news-inner
clock08:45 calendar-gray 24 Aprel 2013 view-gray3447 dəfə oxunub
view-gray3447 dəfə oxunub

Masallı Mamed o romanın adını niyə bəyənmədi?

Kulis.Az Azər Nurun “Masallı Mamed" kitabından seçmələri təqdim edir.

İkinci yazı

Üçüncü yazı

Bir dəfə televizorda xəbər verdilər ki, Mamedi tutublar, üstündə də Makarov tipli tapança olub (Yuxarıda Moskva OMON-un əməliyyat mexanizmi barədə söz saldığıma görə bu məsələyə təkrarən münasibət bildirmək istəmirəm). Kadrlar da mənim Moskvada gördüyüm idman geyimində idi. Onunla birlikdə iki nəfəri də həbsə almışdılar.

...Hansı zindanda olduğunu İnqilab Abbasoğlundan öyrəndim.

“Yarımçıq qalmış şikəstə” kitabımdan birini götürüb xırda pay-puşla görüşə yollandım. Həbsxana həyətində qəri­bə mənzərənin şahidi oldum. Yaşlı bir qadın əllərini göyə açıb: “Allah, Masallı Mamedi saxla, o bu türməyə gələndən balalarımız xoş gün görür...” – dedi. Üşəndim. Bəlkə bu ifadə yerinə düşmür, amma doğrudan elə bil ayaqlarım yerdən üzüldü. Adamın eloğlusunu tərif edib, haqqında xoş söz eşidəndə, yəqin, hamı sevincqarışıq bu hissi yaşayır. Söz yox ki, burada mənim Masallıdan olduğumu özümdən savayı heç kim bilmirdi. Başqa bir kişi də arvadın sözünə qüvvət verdi: “Onu bura qayda-qanun yaratmağa gətiriblər...”

Mən öz doğmaları ilə görüşə gələnlərin növbəyə yazıl­dığı yerə yaxınlaşdım... Açığını deyim ki, Mamedin adını de­yənə­cən belə hörmət-izzətlə qarşılanacağımı gözləmir­dim. Mən­dən nə sənəd istədilər, nə pul (Şəxsiyyət vəsiqə­sini mülki ge­yim­də olan adama təqdim edənlər, görüş üçün xüsusi blankı doldurduğuna görə ona 2-3 manat “hörmət” edirdilər).

...İçəri keçəndə cib telefonumu alıb dəmir seyfə qoy­du­lar. İkinci qapıdan keçən kimi məni gənc bir dustaq qarşı­la­dı.

– Qədeşlə görüşə gələn sizsiniz?

– Bəli, mənəm...

O, çox da ağır olmayan sellofan torbanı əlimdən alıb:

– Arxamca gəlin! – dedi.

Mən həbsxanadaxili qaydaları bilmirdim. Ona görə narahatçılıqla dedim:

– Bilirsən, cavan oğlan, bu cənub sovqatıdır, istəyirəm özüm ona...

Cavan dustaq sözümün axırını gözləmədən bildirdi:

– Narahat olmayın, qədeşin adına gələn “peredaça”ya ondan izin almadan heç kim əl vura bilməz...

– Elə isə orda kitab var, barı onu özüm ona verim.

O, kitabı mənə verib dar dəhlizdən sola buruldu. Çox sə­li­qəli, “nömrəsiz otel otağı”na bənzəyən kabinetin qapısı­nı açıb:

– Siz burada gözləyin, qədeş bir azdan gələcək!

Otaqda kitab dolabçası, divan, televizor, üstünə dairə­vi­-şəkilli üçmərtəbəli çini qablarda müxtəlif çərəzlər düzülən iri masa vardı. Novruz bayramı çoxdan arxada qalsa da süf­rədə bu milli bayramın nişanələrindən bircə səməni çat­mır­dı. Nisbətən balaca görünən yan otaqda əlüzyuyan, çilək və s. diqqətimi cəlb etdi. O vaxtlar ANS tele­ka­na­lın­dan “Qurd­lar Vadisi” seriyalının nümayişi təzə başa çatmışdı. Filmin məz­­mu­nu gerçəkliyi əks etdirsə də, yaradıcı heyət maneə­ləri dəf etmək üçün qəsdən burdakı epizodları xəyalın məh­sulu adlandırırdı. Mən isə burda – qazamatda gerçək “Po­lad Ələmdar”la görüş öncəsi bərk həyəcan keçirirdim. Həyə­cana səbəb isə əlində qoşa çaynik tutmuş başqa bir gənclə içəri girəndə söhbət etməyim oldu.

– Cavan oğlan, sən burada çayçı işləyirsən?

– Yox əmi, mən də dustağam.

– Allah cəmi dustaqların üzünə qapı açsın! Bəs bura hara­dır, a bala?

– Bura qədeşin qəbul otağıdır. İndi özü də gələcək...

Qədeşin “qəbul otağı” ifadəsi yenə mənə Polad Ələm­darı və rus rejissorlarının son zamanlar böyük həvəslə çək­dikləri zindan həyatından bəhs edən filmləri xatırlatdı. Ən maraqlısı rəfdə diqqətimi cəlb edən rus dilində “Böyük şahmat taxtası” adlı qalın cildli kitab oldu. Düzü, bu kitabın nədən bəs elədiyi barədə təsəvvürüm belə yox idi.

Az sonra Mamed gəldi. Onun əlində telefon vardı.

– Müəllim, nə əziyyət çəkibsən?

– Əziyyət nədir Mamed? Sən məni Moskvada şah oğlu şah kimi qarşılamısan.

Bu ifadə mənim dilimə 24 dil bilən, fəqət vətəndaşı ol­duğu ölkənin məmurlarının “dili”ni anlamayan, uzun illər işsiz qalan, Xalq şairi, millət vəkili Sabir Rüs­təm­xan­lının təbirincə desək, “rüşvətin, əyriliyin və şərəfsizliyin dilini öyrənməyən” po­liqlot dostum Yaqub Abbasovun söhbətlə­rin­dən düşmüş­dü.

– Masallıda nə var, nə yox?

– Mən indi Bakıda yaşayıram...

O, bir anlıq fikrə getdi. Paytaxtın hansı tərəfində yaşa­dı­ğı­­mı biləndə: “Əjdər də, dayım da o tərəfə yaxın olurlar” – de­di.

Dedim:

– Televizorda səni göstərəndə gözlərimə inanmadım. Axı Moskvada sən üstündə cib telefonu da gəzdirmirdin?

– Nə etmək olar? Bu da mənim taleyimdir, – dedi.

Sonra əlini çaynikə uzadıb soruşdu:

– Müəllim, sənə yaşıl çay süzüm, yoxsa qara?

– Mamed, sənin ürəyin hansından istəsə, mən də o çay­dan içərəm.

– Mən yaşıl çay içirəm. Böyrəklərim arada məni narahat edir. Yaşıl çay da təzyiqi normada saxlayır, bədəndən zəhər­li maddələri çıxarır.

Dedim:

– Qoy çayı mən süzüm.

Razı olmadı. Əlimdəki kitaba işarə edib:

– Təzə kitabın çıxıb?

– Təzə deyəndə, iki il əvvəl çıxıb. Mir Kazım bəyin hə­yat və yaradıcılığına həsr etdiyim monoqrafiyadır. Sənə gətirmişəm...

Alıb baxdı:

- Cavan dustaqlara verərəm oxuyarlar, qulaq asaram. Nə­­dənsə kirilcə oxuduğum fikir mənə latın hərflərilə oxu­du­ğum fikirdən daha dolğun çatır. Kirilcə nəşr olunan ki­tab­ları çox oxuyuram. Sən mənə gərək ki, təzə roman söz vermişdin.

Mən onun yaddaşına heyran qaldım. “Qaçaq Mozu” ala-­yarımçıq qalmışdı. Odur ki, “Bakı açıq şəhərdir” roma­nı­nın təkrar nəşrindən söz saldım.

– Sənin Moskvada kiçik iradından sonra roman üzə­rin­də yenidən işlədim. Hətta Masallı Mərkəzi Ki­tabxanada ge­niş müzakirəsi keçirildi, oxucuların bu ki­tab barədə mü­la­hizələrini də nəzərə aldım. Nəşriy­yat­dadır. Bir-iki həftəyə sənə siqnal nüsxəsini gətirərəm.

– Adını nə qoydun?

– Qara sarmaşıq.

O, siqaret çəkə-çəkə fikrə getdi. Deyəsən, bu ad da onu qane etmirdi.

Dedim:

- Azərbaycanın xəritəsində işğal olunmuş rayonlar qara rənglə göstərilir. Bir tərəfdən düşmən qara sarmaşıq kimi Qa­rabağı bürüyüb, digər tərəfdən 93-cü il hadi­s­ə­lə­rində qa­ra polkovniklərin və onlara dəstək verən qüvvələrin döv­lət­çili­yimizə sarmaşıq kimi dolaşmaq cəhdləri... Hələ qara nef­ti demirəm. Düşmən tankları, zirehli texnikaları öz nef­ti­miz­lə hərəkət edib öz qanımızı öz torpağımıza axı­dırdı... Dün­ya NEFT İMPERİYASI QARA SARMAŞIĞIN toxu­mu­nu cücərtmək üçün Şərqi – müsəlman torpaqlarını daha mün­bit hesab edir...

Mamed mənə qulaq asa-asa nə fikirləşdisə, verdiyim kitabı mənə uzatdı:

– Burda, avtoqraf yazdığın yerdə öz telefon nömrəni də yaz!

Yazdım (Avtoqraf təqribən yadımda belə qalıb: “Азад РУЩ сащиби, ЩЯГИГЯТ йийяси вя Масаллы АШИГИ Мамедя аза­длыг арзулары иля...”). Və kitabı təkrar məndən alıb vərəqlədi.

– Bu kişi mənə tanış gəlir, – dedi və mən onun göstərdiyi şəklə baxan kimi dedim:

- Tarçı Yədulladır. Evləri sizin məhəlləyə yaxın idi. Sa­rəngin qayını olub. Bu yaxınlarda mənim və professor Fə­ra­him Sadıqovun iştirakı ilə Azərbaycan Radiosunda “Sarəng ömrünün hekayətləri” adlı veriliş hazırlandı. Arzum Sa­rən­gin Azərbaycan Dövlət Filarmoniyasında xatirə gecəsini keçirməkdi...

Mamed mənim fikrimi son anda nəyin üstünə gəti­rə­cə­yimi hiss etdi. Bildirdi ki, dünən ona baş çəkməyə iki-üç iş adamı gəlib. Adlarını çəkib, məndən soruşdu:

– Bəs onlar belə işlərdə niyə sənə kömək etmirlər?

Onun adını çəkdiyi iş adamlarından biri zarafatla mənə “Ölülərdən kitab yazan” deyirdi. O birininsə sürgün həyatı ya­şamış ulu babası barədə qələmə aldığım “Ruhani dün­ya­sı” kitabım 13 il bundan qabaq nəşr olunmuşdu. Belə im­kan sahibləri keçmişdə “Qılınc əhli” hesab olunurdu, on­ların “Qələm əhli” ilə ulduzları çox nadir hallarda barışırdı.

– Açığını desəm, onlara bu barədə deməmişəm. Bu kitab da Zeydulla müəllim başda olmaqla 2-3 nəfər Masallı zi­ya­lı­sının sayəsində işıq üzü görüb... Bir də iş adamı deyəndə bu adamların banklara yüz minlərlə borcu var. Onlara baxanda mən xoşbəxtəm ki, borcum-filanım yoxdur.

- Bura gələndə səni incitmədilər ki?

Elə düşündüm ki, nəzarətçilərin məndən pul alıb-al­ma­maqlarını xəbər alır.

- Yox, əksinə, yaxşı qarşıladılar. Bayırda görüşə gələnlər də səndən çox razılıq edirdilər...

- Mən bura gələndə... vəziyyət o qədər də ürəkaçan deyildi. Dedim, evinizdə öz ailənizin, uşağınızın yanında rahat yat­­maq istəyirsinizsə, dustaqları da bir düşünün, onlar azad­­lıqdan mərhum ediliblər, insanlıqdan yox... İndi çox sə­li­qə-sahman yaranıb, təmir işləri görülüb...

Qəribə idi, o, “təmir etdirmişəm”, “qayda-qanun ya­rat­mışam” “görüş otaqları düzəltdirmişəm” ifadələrini di­linə gə­tirmirdi. Onun İnsan oğluna İNSAN münasibəti mə­ni va­leh edirdi. Mamed – bizim “Polad Ələmdar” təm­kin­lə da­nı­şırdı. Özü haqqında danışmağın, sanki kamilliyə zidd oldu­ğu­nu bilirdi. İnsanın xarakteri onun taleyini, cəmiyyət hə­yatında rolunu, missiyasını təyin edir. Mamed kimi kamil adamların qəlbi sapsağlam, fikirləri qısa olur. Belə müdrik adamlar şəxsi ağrı-acılarını daş kimi ayaq­ları­nın altına qo­ya-qoya insanlığın ZİRVƏSİNƏ qalxırlar. Doğ­ru­dan da hə­yatda gördüyüm Mamedlə filimdə gördü­yüm Polad Ələm­dar kimi adamlar cəmiyyətin vicdanı idilər. Al­la­hın bizə bəxş etdiyi ÖMRÜ hərəmiz bir cür yaşasaq da, CƏMİYYƏT qarşısında borcumuz eynidir; istər vətəndə yaşa, istər qür­bətdə! Həbsxanada, ya da azadlıqda olmağın nə fərqi var? Mən Moskvada da Mamedin dinindən, irqin­dən asılı ol­ma­yaraq adamlara etdiyi xeyirxahlığın şahidi ol­muş­dum.

- Mamed, istəyirəm sənin barəndə bir kitab yazım.

O, mənalı baxışlarla məni süzdü. Siqaretinə dərin qullab vurub dedi:

- Buna ehtiyac yoxdur!

Mən inad etdim:

- Hər gün metroda kitab satılan köşklərə baxıram. Lotu Bəx­tiyarın, Dağlı Cavanşirin, Hikmətin və başqaları haq­qın­da kitablara oxucular böyük maraq göstərirlər. Alırlar da...

- Sən o kitablardan birini də oxumayıbsan. Dediyin “vor­­lar” haqqında çıxan kitablar məni qane etməyib. Kim bi­­lir ki, nə vaxtsa o kitabları yazanlardan bunun “səbəbini” so­ran olmayacaq? Ona görə deyirəm, hələ ki, ehtiyac yoxdur.

Birdən mənə elə gəldi ki, Mamed onun barəsində kitab yazmaqda əsas məqsədimin maddi durumumla bağlı oldu­ğunu düşünər. Dedim:

– İnan, əgər bu kitabı – səni mənim qədər tanımayan başqa biri yazsa, bağrım çatlayar...

O, bu söhbətə təkrar qayıtmamaq üçün qəti şəkildə de­di:

– Narahat olma! Əgər mənim haqqımda kitab yazmağa ehtiyac duyulsa, onda o kitabı sən yazarsan!

Sonra biz ordan-burdan söhbət etdik. Mamedə tez-tez zəng gəlirdi.

– Bura çox jurnalistlər gəlib, qəbul etməmişəm.

– Mən yenə də sənin məkanına jurnalist kimi gəlmə­mi­şəm. Bu görüşü də xatirə kimi qəlbimə yazacağam, qəzetə-fi­lana yox...

Mamed bu görüş vaxtı neçənci siqareti yandırdı, onu de­yə bilmərəm. Ancaq fikir verdim ki, istər Moskvada, istər Ma­­sallıda, istərsə də burda – həbsxanada adəti üzrə o, siqare­ti­ni kibritlə yandırırdı. Eynən köhnə – qədim kişilər ki­mi.

(Görəsən, alışqanla yandırılan siqaretlə kibritlə yandırı­lan siqaretin fərqi nədir? – Düşünsəm də, bu sualı ona ver­mək­dən vaz keçdim. Çox sonralar dayısı Fəxrəddin bildirdi ki, bu, elə kömür samovarının çayı ilə elektrik samovarının çayı arasında olan fərq kimi bir şeydir.)

Mamed növbəti dəfə telefonu əlinə götürdü. Bu dəfə ona zəng gəlməmişdi. Ekranda qara saata baxdı və mənə:

– Qapım üzünə açıqdır, – dedi, – istədiyin vaxt gələ bilərsən...

Xudahafizləşmək anı çatmışdı. Dedim ki:

– İnşallah, sən burdan çıxana kimi mütləq bir-iki dəfə gələcəyəm!

– Allah qoysa! – dedi.

...və beləcə növbəti görüş ümidi ilə ayrıldıq.

KÖHNƏ HAMAM, KÖHNƏ TAS

Biz Rüşvət adlı ictimai BƏLA ilə mübarizədə əsgərlər

üzərində kiçik qələbələrə öyünürük... RÜŞVƏTin

ATAMANl, KARDİNAL və GENERALLARI bizi

həmişə MƏĞLUB edib, edir, edəcək də... Vəssalam!

...Çıxanda dəmir dolabdan telefonumu çıxarıb əlində tutan zabit:

- Qədeş sizi, yəqin ki, yaxşı yola saldı. Bizə şirinlik ve­rirsən?

Mən təəccüblə soruşdum:

- Qədeş məgər burda bank üstündə oturub?

- Dünən onun yanına bərkgedən adamlar gəlmişdi.

Onun həyasızlığı məni yalan danışmağa məcbur etdi. Bir də düşündüm ki, jurnalist olduğumu desəm, gələn dəfə məni Mamedlə görüşməyə çətin buraxalar.

– Bərkgedən adamlardan mənə nə? Mən sadə bir kənd müəllimiyəm, pulum olsa, bu, əsgərə verərəm, sənə yox...

Nə isə... İki manat çıxarıb əliavtomatlı əsgərə uzatdım: – Əgər bu əsgər olmasa nə mən kənddə uşaqlara rahat dərs verə bilərəm, nə sən vəzifə borcunu bu cür yerinə yetirər­sən!

Nəhayət, onun işarəsindən sonra əsgər pulu götürdü. Te­lefonumu alandan sonra: “Allah qoysa, gələn dəfə sənə də “hörmət” edərəm dedim.

Sanki o, qəlbində mənə: “Allah qoysa da, mən qoyma­yacağam!” – dedi.

Və bir-iki aydan sonra “Qara sarmaşıq” romanımı Mamedə vermək üçün gələndə o məni tanıdı.

– Qədeşın yanında Rusiyadan çoxlu qonaqlar var... Sonra gələrsən.

Sonra... Həbsxana nəzarətçiləri deyəsən, mənim qələm adamı olduğumdan xəbər tutmuşdular. Onların informasiya top­lamaqda “mahir” olduqlarını avtoqrafla Mamedə göndə­ril­miş “Bayırdan Bayıla səyahət” adlı kitabla tanış olanda bil­dim. Onu da deyim ki, bu maraqlı “Məhbəs gündə­liyi”ndə Mamed haqqında kiçik qeydlər olsa da, elə mənim kitabım kimi onu da “ünvanına” çatdırmaq mümkün olmamışdı.

news-inner-user

16519 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Gənc şairin ilk kitabı çap olunub
09:42 24 Sentyabr 2020
Səməd Vurğun 50 yaşında ölməyibmiş – Filosof yazır...
08:58 24 Sentyabr 2020
Məmməd Aslana halallıq - Şərif Ağayar yazır...
20:57 23 Sentyabr 2020
"Qəlbimin palitrası"ı təqdim olunacaq
18:51 23 Sentyabr 2020
10 ilə çəkilən film - Video
18:12 23 Sentyabr 2020
Atamın gələ bilmədiyi günlərdən çıx gəl - Fəridədən müharibə şeirləri
17:29 23 Sentyabr 2020
Qəni Camalzadənin sosial-bədii nəsri - Aydın Xan yazır
16:47 23 Sentyabr 2020
“Uliss”in tərcüməçisi dünyasını dəyişdi
16:08 23 Sentyabr 2020
Aqil Abbas: "Dağlıq Qarabağda vətəndaşlığımızı qəbul edən ermənilərlə işimiz yoxdur"
15:30 23 Sentyabr 2020
Şəbnəm Tovuzlunun erotik dərdi
14:49 23 Sentyabr 2020
Lalə Məmmədova həmkarlarını qınadı: "İcra başçılarından qorxurdunuz?"
14:06 23 Sentyabr 2020
Elçin Əfəndiyev: "Çox yaramaz iddiadır" -Məktub
13:29 23 Sentyabr 2020
“Mədəniyyət/Culture” jurnalının növbəti sayı nəşr edildi
12:51 23 Sentyabr 2020
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyamızın banisi haqqında maraqlı faktlar
12:06 23 Sentyabr 2020
“Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabının imza günü olacaq
11:17 23 Sentyabr 2020
İnternet yoxdursa, necə olacaq? – Əyalətin təhsil dərdi
10:45 23 Sentyabr 2020
Nobel mükafatının təqdimat mərasimi təxirə salındı
10:16 23 Sentyabr 2020
Tom Kruzun kosmosa gedəcəyi tarix bəlli oldu
09:44 23 Sentyabr 2020
Ömər Faiqin İngiltərədə yaşayan nəticəsi: "Mirzə Cəlil babamın qollarında can verib" - Müsahibə
09:00 23 Sentyabr 2020
Tanınmış bəstəkara ağır itki üz verdi
18:41 22 Sentyabr 2020