Dur çəkək dünyanı gün dəyən yerə

Dur çəkək dünyanı gün dəyən yerə
2 oktyabr 2013
# 16:15

Kulis.Az Şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hüseyn Bağıroğlunun şeirlərini təqdim edir.

Fikir

Bir anda beynimə min fikir gəlir,

Fikir limanıdır beynim elə bil.

Gör necə sıxlaşır, necə seyrəlir,

Fikir dumanıdır beynim elə bil.

Allahsız bir fikir tufan eləyir,

Ürəksiz bir fikir aman diləyir.

Fikirlər bir-birin al-qan eləyir,

Döyüş meydanıdır beynim elə bil.

Qalib gələn də mən, məğlub olan da,

Özüm öz əlimdə əsirəm belə.

Fikirdən kənara çıxa bilmirəm,

Mən fikir içində gəzirəm belə.

Fikir mənim, mən də fikir içində,

Hörüktək gör necə hörülmüşük biz.

İkimiz birləşib bu adamlara,

Fikirli adamtək görünmüşük biz.

“Min fikir bir borcu ödəməz” demə,

Bir fikir min borcu ödəyə bilər.

Fikir dumanında itib-batmayan,

Şair oxucuya nə deyə bilər?!

Min bir məna yatan ən incə söz də,

Nə göydən düşür, bax, nə yerdən çıxır.

Qəlbini oxşayan o uca söz də,

İnan ki, ən dərin fikirdən çıxır.

Fikirsiz ötən gün dərd olur, şair,

Çəkdiyim ahı da fikir aparır.

Yerdə fikirlərə qərq olur şair,

Göydə Allahı da fikir aparır.

Hər sirrin içindən sirr çıxır elə

Bilməm niyə belə bixəbər oldum,

İlahi, nələr var gör aramızda.

Neçə yol özümdən dərbədər oldum,

Bir qalın pərdəymiş Yer aramızda.

Hər könül düşmədi yar sorağına.

Hər saç dolaşmadı yar darağına.

Yıxıb apar məni eşq ayağına,

Nurundan bir körpü qur aramızda.

Səndən nəsə deyir çiçəklərin də,

Qoy duyum ətrini küləklərindən.

Araya girməsin mələklərin də,

Eləyək bu eşqi pir, aramızda.

İnsanın içi də bənzər bir çölə,

Bu “çölün” içini bilməz ki, kölə.

Hər sirrin içindən sirr çıxır elə,

Qalır sirdən də çox sirr aramızda.

Tanrı da sevgisiz bədəni sevməz

Bu sevgi gör necə mənalı gəlir,

Məni təkcə sənə bağlayır deyə.

Qəlbimdən gələn söz yaralı gəlir,

Məni kirpiklərin oxlayır deyə.

Qəribdi göylərə vurulan quşlar,

Daş deyil köksündə gül bitən daşlar.

Elə sevinir ki, gözümdə yaşlar,

Gözlərim səninçün ağlayır deyə.

Bülbül gülü sevər ta dəni sevməz.

Könül pas bağlasa badəni sevməz.

Tanrı da sevgisiz bəndəni sevməz,

Dünyanı eşq ilə saxlayır deyə.

Dur çəkək dünyanı gün dəyən yerə

Atını dörd nala çapa bilmədin,

Haldan hala saldı bu halın səni.

Özün də bir cavab tapa bilmədin,

Gör necə çaşdırdı sualın səni.

Az belə özünü başdan çıxar sən,

Eşq ilə hər cürə qışdan çıxarsan.

Bərk halınla bərkdən-boşdan çıxarsan,

Keçirməz Arazdan su halın səni.

Dur çəkək dünyanı gün dəyən yerə,

Bir az ümid əkək mən deyən yerə.

Özü uçub gedə bilməyən yerə

De, necə aparsın xəyalın səni.

Bir əbədi ruham mən

Bir əbədi ruham mən,

Yerdə can içindəyəm.

Axşam qürub edərəm,

Səhər dan içindəyəm.

Çox uzaqdan gəlirəm,

Gör nə vaxtdan gəlirəm.

Hərdən deyib gülürəm,

Hərdən qəm içindəyəm.

Dünya... evi... məzarı...

Bağladım bu bazarı.

Üzüm Allaha sarı,

Özüm din içindəyəm.

Söz

Onda mələklərin dodağındaydı,

Onda yer üzünə enməmişdi Söz.

Ömrünün ilahi nur çağındaydı,

Qarğışa, söyüşə dönməmişdi Söz.

Onda yer üzünə enməmişdi Söz.

Söz günəş yaradır, ay yaradırdı,

Göyü ulduz-ulduz naxışlayırdı.

Söz onda Tanrıya küfr etməmişdi

Söz onda Tanrını alqışlayırdı.

Göyü ulduz-ulduz naxışlayırdı.

Söz onda şah idi qızıl taxtında,

Şeytanla sözünkü düz gəlməmişdi.

Həvvanın üzündən cənnət bağında,

Adəmin üzünə söz gəlməmişdi.

Şeytanla sözünkü düz gəlməmişdi.

Sözə dəyməmişdi şeytan nəfəsi,

Sözün üzü hələ qaralmamışdı.

Ərşə qalxmamışdı sözün naləsi

Söz ilə könüllər qırılmamışdı.

Sözün üzü hələ qaralmamışdı.

Onda mələklərin dodağındaydı,

Onda yer üzünə enməmişdi Söz.

Ömrünün ilahi nur çağındaydı,

Qarğışa, söyüşə dönməmişdi Söz.

Onda yer üzünə enməmişdi Söz.

Mən çiynimdən yerə qoydum dünyanı

Uzun çəksə çəkər yüz il ömrümüz,

Külə dönər bir gün bu gül ömrümüz.

Bölünübdür fəsil-fəsil ömrümüz,

Hər ömrün bir yazı var, bir qışı.

Meyvə dəyməz gün dəyməyən budaqda,

Söz küt gedər közərməyən dodaqda.

Kimi yaşar düşüncədən uzaqda,

Kimin düşüncədən sınar bir qaşı.

Əcəl hər gün bərəyə bir daş atar,

Dağ diksinər dərəyə bir daş atar.

Bu dünyadan hərəyə bir daş çatar,

O da olar kədərli qəbir daşı.

Nə qarğıdım, nə də öydüm dünyanı,

Necə varsa elə duydum dünyanı.

Mən çiynimdən yerə qoydum dünyanı,

Bir gün gəlib yiyə durar bir naşı.

Adam kölgəsinə səsləmə məni

Olanım ömürdü, təkcə bu ömür,

Günlərim gah dolu, gah da boş keçir.

Adam kölgəsinə səsləmə məni,

Ağac kölgəsində günüm xoş keçir.

Adam kölgəsində bitən adamın,

Çörəyi olsa da, kölgəsi olmaz.

Kölgəsi kölgədə itən adamın,

Sirrini deməyə bir kəsi olmaz.

Özgə kölgəsində kölgəsiz qalıb,

Sən mənim kölgəmə həsəd çəkirsən.

Görürsən ki, kölgəm köməksiz qalıb,

Arzumun yoluna sərhəd çəkirsən.

Çəkil get gözümdən gecələr kimi,

Çəkil get, yolumdan eyləmə məni.

O adam kölgəsi tələdi, tordu,

Adam kölgəsinə səsləmə məni.

Gəl qoyaq sapanda ataq Hüseyni

Gəl qoyaq sapanda ataq Hüseyni,

Görək quruya, ya quyuya düşür.

Görək heç gözləri gülür, yoxsa ki,

Gözündən ağlaya-ağlaya düşür.

Gəl qoyaq sapanda ataq yaz günü,

Görək qışa düşür, payıza düşür.

Görək üzülürmü eşqin üzgünü,

Qibləsi gecəyə, gündüzə düşür.

Gəl qoyaq sapanda ataq baxtabaxt,

Görək bu yazığın baxtında nə var.

Deməyək baxtının taxtı taxtadı,

Görək bəs baxtının taxtında nə var.

Gəl qoyaq sapanda ataq Hüseyni,

Görək sındırırmı fələklər onu.

Görək açılırmı şeytanın eyni,

Görək heç sevirmi mələklər onu.

Sovurdun külümü göyə

Sən qəlbimə bir od vurdun,

Çəkildin kənarda durdun.

Bax, tüstüsü qalxır odun,

Od bir ovuc kül oldu, bax.

Üz tutub əsən küləyə,

Bu ki, küldü deyə-deyə,

Sovurdun külümü göyə,

Üst başım da kül oldu, bax.

Qaldın daha kül içində,

İndi ağla, gül içində.

Qocaldın bir gün içində,

Qara tel ağ tel oldu, bax.

# 4191 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #