writer1

Ramilə Qurbanlı

Məqalə sayı

171
clock08:00 calendar-gray 16 Avqust 2013 view-gray4698 dəfə oxunub
view-gray4698 dəfə oxunub

Kəndə tək gedən qızın başına gələnlər

“Qarabağ miniatürləri” - VII yazı

“Müharibə miniatürləri“ qoydum bu silsilənin adını. Müharibədən yox, müharibənin insan həyatında buraxdığı izlərdən, insan psixologiyasına təsirindən yazacağam. Daha doğrusu o hadisələri verəcəyəm ki, orda bu həqiqətlər öz əksini tapacaq. Məhz həqiqətlər.

Orda qatarlar belədən elə, elədən belə keçərdi.

Dövlət imtahanlarını verdim, üstümdən ağır yük götürüldü elə bil. Bir-neçə gün sonra diplomu, təyinatı götürmək üçün instituta gəldik. O vaxt hələ təyinat verirdilər, əsasən hərə öz rayonuna götürürdü təyinatı. “Azad təyinat” isə satdıq idi, pulsuz verməzdilər. Ona görə də bu mənlik deyildi, hər şeyini itirmiş valideynlərimdən təyinat üçün pul istəmək hansı məntiqə sığardı.

Təyinatın ilk günü evə əliboş qayıtdım, bir qərar verə bilmirdim ki, hara götürüm. Hamı diplomunu, təyinatını alıb doğma yerlərinə qayıtdı. O vaxt mənim vəziyyətimdə məndən başqa da olanlar vardı, amma elə bilirdim ki, təkəm, yalnız mənəm bu təlatümə düşən. Dərya üzündə tənha qayıq kimi dalğaların istiqaməti ilə tənbəl-tənbəl yırğalanırdım, hansı dalğanın nə vaxt məni hara vuracağını bilmirdim.

Bir gün institutdan çağırdılar ki, gəl diplomunu götür, təyinat yeri çox az qalıb, hələ ki, gec deyil qərar ver.

Getdim, çox könülsüz, ümidsiz, həvəssiz. Diplomu aldım, təyinatı verən prorektor özü idi, üzümə baxdı, elə bil duydu tərəddüdlər içində olduğumu.

Hara istəyirsən? - soruşdu. Bakıya yaxın bir yer olsun ki, həftə sonu valideynlərimin yanına gəlim-dedim. Şabran və Xızı rayonlarını məsləhət gördü. Birinci ad mənə heç nə demirdi, ikincini isə Mikayıl Müşfiqin yaradıcılığından tanıyırdım. Xızını seçdim.

Evə qapıdan içəri “Məni heyran etdi Xızı dağları” mahnısını oxuya-oxuya girdim ki, anamgil əlacsız olduğumu duymasınlar, elə bilsinlər ki, özüm həvəslə bu qərarı vermişəm.

Sentyabrın yağışlı bir günü idi, ayağımda ucuzvarı, o vaxtlar dəbdə olan “Lambada” səndəlləri vardı. Əsas yolda avtobusdan düşüb kəndə gedən yola üz tutdum. Ayağımdakı lambadalar yolun palçığını kürəyimə qədər sıçradırdı, yağış tökür, curumbur su olmuşdum. Getdikcə adamsız, boşluq, cansıxıcı bir yol idi, yolun ətrafını isə bomboz dağlar əhatə edirdi.

Yadıma Hafiz Baxışın“Məni heyran etdi Xızı dağları” misraları düşdü. Öz-özlüyümdə qınadım onu – buna bax, mən də bunun vəsfinə inanıb gəldim buralara, bu dağlarda heyran olmalı nə var axı, bomboz, çılpaq dağlardır. Heç kim qınamasın məni, düşündüm ki, HafizQarabağı, Cəbrayılı görsəydi Xızı barədə belə yazmazdı. Bəlkə də yenə yazardı, hər kəsə öz doğulduğu torpaq gözəl görünür.

Bir də xatırladım ki, hələ ikinci kursda oxuyanda papam (biz belə adət etmişdik, ata demək mənə süni görünür) mənə demişdi ki, məktəbdə yerini eləmişəm artıq, qurtaran kimi gəlib öz məktəbimizdə işləyəcəksən. Mən də demişdim ki, zəhmət çəkmə, papa, mən kəndə qayıtmayacam. Kaş, elə deməyəydim, ağzım fal oldu elə bil. O ikinci kursdakı ağlım imiş. Beşinci kursu bitirən ağlım böyük məmnuniyyətlə doğma kəndin məktəbinə müəllim kimi qayıdardı. Həm də o ağıl anlayıb ki, cənnət elə doğulduğun yerdir.

Maralyan kənd orta məktəbi iki mərtəbəli, yaraşıqlı bina idi, biz 10-cu sinfi həmin yeni məktəb binasında oxuduq. Məktəbə gedən yola asfalt döşənmişdi. Həyətində Aşıq Pərinin heykəlinin ətrafı büsbütün qızılgüllərə bülənd olmuşdu. Biz əkmişdik, 10-cu sinif uşaqları.

Bütün bunlar xəyalımdan keçə-keçə palçıqlı yolla birmərtəbəli, kərpicdən tikilmiş məktəbə gəlib çıxdım.

Direktor bir mənə, bir də əlimdəki təyinat kağızına baxdı. Gözlərindən oxudum ki, sənin bu yerlərdə nə işin var, qız, yiyəsizsən? - demək istəyir. Mən də ürəyimdə ona cavab verdim ki, mən Cəfər Cabbarlının “Almaz”ının təsiri altında böyüyən Sovet gənciyəm, kəndə mədəniyyət gətirəcəm.

Sovet hökumətinin yaxşı işlərindən biri də bu idi ki, gənc müəllimə dərhal evlə təmin olundu kənddə. Yaşlı, tənha bir qadının yanında qalırdım, mənə görə hökumət onun kommunal xərclərini keçirdi və üstəlik təqaüdünün üstünə də nə qədərsə vəsait əlavə olunurdu.

1-ci sinifdən tutmuş 11-ci sinfə qədər bütün rus dili dərsləri mənə həvalə olundu, rayonda üçüncü, kənddə ilk və yeganə rus dili müəllimi idim. O vaxta görə yaxşı məvacib alırdım. İlk müəllimə maaşımla ilk müəlliməmə - anama - qızıl üzük almışdım, çünki anamın qızılları qalmamışdı, onların da xiffətini eləyirdi. İkinci maaşımla televizor aldım ki, evdə əlləri qoyunlarında bir-birilərinə baxıb ah-uf eləməsinlər daha, başları qarışsın televizora heç olmasa.

İşimi o qədər sevirdim ki, gecə-gündüz işləyirdim, öyrədirdim uşaqları. O qədər sevirdilər ki, məktəbdə həmkarlarım məni qısqanırdı.

Deyirdilər uşaqları döymürəm, onları qudurduram. 6-cıların sinif rəhbəri idim, hər gün bir orta yaşlı müəllimə mənə sinfimdən şikayət edirdi ki, dərsimdə səs salırlar, sən onları cəzalandırmırsan deyə o sinif pozulub gedir. Axır bir gün, müəllimə, gəlin mən o sinifdə olanda qapıdan dinləyin görün o uşaqların birinin dərsdən qeyri səsləri çıxır-dedim – uşağın sinifdə sakit oturması, dərs oxuması üçün qarşısındakı müəllimin nüfuzu olmalıdır-sinif rəhbəri orda bir rol oynamır.

Evində qaldığım qadın cəhalətin nümunəsi idi. Duz günü çimmək olmaz, çərşənbədə saç daramazlar, cümə günü asqırmazlar-az qala bütün davranışlarımı günlərə bölürdü. Təbii ki, yaşlı qadın kimi ona nə qədər hörmət etsəm də bu anormal cədvəlinə daxil olmaq fikrindən uzaq idim. Qadın nə qədər çalışırdı məni öz qanunlarına tabe edə bilmirdi, bütün gün işdə olsam da axşamlar bu qadınla ürəyim sıxılırdı. Pəncərələrə də kağız vururdu ki, birdən kimsə çöldən içəri boylanar, pərdədən əlavə ha. Yavaş-yavaş sıxıntıdan ürəyim ağzıma gəlməyə başlayırdı. Bizi tərəflərdə bu qədər mövhumatçılıq, cəhalət yox idi, alışmamışdım belə şeylərə.

Qaldığım evdən məktəbə qədər yol uzaq deyildi, amma tufli ilə getmək qeyri-mümkün olduğundan qaloş geyinib gedirdim, məktəbə çatanda tuflimi geyinirdim. Məktəbdə məndən başqa tufli geyən olmadığından dəhlizlərdə uşaqlar məni ayaq səsimdən tanıyırdı - adımı öz aralarında tıq-tıq xanım, bəziləri isə çalıquşu qoymuşdu.

Bir gün xalamın əsgərlik yaşına çatan oğlu əsgərliyə yollanmazdan əvvəl mənimlə görüşsün deyə işlədiyim kəndə gəlib çıxdı. Hava qaralmışdı, yağış yağdığından uşaq islanmışdı, evə dəvət etdim. Ev yiyəsi qapının ağzında onun qarşısını kəsdi - olmaz, mənim evimdə kişi yoxdur-dedi. “Xala, axı, o uşaqdır, islanıb xəstələnə bilər”, - dedim. Xeyri yox idi, xala elin adətlərinə qarşı çıxa bilməzdi, mentalitet belə tələb edirdi. Xalamın oğlunu da, şeylərimi də götürüb çıxdım ordan. Bir yerdə yerli icra hakimiyyətinin evinə gəldik, qızı məktəbdə mənimlə işləyirdi, uşaqlarına da dərs deyirdim. O biri kəndlilərə baxanda işıqlı düşüncəli bir ailə idi. Xalam oğlu sağollaşıb getdi, qalmadı, ancaq ayağının islanmış corabını dəyişdirdim ki, soyuqlamasın, yaş paltarda, gecənin qaranlığında palçıqlı yolla əsas yola tərəf üz tutdu. İndi də hər görüşəndə mənə “o dəhşətli kənddə necə qalırdın xalaqızı”, deyə sual edir.

Həftə sonu Bakıya gəlirdim. Hər altı-bazar Bakı, sonra yenə Xızı yolu.

Belə keçdi təyinatımın birinci ili, ikinci ili sadəcə əmək kitabçama yazıldı, özüm getmədim.

O vaxt da indi də o kənd mənə Çingiz Aytmatovun əsərlərindəki aulların təsvirlərini xatırladır.

Məsələn, orda qatarlar belədən elə, elədən belə keçərdi.

Birinci yazı

İkinci yazı

Üçüncü yazı

Dördüncü yazı

Beşinci yazı

Altıncı yazı

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020