Çiyninin üstündən baxdığım qadınlar

Çiyninin üstündən baxdığım qadınlar
14 may 2013
# 07:15

Şəhriyar Həsənov

Bir neçə dalğa...

Unut sənlə gedə bilmədiyim yollarını,

Parçala at sonu mənsiz bitən bütün nağıllarını,

Qayıtma acı keçmişə

Hə, dəli və içkili görünürəm bu gün də,

Çox yox, mən bir az sənsizlik içmişəm...

Və bir az hüznlü şeir dinlədiyimdən

Nuhdan bir neçə dalğalıq məsafədə,

Bu sınıq qayıqda inlədiyimdən

Sevgililərin deyil

Səbəblə nəticənin qol-qola gəzməsinə həsrətlə baxıram...

Bil artıq, çoxdan unutmuşam

Çiyninin üstündən baxdığım bütün qadınların üzlərini

Gör artıq, çarmıxa çəkilmişəm, gülürlər mənə

Yaydığım üçün “sən” təriqətini...

Gizlət həqiqətini

Yalanlarınla gəl

Səni necə varsansa bax eləcə sevirəm

Bilirəm, illər öncə arzuladığın o şahzadənin

Nağılını belə tapmazsan mənim rəfimdə

Heç axtardığın ulduzlar da yoxdu mənim şeirimdə..

Amma hər kəsin dilinin tutulduğu

Hıçqırıb udqunduğu, deyə bilmədiyi

“Gəl” kəlməsi var mənim dilimdə...

Kədər tərəf...

“Kişi ağlamaz”la öldürdülər bizi,

Sonrada ləzzətlə izlədilər,

Hansısa qadının gözündən düşməyimizi,

Bəlkə də məchulluğun rəssamının əl işidi bu yoxluq

İtirmişəm əriyən xatirələrdəki izlərimizi,

Kədərlənmə bu səssizliyimə, rahat ol

Elə bu dəqiqə dur ayağa pozitiv bir enerjiylə

Və şkafından sevimli ayrılıq köynəyini geyin,

Saçlarını kədər tərəfə dara,

Dodaqlarını acı təbəssümlə boya,

Çətir götürməyə də bilərsən,

Bu gün hava xəbərlərində

Sevgi yağmayacaq dedilər,

Məsələn mənlə xoşbəxt olduğun həmin parka get.

Amma, təəssüf, həmin parkdakı oturacaqlarla bərabər

Dünyamızı da yığışdırıblar təmirlə əlaqədar.

Və bir qırağa yazıblar: ”Müvəqqəti ayrılığa görə üzr istəyirik”.

# 1401 dəfə oxunub

Oxşar xəbərlər

# # #