Rəsul Rza olmasaydı...

Rəsul Rza olmasaydı...
1 oktyabr 2013
# 11:53

Kənan Hacı yazır

Anarın “Sizsiz”ini oxuyanda Rəsul Rza poeziyasını dərk edəcək yaşda deyildim. Amma etiraf edim ki, Rəsul Rza şeiriyyətinə marağım “Sizsiz”dən sonra yarandı və sonralar onun mənsub olduğu ədəbi nəslin hansı şərtlər altında yazıb-yaratdığını, onların içərisində yaşadığı mühitin özəlliklərini və bu mühitdə dilimizin, ədəbiyyatımızın qorunması, yaşaması üçün hansı mücadilələr verdiyini, hansı çətinliklərdən keçdiyini öyrəndim.

Ötən əsrin 30-cu illərində kökü Vaqif şeirindən su içən poeziya hələ də hakim mövqedə idi, ədəbiyyata gələn gənclər (Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim və başqaları) klassik şeirin, bir az da “Molla Nəsrəddin” ənənələrinin təsiri altında formalaşmağa başladı. Rəsul Rza isə elə ilk addımlarından hamıdan fərqləndi, o, Azərbaycan şeirini qəliblərdən xilas edərək ona yeni forma və fəlsəvi düşüncə gətirdi.

Yeni şeirin təməlini Rusiyada Vladimir Mayakovski, Türkiyədə Nazim Hikmət, Azərbaycanda isə Rəsul Rza qoydu.

Bu yerdə sərbəst şeirin baniyi-kari olmuş Mikayıl Rəfilini anmasaq, insafsızlıq etmiş olarıq. Mikayıl Rəfili yaradıcılığa sərbəst şeirlə başlayıb və gəncliyində 4 şeir kitabı çıxıb. Amma sonralar nədənsə, özünü bütünlüklə elmlə həsr etdi. Elmi fəaliyyətlə yetinməyib dünya ədəbiyyatının ən maraqlı nümunələrini (Hüqonun “Səfillər”ini, Tolstoyun “Dirilmə”sini və sair) dilimizə çevirdi.

Rəsul Rzanı düşünəndə mütləq Mikayıl Rəfili də xatırlanır. Onlar fikir və düşüncə dostu olublar. Rəsul Rza “Qızılgül olmayaydı” poemasında yaxın dostunu nisgilli misralarla anır:

...Şöləsi öz dibinə

işıq salmayan şam.

Dilinə soyuq söz gəlməyən,

Ayağına balta vurmasa,

dincəlməyən,

bədbəxt adam.

Rəsul Rzadan sonra ənənəvi şeirin öncülləri də ara-sıra qələmlərini sərbəst şeirdə sınadılar. Anar “Mübarizə bu gün də var” kitabında yazır: “...əsasən ənənəvi şeir formalarında yazan Osman Sarıvəlli də 50-ci illərdə sərbəsr şeirə uydu və Rəsul Rzaya bağışladığı bir kitabının üstündəki avtoqraf çox ilgincdir: “Sərbəst şeir azarını canımıza salan Rəsul Rzaya”. (Anar. “Mübarizə bu gün də var”. Bakı. “Nurlan” səh. 68)

Rəsul Rzanın şeirlərini oxuyanda görürsən ki, bu şeirlər yeni forma və düşüncəylə yazılsa da onların hər biri xalq ruhundan qaynaqlanır və ənənəyə sadiqdir.

Rəsul Rza istedadının böyüklüyünə rəğmən bütün nəsildaşları kimi hakim ideologiyanın – sosializmin yer üzündə ən mükəmmək doktrina olması haqqında yalanlara səmimi şəkildə inanmışdı və istedadının bütün imkanlarını səfərbər edib “Lenin” poemasını yazmışdı.

Yüksək coşqu və ilhamla yazılmış bu əsəri Rəsul Rzanın yaradıcılığından silmək mümkünsüzdür. Amma bu poemaya görə onu ittiham etmək mənə həmişə yersiz görünür. Şairi ittiham edərkən zaman amilini unudurq. Şair-yazar həm də zamanın diktəsiylə yazır, onun ilhamının hərəkətverici qüvvəsi, həm də zamana, müəyyən bir zaman kəsiyinə hakim olan dəyərlərdir. Şair həm də öz dövrünün məhsuludur.

Onun mənsub olduğu ədəbi nəsil hələ sosializm ideyası iflas etməmişdən xəyal qırıqlığına uğramışdı...

Rəsul Rza eyni zamanda “Qızılgül olmayaydı” poemasını yazıb, “Rənglər” silsiləsini yaradıb. Onun poetik nəfəsi poeziyamıza rəngarənglik gətirdi, onun ardıcılları yetişdi: Əli Kərim, İsa İsmayılzadə, Ələkbər Salahzadə...

O, bu gəncliyi həm də himayə etdi, onları haqsız hücumlardan qorudu. Baxmayaraq ki, özü də dəfələrlə o dövr üçün çox təhlükəli olan siyasi-ideoloji ittihamlarla üzləşirdi. Onları mücərrədçilikdə ittiham edənlərə cavab olaraq yazmışdı:

Aydındır şeirin dili,

istəyirsən sevincdən,

istəyirsən qəmdən yaz,

elə aydındır bu dil,

nadan yüz yol oxusa,

yenə bir şey anlamaz.

Rəsul Rza öz zamanının övladıydı. Və öz zamanının içindən qalib çıxdı.

Rəsul Rza ona məxsus olan zamandan çıxıb şeirləriylə XXI əsrə adladı.

Böyük şairlər zamanla həmahəng yaşayır...

# 2917 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #