Stalinin güllələtdiyi azərbaycanlı general

Stalinin güllələtdiyi azərbaycanlı general
6 noyabr 2013
# 09:00

Sürgündə olan bir gəncdən Stalinə məktub gəlir: “Atam xalq düşməni kimi güllələnib. Mən bir sovet gənci kimi atamın günahını yumağa hazıram. İcazə verin, vətənimizin bu ağır günündə torpağımızın azadlığı uğrunda cəbhələrdə mən də vuruşum... ”

Cəza batalyonunda döyüşən gənc 1942-ci ildə 22 yaşında Stalinqrad yaxınlığında qəhrəmanlıqla həlak olur.

Həmin gənc ömrünün 38-ci baharında ən yüksək cəzaya-güllələnməyə məhkum edilən hərbi xadim, general-mayor Qambay Vəzirovun yeganə oğlu Yavuz Vəzirov idi.

Cəmi on yeddi il ordu sıralarında qulluq edən Qambay Vəzirov sıravi əsgərdən general-mayor rütbəsinə qədər yüksəlmişdi. O vaxt bu, hər hərbçiyə qismət olmurdu. Milliyyətcə rus olmayan zabitin otuz üç yaşında general-mayor rütbəsi alması, diviziya komandir olması Sovet hərbi tarixində nadir hadisədir.

Q.Vəzirov Azərbaycan hərb tarixinə beş general bəxş edən Naxçıvandakı nüfuzlu Kəngərli nəslindəndir.

13896 nömrəli istintaq işində onun haqqında qeyd edilən məlumatdan:

“Azərbaycan dağ-atıcı diviziyasının komandir-komissarı Qambay Məmməd oğlu Vəzirov 1899-cu il avqustun 19-da Gümrü(indiki Ermənistan Respublikasının Leninakan) şəhərində xırda məmur ailəsində anadan olmuşdur. İrəvan şəhərində yaşamış və 1919-cu ildə gimnaziyada 7-ci sinfi bitirmişdir. Səfərbərliklə əlaqədar olaraq 6 ay Türkiyədə, sonra Azərbaycan Demokratik Respublikası ordusunda, daha sonra isə 1919-cu ilin aprel ayına qədər hərbi məktəbdə xidmət etmişdir.

1920-ci il aprelin 28-dən sonra Vəzirov könüllü olaraq sovet komandir kurslarına çevrilən hərbi məktəbdə qalmış və 1920-ci il iyunun 12-də oranı bitirib vzvod komandiri saxlanılmışdı.

1920-1922-ci illərdə o, Qarabağ, Qazax, Ağdam, Cəbrayıl və digər yerlərdə xüsusi dəstə rəisi kimi bolşevizm əleyhinə üsyanların yatırılmasında, daşnak qiyamlarına qarşı vuruşlarda iştirak etmişdir.

1922-ci ildə Vəzirov əlahiddə batareya komandiri – siyasi rəhbər vəzifəsində ikən Frunze adlı hərbi akademiyaya göndərilmiş və 1925-ci ildə oranı “yaxşı” qiymətlə bitirmişdir. Bundan sonra o, Birləşmiş Azərbaycan hərbi məktəbinin rəis müavini təyin olunmuş, 1926-cı ildən 1927-ci ilin sonunadək həmin məktəbə rəhbərlik etmişdir. Zaqafqaziya milli ali təhsil ocaqlarının birləşdirilməsindən sonra 3-cü Qafqaz atıcı diviziyasına, 1929-cu ilin yanvarından isə Azərbaycan atıcı diviziyasına qərargah rəisi göndərilmişdir.

1930-cu ilin dekabrından 3-cü Çerk atıcı polkuna başçılıq etmiş, 1931-ci ilin martından Azərbaycan dağ-atıcı diviziyasına komandir, sonra isə komissar təyin olunmuşdur”.

Ordu komandanının və hərbi məktəb rəhbərliyinin verdikləri attestasiya arayışında Qambay Vəzirov hərbi işi bilən, yaxşı inzibatçı, sayıq və təmiz işçi kimi təqdim edilir.

Q.Vəzirov işlədiyi müddət ərzində müxtəlif orden və hədiyyələrlə mükafatlandırılmışdır. O, türk, rus və fransız dillərini bilirdi.

1937-ci il çoxları kimi onun da ömrünə faciələrlə gəldi. Əvvəlcə onu 3 iyul 1937-ci ildə 2698 saylı əmrlə işdən çıxartdılar. Sonra isə 1920-ci ildən üzvü olduğu partiya sıralarından azad etdilər.

25 iyul 1937-ci ildə Az.SSR XDİK-i DTİ-nin 5-ci şöbəsinin rəisi DT kapitanı Avanesyan general-mayor Qambay Vəzirov haqqında “tamamilə məxfi” yarlıqlı xüsusi arayış hazırladı. Avanesyan Q.Vəzirovun əksinqilabi burjua-millətçi fəaliyyətini “sübut edən” bir sıra dəlillər gətirdikdən sonra onun barəsində cinayət işi qaldırılmasını və həbs edilməsi üçün sanksiya verilməsini bildirdi. Həmin qərarı iki gün sonra Sumbatov təsdiq etdi. Elə həmin gün- 27 iyulda onun həbs olunması və mənzilində axtarış aparılması barədə order də imzalandı. Mənzilində və seyfində aparılan axtarış zamanı ona məxsus olan əşyalar, o cümlədən orden və medallar, silah, durbin, “Mauzer” tapançası, fotoaparat, hədiyyə kimi aldığı qızıl saat və s. götürülmüşdür.

O, 27 iyul 1937-ci ildə həbs edildi. General –mayor ilk dəfə həbs olunduğu gün-27 iyul 1937-ci ildə dindirildi və verdiyi ifadədə əksinqilabi millətçi təşkilatla heç bir əlaqəsi olmadığını bildirdi. 29 iyul 1937-ci ildə ikinci dindirmə zamanı isə o, əksinqilabi millətçi təşkilatın üzvü olduğunu boynuna aldı.

Sovet həbs düşərgələrində, istintaq izolyatorlarında bolşevik-daşnak terrorunun qurbanlarına qarşı tətbiq edilən işgəncə üsullarına bəzən möhkəm əqidəli insanlar da davam gətirə bilməyir, əzab-əziyyətdən canını qurtarmaq üçün özünə və başqalarına böhtan atmaq məcburiyyətində qalırdılar. Vicdanının əleyhinə getmək istəməyənləri, günahsız insanları ələ verməkdən boyun qaçıranları “muma döndərmək” üçün Moskvadan qırx santimetr uzunluğunda xüsusi rezin dəyənəklər göndərilir, onlar da köməyə yetməyəndə “enkevedçilərin” daha sınanmış üsulları dada çatırdı.

Vaxtilə Qarabağda və digər bölgələrdə daşnaklara qarşı amansızlıqla vuruşan Q.Vəzirovdan indi keçmiş daşnak, 5-ci şöbənin rəisi Avanesyan qisasını işgəncələrlə alırdı. Q.Vəzirovu yalançı ittihamlarla güllələtdirən də Avanesyan olmuşdur. Akademik Z.Bünyadovun otuz yeddinci ildə güllələnmiş kapitan Kəbi Sanıyev haqqında “13896” nömrəli istintaq işi” adlı məqaləsini ürək ağrısız oxumaq olmur. Belə ki, 1955-ci ildə SSR Baş Prokurorluğun prokuroru keçmiş canilərin birindən soruşmuşdur:

“Sual: - Söyləyin görək, sizin Azərbaycan SSR XİDK-də işlədiyiniz dövrdə məhbuslara qarşı cəza tədbirləri tətbiq olunurdumu?

Cavab: - Məhbuslara cəza tədbirləri (repressiya) mənim rəhbər olduğum şöbədə tətbiq olunurdu, amma konkret olaraq kimə, indi deməyə çətinlik çəkirəm. Amma yadımdadır ki, Azərbaycan diviziyasının siyasi şöbə rəisi Cabir Əliyevi döyürdülər. Başqa familiyalar yadımda deyil. Əliyevi ondan ötrü döyüb əzişdirirdilər ki, o, istintaqa lazım olan ifadələr versin, yəni, Vəzirov, Axundov və başqaları tərəfindən idarə edilən “əksinqilabi mərkəz” haqqında ifadələr olsun.

Sual: - Qambay Vəzirovu tanıyırsınızmı?

Cavab: - Tanıyıram. O, Azərbaycan diviziyasının komandiri idi. O, bizim şöbə tərəfindən həbs edilmişdi. Onun işini şəxsən beşinci şöbənin keçmiş rəisi Avanesyan aparırdı. Qambay Vəzirovu dindirmələr zamanı bərk döyürdülər. Onu Avanesyan şəxsən mənim və şöbənin başqa əməkdaşlarının yanında döyürdü. Avanesyan Qambayı şallaqla döyüb ondan tələb edirdi ki, o, özünün əksinqilabi millətçi mərkəzində iştirakı haqda ifadə versin. Qambay əvvəlcə özünü müqəssir bilmədi, döyüləndən sonra isə hər şeyi boynuna aldı.

Sual: - Qambay Vəzirovun həbs edilməsi və məhkum olunması əsaslı idimi?

Cavab: - O zamankı, mən bildiyim işlərin arasında heç bir diqqətəlayiq iş yox idi. O işlərin hamısı məhbuslara zorluğun, işgəncələrin tətbiq olunması ilə quraşdırılıb və o işlərin hamısı qeyri-obyektiv idi. O cümlədən Vəzirov Qambayın işi də ondan və başqa həbs edilmiş adamlardan zorla və işgəncələrlə alınmış yalan ifadələr üzərində quraşdırılıb. İstintaq zamanı məhbuslar dəfələrlə bu ifadələri rədd edirdilər, amma onların bu ifadələri işlərinə tikilmirdi, məhv olunurdu. İşlərə yalnız o ifadələr tikilirdi ki, onlar istintaq üçün faydalı idi..”

İstintaq üzrə ittihamnamədə deyilir ki, XDİK Azərbaycanda milli əksinqilabçı təşkilatı (Azərbaycan Millətçi Partiyası) aşkara çıxarıb ləğv etmişdir. Guya təşkilatın əsas məqsədi silahlı üsyan təşkil etmək və buraya diviziyanın və Bakı qarnizonunun zabitlərini cəlb etmək yolu ilə Azərbaycanı SSR-dən ayırmaq olmuşdur və o, trotskiçi-zinovyevçi terrorçuluq mərkəzilə əlbir fəaliyyət göstərmişdir.

Həmin iş üzrə “istintaq” müəyyən etdi ki, Azərbaycan dağ-atıcı diviziyasının keçmiş komandiri Qambay Vəzirovu bu işə 1934-cü ildə əksinqilabi mərkəzin üzvü Əsgər Fərəczadə cəlb eləyib.

Qambay Vəzirov tək həbs olunmamışdı. Onunla birlikdə Azərbaycan diviziyasından qırx nəfər, respublika hərbi komissarlıqlarından iyirmi nəfər yüksək rütbəli azərbaycanlı zabitlər həbs olunub günahsız olaraq güllələnmişlər.

1937-ci il oktyabrın 13-də 77-ci Azərbaycan diviziyasının komandiri, general-mayor Qambay Vəzirovu güllələdilər. O güllə həm də Azərbaycanın hərb tarixinə dəydi. Məşhur general Əliağa Şıxlinski onun ölümünə qırx gün yas saxlamış və “oğlum Qambay güllələnib, belim qırılıb” demişdir.

1956-cı il iyulun 28-də SSR Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə ölümündən sonra general-mayor Qambay Məmməd oğlu Vəzirova bəraət verilmişdi.

Qambay Vəzirov həbs ediləndən sonra Azərbaycan diviziyasında qadınlar şurasının sədri işləyən həyat yoldaşı İzzət xanım Qiyasbəyli-Vəzirova və yeganə övladı Yavuz da həbs edilib Qazaxıstana sürgün olunurlar. Sonralar səkkiz illik Qazaxıstan sürgünündən xəstə qayıdan İzzət xanım 1976-cı ildə Bakıda vəfat edib.

Q.Vəzirov haqqında araşdırma aparan, 1989-cu ildə onun haqqında televiziya verilişi hazırlamış yazıçı-jurnalist Şəmistan Nəzirli yazır: “...verilişdən sonra xeyli məktub aldıq. Hətta vaxtilə İzzət xanım Vəzirovanın qonşusu olmuş Zahidə Mustafayeva redaksiyamıza gəlib Vəzirovlar ailəsinin faciəsindən təsirli epizodlar danışdı. Redaksiyamıza gələn çoxsaylı məktublardan biri daha təsirli olduğu üçün onun qısa məzmunu ilə oxucuları da tanış etmək istərdim. Məktubu vaxtilə igid sərkərdənin əsgəri olmuş indi elimizdə, obamızda yaxşı tanınan ağsaqqal aşıq Barat Şirvanlı göndərib. O yazır: “Yanvarın on dördündə olan verilişinizə də baxdım. Həm kədərləndim, həm də sevindim. Sevindim ona görə ki, mənim əziz komandirimi əlli ildən sonra da olsa efirdə görə bildim. Kövrəldim ona görə ki, o illəri xatırladım. Bu ahıl vaxtımda göz yaşlarımı saxlaya bilmədim. Verilişdən sonra bütün varlığım titrəyirdi. Sizə məktubu da əlim əsə-əsə yazıram...

1937-ci ildə Salyan kazarmasında hərbi xidmətdə idim. Əvvəlcə mən kapitan Şahtaxtinskinin yavəri oldum. Diviziya komandiri Qambay Vəzirov idi. Vəzirovun Çovğun adlı bir atı vardı, ona da mən baxırdım. Bu yaraşıqlı at sanki dil bilirdi. Onu elə öyrətmişdim ki, hər səhər yəhərləyib-yüyənləyəndən sonra bircə dəfə yüngülvarı təpinib deyərdim: get, komandiri gətir. Yüyəni yəhərə bənd olmuş Çovğun at Salyan kazarmasından birbaşa Qambay Vəzirovun yaşadığı Nizami küçəsindəki mənzilinə gələrdi. Həyətdə iki-üç dəfə kişnəməyi ilə gəlişini sahibinə bildirərdi. Hər səhər əziz komandirimizi Çovğun at beləcə işə gətirərdi. Bir dəfə də olsun Çovğun nə yolunu azdı, nə də yüyən-yəhərini itirdi.

Bir gün siyasi məşğələ keçirdik. Xəbər gəldi ki, komandirimiz Qambay Vəzirovu həbs ediblər. Səhəri Çovğunun yəhərlənmə vaxtı gələndə kişnərtisindən dayanmaq olmurdu, o dartınır, yerində oyur-oyur oynayırdı. Yerə-göyə sığışmayan Çovğunu göz yaşımla yəhərləyib, həmişəki kimi yüyənini yəhərinə bənd eləyib buraxdım. İzlədim ki, görüm hara gedəcək. Çovğun at yenə həmişəki kimi Nizami küçəsinə, komandirimizin həyətinə getdi.

Dalınca gəlib gördüm ki, başıaşağı sakitcə dayanan Çovğun at burnu uzunu göz yaşı tökür. Özümü saxlaya bilməyib mən də zülüm-zülüm ağladım. Zorla onu darta-darta kazarmaya gətirdim. Heç kəsi minməyə yaxın qoymurdu. Kişnəyib şahə qalxan at Salyan kazarmasının həyətini başına götürmüşdü. Qərargah binasına yaxınlaşır, tükürpədici səslə bir-iki ağız kişnəyib götürülürdü klub tərəfə, məşq meydanına, həyətdə fır-fır fırlanırdı. Sanki dilə gəlib hanı mənim sahibim, deyə nalə çəkirdi. Heç kəs ata baxa bilmirdi. Hamı qulağını tutub içəriyə qaçırdı. Bir həftəyə yaxın heç nə yeməyib belə nalə çəkən Çovğun çərləyib öldü.

Bax, bu hadisə oldu məni sizin verilişdən sonra zülüm-zülüm ağladan”.

Zülmət gecələrin birində komissar Heydər Sadıq oğlu Vəzirovun da evinə basqın oldu. Evi ələk-vələk elədilər, qorxudan titrəşən körpələrə məhəl qoymadılar. Şəkilləri, əlyazma və sənədləri yığışdırıb kəndirlə bağladılar. Komissar Heydər Vəzirov bir kəlmə danışmadan həbs orderinə qol çəkdi. Bilirdi ki, danışmağın, müdafiə olunmağın xeyri yoxdu. “Əmioğlu Qambayı apardılar, ailəsini həbs etdilər. Naxçıvandakı uzaq-yaxın qohumları da apardılar...indi də növbə mənimdir.” O, şinelini geyindi. Əvvəlcə dörd yaşlı qızı Elmiranı öpdü. Uşaq tir-tir əsirdi, boynuna sarılıb boğula-boğula ağladı. Onu zorla özündən qoparıb, anası Leylaya verdi. Öz adını qoyduğu böyük oğlu Heydərin alnından öpüb astadan “anandan, bacından muğayat ol, yaxşı ayıbdı, sən axı kişisən”- deyib, özü də doluxsundu.

Qambayın əmisi oğlu Heydəri də beləcə sorğusuz-sualsız apardılar.

Mənbə:

“Azərbaycan” jurnalı, 1998, 12

“Azərbaycan gəncləri” qəzeti, 1991, 31 dekabr

“Azərbaycan ordusu” qəzeti, 1993, 17 iyul

“Dirçəliş” jurnalı, 1992, 2

# 6995 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #