writer1

Ləman Mustafaqızı

Məqalə sayı

2
clock13:59 calendar-gray 14 Noyabr 2013 view-gray5579 dəfə oxunub
view-gray5579 dəfə oxunub

Niyə “müsəlman” olmaq istəmirəm?

Ləman Mustafaqızı

Məni tanıyanlar bilir, ateist və ya deist deyiləm. Heç bu iki anlayışın bir-birindən fərqini də düz-əməlli bilmirəm. Bildiyim tək şey: müsəlmanam. Allahımı tanıyır, peyğəmbərimə inanır, “Qurani-Kərimi” oxuyuram. Dediyim kimi, oxuyuram. Çünki “Quran” da kitabdı. And içmək - ibadət obyekti deyil. “Quran”ı müqəddəs edən orda yazılan ayələrin mənasıdı. Mənalar da oxuyub əməl edincə müqəddəs olur. Yoxsa, oxuyub o qulağından alıb bu qulağına ötürdünsə, heç nə.

...Anam seyid nəslindəndir. Hər halda elə adlandırırlar özlərini. Anamız seyid olduğu üçün hətta bacımla mənim də həftənin cümə günləri seyidlər kimi lüksümüz olurdu. O gün bizim xətrimizə dəyən, Allah tərəfindən cəzalanacaqdı. Axı həmin gün biz də seyidiydik. Nəysə, evimizdə atamın nənəsindən qalma “Quran” vardı. Çətin vəziyyətə düşəndə, anam kitabı verirdi əlimizə ki, vərəqləyə-vərəqləyə dua edin Allaha. Sanki vərəqləməsəydik, Allah duamızı qəbul etməyəcəkdi. Əsas da atam həbs olunanda. Çaykənd hadisələri baş vermiş, atam da başına adam toplayıb ermənilərə qarşı təbliğat apardığı üçün tutulduğu günlərdə kitabı vərəqlə-vərəqləyə haldan salmışdıq.

Atam oxumuş adam olduğu üçün bəzi batil inanclara inanmır, bizi də oralara aparmırdı. Ora sərf etdiyimiz vaxta dərs oxumağın daha faydalı olduğunu deyərdi. İmamzadəyə ilk gedişim uzun israrlardan sonra, 13-14 yaşımda oldu. Söz vaxtına çəkər. Onda da Məhərrəmlik ayı idi. Toya, bayrama gedər kimi sevinə-sevinə yollandıq ora. Qətl sınan gün də deyildi, Məhərrəm ayının adi günlərindən biri idi. Əslində babamın qəbrinizi ziyarət edəcəkdik. Yadımdadı, maşından düşər-düşməz qaraçılar üstümüzə cumdu. Atamın sifətindəki zəhrimarı görəndən sonra dala çəkildilər. Əslində evin ərköyünü olsam da, o zəhrimarı görəndə mən də atamdan qorxardım. Yaxın getməzdim, ta ki sifətindən zəhrimar dağılmayınca. Böyük qapıdan keçib içəri girdik. Molla əmi cürbəcür əski parçalarını bir qarış uzunluğunda doğrayıb yanına yığmışdı. Sən demə, bu parçaları arzu edib qoluna bağlayanda adamın arzusu nazil olurmuş. Əslində bu parçalar ölmüş qadınların kəlağayıları idi. Əlbəttə, mən də bunu istədim. Yazıq atam naəlac qalıb razılıq verdi. Bircə içəridə olan qədim məzarı öpməyəcəkdim. Deyilənə görə, hansısa imamın məzarıdır. Atam belə yerləri antisanitariya adlandırırdı: “Nə bilirsən səndən qabaq hansısa xəstə ordan öpməyib?”

Elə özüm də vasvası olduğumdan öpməyi düşünmürdüm. Amma hamı kimi üç dəfə qəbrin ətrafında dövrə vurub, dala-dala ordan çıxdım. Sonra getdik qənd yapışdırmağa. Atam isə kənardan baxırdı: sifətində gah gülüş, gah da qəzəb. Uzun sözü qısası, xoşbəxtlikdən az qalırdım qanad çalıb uçam. Molla əminin atamdan bir “məmməd” qarşılığında qoluma bağladığı əski parçası boş bağlandığında heç sinif yoldaşlarına göstərmədən elə ordaca açılmışdı. Sevincimin həddi-hüdudu yoxuydu. Arzum yerinə yetişəcəkdi. Atam üçün əsas məqam burdan sonra başlayırdı. Bütün bu biətlərdən sonra atasının qəbrini ziyarət edəcəkdi.

Universitet illərində Elnarə adlı qızla tanış oldum. O mənə namazın qaydalarını başa saldı. Namaz qılmağa başladım. Namaz bir başqa aləmdi mənim üçün. İbadət etdiyim 8-9 dəqiqədə dünyadan ayrılır, başqa aləmə düşürdüm. Ruhum dincəlirdi. Bir ildən sonra ibadətdən uzaqlaşdım.

Amma bu günə qədər məscidə gedir, dualar edir, “Quran”ımı imkan olanda oxuyuram. Azan səsi mənə anamın laylasından da əziz gəlir. Uzaqdan bir Azan səsi eşidəndə, sanki qidalanıram o səslə. Lakin İslama xələl gətirən qondarma adətləri qəbul etmirəm. Çünki bu İslam deyil. Mənim oxuduğum, sevdiyim İslam bu deyil. Mənim dinim qadınlara azadlıq, sevgi, mərhəmət vəd edir. Amma ərəblər qadınlarını daş-qalaq edir, qız uşaqlarını ya diri-diri basdırır, ya da uşaq yaşında atası yaşda kişiyə “qurban” verir, Suriyada qardaş qardaşını qırır, körpə balalar güllələnir, ac adamın əlini kəsir. Axı hardandı sizdə bu qədər qəddarlıq? Məgər Allah sizə “İnsanları sevin” demədimi? “Kasıba əl tutun” demədimi? Bəs o zaman qonşun acıykən sən plovunu yeyib niyə yatdın? Ac olduğu üçün plovuna əl uzadan adamın adını “oğru” qoyub əlini niyə kəsdirdin?

O gün metrostansiyaların birində 2-3 yaşı olan körpəni anası hicaba boğmuşdu. Ay qadın, məgər İslamda hicab körpə uşaqlara buyurulub? Niyə imkan vermirsiz uşaq elə uşaq kimi yaşasın? Niyə İslamı antitəbliğ edirsiz? Hicab yetkinlik yaşına çatmış qızları naməhrəm kişilərin baxışlarından qorumaq üçün deyilmi? Uşağa hicab taxmaq nə deməkdi? Yəni bizim kişilər o qədərmi biqeyrətdirlər ki, sənin balaca qızına pis gözlə baxsınlar?

Bir çox dindarlar mənə “ateist”, ateistlər isə“dindar” deyir. Kimdir axı dindar? Əgər dindarlıq sizin kimi olmaqdırsa, mən dindar deyiləm! Mən Allahımın mənə buyurduğu kimi oğurluq etmirəm, harama əl atmıram, yeriyəndə ayağımın altına baxıram ki, zərərsiz qarışqaları tapdalamayım. Ən əsası, insanları sevirəm! Allahımın mənə buyurduğu kimi...

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Yazarlarımız heç yalan danışıblarmı? - Sorğu
21:00 19 Sentyabr 2019
Rusiyalı aktyor vəfat edib
18:45 19 Sentyabr 2019
Bakıda peyda olan Mahatma Qandi, Zəlimxan Yaqubun evinə gedən Hüseyn Cavid... – Maraqlı faktlar
18:05 19 Sentyabr 2019
Azərbaycanlı dirijor haqda film çəkilir
17:20 19 Sentyabr 2019
Bakıda rus filmləri həftəsi keçiriləcək
16:40 19 Sentyabr 2019
Elina məhkəməsində iki vacib sual
15:31 19 Sentyabr 2019
Kukla Teatrı uşaqları dəvət edir
14:50 19 Sentyabr 2019
Oğlumun “Anam hardadı” sualı – Elşad Mirzə
14:10 19 Sentyabr 2019
Ülviyyə Heydərovanın pyesi beynəlxalq müsabiqədə
13:21 19 Sentyabr 2019
Əjdər Olun kitabı Serbiyada çap olunub
12:41 19 Sentyabr 2019
Məni öz qatilliyimə sevindirən Elina - Bircə yazır…
12:06 19 Sentyabr 2019
Evli qadınla sevgili olan Yafəs Türksəsin görünməyən üzü
11:31 19 Sentyabr 2019
Azərbaycanlı şair Nobel mükafatına təqdim edilib
10:49 19 Sentyabr 2019
“Bir şeir” müsabiqəsinin şərtlərində yenilik
10:14 19 Sentyabr 2019
Dərbənddə Nizami Gəncəvinin abidəsi ucaldılacaq
09:45 19 Sentyabr 2019
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı keçirilib
09:18 19 Sentyabr 2019
Rahatlıq axtaran kəndin tənha çobanı – Sevda Sultanova yazır...
09:00 19 Sentyabr 2019
“Peyğəmbərə dua etməyi günah sayıram”
21:00 18 Sentyabr 2019
Filmlərimiz Özbəkistanda nümayiş olunacaq
18:25 18 Sentyabr 2019
Yaramaz qızın sərgüzəştləri – Seymur Baycan yazır...
17:37 18 Sentyabr 2019