Nişanlın nə bilsin nişanlısına sevgi şeirləri yazan biri var

Nişanlın nə bilsin nişanlısına  sevgi şeirləri yazan biri var
10 iyun 2013
# 15:59

Mirfərid Həsənzadə

Nişanlı qız

Mən indi nə edim? Batım yasına?

Deməzdim mən belə etsəm “yeri var”

Nişanlın nə bilsin nişanlısına

Sevgi şeirləri yazan biri var

Sən qaldın, mən getdim. Nə deyim, xoşdu

Ürəyin qalmadı, o getdi mən də

Axı köks ötürmək, mənasız, boşdu

24 səndədir, 17 məndə

Sən niyə içimdə yüz cürə dona

Girmisən, sevgini durub danan qız

Barmağı üzüklə başqa oğlana

Ürəyi tək mənə nişanlanan qız

Birləşə bilmərik sevgidən kənar

Demə bu sevgidə “Doğruyuq, düzük”

Üzük barmağında görünür aşkar

Görünmür qəlbinə taxdığın üzük

Baxan barmağına bilir ki, şirin,

Sirli bir sevginin canı, qanısan

Baxan hardan bilsin sən bir şairin

Bir neçə şeirinin qəhrəmanısan

Yaman pis oluram “Ürək” dedikcə

Səndə var bir yarım, məndə bir yarım

Qorxma bu sevgini biləcək təkcə

Allah, sən, mən, birdə oxucularım

Bilmirəm

Sözümə baxmayıb, gedir hecalar

Bir yerə toplaya bilirəmmi gör

Bəlkə bir neçəsi yerdədir indi

Bilmədən tapdaya bilirəmmi gör?

Düşüncən sevgidə qalıbdır yalnız

Sakitləş, nəfəs al, bir dayan, ay qız

Soruş ki, heç bizim ayrılığımız

Düşür hansı aya, bilirəmmi gör?

Deyirsən, ortaq ol dərdi-sərimə

Bacarsan, sev hətta mənim yerimə

Deyirsən, sevinc tik köynəklərimə

İynəni saplaya bilirəmmi gör?

Yol

Bayaqdan gözləyirəm

Neçə saatdır səni

O baş, bu baş gəzmişəm

Əlli dəfə küçəni

Məni tanıyır artıq

Qurdlar, quşlar, böcəklər

Axırda bu küçəyə

Adımı verəcəklər

Nəhayət gəlib çıxdın

Şeirimə dol, gedək

Yola gedə bilmirik

Heç olmasa yol gedək

# 2137 dəfə oxunub

Oxşar xəbərlər

# # #