news-inner
clock09:00 calendar-gray 30 İyun 2013 view-gray5123 dəfə oxunub
view-gray5123 dəfə oxunub

46 yaşında intihar edən azərbaycanlı şair - ARAŞDIRMA

Bu gün tanınmış şair Sərdar Əsədin anım günüdür. Kulis.az onun haqqındakı araşdırma yazısını yenidən təqdim edir.

"Özüm olmadığım təqdirdə mənim arxivim Məmməd Araz, Ələkbər Salahzadə, İsa İsmayılzadənin diqqətli qayğısı ilə açıla bilər. Sərdar Əsəd. 17.XII. 1971".

İstedadlı şair Sərdar Əsəd bu sətirləri yazdıqdan cəmi dörd il sonra 46 yaşında özünü asaraq intihar edib. Onu yaxından tanıyanlar, yaradıcılığı ilə tanış olanlar Sərdar Əsədin istedadını hökmən etiraf edir. Bəli, o həqiqətən istedadlı idi. Ancaq nədənsə, Sovet rejiminin xofu çoxdan dağılsa da, bəziləri Sərdar Əsədin sovet rejiminə müxalif olduğunu deməkdən çəkinir. Atası kimi o da Sovet rejimini sevmirdi. Bir şair kimi, bir insan kimi onun bütün faciələrinin kökündə bu dayanırdı.

Sərdar Heydər oğlu Əsədov (Sərdar Əsəd) 1929-cu ildə Cəbrayıl rayonun Soltanlı kəndində dünyaya gəlib. Atası Heydər kişi və anası Həsyə xanım savadsız, təhsilsiz sadə kəndli idilər. Buna baxmayaraq atası Sovet quruluşu əleyhinə mübarizə aparıb. At çapmağı, qolunun gücü ilə ad çıxarmış Qaçaq Heydər, sovet rejiminin qatı əleyhidarlarından olub.

1955-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (APİ) filologiya fakültəsini bitirən Sərdar fiziki cəhətdən sağlam və güclü imiş. Hətta APİ-ni bitirdiyi il, inistitutlararası ağırlıqqaldırma yarışında birinci yerə çıxıb.

Sovet rejiminin sərt vaxtlarında, rejimə qarşı döyüşən bir qaçağın oğlu olmaq asan məsələ deyildi. Heydər kişini qaçaqçılıqdan çəkindirmək üçün anasını və böyük bacısını Sibirə sürgün edirlər Sərdarın...Qarşılaşdığı bu ədalətsizlik onun yaddaşında dərin iz buraxır. Sonradan Heydər kişi qaçaqçılıqdan əl çəkir, Sərdarın anası ilə bacısı Sibir sürgünündən azad olunur.

Qoçaqlığı dillərə dastan olan Qaçaq Heydər dəyirmanda fəhlə işləməyə başlayır. Yeganə təsəllisi oğlunun qəzetlərdə çap olunan şəkillərini həmkəndilərinə göstərib öyünmək imiş.

Sərdar 1955-ci ildə APİ-ni bitirir və Süleyman Rəhimovun köməkliyi ilə “Ədəbiyyat və incəsənət" qəzetində işə düzəlir. Tələbəlik illərindən yaradıcılıqla məşğul olan Sərdar Əsədin uğurlu yaradıcılıq karyerası buradan başlayır. Əlfi Qasımov, Əli Kərim, Tofiq Bayram, Məmməd Araz, Ələkbər Salahzadə, Səttar Bəhlulzadə kimi dövrünün tanınmış simaları ilə dostluq edən şair, tez bir zamanda parlaq istedadı ilə özünə yol açmağı bacarır. Cəmi üç il çalışdığı qəzetən 1958-ci ildə çıxarılır. Şahidlər, araşdırmaçılar nədənsə bu məsələnin üstündən keçir. Sərdar Əsədin nə üçün işdən çıxarılmasını heç kəs yazmır, dilə gətirmir. Görünür o dövrün xofu çoxlarının canına hələ də üşütmə salır...

Əlisa Nicat yazır ki, Sərdar Əsəd sovet rejiminin sevmədiyi adam idi. Bəli, atası qaçaq olmuş şairi, istedadı gündən-günə çiçəklənən bir insanı qəbul etmək olduqca çətindi. Gənc Sərdarın düşüncələri, fikirləri rejimə sərf eləmirdi. Elə buna görə də Sərdar Əsəd uzun illər işsiz qalır.

İşsizlik və içki aludəçiliyi

1963-cü ilə qədər, 5 il işsiz qalır və bu hadisə onun həyatında böyük travma olur. İşsizlikdən və pulsuzluqdan içkiyə qurşanır...

1963-cü ildə qısa müddət ərzində nəşriyyatların birində işə düzəlsə də, bu, uzun sürmür. İşsizlik və içkiyə aludəçilik onun həyatını zəhərləməyə başlayır.

Sonuncu iş yerindən ayrldıqdan sonra əsəbləri tamamilə pozulur. Günü-gündən gərginləşən psixoloji durumu şairin məhvini sürətləndirir. Yazının əvvəlində verdiyimiz qeydi yazanda yaradıcılığının çiçəklənən vaxtları idi. “Simlərin tufanı” adlı kitabı məhz 1971-ci ildə, şairin şüurlu surətdə ölümü düşündüyü dövrdə çap olunub. Psixoloji durumu sabit olmasa da, şair yaradıcılığını davam etdirir. Ölümünə bir il qalmış, 1974-cü ildə “Yer ulduzu” kitabını çap etdirə bilir. Amma yaradıcılıq uğurları onu intihar fikrindən daşındırmır.

Sərdar Əsədin yaradıcılığı

Sərdar Əsəd kifayət qədər ciddi şəkildə yaradıcılıqla məşğul olub. Çap olunan kitabları, dillərdə gəzən şeirləri bunu deməyə əsas verir. Tənqidçi Vaqif Yusifli onu istedadına görə Əli Kərim və Məmməd Arazla müqayisə edir. Sərdar Əsədin ilk kitabı “Gənclik illəri” 1957-ci ildə çap olunub. Yaradıcılıq axtarışlarını davam etdirən şair, sonralar “Səni axtarıram” (1960), “Yanan memar” (1963), “Cərrah ürəyi” (1965), “Simlərin tufanı” (1971), “Yer ulduzu” (1974) kitablarını çap etdirir. “Meşədə qonaqlıq” və “Gözəl” kitabları, Bartodan, Rodaridən etdiyi tərcümələr onun necə məhsuldar qələm adamı olmasının bariz nümunəsidir.

Məmməd Araz Sərdar Əsəd haqqında xatirələrində yazır: "O (S.Əsəd) deyirdi: "Mən balaca bir qələm sahibiyəm. Təzə şeir işləyəndə xəlvətə çəkilirəm ki, görən olmasın. Qələm sözümə baxmayanda elə bilirəm ki,onun düzgün şırım açmadığını kimsə görür, kimsə onu əlimdən qapıb sındırmaq istəyir. Qələmin də fəhmi var. O, canlıdır, o, xış kimi, kotan kimidir. Naşı əl torpağa xəyanət eləyir. Onun açdığı şumu malalamaq, toxum səpmək olmaz, olsa da cücərti alınmayacaq. İlahi, gör hələ Füzuli olan şəxs nə sarsıntı keçirib".”

Nakam şairin, nakam dostu

Deyilənə görə Sərdar Əsədlə Əli Kərim bərk dost olub. Sərdar Əsədlə bağlı yazılan məqalələrin çoxunda bu məqam lirik-sentimental notlarla xatırlanır. Müəlliflər onların nakam taleyi arasında oxşarlıq axtarmağa çalışır. Bəli, hər iki şair yaradıcılıqlarının çiçəklənən dövründə dünyadan köçüb.

Bir vacib məqamı da qeyd etmək lazımdır ki, hər iki şairi istedadları məhv edib. Həkimlər Əli Kərimin ölümünün səbəbini “ürək çatışmazlığı”nda görsələr də, onun ölümündə ən böyük günahkar parlaq istedad və içkiyə aludəçilik. Elə Sərdar Əsədin də intiharında bu məqamları tapa bilərik. O da 50-ci illər ədəbiyyatının parlaq nümayəndəsi idi. İstedadını qısqananlar, yolunda əngəl olanlar az deyildi. Eyni taleyi Əli Kərim də yaşayıb. Hər ikisinin içkiyə qurşanması və məhz dolayısı ilə bu səbəbdən dünyalarını dəyişmələri çox mətləblərdən xəbər verir.

Məncə ədəbiyyatımızın bu dönəmi, Əli Kərimin, Sərdar Əsədin ədəbiyyata gəldiyi 50-ci illər daha dərin araşdırma tələb edir.

İstifadə edilən mənbələr:

1. Vaqif Yusifli. “SərdarƏsəd-Sevgidənintihara”, “Ulduz” jurnalı-2012(3)

2. Savalan Fərəcov. “Şair ürəyinin çırpıntıları”, “Mədəniyyət” qəzeti, 02.07.2010

3. Prof. Qəzənfər Kazımov. “Sərdar Əsəd kifayət qədər bədii irs qoyub gedib”, “Xalq cəbhəsi” qəzeti, 18 iyun 2011-ci il

Sərdar Əsədi daha yaxşı tanımağınız üçün onun bir neçə şeirini də təqdim edirik:

İllər ayrısı

Ye­nə eşi­di­rəm hə­min lay­la­nı,

Ye­nə saç­la­rım­da yum­şaq əl gə­zir.

Ha­nı ke­çir­di­yim o gün­lər, ha­nı,

Tu­tub di­kəl­mə­yə uşaq, əl gə­zir.

Ay il­lər, sə­nin­lə gəl qu­caq­la­şım,

Mə­sum kör­pə­li­yi ye­nə anı­rıq.

Nə­dən­sə üs­tüm­də dur­ma­yır ba­şım,

Ye­nə­mi be­şik­də yır­ğa­la­nı­rıq?!

Ana, nə de­yir­sən sən qu­la­ğı­ma,

Bəl­kə söy­lə­yir­din ya­man kü­rəm mən?..

Mə­nə de­yər­din ki, qaç qu­ca­ğı­ma -

Hə­lə də ya­nı­na yü­yü­rü­rəm mən!

Ağlayar

Alagöz­lər köl­gə­lən­sə,

Qaş ça­tı­lar, göz ağ­layar.

Yaz ya­ğı­şı yağ­sa ye­rə,

Çə­mən çi­mər, iz ağ­la­yar!

Ya­da ver­mə ürə­yi­ni,

Dost göz­lə­sin kü­rə­yi­ni!

Na­mərd ye­sə çö­rə­yi­ni

Ocaq sö­nər, köz ağ­la­yar!

Gö­yün hir­si çə­ki­lən­də,

Yer­lə­rə nur tö­kü­lən­də,

Qış ötü­şüb yaz gə­lən­də,

Don açı­lar, buz ağ­la­yar.

Sehrlə­yib mə­ni ma­sam,

Gə­rək qəl­bə qu­laq asam.

Hər gün onu ox­şa­ma­sam,

Qə­ləm kü­sər, söz ağ­la­yar!

Kö­nül, qə­mə heç ver­mə can,

Mə­həb­bə­tin odun­da yan.

Ca­van get­sək bu dün­ya­dan,

Qa­rı gü­lər, qız ağ­la­yar.

Gecədən nə qaldı

Gün düş­dü duy­ğu­lar pən­cə­rə­si­nə,

Sə­hər müj­də­si­nə açıl­dı qa­pı -

Qa­nad­lı sor­ğu­lar üs­tü­nü al­dı!

Yu­xu­suz ge­cə­dən mə­nə nə qal­dı;

Qı­za­ran göz­lə­rin ra­hat əza­bı,

Ra­zı və­rəq­lə­rə bo­şa­lan si­nə,

Do­lu kül­qa­bı.

Şəlalə sevgisi

Zir­və­dən zir­və­yə aşan dağ­la­rın,

Üzü ömür­lə­rə bo­za­ran de­yil!

İl­dı­rım nə­rə­si da­şan dağ­la­rın,

Şə­la­lə sev­gi­si qur­ta­ran de­yil!

Zər­rə­lər çi­lə­nir nur bo­ya­la­ra,

İçib do­ya­na­can gün işı­ğın­dan!

Də­rə­lər söy­kə­nib o qa­ya­la­ra,

Ası­lıb şə­la­lə sar­ma­şı­ğın­dan!

Ka­ha­lar qış­qı­rır eh­ti­ya­cı­nı,

Bu­laq­lar du­ru­lub gö­zü­nü qır­pır.

Şə­la­lə bir gö­zəl yo­lub sa­çı­nı,

Zir­və­dən zir­və­yə özü­nü çır­pır.

Çay­la­rı çe­vi­rir ax­ta­rış­la­ra,

Yox­dur şi­ka­yə­ti - su yox­lu­ğun­dan.

Qay­çı qə­dəm­lə­rə, buz ba­xış­la­ra

Da­şır əsrlə­rin so­yuq­lu­ğun­dan.

Yad­daş­dan yad­da­şa oya­nıb ya­tır,

Se­vi­nir - sə­si­nə səs qo­şan­la­ra!

Ək­si­ni gör­mə­yə ay­na­lar tu­tur

Sir­li sıl­dı­rı­mı dır­ma­şan­la­ra!

Qa­çır bə­növ­şə­yə, uçur la­lə­yə,

Çə­mə­n cəhlimi­nə to­xu­yur çə­ləng!

Qo­vuş­maq is­tə­sən o şə­la­lə­yə -

Şə­la­lə qüv­və­si ta­pa­san gə­rək!

Ağacın meyvəsi, saçın çiçəyi

Çö­küb­dü bağ­la­rın şi­rin ba­rı­na,

Əl­də­ki qa­ba­rın nə sir­ri var­mış!

...Çək­mi­şəm əli­mi ağ saç­la­rı­na,

Sa­çın ağ çi­çə­yi əlim­də qal­mış!

Anam

Ba­dam bax­dı ba­ğım­dan,

Ba­har ya­xa­lı anam!

Şe­ir sər bar­ma­ğın­dan

Sö­zü yı­ğı­lı anam.

Əri­yər­di o sir­də,

Qə­zəb daş da, də­mir də.

Bü­töv yu­xu ömür­də

Ya­rı yu­xu­lu anam.

Ne­cə ya­tım tək­li­yə,

Qay­ğı­dan sey­rək­li­yə.

Əvə­lik köv­rək­li­yə,

Dar­çın qo­xu­lu anam.

Başdaşında gözəl

Ye­nə hə­min gö­zəl­di­mi,

Sev­mə­li yaş­da ağ­la­yır.

Bəx­ti qa­yıt­dı gəl­di­mi,

Cı­ğır da qaş­da ağ­la­yır.

Yor­ğun dü­şüb bö­lük­lə­ri,

Uşaq­la­şıb bö­yük­lə­ri.

Uzaq­la­şıb hö­rük­lə­ri,

Saç­la­rı baş­da ağ­la­yır.

Ya­na­ğı gün­dən al­la­nır,

Bir xə­zəllə sı­ğal­la­nır.

Kir­pi­yin­dən şeh sal­la­nır,

Buz­la­rı qış­da ağ­la­yır.

Do­nub gö­rün­məz qor­xu­ya,

Su­sur ca­vab­sız sor­ğu­ya,

Ayıl­maz, ge­dib yu­xu­ya,

Göz­lə­ri huş­da ağ­la­yır.


Gör­mür özü gün­dü­zü­nü,

Dön­də­rib dostdan izi­ni.

Əliy­lə ör­tüb üzü­nü

Hey­kə­li daş­da ağ­la­yır.

Oxşar xəbərlər

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020