Qayınatan səni zorlayıbsa camaata nə dəxli?  

Qayınatan səni zorlayıbsa camaata nə dəxli?  
18 sentyabr 2013
# 16:04

Televiziyalar xəbərçilik və maarifçilik funksiyalarını bir kənara qoyaraq, gecə-gündüz ailələrin məişət problemlərini müzakirə etməklə məşğuldurlar. Təəssüflər olsun ki, ailələrin bir çoxu da telekanalların bu cür oyunlarının “oyunçusu”na çevrilirlər. Ya bilərkən, ya bilməyərəkdən...

Bu gün televiziyalarımızda müzakirə çıxarılan ailə-məişət mövzularını şəxsən bu millət üçün təhqir hesab edirəm. Milləti, ailə mədəniyyət olan bir xalqı bu qədər aşağılamaq olmaz. Axı, bizi bütün dünyada ailəsinə, köklərinə bağlı bir millət kimi tanıyırlar.

Bu gün təəssüf doğuran məqamlardan biri də ailə sirlərinin efirlərə yol açmasıdır. Yəni hər hansısa bir ailədə baş verən söz-söhbət (qaynana-gəlin saç yolması, iki qardaşın mübahisəsi, ər-arvad davası) artıq ictimailəşir. Daima müqəddəs sayılan ailə sirri niyə bu qədər televiziyalarda şou mövzusuna çevrildi? Niyə insanlar ailələrindəki problemləri (sosial problemdən söhbət getmir) ictimailəşdirilməsinə maraq göstərirlər? Məsələn, bir azərbaycanlı ailəsində qaynananın gəlininin saçını yolmasını hər hansısa bir tamaşaçının bilməsi vacibdirmi? Bu cür verilişlərə baxanda məni bir sual düşündürür, görəsən, televiziyalarda müzakirə predmetinə çevrilən ailələrin (həmin şəxslərin) nəslində, yaşadıqları ərazidə bir ağsaqqal (və ya sözü keçən insan) yoxdurmu ki, problem kanallara qədər yol açmasın.

Bir neçə gün öncə rayonların birində gəlin mətbuata səs saldı ki, qayınatam məni zorlayıb (mən buna inanmıram). Doğurdan da belədirsə, bunu xalqa bəyan etməyə nə ehtiyac var ki? Bununla həm özünü, həm də qarşındakını rüsvay edirsən. Qarşındakını hörmət etmirsən eybi yox, heç olmasa özünə hörmət et. Cəmiyyətdə səni “qayınatası tərəfindən zorlanmış gəlin” kimi tanımasınlar. Bununla sən öz şəxsiyyətini də tapdamış oldun.

Ən təəssüf doğuran məqamlardan biri də odur ki, televiziyalar və portallar bu cür xəbərləri tirajlayırlar. Maraqlısı isə odur ki, teleaparıcılar hadisənin tam mahiyyətinə varmadan qarşındakını ittiham edir və onu “günahkar” çıxarır. Əslində günah o aparıcıda deyil, günah ailə-məişət problemini aparıcıya (televiziya tamaşaçılarına) deyən kəsdədir.

Ailə heç zaman müzakirə mövzusu olmamalıdır. Yəni, ailəni, məişəti açıq-saçıqlığı ilə televiziyada, mətbuatda müzakirə etmək olmaz!

Reallıq və virtual həyat: Cəmiyyətdəki neqativ hallardan biri də bəzi insanların real həyatla virtual həyatdakı fərqli olmasıdır. Belə ki küçədə (real həyat) serjantı görəndə “zadniya atanlar” facebookda (virtual həyat) pələngə dönürlər.

P.S Bazarda göyərti satmağa utananlar, vicdanını satmağı daha üstün tuturlar və buna görə də utanmırlar.

# 2285 dəfə oxunub

Oxşar xəbərlər

# # #