news-inner
clock18:17 calendar-gray 12 Avqust 2013 view-gray911 dəfə oxunub
view-gray911 dəfə oxunub

Kinomuzun ən məşhur hambalı

Onun haqqında mətbuatda demək olar ki, çox az məlumata rast gəlinir. Nadir aktyorlardandır ki, çəkildiyi bircə filmlə bu gün də xatırlanır. Hətta bir çoxları onun oynadığı rolun gerçək peşəsi olduğunu düşünürlər. Elə "Məşədi, bə mənim bir abbasım hara getdi" deyimini xatırlamaq kifayətdir dediklərimi isbatlamaq üçün. Heç şübhəsiz ki, Modern.az-ın bu yazısında söhbət "O olmasın, bu olsun" filmindən Məşədi İbadın hambalı kimi tanıdığımız aktyor Əhməd Ruminskidən gedir.

Əvvəla onu qeyd edim ki, bu aktyorun bir adı olsa da, soyadına ayrı-ayrı mənbələrdə müxtəlif cür rast gəlinir: "Ruminski", "Əhmədov" və "Anatollu".

Əhməd Məmmədqulu oğlu Əhmədov 1902-ci ilin avqustunda Bakıda, "Həmişəri palanı" deyilən məhəllədə tacir ailəsində anadan olub. Ailəsi XIX əsrin ikinci yarısında Cənubi Azərbaycandan Bakıya mühacirət etmişdi. Atası Məmmədqulu kişi İranda anadan olmuşdu və oğlunu axund görmək istəyirdi. Elə buna görə də balaca Əhməd dövrün tələblərinə uyğun olaraq, mollaxanada təhsil alır. Hər halda aktyor haqda araşdırma apararkən rast gəldiyimiz azsaylı bilgilər bundan ibarətdir. Araşdırmamızın sonrakı bölümündə isə aktyorun hansı azərbaycanlı aktrisa ilə yaxın münasibətdə olduğu haqda oxuyacaqsınız. Hələlik isə davam edək...

Təhsilini mədrəsədə davam etdirən Əhməd ərəb və fars dillərini gözəl bildiyinə, öz yaşıdlarından zehni və çalışqanlığı ilə seçildiyinə görə axundlar onu Nəcəfül-Əşrəf şəhərinə göndərməyi qərara alırlar. Amma atası bu təklifə razı olmur. Çünki Əhməd Nəcəfül-Əşrəfə gedəcəyi halda ən azı 20-30 il ailəsindən kənar qalmalıydı.

Quranı əzbərdən bilən, gözəl hafizəsi və məlahətli səsi olan Əhməd məhərrəmlikdə şəbih deyər, qəsidələr oxuyarmış. Əsrin ortalarına doğru bu mərasimlər xalq teatrları ilə əvəz olunur və istedadlı gənc "kos-kosa", "qodu-qodu" kimi məhəlli oyunlarda özünə pərəstişkarlar qazanır. Tənqid-Təbliğ Teatrı isə Əhmədin həyatında dönüş yaradır.

Bu dövrdə onun ikinci qabiliyyəti üzə çıxır. Əhməd qələmini işə salaraq böyük poemalar, qəzəllər yazmağa başlayır. Tezliklə "Səadət uğrunda", "Seyran", "Qana qan" əsərləri Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulur. "Rumlu" təxəllüsü ilə yazdığı qəzəllər İranın məşhur xanəndəsi Mustafa Payanın repertuarının əsasını təşkil edirmiş. Deyilənə görə, aktyorun 5000-dən çox qəzəli mövcuddur. Amma onlardan demək olar ki, heç biri haqda məlumat yoxdur.

Əhməd Ruminski "O olmasın, bu olsun"dan başqa daha beş filmə çəkilsə də, heç bir rolu hambal qədər uğurlu olmayıb. Elə 1956-cı ildə oynadığı hambal rolundan sonra ona ard-arda təkliflər gəlir və ilk olaraq 1957-ci ildə "Bir məhəllədən iki nəfər", 1958-ci ildə "Kazbek qutusu", yenə də 1958-ci ildə "Kölgələr sürünür", 1960-cı ildə "Səhər", 1961-ci ildə isə "Bizim küçə" bədii filmlərində rol alır.

Amma bir daha qeyd edim ki, sözügedən filmlərdən heç birində oynadığı rol hambalı unutdura bilmir. Bəs, Ruminski necə "hambal" olmuşdu? Deyilənə görə, hambal roluna onu Əliağa Ağayev məsləhət görüb. Hüseyn Seyidzadə bir neçə aktyoru sınayıb, bəyənməyibmiş. Günlərin birində Əliağa Ağayev deyir ki, "bizim teatrda bir istedadlı aktyor var. Bəlkə onu sınayasınız". Bu o anlama gəlir ki, həmin vaxta qədər Ruminski cəmiyyətdə, eləcə də rejissorlar arasında elə də populyar deyilmiş. Əhməd Ruminskini görən Hüseyn Seyidzadə elə ilk baxışdaca onu bəyənir və rola təsdiq edir.

Əhməd Ruminski ilə bağlı başqa bir fikirdə isə deyilir ki, o əsl epizod aktyoru imiş. Yəni aktyorun uzun illər çalışdığı Gənc Tamaşaçılar Teatrında da baş rolu demək olar ki, olmayıb.

Yalnız "Hacı Qəmbər" tamaşasında Cəbi rolunu oynayıb. Maraq üçün deyim ki, bu tamaşada Əhməd Ruminskinin tərəf müqabili "Xoruz baba" kimi tanıdığımız Hüseynağa Sadıxov imiş. Əhməd Ruminskinin Azərbaycan kinosu üçün bəlkə də ikinci ən böyük xidməti əfsanəvi Lütfəli Abdullayevlə bağlıdır ki, bu faktdan da çoxları xəbərsizdir. Həmin illərdə aktyorlar rayonlara qastrollara gedirmişlər və bu səfərlərin birində Ruminski gənc Lütfəlini görür, istedadını bəyənir.

O vaxtacan Abdullayevin teatra böyük marağı olsa da, özünü təsdiqləyə bilmirmiş. Bu arada qeyd edim ki, Ruminski Lütfəli Abdullayevdən 12 yaş böyük olub. Məhz onun məsləhəti ilə gənc Lütfəli Bakıya, tanınmış teatr xadimlərindən sənətin sirlərini öyrənməyə gəlir. Hətta sonradan onlar 1938-ci ildə ilk Azərbaycan incəsənəti dekadasında iştirak etmək üçün Moskvaya gedirlər.

Xalq artisti Tariyel Qasımov deyir ki, Əhməd Ruminski ilə ilk tanışlığı 1958-ci ildə olub: "Onunla ilk tanışlığım 1958-ci ilə təsadüf edir. Gənc Tamaşaçılar Teatrında Həsən Seyidbəylinin "İmtahan" pyesi səhnələşdirilirdi. O vaxt mən İdman İnstitutunda oxuyurdum. Xalq teatrında "Romeo və Culyetta" tamaşası qoyulur və qılınc təlimi müəllimi lazımdır.

Mən də institutda qılınc təlimi görmüşdüm. Həm də eyni zamanda Lütfi Məmmədbəyovun dərnəyinə getdiyim üçün o mənim haqqımda bilirdi. Həsən Seyidbəyliyə dedi ki, belə bir həvəskar var. Məhz o gün bizim Ruminski ilə ilk tanışlığımız oldu".

Tariyel Qasımov da təsdiq edir ki, Əhməd Ruminski epizod aktyoru olub və bu epizodları da çox böyük məharətlə ifa edib. Aktyor o qədər də cüssəli olmasa da, boyu çox hündür imiş.

Hətta "O olmasın, bu olsun" filmindəki ayrı-ayrı kadrlara baxanda da bunu sezmək olur. Əhməd Ruminskini həm də gözəl ailə başçısı kimi xarakterizə edirlər:

"O həyatda çox ciddi adam olub. İki oğlu var idi. Deyilənə görə, ailədə də çox ciddi olub. İndi onun övladları Bakıda yaşayırlar. Zarafatı sevən deyildi, baxmayaraq ki, komediya oynayırdı. Özü də hambal rolundan sonra onu bütün ölkə tanıdı, şöhrət qazandı. Amma davranışlarında zərrə qədər də dəyişiklik olmadı".

Əhməd Ruminski dünyasını dəyişəndə 70 yaşı olsa da, heç vaxt fəxri ad almayıb. Yalnız natamam orta təhsili olan bu aktyor öz tay-tuşları olan Əliağa Ağayev, Ağadadaş Qurbanov, Hüseynağa Sadıxov kimi sənətkarlarla dostluq edirmiş. Amma dostluq etməklərinə rəğmən onlar da Ruminski ilə zarafat eləməyə cəsarət etmirmişlər.

Aktyorun qəribə səs tembri olub. Elə filmdəki səs onun özünündür. El dili ilə desək, azacıq burnunda danışmağı varmış. Əhməd Ruminskinin maddi durumu o qədər də yüksək olmayıb. Bakının "Sovetski" məhəlləsində yaşayan aktyor işə piyada gəlib-gedirmiş.

Aktyorun başqa bir özəlliyi isə ünsiyyətə qapalı olması imiş. Yəni çox nadir hallarda kiminləsə söhbət edər, ünsiyyət qurarmış. Ona görə də teatrda işlədiyi uzun illər ərzində heç kimlə intriqası olmayıb. Yaşı çatanda təqaüdə çıxan Ruminskiyə tez-tez dostları Əlzaman Qasımov, Əlməmməd Atayev, Əliağa Ağayev baş çəkirmişlər.

Amma ondan sonra özü bir dəfə də olsun bu teatra gəlməyib. Ruminski pis vərdişlərdən də uzaq olub. Tariyel Qasımov: "Düzdür, cansız adam idi, ilk baxışdan adama elə gəlirdi ki, siqaret də çəkir, araq da içir. Amma nə araq içib, nə də siqaret çəkib".

Əhməd Ruminskinin şəxsi həyatı ilə bağlı da maraqlı məlumatlar var. Həmin dövrdə Gənc Tamaşaçılar Teatrında bütün qadın baş rollarını Firəngiz Şərifova oynayırmış. Eyni kollektivdə çalışan Firəngiz Şərifova ilə Əhməd Ruminski arasında uzun müddət davam edən dostluq münasibətləri sevgi əlaqələrinə çevrilib. Amma maraqlıdır ki, Ruminski Şərifovadan nə az, nə çox düz 22 yaş böyük idi.

İstənilən halda bu bir ehtimaldır. Yəni bir-birlərini sevdiklərinə görə, onları heç kim qınaya bilməz. Ən azından onların biri dünyasını dəyişib, digərinin isə indi 89 yaşı var.

Mahir epizod aktyoru kimi Azərbaycan kino və teatr tarixində qalan Əhməd Ruminski 1982-ci ildə dünyasını dəyişib.

İntiqam Valehoğlu

news-inner-user

12597 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Yazarlarımız heç yalan danışıblarmı? - Sorğu
21:00 19 Sentyabr 2019
Rusiyalı aktyor vəfat edib
18:45 19 Sentyabr 2019
Bakıda peyda olan Mahatma Qandi, Zəlimxan Yaqubun evinə gedən Hüseyn Cavid... – Maraqlı faktlar
18:05 19 Sentyabr 2019
Azərbaycanlı dirijor haqda film çəkilir
17:20 19 Sentyabr 2019
Bakıda rus filmləri həftəsi keçiriləcək
16:40 19 Sentyabr 2019
Elina məhkəməsində iki vacib sual
15:31 19 Sentyabr 2019
Kukla Teatrı uşaqları dəvət edir
14:50 19 Sentyabr 2019
Oğlumun “Anam hardadı” sualı – Elşad Mirzə
14:10 19 Sentyabr 2019
Ülviyyə Heydərovanın pyesi beynəlxalq müsabiqədə
13:21 19 Sentyabr 2019
Əjdər Olun kitabı Serbiyada çap olunub
12:41 19 Sentyabr 2019
Məni öz qatilliyimə sevindirən Elina - Bircə yazır…
12:06 19 Sentyabr 2019
Evli qadınla sevgili olan Yafəs Türksəsin görünməyən üzü
11:31 19 Sentyabr 2019
Azərbaycanlı şair Nobel mükafatına təqdim edilib
10:49 19 Sentyabr 2019
“Bir şeir” müsabiqəsinin şərtlərində yenilik
10:14 19 Sentyabr 2019
Dərbənddə Nizami Gəncəvinin abidəsi ucaldılacaq
09:45 19 Sentyabr 2019
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı keçirilib
09:18 19 Sentyabr 2019
Rahatlıq axtaran kəndin tənha çobanı – Sevda Sultanova yazır...
09:00 19 Sentyabr 2019
“Peyğəmbərə dua etməyi günah sayıram”
21:00 18 Sentyabr 2019
Filmlərimiz Özbəkistanda nümayiş olunacaq
18:25 18 Sentyabr 2019
Yaramaz qızın sərgüzəştləri – Seymur Baycan yazır...
17:37 18 Sentyabr 2019