news-inner
clock15:02 calendar-gray 13 Noyabr 2013 view-gray1243 dəfə oxunub
view-gray1243 dəfə oxunub

Onlar belə yazırlar

Kulis.Az yeni layihəyə başlayır. “Yazı prosesi” layihəsində 5 nəfər yazıçı iştirak edib yazı prosesi ilə bağlı məlumatlarını oxucularla bölüşəcək.

1. Mövzuları necə seçirsiniz?

Anar: “Mən mövzuları seçmirəm, mövzular məni seçir”.

Məmməd Oruc: “Mən heç zaman mövzu seçmirəm, mövzu axtarışına çıxmağım da yadıma gəlmir. Mövzu özü gəlib tapanda yazıram, tapmayanda da onun yolunu gözləyirəm. Lap bu yaxınların söhbətidir. Mənə doğma olan bir ailədə ata da, ana da bərk həyəcan keçirirdilər. Onların 19 yaşlı tələbə oğlu evlənmək niyyətini bəyan etmişdi. Ata özünü oğluna qarşı çox sərt aparırdı. Ana isə… hə, ana isə həm də sevinirdi. Sevinirdi ki, onun oğlu sevir. O, bunu dilinə gətirmirdi. O, bunu baxışlarında, hərəkətlərində, işlətdiyi kəlmələrin alt qatında büruzə verirdi. Bax, bu ananın duyğuları bir mövzu kimi mənə doğmadır. Axı, sevmək hamıya nəsib olmayan bir duyğudur. Bu üzdən, məncə onun gəlişini bayram etmək lazımdır. Dünyanın, daha doğrusu, bəşəriyyətin sabahı bizim üçün adı görünən bu sevgilərə bağlı deyilmi? Tələbə oğlunun evlənməsinə həm tərəddüd eləyən, həm də sevinən o ananın duyğularını neçə aydır ki, yazmaq istəyirəm. Yeri gəlmişkən, tələbəlik illərində bizim bir yataqxana yoldaşımız var idi. Biz sevgi yaşantılarımızdan danışanda gülürdü. Mənim ona yazığım gəlirdi, çünki mənə elə gəlirdi ki, yaradan ona sevmək duyğusu verməyib. Tələbəlik illərindən sonra da mən bilən o bu hissi yaşamadı, sadəcə varlı bir qadına evləndi. Taleyi isə puç oldu. Partiya funksioneri kimi bir müddət parlasa da, elə partiya funksioneri kimi də həbs olundu. Bax onun taleyinə də mövzu kimi yanaşdım. Amma yaza bilmədim…

Elə bax, bu yaxınlarda Sibirə getmişdim. Katerlə İrtış çayı ilə Ob nəhrinin qovuşduğu əraziyə yaxınlaşanda yerli bələdçimiz şamansayağı bir əda ilə dedi ki, ürəyimizdə bir istək tutaq, guya burda tutulan arzu çin olur. Mən o anda ürəyimdə tutmağa arzu tapmadım. Təbii ki, qəribə anlar yaşadım və birdən-birə anladım ki, bu mənim çoxdan gözlədiyim bir mövzudur: demək mən ömrümü düzgün paylaşmamışam, düzgün yaşamamışam. Bu kədərli duyğular içində bir ağcaqayının yarpaq tökümünə baxanda isə haçansa yazacağım hekayənin adını da tapdım: “Suqovuşanda yarpaq tökümü””.

Səfər Alışarlı: “Mənim üçün mövzu seçimi yoxdur. Demək olar ki, həmişə eyni mövzunu yazıram və mövzuya müxtəlif əhvalla, müxtəlif səmtlərdən yanaşıram. Belə deyək, mövzu mənim öz yaşadığım təəssüratlardır”.

Mübariz Cəfərli: “Mövzunu seçmirəm. Yazı prosesində çox şeyi dəyişirəm deyə, mövzu mənim üçün əsas deyil”.

Qan Turalı: “Mövzular hardansa uçub beynimə gəlir, sonra da mən özüm onlar arasında seçim edirəm. Yazı prosesinə başlamamışdan qabaq əsərin mövzusunu, ideyasını, üslubunu, süjet və strukturunu aylarla düşünürəm. Bu barədə qeydlər aparıram. Beynimə gələn süjetləri bəzən birləşdirir, bəzən isə bir kənara atıram. Mənim üçün ən gözəl mövzu bildiyim, ya da maraq dairəmdə olan mövzudur”.

2. Yazmamışdan əvvəl araşdırma aparırsınız?

Anar: “Bu yazılacaq əsərin janrından asılıdır. Sənədli bir yazı yazıramsa, əlbəttə araşdırma aparıram. Məsələn, Nazim Hikmət haqqında “Kərəm kimi” romanı... İşə girişməzdən öncə xeyli material topladım, mövzuya aid kitablar oxudum, şairin öz əsərlərinə dönə-dönə qayıtdım. Dədə Qorqudla, Mirzə Cəlillə bağlı yazılara başlamazdan əvvəl də uzun zaman tədqiqat işi aparmışam. “Dədə Qorqud” ssenarisi və povestindən başqa “Dədə Qorqud dünyası” adlı geniş essem var. “Qəm pəncərəsi” filminin ssenarisini və “Sizi deyib gəlmişəm” pyesini yazmamışdan çox-çox qabaqlar Cəlil Məmmədquluzadə haqqında “Anlamaq dərdi” essemi çap etdirmişdim. Sırf təxəyyülün məhsulu olan bədii əsərlər yazanda isə kənar araşdırmalara ehtiyac qalmır, qəlbində və yaddaşında araşdırmalar aparırsan.

Digər tərəfdən bütün ömrüm boyu yazıb yazmamağımdan asılı olmayaraq ağlıma gələn fikirləri, maraqlı adamlarla ünsiyyətim, ya müxtəlif görüşlərim haqqında təəssüratımı qeyd edirəm. Məhz belə illər boyu yığılmış fikirlər əsasında “Gecə düşüncələri”ni toparladım”.

Məmməd Oruc: “Əlbəttə, yazdığım sahəyə aid vacib ədəbiyyatları mütləq oxuyuram. Elmi qüsur yazını da, yazıçını da dərhal gözdən salır”.

Səfər Alışarlı: “Yazmamışdan əvvəl araşdırma aparmıram. Yalnız bəzi tarixi aspektlərə toxunanda məsələləri ciddi araşdırıram. Məsələn, “Maestro” romanında Hülakü xanla bağlı Azərbaycandan xeyli uzaqda çox dərin araşdırmalar eləmişəm. Yalnız tarixi istiqamətdə olan səhnələrlə bağlı araşdırmalar aparıram. Amma bugünkü mövcud insanlar, mövcud hadisələr haqda araşdırma aparmıram”.

Mübariz Cəfərli: “Hərdən bir yalandan qeydlər götürürəm, amma onlar da mənə mane olur. Həmişə yazdığıma və fikirləşdiyimə baxanda böyük fərqlər görürəm axırda”.

Qan Turalı: “Əlbəttə. Dünya ədəbiyyatından mövzuma yaxın olan oxşar əsərləri oxuyuram. Üslubları, yazı maneralarını, stixiyaları mənimsəyirəm. Lakin əsas hazırlığım bədii yox, elmi əsərləri mütaliə etməklə aparıram. Elmi əsərlər insana yazmaq üçün böyük bir xəzinə açır. Çünki elm ədəbiyyatdan fərqli olaraq dəqiqdir, obyektivdir. Yazıçının elmi materialı öyrənməsi onu öz mövzusuna daha obyektiv və daha dərindən yanaşmasını təmin edir. Yazıçı romanın Tanrısıdır. O obrazlarının bütün məhdudluqlarından uzaq olmalı, onların qavraya bilmədiyi mətləbləri də aydın duymalı, eyni zamanda özünü bütün obrazların yerinə qoymağı bacarmalıdır. Bu da dərin təfəkkür və böyük mütaliə tələb edir.

Mənim aləmimdə heç bir kitab qürbətdə deyil, hamısı bir-biri ilə ya uzaqdan, ya da yaxından qohumdur. Kitablar kitablardan doğulub. Hər yazıçının təsirləndiyi yazıçılar olduğu kimi təsir etdiyi yazıçılar da var. Elmdə də belədir, Nyuton uzağı görə bilməyini Kopernik və Qalileyin çiyinlərindən dünyana baxmağı bacarmağına bağlayırdı.

Yazıçının əsər haqqında araşdırma aparması onun özünə və oxucusuna olan hörmətinin ifadəsidir. Ancaq qələm və kağızla səciyyələndirilən ədəbiyyat anlayışı mənə yaddır. Bu cütlüyə mütləq kitabın özü də əlavə edilməlidir”.

3. Hansı rejimdə yazırsınız?

Anar: “İlk gəncliyimdə, yəni təqribən 50 il qabaq əllə yazırdım. Sonra makinada yazmağa başladım, son 20 ildə isə yalnız kompüterdə işləyirəm. Rejim deyəndə vaxtı nəzərdə tutursunuzsa, əsasən yay ayları gecə və gündüz, qalan zamanlarda isə gecələr işləyirəm”.

Məmməd Oruc: “Bədii və publisistik yazıları səhərlər, tərcüməni haçan gəldi yazıram. Çünki burda modeldən çıxmağa ehtiyac yoxdur”.

Səfər Alışarlı: “Rejim əsasən gündüzdür, kompüterdi, tənhalıqdır... Rejim bir az da reallıqdan və qayğılardan uzaqlaşmaqdır. Öz həyatımla, ailəmin həyatı ilə bağlı, yaxud dostlarımla bağlı hər hansı bir qayğı məni narahat edirsə özümü toparlayıb kompüter arxasında otura bilmirəm. Oturanda da o vaxtı havayı xərcləmiş oluram. Ümumiyyətlə, yazı prosesində mənim xərclədiyim vaxtın üçdə birini səmərəli saymaq olar. Qalan üçdə ikisi düşünməyə, qaralamalar yazmağa, bəzən hətta mövzu ilə bağlı kimlərisə, nələrisə oxumağa və yaxud ən adi xəbərlər buraxılışını izləməyə gedir”.

Mübariz Cəfərli: “Mən əsərlərimin çoxunu birnəfəsə yazmışam. Evdə qulluqçu var, o bilir ki, mən işləyəndə evdə sakitlik olmalıdır. Bəzən olur ki, yazı otağına girib kompüteri açıram və iki dəqiqədən sonra çıxıb gedirəm. O, soruşur ki, Mübariz müəllim, elə bu? Deyirəm, hə. Mən işimi bitirdim, gedirəm. O görüb ki, mən saatlarla iş otağından çıxmıram. Belə olanda ona təəccüblü gəlir, anlaya bilmir ki, bunu birnəfəsə yazmaq olmaz. Elə məqamlar var ki, onu gərək aldada-aldada yazasan, əks halda o səni aldadacaq. Yazı prosesi çox çətin prosesdir. Mən müəyyən istisnalarla gecələr yazıram”.

Qan Turalı: “Mənim üçün ən asan proses yazı prosesinin özüdür. Adətən şənbə və bazar günləri yazıram, ara günlərdə isə mütaliə və qeydlərlə məşğul oluram. Bir də tətillərdə yazıram.

Həyatda olduğumun əksinə yazı prosesində son dərəcə zəhmətsevərəm. Saatlarca, bəzən isə gecədən səhərə qədər işləyə bilirəm. Üstəlik, çox sürətlə yazıram, bəzən bir gecəyə 40 min işarə (köhnə üsulla bir çap listi-red) yazdığım olur”.

4. Yazı zamanı qəribə vərdişləriniz olur?

Anar: “Bizim zəmanədə yazı yazmaq özü elə qəribə vərdiş deyilmi?”

Məmməd Oruc: “Əlbəttə olur, hərdən gözü gözümə, üzü üzümə mənə nə isə deyən adamı eşitmirəm və ən qəribəsi də budur ki, o yenə də fərqinə varmadan döşəyir”.

Səfər Alışarlı: “Yox, heç bir vərdişim yoxdur. Mən heç siqaret də çəkmirəm. Hətta pivə belə içmirəm. Yazı prosesində bunları eləmirəm. Mənim üçün vərdiş mövzunu kifayət qədər həzm eləmək istəyidir. Və buna bəzən nail oluram, təəssüf ki, bəzən də nail ola bilmirəm. Ona görə də komp3üter qarşısında oturduğum vaxt hədər gedir”.

Mübariz Cəfərli: “Heç bir vərdişim zadım yoxdur. Əsas vərdişim sakitlikdir”.

Qan Turalı: “Çoxlu çay, ya da qəhvə içib siqareti siqaretə calamaq qəribə vərdiş sayıla bilərmi?”

5. Redaktə prosesi nə qədər çəkir?

Anar: “Kompüterdə işləməyə başlayandan bəri redaktə prosesini elə yazı zamanı edirəm. Mətnin ilk variantını bitirəndən sonra onu bir neçə dəfə redaktor gözüylə oxuyur, gərəkən ixtisarları, əlavələri və düzəlişləri edirəm”.

Məmməd Oruc: “Redaktə deyəndə ki, mən qələmə aldığım yazının üzünü ən azı bir ay dincə qoyandan sonra mütləq köçürürəm. Bu mənim üçün başlıca redaktə prosesidir. Amma maraqlı örnəklər də var axı. Deyilənə görə Lev Tolstoy “Hərb və sülh”ün üzünü altı dəfə köçürdüb. O ki, qaldı istedada, onu zəhmət cilalayır. Tənbəl istedadların ədəbiyyatdan qeyb olmasını da çox görmüşəm”.

Səfər Alışarlı: “Ən ciddi proses redaktədir. Litinstitutda müəllimlər bizə öyrədirdilər ki, ilk variantda mövzu ilə əlaqədar ağlınıza gələn hər şeyi yazın. Sonra redaktə prosesində nəyin artıq və nəyin çatışmadığını özünüz görəcəksiniz. Bəzən tutaq ki, finalı yazandan sonra, əsərin başlanğıcını və yaxud girişini yazacaqsınız. Bu hallar olur məndə. Redaktə prosesi çox ciddi şəkildə, aylarla, bəzən illərlə gedir. Mən yazdığımı dərhal, mürəkkəbi qurumamış ortaya çıxarmaq vərdişlərinə çoxdan əlvida demişəm. Açığı, indi çap olunmaq mənim üçün o qədər də maraqlı deyil. Məsələn, mənim romanım keçən ildən hazırdır, mətbuata da vermək olar. Amma istəmirəm”.

Mübariz Cəfərli: “Əlbəttə ki, redaktə prosesi yazı prosesindən çox çəkir. Bütün əsəri ən azı bir il dəmə qoyursan. Bir ildən sonra bir də baxırsan”.

Qan Turalı: “Əvvəlcə bilgisayarda yazdığım əsəri dəfələrlə oxuyuram, sonra isə kağız variant üzərində qeydlərimi aparıram, qeydləri bilgisayara köçürdüb yenidən çap edirəm. Bu proses aylarla çəkir”.


6. Əsərin son nöqtəsini qoyandan çapa qədər olan prosesdə özünüzü necə hiss edirsiniz?

Anar: “Özümü bitirilmiş bir işin asudəliyi və gələcəkdə yazacaqlarımın nigarançılığı içində hiss edirəm”.

Məmməd Oruc: “Bir zamanlar yazdığım yazının son nöqtəsini qoyandan sonra verirdim Natiq Səfərov oxusun. Yalnız Natiqin rəyindən sonra mən həmin yazını üzə çıxarırdım. Yandırdığım yazılar da olub və buna əsla peşman deyiləm. Çünki Natiq böyük ədəbiyyatçı idi. Yeri gəlmişkən, dirəndiyim daha bir mövzu Natiqlə bağlıdır. Amma yazmalıyam. O, “Az i Ya”nı yasaq olunduğu bir zamanda tərcümə eləyirdi. O bu zaman para da qazana da bilərdi. Amma o özünü sənətə qurban verməyi bacardı. O örnəkdi, örnəyi isə yeni nəsil tanımalıdır”.

Səfər Alışarlı: “Belə deyək, bu yazıçı üçün bir növ hamiləlik dövrüdür. Yəni, o yükü yerə qoymayınca adam rahatlıq tapmır. Daim düşünürsən. Təəssüf ki, bəzən həyatda elə anlar yaşayırıq, elə hadisələrlə qarşılaşırıq ki, bizə o atmosferi unutdurur. Unutmağa məcbur oluruq. Amma külli halda o hadisələr, o obrazlar ümumiyyətlə, o mövzu gecə-gündüz şəxsən mənim xəyalımda fırlanır. Hətta yuxuda da mən o mövzu ilə bağlı bəzən bəzi məsələlər görürəm. Sonra onların bəzilərini istifadə edirəm, bəziləri də təbii ki, yararsız olur. Ona görə də proses bütövlükdə ağır gedir. Amma son nöqtəni qoyandan sonra müəyyən bir yüngüllük yaranır. Amma bilirsən ki, bu yüngüllük uzun çəkməyəcək. Uzaq başı 9 aydan sonra məsələlər yenidən başlanacaq. Ona görə də prosesin yazıçı həyatına verdiyi ağırlıq daim bir yük olaraq onun çiyinlərindən aşağı basır”.

Mübariz Cəfərli: “Daha çox narahat oluram. Elə bilirəm yazıda nəsə çatmır, nəyisə edə bilməmişəm”.

Qan Turalı: “Son dərəcə narahat oluram. Kitab çap edilməmiş özümü qoymağa yer tapa bilmirəm. Əsər bitəndən sonra da adama rahatlıq vermir. Beynində min cür detal qaynaşır. Düşünürsən ki, gərək onu elə yox, belə yazaydım”.

Oxşar xəbərlər

Xəbər lenti

Mübariz Örəndən yeni hekayə: İlıq
21:00 13 İyul 2020
Nərgiz İsmayılovanın yeni monoqrafiyası nəşr olundu
18:44 13 İyul 2020
Bollivud ulduzu koronavirusa yoluxdu
18:02 13 İyul 2020
Payızda vağzala getməyəsən... - Poetik etüdlər
17:36 13 İyul 2020
Mirmehdi Ağaoğlunun Türkiyədə hekayələr kitabı çap olundu
17:18 13 İyul 2020
On beş ilin salamı – Kənan Hacı yazır
16:39 13 İyul 2020
Bu gün “Vətən borcu” filminin premyerası olacaq
15:51 13 İyul 2020
Tənqidin sərhədləri - Qismətin Tomas Eliotdan tərcüməsi...
15:10 13 İyul 2020
Məşhur müğənni kitab yazdı
14:25 13 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
13:37 13 İyul 2020
Elvis Preslinin nəvəsi intihar etdi
12:56 13 İyul 2020
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
12:15 13 İyul 2020
Ötən günün müharibə həyəcanı - Samirə Əşrəf yazır...
11:37 13 İyul 2020
Gevorkovun bacısı qızı ilə gəzən azərbaycanlı – Mahir yazır...
11:05 13 İyul 2020
Məşhur rəsm əsəri 22 milyon dollara satıldı
10:30 13 İyul 2020
Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:34 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020