Sağlığında özünə ehsan verən söz adamı

Sağlığında özünə ehsan verən söz adamı
1 aprel 2013
# 09:28

Kənan Hacı

Bu yazını 2005-ci ilin martında, Aqil Abbasın doğum günü ərəfəsində yazmışam və yazı həmin ilin 27 martında “Press-publika” qəzetində dərc olunub. Arxivimi xeyli ələk-vələk edəndən sonra nəhayət, yazını tapdım və yenidən oxudum. Nöqtə-vergülünə toxunmadan kompüterə köçürdüm. Bu yazıyla əziz və əbədi dostumuz Aqil Abbası təbrik edirəm!

“...Hamısı düşür yadıma. Qacarın ucsuz-bucaqsız qoşunu da! Atların dəli kişnərtiləri qulağımdadır. Kəndimizin üstündə Məmməd bəy Batmanqılıncla Qacarın son və qəti döyüşünü də xatırlayıram. Mən həmin döyüşdə atın altında qalmışdım, qılınc sağ çiynimi parçalamışdı, buğlana-buğlana axan qanımın ətrindən yavaş-yavaş uyuyurdum. Hamısı düşür yadıma – amma qırıq-qırıq, təkcə harda öldüyümdən savayı. Bir qızıl ox uçurdu mənə sarı – o da yadımdadı, sonrası yadımda deyil. Bir də o yadımdadır ki, sinəmə nə isə dəydi. Nə?! Bilmirəm. Amma ağrını indi də hiss eləyirəm”.

“Batmanqılınc” romanından

Bu ağrı olmasaydı, “Batmanqılınc” romanı yaranmazdı. Bu ağrı olmasaydı, heç Aqil Abbas da olmazdı yəqin. O, bir əli publisistikada, bir əli nəsrdə olan yazıçıdır. Onun portretinə cizgilər vermək çətin, həm də çox çətindir. Çünki portreti mümkün çərçivələrdən çox böyükdür. Həmin o ağrının rəsmini nə cür çəkəsən, rəngini necə tapasan?!

Azərbaycan jurnalistikasında Aqil Abbas məktəbi öz əsasını çoxdan qoyub. Bu gün artıq 15 yaşa çatan “Ədalət” qəzeti (yazı 2005-ci ildə yazılıb – K.H) demokratik düşüncənin, azad sözün cıdır meydanına çevrilib. İdarəetmədə diktatorluğa üstünlük verən Aqil Abbas qəzeti gənc ədəbi nəslin ixtiyarına verib və bununla da həmçinin ən böyük demokrat olduğunu sübut edib. O, proqnozlarında yanılmayan bir insanşünasdır. Kimin nə dərdi-səri varsa, onun üstünə qaçır. O, hamıya kömək etməyə çalışır, əlindən nə gəlirsə...

Aqil Abbas həmişə etirazlarında haqlıdır. Çünki o, çoxlarının deyə bilmədiklərini və demək istəmədiklərini qısa və konkret deməyi və yazmağı bacarıb. İstənilən səviyyədə, istənilən miqyasda. Azad söz harda büdrəyibsə, Aqil Abbas qələmini o sözə dayaq edib. Sözün ərazi bütövlüyünü qoruyub.

Etiraf etsək də, etməsək də Aqil Abbasın gördüyü işlərin miqyası öz siqlətinə və keyfiyyətinə görə heç kəslə müqayisəyə gəlmir, son 15 illik ədəbiyyat və mətbuat tariximizin bütün ərazilərinə yansıyır. Onun ən böyük “azarı” şöhrət azarıdır. Özü bunu etiraf edib. “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” kitabında: “Ölürəm şöhrətdən ötəri. Birtəhər də o şöhrəti qazanıb, çıxıb gedəcəyəm cəhənnəmə”.

Hansı yazıçı, şair və yaxud siyasət adamı deyirsə ki, mən şöhrəti sevmirəm, gözünün içinə qədər yalan deyir. Ümumiyyətlə, insan şöhrəti sevməsə, yaşaya bilməz. Gəlin görək, Azərbaycanda hansı yazıçı, bəstəkar, alim və s. bu etirafı dilinə gətirib?

Olduqca emosional, ekstremal şəraitlərdə isə kifayət qədər soyuqqanlıdır Aqil Abbas. Elmar Hüseynovun qətli ilə bağlı mətbuatı başına götürən hay-küy müqabilində bu hadisəyə ən obyektiv şərhi “Ədalət” qəzetində Aqil Abbas verdi. Onlarla yazı içərisində təkcə onun yazısı yaddaşıma həkk olundu.

Biz öz müharibəmizdə arxa cəbhənin yoxluğunu zaman-zaman hiss etməkdəyik. Bizim müharibəmizdən əsgər məktubları qalmadı. Müharibə dövrünün poçtalyonlarını da heç kim xatırlamayacaq. Amma mən əminəm ki, Aqil Abbasın yazıları gələcəkdə əsgər məktubları kimi oxunacaq.

Aqil Abbas heç vaxt sözü bəzəmir. Onun sözü həmişə çılpaqdır. Sözü şappadan üzə deyir və qəribədir ki, heç kim ondan incimir.

Zamanı gözləmək olmaz, mütləq ona təkan vermək lazımdır. Aqil Abbas zamana təkan verməyi bacaran təklərdəndir. Mehdi Bəyazidin onun haqqında dediyi məşhur bir ifadəni xatırlayıram: “Qiyamət günü Aqil Abbası cənnətlə cəhənnəmin arasında ora-bura dartışdıracaqlar”.

Sağ ol, ay Mehdi Bəyazıd! Nə gözəl demisən?! Aqil Abbası tanıyıb sevənlər üçün bu fikrin şərhinə ehtiyac yoxdur.

Aqil Abbas qədər savab yiyəsi olan insanları bu məmləkətdə barmaqla saymaq olar. Zaman onun da həyatında öz yerişini yeriyir və bu zamanın ayaq izlərini ötəri küləklərin gətirdiyi qum burulğanları silmək iqtidarında deyil. Çünki bu yol Aqil Abbas yoludur.

O, hər gün özü üçün ehsan verir. Və bəlkə də sağlığında özünə ehsan verən yeganə söz adamıdır.

P.S Aqil Abbasın bu dünyayla zarafatı 1 apreldə anadan olmasıyla başladı. Neçə illərdən bəri bu zarafatla bizə könül rahatlığı verdiyi üçün Aqil bəyi təbrik edir, ona can sağlığı və yaradıcılıq uğurları arzulayıram!

# 2184 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #