O böyük rejissorun axırına “Babək” filmi çıxdı

O böyük rejissorun axırına “Babək” filmi çıxdı
24 may 2013
# 11:03

Azərbaycan kinosunun 1960-1980-ci illərə qədərki dövrünü haqlı olaraq intibah dövrü adlandırırlar. Milli kinomuzda bu intibahı yaradanlardan biri də görkəmli kinorejissor, yazıçı-ssenarist Həsən Seyidbəylidir.

Həsən müəllimin yaradıcılıq devizi belə idi: “Biz zamanı diqqətlə dinləməli, ətrafımızda baş verən hadisələrə öz münasibətimizi bildirməli, dövrə layiq əsərlər yaratmalıyıq”.

Yaradıcılığında hadisələrə dəqiq münasibət bildirən, həyat fəlsəfəsini məharətlə cilalayan H. Seyidbəylinin gəncliyi müharibə illərinə təsadüf edib. Yoxsulluğun, çətinliyin tüğyan etdiyi vaxtlarda insan həyatının dəyərini, səmimiyyətin əvəzsizliyini yaxşı bilən Seyidbəyli yaradıcılığında əsasən müsbət insan obrazı yaratmağı qarşısına məqsəd qoyur.

Həsən Mehdi oğlu Seyidbəyli 1920-ci il dekabrın 22-də Bakıda anadan olub. Hələ uşaqlıqdan ədəbiyyata böyük maraq göstərib. Azərbaycanın görkəmli şairlərindən C.Cabbarlı, H.Cavid, M.Müşviq, S.Vurğun və başqa ədiblərin söz səltənətindən bəhrələnib. Əsas arzusu, istəyi isə kinoya gəlmək, xəyalındakı qəhrəmanları ekrana gətirmək olub.

Buna görə də sənədlərini 1938-ci ildə Leninqrad Kino Mühəndisləri İnstitutuna verib səs operatoru fakültəsində təhsil alır. 1943-cü ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirir. Dünya şöhrətli kinorejissorlardan S.Eyzenşteynin, Q.Kozintsevin emalatxanasını bitirir, institutun nəzdindəki ssenari kurslarında peşə biliyini zənginləşdirir.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına təyinat aldığı ilk vaxtlarda isə müharibədən sonrakı illərdə kinostudiyada yaşanan film qıtlığı, texniki avadanlıqların çatışmamazlığı üzündən rejissor kimi fəaliyyət göstərə bilmir, buna görə də bədii yaradıcılıqla məşğul olur.

Yazdığı ssenarilər, oçerk, məqalələr geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanır. “Kənd həkimi”, “Telefonçu qız”, “Bizim Astarada” və s. povestləri, “İllər keçir”, “Tərsanə”, “Çiçək” və s. romanları, başqa pyes və oçerkləri ədəbi mühitin diqqətini çəkir, əsərləri xarici dillərə tərcümə olunur.

Ssenariləri əsasında “Doğma xalqımıza” bədii sənədli, “Qızmar günəş altında”, “Uzaq sahillərdə” (İ.Qasımovla birgə) bədii, “Əyri yolla qazanc”, “Yolda əhvalat” (hər ikisi İ.Qasımovla birgə) qısametrajlı bədii, “Toral və Zəri”, “Sağ ol dostum” animasiya, “Sovet Azərbaycanı” televiziya, “Kamillik” və s. sənədli filmləri çəkilmişdir.

“Xidmət lifti” hekayəsinin motivləri əsasında “Liftçi qız” novellası ekranlaşdırılmışdır. Adlarından da göründüyü kimi görkəmli dramaturqu müasirlərinin, əsasən də qadınların həyat və məişət problemləri düşündürürdü. O, rejissorluq fəaliyyətində də dövrün gənclərinin həyat mövqeyini qabardır, gənc istedadların üzə çıxması üçün geniş imkanlar yaradır, kinoya yeni nəfəs gətirirdi.

Ssenarilərdəki mövzu zənginliyindən, çoxobrazlılıqdan gələn amillərə görə aktrisalara kinoda böyük ehtiyac duyulur, onların yaradıcılıq imkanları düzgün istiqamətləndirilirdi. Azərbaycan kinosunun sevilən simalarından Ş.Məmmədova, R.Məlik,

R.Balayev, X.Quliyeva və başqaları H.Seyidbəylinin kinoda kəşf etdiyi aktyorlardır.

H.Seyidbəylinin əsas məqsədi çağdaş milli kino anlayışını zənginləşdirmək, Azərbaycan mikroaləmini, müasirlərinin həyatını digər respublikalarda layiqincə təmsil etmək idi. Onun ssenarisi əsasında ekranlaşdırılan və özünün rejissor kimi çəkdiyi filmlər aktyor seçiminə, bədii yozumuna görə ümumittifaq məkan və dünya tamaşaçılarının diqqətini çəkirdi.

Seyidbəylinin rejissor kimi yaradıcılıq qismətinə Azərbaycanın ilk rəngli sənədli filmi olan “Bakıdan Göy-gölədək” (1947) filmini çəkmək düşür. İlk bədii filmi “Telefonçu qız” (1962), sonuncusu isə “Xoşbəxtlik qayğıları” (1976) filmi oldu. 14 il ərzində görkəmli rejissor kimi 8 bədii, 3 sənədli film çəkir, ssenarisi əsasında 6 bədii, 4 sənədli, 2 animasiya filmi ekranlaşdırılır. Bu göstəricilər Həsən müəllimin kino yaradıcılığının gerçəkləşdirə bildiyi bir hissəsidir.

Həsən Seyidbəyli ictimai xadim kimi də Azərbaycan kinosunun inkişafına böyük təkan vermiş, 1963-75-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə heyətinin I katibi, 1975-80-ci illərdə sədri vəzifəsində çalışmışdır. Kino işçilərinin rifahının yaxşılaşdırılması, kinostudiyanın istehsalat bazasının güclənməsi sahəsində mühüm işlər görmüşdür.

Xalq artisti R.Balayev Həsən müəllimi belə xatırlayır: “Nəsimi roluna çəkiləndə çox gənc idim. Şənlənməyi, deyib-gülməyi çox sevirdim. İmadəddin Nəsiminin fəlsəfi düşüncələrinin dərinliyi, işıqlı ziyası həyata baxışımı dəyişdirdi. Həsən müəllim rolun uğurlu alınacağına həmişə məni inandırırdı. Bu rolumdan sonra məni tez-tez filmlərə dəvət etməyə başladılar. Mənim aktyor kimi məşhurlaşmağımda onun xüsusi rolu olub”.

Həsən Seyidbəyli 1974-cü ildə çəkdiyi “Nəsimi” tarixi bioqrafik filminin uğurundan sonra “Babək” və “Nizami” filmlərinin ssenarisini yazır. Babək rolu üçün yenə də R.Balayevi sınaq çəkilişlərində təsdiqləyir. Lakin 1979-

cu ildə gerçəkləşdirilən “Babək” filminin çəkilişləri Seyidbəyliyə yox, kinorejissor E.Quliyevə həvalə olunur. Babək rolunu oynamaq isə R.Balayevə tapşırılır.

Tarixi qəhrəmanların ictimai-sosial həyatını ekranlaşdırmağı yaradıcılığının əsas mərhələsi hesab edən Seyidbəyli üçün bu çox ağır bir zərbə olur. Həsən müəllim 1961-ci ildən diabet xəstəliyindən əziyyət çəkirdi. Digər tərəfdən bronxial astma da onu əldən salırdı.

Səhhəti getdikcə pisləşirdi. Kinostudiyada daim hökm sürən yaradıcılıq intriqaları onu əsəbiləşdirsə də o, yaradıcılıq əzmini itirmir, yeni ssenarilər üzərində çalışırdı. Həyat dolu insanın sağlam vücudunu illər tədricən əritsə də, coşub-daşan yaradıcılıq ilhamını söndürə bilmirdi. Seyidbəylinin sözün kəsərini itiləyən qələmini, personajların yerini dəqiq nizamlayan, aktyor seçimində heç vaxt yanılmayan rejissor təxəyyülünü qısqananlar az deyildi. Yaradıcılıq daxili istək, içdən gələn ilahi bir vergidir. Onun kino yaradıcılığının çoxşaxəli olması həmin illərdə məsul vəzifədə çalışmasına yox, bilik və intellektinin zənginliyinə bağlıdır.

Həsən müəllim idmanı da çox sevirdi. Cavanlığında gimnastika ilə məşğul olmuşdu. İdmançıların həyatından bəhs edən “Cazibə qüvvəsi” qısametrajlı bədii filmini də təsadüfən çəkməmişdi. Məqsədi, gənclərin idmana olan məhəbbətini alqışlamaq, eyni zamanda torpağa bağlılığını təbliğ etmək idi.

H.Seydbəylinin ssenarisi əsasında çəkilən, eləcədə rejissor kimi çəkdiyi filmlərə nəzər salanda görürük ki, onun yaradıcılığında məntiqli bir lirika, romantizm var. Onun ekran qəhrəmanlarının heç biri təsadüfi məhəbbətin sadəlövh qurbanına çevrilmirlər. Çünki bu gənclərin hər birinin örnək timsallı, düzgün istiqamətləndirilmiş həyat mövqeyi, köhnə qanunları üstələyən sağlam əqidələri var.

Seyidbəylinin filmləri ritorikadan uzaq səmimi həyat faktları ilə zəngindir. Ssenarisi əsasında (İ.Qasımovla birgə) çəkilən, dünyanın 50-dən çox ölkəsində uğurla nümayiş etdirilən “Uzaq sahillərdə” filminin qəhrəmanı Mehdini o, yalnız təhlükəli kəşfiyyatlara gedən döyüşçü kimi göstərmir. Onun simasında arzuladığı həyata qovuşmağa can atan, buna əngəl olan müharibəyə son qoymağa çalışan yüzlərlə gəncin nakam həyatını göstərir. Filmin mövzusu ümumbəşəri və aktualdır.

“Xoşbəxtlik qayğıları” filmində Gülxarın (Ş.Yusupova) dili ilə köhnə adət-ənənələr pislənilir, mənəvi normalar təsdiqlənir. Dəbdəbəli toy keçirmək, cah-calallı cehiz almaq üçün çırpınan, həyatını iztirab içində keçirən insanların şüuru təmizlənir, təzələnir.

“Bizim Cəbiş müəllim” filmində təhsili, mədəniyyəti, gödəniyyətdən qat-qat uca tutan ibrətamiz müəllim xarakteri təbliğ olunur.

“Qızmar günəş altında” filmində insanlar arasında fərq qoymayan sağlam əqidəli həkim mənəviyyatı təbliğ olunur və s. və i. İnsan mənəviyyatına məlhəm olan incə məqamlara toxunduğuna görə də onun filmləri bu gün də maraqla izlənilir. Həyata dərin müşahidəsi olduğuna görə o, hər bir insanın həyatını kinolaşdıra bilərdi. Bir sözlə Həsən Seyidbəyli tamaşaçısını sevən, düşünən, onlara olan dərin hörmətini yaradıcılığında göstərən kinoman idi.

İctimai xadim kimi cəmiyyət arasında böyük nüfuza malik olan Həsən Seyidbəyli mehriban ər, qayğıkeş ata kimi də ailəsinin sevimlisi idi. Onun iş rejimi nə qədər gərgin olsa da, ezamiyyətlərdə və çəkilişlərdə olmayanda həyat yoldaşı Süsən xanımı işlədiyi xəstəxanadan evə aparmağa mütləq özü gedərdi.

Övladlarını tez-tez teatra, kinoya aparar, sonra isə baxdıqları tamaşa və filmləri evdə masa arxasında əyləşib müzakirə edərdilər. Həsən müəllim övladlarının onun sənətini davam etdirməsini çox istəyərdi. Onları bir neçə filmdə uşaq rollarına da çəkmişdi. Böyük oğlu Ziya “Bizim Cəbiş müəllim”, “Telefonçu qız” filmlərində, Mehdi isə “Xoşbəxtlik qayğıları”, “Bizim Cəbiş müəllim”, “Telefonçu qız”, “Nəsimi” filmlərində çəkilmiş, qızı Məryəm “Telefonçu qız” filmində Mehribanın uşaqlığını, “Bizim Cəbiş müəllim” filmində isə Cəbiş müəllimin qızı rolunu oynamışdır.

Ziya Xalq Təsərrüfatı İnstitutunu, Mehdi Bakı Dövlət Universitetinin tarix fakültəsini, Məryəm isə həmin institutun şərqşünaslıq fakültəsini bitirmişdir.

Həsən Seyidbəylinin sevimli ata, peşəkar sənətkar, hörmətli şəxsiyyət olmasına səbəb insanlara, həyata bağlılığı, böyük sevgisi idi. Ustad sənətkarın kinoya gətirdiyi aktyorlar, sənət dostları onu sözünə düz, istedadlara daim yol açan ziyalı bir insan kimi xatırlayırlar. O, bir sənətkar və şəxsiyyət kimi şərəfli bir ömür yaşadı. Həyata baxışını, insanlara sevgisini bütün yaradıcılığında təbliğ etdi. Həsən Seyidbəyli 1980-ci il iyunun 25-də dünyasını dəyişdi. Peşəkar kinoman, ibrətamiz şəxsiyyət kimi isə qəlblərimizdə yaşamaqdadır.

Şəhla Bürcəliyeva

# 4012 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
# # #