Nobel almaq üçün nə etməli?

Nobel almaq üçün nə etməli?
6 may 2013
# 07:15

Ölkəmizdə və eləcə də bütün dünyada ədəbiyyat sahəsində bir-birinin ardınca keçirilən müxtəlif müsabiqələr ədəbi mükafatlarla bağlı mövzunun aktuallaşmasına səbəb olur. Elə bu aktuallığı nəzərə alaraq, bilənlər üçün kiçik bir xatırlatma, bilməyənlər üçün məlumat olsun deyə, dünyanın ən nüfuzlu ədəbi mükafatlarından bəhs etmək istəyirəm. Ədəbi mükafatlar bədii əsər müəlliflərinin uğurlarına diqqət yönləndirmək, bir növ, onları həvəsləndirmək, işlərini stimullaşdırmaq, dəyər vermək üçün təsis olunub. Konkret qaydalar əsasında hazırlanmış nizamnamə çərçivəsində münsiflər və ekspertlər tərəfindən müəyyənləşdirilən qaliblər sonda əsasən, pul, bəzən isə simvolik olaraq diplom, medal, yaxud heykəlcik kimi prizlərlə mükafatlandırılırlar. Mütəxəssislərin ədəbi mükafatlara münasibəti, əsasən, belədir ki, bütün bu müsabiqələrin təşkili daha çox “ədəbiyyat bazarı”nın işinə müsbət təsir etmək funksiyası daşıyır. Yəni müxtəlif qrupların maraqlarına xidmət edən bəzi ədəbi müsabiqələrdə bu işdən karlı çıxan, əsasən, naşirlər olur. Nəticə etibarilə, müsabiqə kitabın çox böyük tirajla satılmasına rəvac verir. Bununla belə, miqyasından asılı olmayaraq, istənilən müsabiqə ədəbi prosesdə müəyyən bir canlanma yaradır: analiz və təhlillərin aparılmasına, müzakirələrin qızışmasına səbəb olur, məsələlər ədəbiyyat sərhədlərini aşıb şəxsi müstəviyə gətirilməsə, ədəbiyyatın xeyrinə işləyir.

Dünyada ən nüfuzlu, bununla belə ən çox müzakirə və tənqid obyektinə çevrilən mükafatlardan biri 1901-ci ildə təsis edilmiş Nobel adına ədəbiyyat mükafatıdır.

Rusiyada 1878-ci ildə təsis olunmuş, lakin ilk dəfə 1883-cü ildə təqdim edilmiş Qriboyedov mükafatı; Rusiya Elmlər Akademiyası tərəfindən 1881-ci ildə təsis edilmiş və 1919-cu ilə qədər davam edən Puşkin mükafatı; 1898-ci ildə İsveçrədə təsis edilmiş fransızdilli Ramber mükafatları Nobel mükafatına nisbətən daha böyük tarixə malik olsa da, onlar daha kiçikmiqyaslı olmuş və milli xarakter daşımışdır.

İsveçli kimyaçı-mühəndis, alim Alfred Bernhard Nobel tərəfindən təsis edilmiş Nobel mükafatı, üzərində təsisçinin təsviri olan medaldan, diplomdan və çekdən ibarətdir; pul mükafatının məbləği Nobel komitəsinin gəlirlərindən asılıdır. Nobelin 1895-ci il 7 noyabr tarixində hazırlanmış vəsiyyətinə əsasən, onun 31 milyon isveç kronundan ibarət olan kapitalı, aksiya və istiqrazlara yatırılmışdır və hər il ondan əldə olunan gəlirlər 5 bərabər hissəyə ayrılaraq, mükafatlara xərclənir. 1901-ci ilin 10 dekabr tarixində ilk laureat olan fransız şairi Rene Sülli-Prüdoma təqdim edilmiş mükafatın məbləği 150 min isveç kronunu təşkil edirdi. 2011-ci ildə Nobel mükafatının məbləği təqribən 10 milyon isveç kronuna bərabər idi — bu da 1,4 milyon dollara yaxın məbləğdir. 2012-ci ildə isə Nobel pul mükafatının məbləği qənaət məqsədilə 20 faiz azaldılaraq 1,1 milyona endirilmişdir.

Ədəbiyyat üzrə Nobel mükafatı laureatlara təsisçinin vəfatının ildönümü günü, yəni hər il dekabrın 10-da Stokholmda İsveç kralı tərəfindən təqdim olunur. Təltifdən 6 ay sonra isə nobelçi öz mövzusu ilə bağlı mühazirə ilə çıxış etməlidir.

Nobel fondunun nizamnaməsinə əsasən, bu ədəbi mükafata aşağıdakı şəxslər namizədliklərini irəli sürə bilərlər: İsveç Akademiyasının və digər akademiyaların, anoloji məqsəd və məramlı institut və cəmiyyətlərin üzvləri; ədəbiyyat tarixi və dilçilik üzrə professorlar; ədəbiyyat üzrə Nobel mükafatı laureatları; müvafiq ölkələrdə bədii yaradıcılıq sahəsini tərənnüm edən müəllif ittifaqlarının sədrləri.

Ümumiyyətlə, barəsində söz-söhbətlər səngiməyən Nobel mükafatları arasında ən qalmaqallısı ədəbi mükafatdır. Laureatları müəyyənləşdirən İsveç Akademiyasına qarşı ən böyük ittihamlardan biri qərarların son ana qədər gizli qalması, cəmiyyətə heç bir açıqlama verilməməyidir: Nobel Komitəsi yalnız hər sahə üzrə namizədlərin sayı barədə məlumat versə də, müəlliflərin kimliyi gizli saxlanılır. O da artıq heç kimə sirr deyil ki, ədəbiyyat üzrə Nobel mükafatı ədəbi kriteriyalardan daha çox siyasi motivlərə görə verilir. Yoxsa Borxes, Nabokov, Coys, L. Tolstoy kimi müəlliflərin Nobeldən məhrum olunmasını başqa nə ilə izah etmək olar ki?!

Nobel mükafatçıları təyin olunarkən əsas üstünlük Avropa və ABŞ-dan olan müəlliflərə verilir. Çoxəsrlik ədəbi ənənələrə malik Asiya və xüsusən, Afrika ölkələrindən isə nobelçilərin sayı barmaqla sayılacaq qədər azdır. Mütəxəssislər hesab edirlər ki, Qərbdə az tanınmış asiyalı və afrikalı müəlliflərə Nobelin verilməsi yalnız mükafatın beynəlmiləl olmasını şübhə altına alanlara əksini sübut etmək istəyindən başqa bir şey deyil. Xüsusilə, XX əsrin ilk onilliklərində Skandinaviya ölkələrindən olan laureatların sayının hədsiz üstünlüyü burada beynəlmiləllik proporsiyalarının pozulmasını xeyli aydın şəkildə nümayiş etdirir.

Ədəbiyyat tənqidçilərinin fikrincə, bu mükafata layiq olan bir çox nəhəng imzaların əvəzinə, xeyli zəif müəlliflərin laureat olması ideoloji motivlərlə bağlıdır. Yazıçı, jurnalist P. L. Vayl iddia edir ki, istənilən intellektual birlik kimi, Nobel komitəsi də solçu düşüncəyə malik mütəxəssislərdən təşkil olunub; məhz buna görə XX əsrin dahi yazarlarından biri olan Borxes Nobel mükafatından kənarda qalıb. Vayl fikrini ironiyalı şəkildə belə əsaslandırır: Məsələ burasındadır ki, Borxes Pinoçetin qəbuluna düşərək əlini sıxmış və onu kommunistləri devirdiyinə görə tərifləmişdir – onlar Borxesin dahi yazıçı olduğunu qəbul etsələr də, Pinoçeti bağışlaya bilmirdilər.

Nobelin təsis olunduğu il Lev Tolstoy da namizədlər arasında idi, lakin onun laureat ola bilməməyini komitə belə əsaslandırırdı ki, Tolstoy sivilizasiyanın bütün formalarını inkar edir və əvəzində yüksək mədəniyyətdən xali primitiv həyat şəraitini qəbul etməyi təklif edir. Bu açıqlamanın müqabilində komitənin qərarını haqsız hesab edən 49 isveçli yazar İsveç Akademiyasına açıq məktub yazmışdı.

Avropada çox məşhur olan, lakin namizədliyi irəli sürülsə də, Nobelə layiq görülməyən rus müəllifləri arasında L. Tolstoydan başqa, M. Qorki, V. Nabokov və A. Çexovun da adlarını çəkmək olar. Yenə də mütəxəssislərin fikirlərinə istinad etsək, görərik ki, Şoloxov istisna olmaqla, rusiyalı 5 yazıçıdan dördü sovet hökuməti ilə bu və ya digər dərəcədə konfliktdə olmuşlar: Soljenitsın dissident idi, Bunin və Brodski emiqrant idilər, Pasternak isə mükafatı xaricdə çap olunmuş və sovetlər birliyində yasaq olunmuş romanına görə almışdı. Təkcə rus yazarlarından deyil, ümumiyyətlə, XX əsrin ədəbiyyatına əhəmiyyətli dərəcədə təsir göstərmiş dünyanın bir çox istedadlı sənətkarları bu mükafatdan uzaqda qalmışlar. Bu sırada Şervud Anderson, Federiko Qarsiya Lorka, Tomas Vulf, Ceyms Coys, Marsel Prust kimi bir çox istedadlı müəllifin adını çəkmək mümkündür.

Elə 2012-ci il ədəbiyyat üzrə Nobel mükafatçısının qalibiyyəti də birmənalı qarşılanmadı. Nobel komitəsi tərəfindən əsərlərində “xalq nağıllarını tarixilik və müasirliklə birləşdirən qeyri-adi realizmə görə” fərqləndirilən, ölkəsində Yazıçılar Birliyinin sədr müavini olan Mo Yan Çinin ədəbiyyat tarixində ilk nobelçi oldu və bir çoxları onun bu mükafata layiq görülməsini sadəcə nüfuz məsələsi ilə əlaqələndirdilər. “Russkiy jurnal” dərgisinin yazdığına görə, Mo Yanın laureat olacağı gözlənilən idi və bu fikirlərin təsdiqi olaraq, yazarın 1992-ci ildə çin və 2000-ci ildə ingilis dillərində çap olunmuş “Şərab ölkəsi” əsərinin 2012-ci ildə Nobel mükafatı laureatlarının elan olunması ərəfəsində rus dilində dərc olunduğu qeyd edilir. Maraqlısı budur ki, əsərin Rusiyada baş tutan son nəşri “Amfora” nəşriyyatının “Gələcək Nobel laureatları” seriyasında həyata keçirilmişdir. Demək, naşir çox böyük ustalıqla çinli müəllifin həmin il laureat olacağını “hiss etmişdir”.

Qeyd edək ki, 1914, 1918, 1935 və 1940-1943-cü illərdə Nobel mükafatı təqdim edilməyib. Boris Pasternak (1958) və Jan Pol Sartr (1964) mükafatdan imtina ediblər. Pasternakın diplom və medalı 1989-cu ildə oğluna təqdim olunmuşdur. Mükafatdan imtinasının obyektiv və subyektiv səbəblərdən olduğunu açıqlayan J.P.Sartr özünün hər hansı bir qurumla ideoloji bağlılığını yolverilməz sayır və fikrini belə açıqlayır: “Yazıçını digərlərindən fərqləndirən titullar onun oxucularına müəyyən basqı göstərir. Mən isə bunu arzuolunmaz sayıram. Hər halda, "Jan Pol Sartr" və ya "Nobel mükafatı laureatı Jan Pol Sartr" imzaları arasında ciddi fərq var. Belə fərqlənmə ilə razılaşan yazar həm də ona dəyər verən assosiasiya və ya qurum ilə özü arasında bir bağlılıq yaradır... Hər nə qədər fəxri olsa belə, mənim yerimdə olan bir yazıçı özünün hər hansı qurumla eyniləşdirilməsinə heç vəchlə razılıq verməməlidir.”

Sartr Nobeldən imtina etməsinin səbəblərindən biri kimi həm də Nobel komitəsinin bu mükafatı daha çox yazarın siyasi görüşlərinə əsasən təqdim etməsi ilə əlaqələndirir və qeyd edir ki, “hazırda Nobel mükafatı qərbli yazarlar və ya şərqli "üsyankar" qələm sahibləri üçün təsis olunmuş mükafat sayılır.”

Maraqlıdır ki, 1964-cü ildə mükafatdan imtina edən Sartrın “Mükafatın Şoloxov dura-dura, Pasternaka təqdim olunması da ancaq təəssüf doğurur” fikrindən sonra növbəti ildə Şoloxov Nobel mükafatçısı olmuşdur.

Nobel mükafatının təltifetmə mərasimindən sonra şəhər ratuşasının Mavi zalında təxminən 1300-1400 nəfərlik banket təşkil olunur ki, onun da uzun illərdir qorunub saxlanılan özünəməxsus qızıl qaydaları var. 2012-ci ildə isveçli rejissor Peter Flint süjeti bu banket zamanı baş verən qətl hadisəsi ətrafında cərəyan edən “Nobelin son vəsiyyəti” adlı film çəkmişdir.

Dünyanın ən nüfuzlu ədəbi mükafatlarından biri də Dublin mükafatıdır. O, 1996-cı ildə Dublin şəhər sovetliyi və İMPAK (IMPAC – Improved Management Productivity and Control) beynəlxalq şirkəti tərəfindən təsis olunmuşdur və pul mükafatının məbləği 100 min avrodur. Şirkətin ABŞ-a aid olmasına və mənzil qərargahının Florida ştatında yerləşməsinə baxmayaraq, mükafatın proqram vəzifələrindən biri Dublini “ədəbiyyatın Məkkəsi” kimi tanıtmaqdır. Qeyd edək ki, İMPAK şirkətinin ədəbiyyatla birbaşa əlaqəsi yoxdur və 65 ölkənin ən iri korporasiyalarının proyektləri üzərində çalışan bu kompaniya əmək istehsalı sahəsində dünya lideridir.

Dublin mükafatının nüfuzunu həm də onun ən demokratik mükafatlardan biri olması təmin edir. Belə ki, bu mükafata istənilən ölkənin istənilən milliyyətdən olan yazıçısının namizədliyi verilə bilər; bir şərtlə ki, təqdim edilən əsər əgər ingilis dilində yazılmayıbsa, onda bu dilə tərcümə edilmiş olsun. Belə olan halda, mükafatın 25 faizi tərcüməçinin payına düşür. Əsərlər oxucuların rəyi əsasında seçilərək müəlliflərin namizədlikləri ictimai kitabxanalar tərəfindən irəli sürülür – 51 ölkənin 185 kitabxana sistemi bu hüquqa malikdir. Hər il yenilənən beynəlxalq münsiflər heyəti dünyanın müxtəlif ölkələrini təmsil edir.

İMPAK mükafatının ilk laureatı ərəb əsilli avstraliyalı Devid Maluf olmuşdur, onu qalibiyyətə aparan əsər daha öncə Buker mükafatına layiq görülmüş “Babili xatırlarkən” romanıdır. 1998-ci ildə “Kal gavalılar diyarı” əsərinə görə laureat olan almaniyalı Herta Müller və “Mənim adım qırmızı” romanına görə 2003-cü ilin qalibi seçilən türk yazıçısı Orxan Pamuk sonradan Nobel mükafatına da layiq görülüblər.

Hələ ki son Dublin mükafatının sahibi britaniyalı yazıçı Con Makqreqordur. Onun “Hətta köpəklər də” (Even the Dogs) romanının müsabiqəyə namizədliyi 2012-ci ildə Ümumrusiya dövlət kitabxanasının M.İ.Rudomino adına xarici ədəbiyyat şöbəsi tərəfindən irəli sürülmüşdür. Beynəlxalq münsiflər heyəti romanı “qorxusuz eksperiment” və “təhkiyə şedevri” adlandıraraq qeyd etmişdir ki, bu əsər “oxucunu qollarını çırmayıb müəllifə çevrilməyə, qəhrəmanları ilə birgə həyəcan keçirməyə” çağırır.

Artıq 2013-cü ilin İMPAK mükafatının qısa siyahısı da açıqlanıb və bu siyahıda əvvəlki illərin laureatlarından iki nəfərin Mişel Uelbek və Endryu Millerin adlarını da görmək mümkündür. Qeyd edək ki, on nəfərdən ibarət qısa siyahıda Haruki Murakami də yer alır. Umberto Ekonun adı isə bu il 154 nəfərin namizədliyinin qeydə alındığı mükafatın qısa siyahısına düşə bilməyib. Mükafatın təqdimetmə mərasiminin 6 iyun tarixində baş tutacağı gözlənilir.

( davamı olacaq )

# 3108 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #