writer1

Kənan Hacı

Məqalə sayı

193
clock08:45 calendar-gray 31 İyul 2013 view-gray978 dəfə oxunub
view-gray978 dəfə oxunub

Sən, tut ağacı və qatar

Kulis.Az yazıçı Kənan Hacının "Sən, tut ağacı və qatar" hekayəsini təqdim edir.

Təzəcə yuxulamışdım. Qəfildən sənin isti, doğma, mehriban səsini eşitdim:

- Kənaaan...

Çarpayıdan dik atıldım, bir anlıq mənə elə gəldi ki, sən gəlmisən... Eləcə, xəbərsiz gəlmisən... Ayaqyalın həyətə düşdüm, həyət qapısına qaçdım, heç kəs yox idi... Amma səsinin hənirini hələ də havada hiss edirdim.

Son günlər çox dözümsüz olmuşam, bu qədər zəif olmağım yadıma gəlmir. Son ümidin “qara kağızı”nı hələ də özüm özümdən gizlədirəm. Ağlamağımı anamdan savayı bir kimsə görməyib, son günlər yuxularımda ağlayıram... Yaxşı ki, heç olmasa, yuxuda ağlayıram, yoxsa ürəyim yüz yerdən çat verər... Deyirdin “gözlərin nəmlidi...” İçimə axan göz yaşlarından gözlərim də nəm çəkib... Təkcə sən bilirsən ki, gözdən o tərəfdə nələr var...

Həyatımda ikinci dəfədir ki, yarıyuxulu halımla öz adımı belə aydın eşidirdim. Birinci dəfə o səsi kənddəki evimizdə eşitmişdim. Anam bir neçə ay idi ki, dünyasını dəyişmişdi, payız çağıydı, gecənin bir aləmində anamın səsini eşitdim: - Ay Kənan, - deyə məni çağırırdı. Tez qalxıb ətrafı dinşədim, səssizlikdən hövlləndim, qaranlıq daş kimi susurdu, səs-səmir yoxudu... Gözüm qaranlığa alışandan sonra baxdım ki, otaqda pəncərənin hər iki tayı açıqdır və külək pərdəni yelləyir, sanki kimsə pəncərədən əlini uzadıb məni çölə çağırır...

Üşəndim. Axı pəncərəni açan olmamışdı və yatmazdan əvvəl adətim üzrə yoxlamışdım, pəncərə kip bağlı idi. Küləyin o pəncərəni açmağa gücü çatmazdı. Yatağıma çöküb hönkür-hönkür ağladım... Bu boyda dünyada təmtək qalmışdım, gedəsi bir yerim də yox idi. Aradan on ilə yaxın vaxt keçib, hələ də o açıq pəncərə mənim üçün müəmma olaraq qalır... Anam görəsən məni niyə çağırırdı? Bu on ildə azı, min dəfə özümə sual vermişəm, sualın cavabı o dünyadadı bəlkə?... Anam olan dünyada...

İndi də sən... Səndən ki, soruşa bilərəm... Amma soruşmaram, soruşmaram... Bilirəm axı...

Kirayə qaldığım otağın pəncərəsindən baxanda görürəm ki, tut ağacı tez-tez başını yelləyib məni məzəmmət edir: Nədən bu hala düşdün sən?!.. Axşamlar yatmazdan öncə qollarımı başımın altında daraqlayıb o ağacla xeyli dərdləşirəm. İnsafüçünə, sözümü kəsmir, arada təsəlli də verir, budaqlarını başımın üstündə yelləyir ki, bu dar-düdək otaqda istidən boğulmayım...

İndi nədənsə tut ağacı da inadla susur. Həə, bu gecə də belə getdi işinə... Yuxum ərşə çəkildi. Onsuz da son günlər şirin yuxu mənim üçün əlçatmaz xəyala çevrilib, zilə çəkilmiş gecələrin yuxusuzluğu məni heydən salıb. Sübh açılana qədər oturub sənin səsini gözləyəcəm...

Noolar, bir də çağır!...

******

Gecənin gec vədəsiydi. Kandarda dizlərimi qucaqlayıb oturmuşdum. Çiynimə qonan əldən diksindim. Başımı qaldıranda bir anlıq mənə elə gəldi ki, anam yanımda dayanıb.

- Ay bala, yağış yağır, soyuqlayarsan, dur keç evə...

Göyə boylandım, buludlar canını qoymağa yer tapmırdı. Nə tez qopdu bu hay-küy? Axı bir az bundan əvvəl, sən məni çağıran vaxt ulduzlar istidən az qala his eləyirdi.

Bu nurani, ağbirçək qadın da ev yiyəsinin arvadıydı. Sifəti narın qırışlar içində itib-batıb. Dərinə düşmüş yumulu gözləri soğan qabığı kimi nazik qapaqlar altında şirin-şirin axırdı. Ona deyə bilmədim ki, mən onun (yəni sənin) səsini gözləyirəm. Elə zənn edərdi ki, başıma hava gəlib. Durub dinməzcə otağa keçdim, qarı da çəkələklərini sürüyə-sürüyə öz otağına çəkildi...

Təsəvvürün hüdudları cismdən ruha, ruhdan səsə dönməyin müqabilində qırıq-qırıq olur... O gecə mən bu səsin dalınca düşüb yağışın altında ayaqyalın-başaçıq sənin yaşadığın şəhərə qədər qaça bilərdim... Qoy lap yolda nəfəsim kəsiləydi, bağrım çatlayaydı, yolda düşüb qalaydım...

Noolar, bir də çağır...

****

Qatar hansı yolüstü stansiyadasa hikkəylə dartılıb tərpənəndə şirin xəyallarıma hücum çəkən qarabasmalar da beynimdən dağılıb pərən düşdü. Adamlar taleyini paravozsürənə tapşırıb arxayınca yatmışdılar. Fıshafısla dayanıb, fıshafısla tərpənməkdən, daimi xır-xır söhbətdən ağırlaşmış qatarı adamlar sanki yatmağıyla yüngülləşdirmişdilər. Qatar elə bil sürətini də artırmışdı, heç yanda dayanmayacaq kimi qanad alıb uçurdu. Pəncərənin soyuq şüşəsindən heç nə görünmürdü, nəzərini bir şeyin üstündə saxlamaq olmurdu, sürət və qaranlıq hər şeyi dartıb udurdu. Bir müddət sürətlə qaçdı-qovdu oynadım. Sonra deyəsən şeir yazmaq istədim, yazdım da... Adı “Ölüm qatarı”ydı... Amma mən bu şəhərə həyat qatarıyla gəlmişdim...

Küləyin yumurta qoyub bala çıxardığı bu kimsəsiz kupedə fikirləşirdim ki, noola, möcüzə baş verə. Səhər oyanıb görəm ki, gecə mindiyim stansiyadayam və sən də məni qarşılamağa gəlmisən!...

Noolar, məni bir də çağır!!!

29 iyul 2013

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti