Şirvanın Bakıdakı xəzinəsi ARAŞDIRMA

Şirvanın Bakıdakı xəzinəsi ARAŞDIRMA
7 oktyabr 2013
# 07:30

Şəms Təbrizinin “Məqalat”ında belə bir hekayət var: Bir gün bir nəfər yuxuda görür ki, xəzinə tapacaq. Və xəzinəni axtarmağa gedir. Amma heç bir xəzinə tapa bilməyib kor-peşman geri qayıdır. Yenə yatıb xəzinə ilə bağlı yuxu görür. Yuxuda ona deyilir ki, xəzinəni tapmaq üçün bütün dünyanı gəzməyə ehtiyac yox idi, o xəzinə sənin evinin qapısı ağzında basdırılıb.

Tələbə olarkən sufiliklə ciddi şəkildə maraqlanırdım. Bildiyim qədərilə, sufiliyin dünyada yayılmasında azərbaycanlı sufilərin danılmaz xidmətləri olmuşdur. Lakin onlar haqqında ölkəmizdə istədiyim qədər məlumat tapa bilmirdim. Öz sufilərimiz haqqında məlumat tapmaq üçün xarici mənbələrə üz tutmalı olurdum. Bir gün əlimə düşən kitab isə mənim bələdçim oldu. Türkiyəli təsəvvüf araşdırmaçısı Mehmet Rıhtımın xeyli zəhmət hesabına ərsəyə gətirdiyi “Seyid Yəhya Bakuvi və Xəlvətilik” kitabı eynən yuxarıdakı əhvalatda deyildiyi kimi, mənə sanki “xəzinə sənin qapının ağzındadı, sən isə dünyanı gəzib xəzinə axtarmaq istəyirsən” dedi. Bəli, bəli, qapının ağzında, yəni Bakının İçəri Şəhərində. Lap dəqiq desək, Şirvanşahlar sarayının həyətində.

Barmağımı dişləyib anladım ki, əslində xəzinəni başqa yerdə axtarmağa lüzum da yox imiş. Seyid Yəhya kimi bir “xəzinəni” tapdığıma görə Mehmet Rıhtıma nə qədər təşəkkür etsəm, azdır.

Mehmet Rıhtımın “Seyid Yəhya Bakuvi və Xəlvətilik” kitabından yola çıxaraq tapdığım xəzinəni sizinlə də bölüşmək istəyirəm. Bu elə bir xəzinədir ki, onu paylaşmaqla azalmaz, əksinə, daha da artıb çoxalar...

Uşaqlıqdan “Üşşaqlığa”

Seyid Yəhyanın doğum tarixi ilə bağlı tarixi mənbələrdə dəqiq məlumat göstərilməmişdir. Amma bir çox araşdırmaçılara görə, onun doğum tarixi XV əsrin sonları təsadüf edir. Uşaqlıq illəri Şamaxıda - ailəsinin yanında keçmişdir. Bir çox mənbələrdə Seyid Yəhyanın ailəsi o zamanın zəngin və nüfuzlu ailələrindən biri kimi qeyd olunur.

Bir çox sufi alimləri kimi, Seyid Yəhya da hələ uşaqlıqda öz yaşıdlarından əxlaq, ədəb, tərbiyə və nəzakətinə görə çox fərqlənmişdir. Hətta onun başına xeyli qəribə hadisələr də gəlmişdir. Rəvayət edilir ki, uşaq ikən onun başına gəlmiş qəribə bir hadisə Hz. Muhəmmədin (s.ə.s.) uşaqlıqda başına gələn hadisəyə bənzərliyi ilə diqqət çəkmişdir.

Bir gün anası ilə birlikdə şəhər kənarında gedirdilər. Birdən bir nəfər gəldi. Yəhyanın əlindən tutdu. Havaya qaldırıb gözdən qeyb oldular. Vəziyyəti belə görən anası çox qorxdu və ağlamağa başladı. Çarəsiz qalıb heç bir yerə gedə bilmədi. Özünü itirmiş halda nə edəcəyini bilmədi. Bir müddət sonra gördü ki, oğlu yanında durub. Oğlunu görüncə sevincək halda oğluna dedi: “Oğul, haraya getdin? Mən kədərdən öləcəkdim!..” Yəhya da “o şəxs mənim əlimdən tutar-tutmaz özümü havada gördüm. Gözlərimi açanda ümmətin və seyidlərin qabaqcıllarının çox olduğu yerdə şamdan kimi ətrafına mənəvi nur saçan şəxsə doğru məni alıb apardılar. Orada hamısı mənə iltifat göstərdilər və xeyir-dua verdilər. Onlardan biri ayağa qalxıb nurlar saçan o şəxsə səslənərək, “Sultanım, bu uşağı mənə əmanət edin” – dedi. Məni ona təslim etdilər. O da mənə tərəf dönərək: “İndi səni gözləyən ananın yanına get. Mən səni yenə taparam, – dedi, – Ondan sonra özümü burada gördüm”.

Bu kimi bir çox xüsusiyyətləri ilə fərqlənən Seyid Yəhya dövrünün tanınmış sufilərindən olan Pirzadənin diqqətini çəkmişdir. Onun vasitəsilə Seyid Yəhya dövrünün böyük sufi şeyxlərindən olan Şeyx Sədrəddinlə tanış olmuşdur. Bu haqda belə nəql olunur:

Uşaq vaxtı Seyid Yəhya öz dostları ilə çövkan oynayırmış. Bu əsnada Pirzadə öz müridləri ilə yaxınlıqdan keçirmiş. Bu vaxt dəyənəklə vurulan top havaya qalxıb gəlib onun qarşısına düşür. Topun arxasınca qaçan Seyid Yəhya gəlib Pirzadənin önündə hörmətlə durur, salam verir, amma həya edərək topu götürmür. Bu hərəkət Pirzadənin xoşuna gəlir. O, bir müddət Seyid Yəhyanı seyr edib müridlərə belə deyir: “Allah-Təala bu uşağa babalarının ədəbini, ərkanını və gözəl əxlaqını ehsan etmişdir. Dua edək ki, Xəlvəti yolunun feyz və mərifətlərinə də qovuşsun. Sonra Pirzadə müridləri ilə birlikdə əl açıb Allaha dua edirlər.

Həmən gecə yuxusunda Seyid Yəhya öz “babası” olan Hz. Muhəmmədi (s.ə.s.) görür. Allah Rəsulu Seyid Yəhyaya nəsihətlər edir, ona Şeyx Sədrəddini göstərib belə deyir: “Bu, sənin mənəvi atandır. Onun yanına get. Ondakı sirr bizim ruhaniyyətimizin sirrindəndir. Sənin cəddi-şərifin Əli Murtəzanın yoludur. Həqiqətdə Sədrəddin heydəridir.” Bu sözlərdən sonra Hz. Muhəmməd (s.ə.s.) Seyid Yəhyanı Şeyx Sədrəddinə təslim edir.

Seyid Yəhya yuxudan oyanıb Pirzadənin yanına gedir. Birlikdə gəlib Şeyx Sədrəddinin hüzuruna yetişirlər. Söhbət əsnasında Şeyx Sədrəddin Seyid Yəhyaya belə deyir: “Mənəvi atandır” deyə göstərdikləri adama bənzəyirikmi?” Bu sözdən təsirlənən Seyid Yəhya ağlamağa başlayır və yaxınlaşıb şeyxin əllərini öpüb ona beyət edir. Beləliklə, Seyid Yəhya Şeyx Sədrəddinin himməti ilə Xəlvəti yoluna qədəm qoyur.

Oğluna mürid olan ata

Amma Seyid Yəhyanın bu hərəkəti atası Seyid Bəhaəddinin ürəyincə olmur. Atası dəfələrlə oğlunu təriqət sevdasından çəkindirməyə çalışsa da, bu heç bir nəticə vermir. Mənbələrdə qeyd edilir ki, Seyid Bəhaəddinin Şeyx Sədrəddinə münasibəti heç də birmənalı olmamışdır. Ümumilikdə o dövrdə xalqın sufilərə olan münasibəti ürəkaçan səviyyədə deyildi. Atasının Seyid Yəhyaya belə münasibəti başqa bir məsələdən də qaynaqlanırdı. Seyid Bəhaəddin Şamaxıda o dövrdə olduqca mühüm hesab olunan naqibül-əşraf vəzifəsində çalışırdı. Xalqın ehtiram bəslədiyi bu vəzifə sahibinin övladının sufilərə qoşulması onun cəmiyyət içərisindəki hörmət və etibarının itməsinə səbəb ola bilərdi.

Seyid Bəhaəddin oğlunun tərkidünyalığa və sufiliyə meylinin günü-gündən artdığını hiss edir, bundan bərk narahat olur. Dəfələrlə oğluyla mübahisəyə girişib Şeyx Sədrəddini tənqid etmiş, oğlunun onun tabeçiliyindən çıxmasını tələbini irəli sürmüşdü. Amma hər dəfə Seyid Yəhyanın tutarlı cavabları atasını susmağa məcbur etmişdir. Oğlunun inadkarlığından qəzəblənən və əlacsız qalan ata Şeyx Sədrəddini öldürmək fikrinə gəlib. Bu niyyətlə Seyid Bəhaəddin Şeyxlə görüşə getməyi qərara alır. Görüşüb xeyli söhbət etdikdən sonra Seyid Bəhaəddinin onun haqqında qənaətləri kəskin şəkildə dəyişir, Şeyx Sədrəddinin, həqiqətən, bir Allah dostu olduğunu bilir və bundan əvvəlki əməllərinə görə peşmançılıq duyur.

Beləliklə, Seyid Bəhaəddinin özü də Şeyx Sədrəddinin himməti ilə sufiliyə, təriqət yoluna qədəm qoyur. Amma bu yol onun üçün çətin sınaqla və ağır imtahanla başlayır. Çünki Şeyx onda bir çox mənəvi xəstəlikləri, əsasən də qürur və mənliyi sağaltmaq istəyirdi. Buna görə də Şeyx bu kimi mənəvi xəstəliklərdən sağaltmaq üçün Seyid Bəhaəddini oğlu Seyid Yəhyaya mürid təyin edir və ona itaət etməsini tapşırır. Bir il müddətində oğluna itaət edən atanın mənəvi xəstəliklərdən qurtulmasını görən şeyx yenidən Seyid Yəhyanın atasına övlad kimi itaət etməsini göstəriş verir.

Şahların şeyxi və şeyxlərin şahı

Şeyx Sədrəddin vəfatından əvvəl müridlərini toplayıb öz yerinə Seyid Yəhyanı təyin etdiyini deyir və ona itaət etmələrini tapşırır. Şeyx vəfat etdikdən sonra (1455) Pirzadə Şeyxin səccadəsinə keçir və hamının ona itaət etməsini tələb edir. Onun bu addımı atmasında bir neçə səbəb var idi: Pirzadə Şeyxin kürəkəni idi, bundan başqa o, ən yaşlı və ilk müridlərdən idi, üstəlik də Seyid Yəhyanın mürşidi sayılırdı. Bu səbəblərdən Pirzadə müridlərin böyük dəstəyini alıb şeyxlik səccadəsinə qalxır. Buna görə də, Seyid Yəhya köçərək Bakıya gəlir və bu dönəm onun həyatında yeni səhifə açılır.

Seyid Yəhya Bakıya gəldiyi zaman I Xəlilullah Şirvan hakimiydi. I Xəlilullah Bakıda Seyid Yəhyanın təriqət fəaliyyəti və xəlvətiliyin yayılması üçün əlindən gələn yardımı etmiş, xanəgahın tikilməsində təşəbbüs göstərmişdir. Ümumiyyətlə, bir çox mənbələrdə onun Seyid Yəhyaya böyük rəğbət və hörməti olduğu və bu hörmətin qarşılıqlı olduğu qeyd edilir. Seyid Yəhyanın “Kəşfül-qülub” əsərini Şirvanşaha ithaf etməsini buna bariz nümunə kimi göstərə bilərik.

Həmçinin Seyid Yəhya bir dəfə müridlərinə uzun ömür nəsib etməsi üçün Allaha dua edərkən “Xəlil bəyə dua edin, çünki mənim ömrüm onun həyatıdır” demişdir. Şirvanşah I Xəlilullah vəfat etdikdən doqquz ay sonra Seyid Yəhya da vəfat etmişdir.

Seyid Yəhyanın Bakıdakı fəaliyyəti 40 illik bir dövrü əhatə edir. O, bu illər ərzində Şirvanşahlar sarayının tərkibində fəaliyyət göstərən xəlvəti təriqətinə məxsus xəlvətxanada mürşidlik etmiş, orada onlarla mənəvi övlad – mürid yetişdirmişdir. Bu müridlər xəlvətilik təriqətini dünyanın dörd bir yanına yaymaq üçün dünyanı qarış-qarış gəzmişlər. Onlardan ən məşhuru Ömər Rövşəni və Yusif Muskuri olmuşdur.

Seyid Yəhyanın mənəvi övladları ilə yanaşı, doğma övladları da olmuşdur. Onun xanımı Şeyx Sədrəddinin qızı olmuş, bu xanımdan onların dəqiq neçə övladlarının olması mənbələrdə qeyd edilməmişdir. Amma mənbələrdə onların üç övladının: Fətullah, Əmir Güllə və Nəsrullahın adı keçir.

Seyid Yəhya Xəlvəti təriqəti tarixində böyük nüfuza malik olmuş, ona yeni nəfəs və hərəkət vermişdir. Bu təriqətin qurucusu Pir Ömər Xəlvətidən sonra xəlvətiliyin ikinci böyük şeyxi hesab edilərək ona “Piri-sani” deyilmişdir.

Seyid Yəhyanın günümüzə gəlib çatan əsas əsərlərinin sayı 20-dən çoxdur. Bu əsərləri o, türk, ərəb və fars dillərində qələmə almışdır. Əsərlərindən də məlum olur ki, o, hər üç dili mükəmməl bilmiş, dini və təsəvvüfi bilgilərə dərindən bələd olmuşdur. Şeirlərini isə “Seyid” imzasıyla, əsasən, farsca qələmə almışdır.

Mənbələrdə qeyd edilir ki, Seyid Yəhya ömrünün sonuna altı ay qalmış ağzına bir tikə çörək qoymamışdır. Ömrünün son günlərini daha çox ibadətlə keçirməyə sərf etmişdir. Araşdırmaçıların ehtimallarına görə, Seyid Yəhya miladi 1466-cı, hicri 870-ci ilin Ramazan ayında dünyaya gözlərini əbədi yummuşdur. Onun cənazəsi sufi ənənəsinə görə, elə Şirvanşahlar Sarayındakı xəlvətxana kompleksində torpağa tapşırılmışdır.

Rəvayətə görə, Seyid Yəhya bir gün yuxuda özünü göy üzünə çıxıb, ətəyinə bir qədər buğda yığıb, Şərqə və Qərbə, Ərəbə və Əcəmə paylayan gördü. Yuxusunu Şeyx Sədrəddinə danışıb ondan təbir istədi. O da bu yuxunu belə təbir etdi: “Xəlifələrin çox olacaq və vəlayət nurların bol olub, dünyanın hər tərəfinə yayılacaq...”

# 3748 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #