalar yuyub aparardı, onda daha gözəl olardı. Ancaq xoşbəxtlik də nisbi anlayışdır. Kim deyib ki, insan bu dünyaya xoşbəxt olmaq üçün gəlib? Kimin xoşbəxt, kimin bədbəxt olduğunu Allahdan başqa heç kəs bilmir. Bir balaca ayağımız büdrəyən kimi az qalırıq asi olaq Allaha. İnsan gərək asi olmasın, bəxti ilə barışsın Robinzon kimi. Mən öz həyatımda beləyəm, şeirlərim də Robinzonun nəğmələri kimi bir şeydir. Ona görə bu əsər ruhuma daha yaxındır. Fərid, bil ki, məsciddə yüzlərlə insanın içində dua edən bir adam mütləq təkcədir. Yəni hamı təkdir dünyada, hətta bir yerdə olanda da təkik.

İnsanların çoxu olduğundan daha yaxşı görünmək istəyir, özü də Allahın ona vermədiklərini yaratmaq istəyir. Anlamır əsas mətləbi. Sənətin arxasında gizlənmək çox asandır, şeir yazıb, kitab çap etdirib özünü başqa cür göstərənlər çoxdur. Şeytanın təklifləri və tuzaqları çoxdur, biz bu cür tuzaqlara əksərən sənət vasitəsi ilə, şöhrət şirnikliyi nəticəsində düşürük. Ancaq bütün bunlardan uzaq durub öz mücadiləni aparırsansa Robinzonsan. Qədərlə barışmaqsa Robinzonluqdur. Yəni olanın içində mücadilə etmək. İnsan bu gün də hannibalizimlə məşğuldursa, deməli, belə olan təqdirdə “sivil dünya” termini cəfəngiyatdır. İnsan oğlu heç bir təcrübədən islah olmayıb, nəticə çıxarmayıq. Mənim üçünsə hannibal olmaqdansa, Robinzon olmaq daha yaxşıdır. Vaqif Bayatlının bir gözəl şeiri var:

Nəyə gərək imiş bu boyda dünya.

Çoxda ki ocaqlar hiss eləyirdi.

Fağır balalara, gül balalara,

Bu boyda dünyaya bəs eləyərdi.

İnsana yaşamaq üçün can sağlığı, Robinzon tənhalığı və bir də bildiyi işlə vicdanla məşğul olması bəs edir, məncə.

- Daniel Defo ədəbiyyatın maarifçi qolunun təmsilçisi idi, onun digər əsərləri maarifçi ruhunda idi. Defo 59 yaşında haqqında danışdığımız əsəri yazır. Sanki o bir yazıçı kimi başa düşür ki, insanları islah etmək, öyrətmək olmur. Digər əsərləri ilə yerlə-göy qədər fərqli ruha sahib əsər yazması şəxsən mənə çox təəccüblü görünür.

- Özün də bilmədən yadıma Van Qoqu saldın. O, dini təhsil almışdı, 27 yaşına qədər dindar idi. İndi adam fikirləşir ki, o niyə öz rahat həyatından imtina edib günəbaxan yığır? Niyə? Səfil rəssam həyatını seçir, nə tapmışdı o mühitdə? İnsanın ömrünün bir hissəsində bəsirət gözü açılır, mən o gözə könlün gözü deyirəm. Könlün gözü açılanda yaradıcı şəxs indiyədək gördüklərindən imtina edir. Defo da “Robinzon Kruzo”nu könlünün nəticəsi kimi yazıb. Bilirsənmi, qəhrəmanlıq an məsələsidir, o anda addım atdınsa qəhrəman olursan, geri çəkildinsə qorxaq. İnsan hisslərinin sərhədi çox yaxındır. Kimsə intihar edir, bir gülləni vurur, sağ qalıbsa ikinci gülləni vurmur, sağ qalmaq istəyir. İnsan ömrün axırında qərarlarını dəyişir. Defo da maarifçilikdən imtina etdi və anladı ki, insanları sözlə öyrətmək, yola gətirmək olmur. Bütün fanilikləri anladı, başa düşdü ki, bütün ömrünü yel dəyirmanları ilə vuruşub. Bəzən Allahın lütfü ilə insan əlini dünyadan çəkir, öz müdrikliyi ilə kimisə öyrətməyə yox, özünü anlamağa çalışır. Bu məqamda insan öyrətmək yox, öyrəndiklərini yaşamaq istəyir və kənara çəkilir. Dünyada İlahinin varlığını vurğulamadan İlahi haqda çox böyük informasiyalar ötürən nəsnələr var. Şeir var ki, orda bircə yerdə də olsun “dünya” sözü işlənmir, ancaq o şeir dünya haqqındadır. Defonun bu əsərində “insanlar islah olun, aza qane olun” çağırışı yoxdur. Ancaq dərin düşünəndə biz özümüz öyrənirik. Bir də bilirsən bu əsər mənə nəyi öyrətdi? Xəyala dalmağı, oturduğun yerdə bütün dünyaya əlimin çata biləcəyini. Ən əsası da mücadiləylə gileylənməyi yox, mücadiləylə yaşamağı andırdı.

- Əsər haqqında fərqli düşüncələr var. Bəziləri hesab edir ki, Kruzonun dünyası yeni dünyadır. Bəzilərisə hesab edir ki, yeni dünya deyil, çünki ona kibrit, tüfəng və sairə kimi bu dünyayla bağlılığı olan əşyalar götürmüşdü özüylə. Belə nəticə çıxır ki, o dünyadan əlini üzməyib. Siz necə düşünürsüz?

- Sovet dövründə bizə başa salırdılar ki, insan bəşəriyyətin əşrəfidir. Səməd Vurğunun şeirində pafosla deyilirdi ki: “təbiətə təslim ol” və sairə. Bütün bunlar doğru deyil. Çünki insan bəşərin əşrəfi yox, təbiətin bir hissəsidir, bundan ayrı insanın həyatı yoxdur və ola da bilməz. Robinzon da dünyadan tam əlini üzə bilməzdi, çünki o vaxta qədər yaşadıqları, vərdişləri və öyrəndikləri onu yeni məkanda - adada da idarə edirdi. İnsan bildiklərindən xilas ola bilmir, bildiklərimiz şüuraltı da olsa bizi idarə edir. Robinzon istəsəydi də tam olaraq yeni dünyanın sakini ola bilməzdi.

- Əsərdə məkanın ada seçilməsi, tənha insan (tənha ağac və məlum səhra rəmzi), su və sair kimi simvollar var. İstərdim söhbətimizin məcrasını əsərin simvollarına yönəldək.

- Əlbəttə, simvollar çox əsasdır bu romanda. Ada – dörd tərəfdə su. Dünyanın əvvəlinin də, axırının da su olmasına işarədir. Suyun həyat rəmzi olması, su yanında şəraitindən asılı olmayaraq insanın ölməyəcəyi fikri boy göstərir. Kruzo isə bir qədər Adəmlə eyniləşdirirlir. Kruzonun adaya cümə günü gəlməsi də mənə təsadüf kimi görünmür.

- Bu əsər daim tənqidçilər tərəfindən xeyli tənqid olunub. Çünki, komminist, sosialist və xalq düşüncəsi ideyasından uzaqdır. Bu əsərdə fərdin rolu üstün tutulur. Bir insan bütün dünyaya qarşı qoyulur, siyasətsiz, quruluşsuz və rejimsiz yaşamağın mümkünlüyü aydınlaşır.

- Mən ədəbi tənqidin fikrinə tam bel bağlamıram. Filosoflar yazıçı, tənqidçilərsə şair olmaq istəyib uğursuzluğa uğrayanlardır. Tənqidçilərin bir çoxu bütün yazdıqlarını qurban verərlər bircə yaxşı şeir yazmağa. Əsl yazıçı və şairlərsə böyük ədəbiyyatı fərqində olmadan yaradırlar. Bu əsər barədə mənfi rəylər yazan tənqidçilər ancaq ideoloji tənqidlə məşğul olanlar idi. Bəli, “Robinzon Kruzo” romanı insana rejimsiz, siyasətsiz yaşamağı və onların fövqündə dayanmağı öyrədir. Bu romanı sevməyimin bir səbəbi də budur, öz ideyanla, qanunlarınla yaşamağı öyrədir insana. Ancaq gəl belə edək, bu əsər barədə “fərdin rolu” ifadəsini hələlik bir kənara qoyaq və onu “insan ruhu” adlandıraq. Bəli, insan ruhu çox önəmlidir, insanın öz ruhunun gücünü bilməsi çox əsasdır, bütün bunlarsa əsərdə lazımınca öz əksini tapıb.

- Robinzon haqda demək olmaz ki, o tam ali ruhun təmsilçisisdir. Çünki o burjua-kapital cəmiyyətinə xas xarakterə də malik idi. Robinzonun ölümün əlindən aldığı, xilas etdiyi Cümə adlı digər qəhrəmanla mülkədar kimi davranır və maraqlısı odur ki, Kruzonun ona öyrətdiyi ilk söz “ağa” sözü olur. Bu məqamda Kruzonun hökmranlığı ilk baxışdan görünür.

- İcazə ver bu məqamda səninlə razılaşmayım. Çünki Robinzon onu öyrətmək istəyirdi, təkcə idarə etmək məsələsi deyil. O sanki Cümə qarşısında peyğəmbərin missiyasını öz üzərinə götürür. İki insan olan yerdə isə artıq hakimiyyət var. Bu əsərdəsə geniş mənada hakimiyyətdən söhbət getmir.

- Riçard Stilin 1713-cü ildə nəşr olunmuş “Aleksandr Selkirkin tarixi” oçerki “Robinzon Kruzo” romanının yazılmasına təkan verir. Bu oçerk reallığa əsaslanır. Belə ki matros Selkirk gəminin kapitanı ilə mübahisə etdiyinə görə Xuan Fernardes adasında düşürdülür. O dörd ay adada yaşamalı olur, ona bir günlük ərzaq, bir neçə funt tütün, çaxmaqdaşılı tüfəng, barıt, çaxmaq, bıçaq, qazan və “İncil” verilir. Qəribəsi odur ki, dolayısı yolla da olsa real hadisədən qaynaqlanan “Robinzon Kruzo” təxəyyül məhsulu təsiri bağışlayır. Sizcə, bunun səbəbi nədir?

- Həyatla ölümün, reallıqla irreallığın, ölümlə həyatın sərhəddi çox yaxındır, eləcə də təxəyyüllə gerçəkliyin. Ən yaxşısı qızıl ortanı tapmaqdır, ancaq insan nə qədər fəlsəfi sığınacaq axtarsa da təxəyyüllə gerçəkliyin arasında ömür edir. Defonun əsərinin həyatiliyi həm də bundadır. Fotoyla sənət əsərinin fərqi kimi: həm eynidir, həm də fərqli.

2013

news-inner-user
Fərid Hüseyn

134 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
14:40 18 Noyabr 2019
Ahmet Kayanı bu aktyor canlandıracaq - Foto
14:01 18 Noyabr 2019
Elməddin Cəfərov: "Söyüş intellektuallıqdırsa, Cem çox intellektualdır"
13:14 18 Noyabr 2019
Ayaz Salayevin çəkilməyə qorxduğu AzTV verilişi – Sevda Sultanova yazır...
12:40 18 Noyabr 2019
Nəticəsi Mirzə Cəlilin ev-muzeyinin açılışında - Fotolar
11:57 18 Noyabr 2019
Məhəmməd Hadinin müasiri Bakıda kitab satır
11:38 18 Noyabr 2019
Səfər Alışarlı: “İsa Hüseynovdan sonra nəsrimiz düşünməyə başladı” – Müsahibə
11:04 18 Noyabr 2019
Cem Yılmaz bizi necə utandırdı?
10:30 18 Noyabr 2019
Məşhur aktrisa avtobus qəzasında öldü
10:00 18 Noyabr 2019
Səfurə İbrahimova: “Ailəli olsa da, yalvarırdı ki, onunla yaşayım” - Müsahibə
09:03 18 Noyabr 2019
Mübariz Örənin Fransada romanı çıxır
14:32 17 Noyabr 2019
Rusiyada rəssamımızın sərgisi açılıb
16:12 16 Noyabr 2019
Mikayıl Müşfiqin xatirəsinə həsr olunan tamaşa
15:11 16 Noyabr 2019
Oğluna bacısı qızını alan ananın faciəsi - Hekayə
14:00 16 Noyabr 2019
TEAS Press Nəşriyyat Evinin 5 yaşı tamam olur
13:29 16 Noyabr 2019
Bizdə seks inqilabı olarsa...
12:25 16 Noyabr 2019
Azərbaycanlı ilahiyyatçı: "Quranda baş örtüyü yoxdur"
11:32 16 Noyabr 2019
Elçin Əlibəyli TV-dən getdi
10:47 16 Noyabr 2019
Noyabr ayı üçün ən çox gözlənilən filmlər
10:12 16 Noyabr 2019
Siyasətə görə atası ilə düşmən olan jurnalist - Sevda Sultanova yazır...
09:00 16 Noyabr 2019