news-inner
clock12:41 calendar-gray 08 Fevral 2013 view-gray1832 dəfə oxunub
view-gray1832 dəfə oxunub

Qiyamət günü

Atəş Sultanov

Sümbül xalanın narahatlığı getdikcə artırdı. Son günlər qiyamət günü barədə söz-söhbətləri qulaq ardına vurmağa çalışırdı, amma deyəsən əbəs yerə. Televizorda, küçədə, dükanda, evdə mövzu “21 dekabr” idi, hamı bir ağızdan həmin gün dünyanın zülmətə təslim olacağından, Sümbül xalanın başa düşmədiyi, anlamadığı təqvimdən, qədim yazılardan və faldan-zaddan danışırdı. Axır, bir gün əvvəl dözməyib oğluna zəng etmişdi. Nə də olmasa ali savadlı oğlan idi, az-çox dünyanın gəlişindən-gedişindən baş çıxarardı. Düzdür, oğlu 28 yaşı haqlasa da, aldığı diplomun ona hələ ki, isti-soyuğu yox idi, işsiz-gücsüz, bivec fırlanmaqdan, bekarçılıqdan məhəbbəti özünə məşğuliyyət seçmiş, onun ucundan tutub ucuzluğa, yəni evlənməyə qədər gedib çıxmışdı. Artıq 3 il idi ki, evli idi, həyat yoldaşı məktəbdə müəllimlik edir, ayda evə ən yaxşı halda 200 manat gətirirdi. Bu ailə də dünyanın səkkizinci möcüzəsini yaradan o biri azərbaycanlılar kimi bu gəlirlə yaşayırdılar, amma necə yaşayırdılar ondan heç fələk də baş çıxara bilmirdi. Üstəlik hələ toylarda, xeyir işlərdə oğlu boynu qalstuklu, gəlini isə üzərində 5-6 kiloqramlıq qızılla toy zalına elə şəstlə daxil olurdular ki, sanki dağı-dağ üstə qoyublar. Oğlunun işsizliyinə görə anası gileylənirdi, amma onu qınamırdı, düşünürdü ki, oğlunun günahı yoxdu, oxuyub, diplomunu alıb, vəssalam, daha uşaq bundan artıq neynəməlidir. Deyirdi ki, adamın gərək adamı olsun ki, işə düzəltsin. Oğlu isə iş tapa bilməməyinə görə özündən başqa hamını, hətta o üzlü-bu üzlü bütün dünyanı günahlandırırdı.

İşsiz qaldığına görə onun günahkar siyahısına az qala BMT-nin baş katibi Pan Gi Mun, ABŞ prezidenti Barak Obamadan tutmuş ölkənin bütün məmurları düşürdü. Tanıdığı uşaqların çoxdan işlədiyini, müxtəlif sahələrdə mənsəb sahibi olduğunu xatırladanda isə hərəsinə bir bəhanə tapırdı: Elnur məlum regiondan olduğu üçün iş tapa bilib, “İftixarın yerlisi var idi, qabağa çəkdi”, “Müseyib imkanlı qızla evləndi” və s. Anası da oğluna inanırdı, inanırdı ki, dünya haqsız dünyadı, adamsız yaşamaq mümkün deyil, hələ bir gəlinini də qınayırdı ki, oğluna iş tapmırlar, əsəbiləşəndə oğlunun söhbətlərini yada salırdı: “O deee filankəs, aldığı qızın atası ev də verdi, işə də düzəltdi. Bizim bəxtimizə də ac çıxar!”

Amma indi Sümbül xalanın dərdi o dərd deyildi. Qiyamət günü barədə söz-söhbətlər onu narahat etməyə başlamışdı. Qızı Rusiyada alver edən bir qohumunda ərdə idi, amma kürəkənin vaxtını və hisslərini pul qazanmaqdan çox rus arvadlarına xərcləməsi onların vəziyyətini ağırlaşdırmışdı. İndi geri qayıtmağa nə üzləri vardı, nə də həvəsləri. Oğlu isə evləndikdən sonra ayrı yaşayırdı, hətta çərxi-fələk atasını iki il əvvəl dünyadan aparandan sonra da anasının yanına qayıtmamışdı. Sümbül xala onu təkidlə çağırmırdı, ümid edirdi ki, qızın atası gec-tez insafa gəlib onlara ev alacaq, ya da evində sığınacaq verəcək. Həm də çağırsa nə xeyri vardı ki?! Öz təqaüdü ilə yaşayan, çuvalını birtəhər sudan çıxaran arvada yaşının ahıl vaxtında əlavə yük olacaqdı. Bakıda anasının pensiya kartı ilə fırlanan nə qədər “bomba oğlanlar” var, bu da onlardan biri olacaqdı.

Sümbül xala ilk dəfə idi ki, tək yaşamağına görə peşmanlıq hissi keçirirdi. Onu nə aldığı pensiyanın azlığı, nə işıq pulu dərdindən soyuq qışı qızdırıcısız keçirməyi, nə ətin qiymətinin yüksək olması belə qorxutmuşdu. Qiyamət günü nə edəcəkdi, hara qaçacaqdı, zülmət qaranlıqda kimin qapısını döyəcəkdi? Bükülmüş və zəifləmiş qaməti ilə qiyamət gününə təkbaşına sinə gərməli idi. Odur ki, hazırlıq görməyə qərara aldı, yerindən durub yataq otağına keçdi, qayçı da götürdü, döşəyini dartıb azacıq çevirdi və tikişini sökməyə başladı. Əlləri əsə-əsə birtəhər söküb əli ilə iç tərəfdən döşəyə tikilmiş kisəni tapdı və onu da qayçı ilə sökərək çıxartdı. Kisədə müxtəlif əskinaslarla bir qalaq pul var idi. O, bu saxlancı ərinin yas yerinə yığılan puldan ayırıb kəfən pulu adı ilə saxlamışdı ki, ölsə uşaqların ümidinə qalmasın. Amma məqam o məqam deyildi, qiyamətdə nə kəfən, nə çadır. Hələ dünən qonşusu Zöhrə arvad deyirdi ki, günəş qaralajax, zulum olajax, yemək-içmək olmayajax, yaman ajdıx olajax...Zöhrə arvada da məhlənin bütün arvadları inanmağa məhkum idi. Ömür boyu bir işin qulpundan tutmamış, ərinə yemək bişirib, paltar yumaqla missiyasını tamamlamış bu qadının məhlə arvadlarının həsəd aparacağı analitik qabiliyyəti vardı. Əri işə gedəndən gələnə qədər gah balkondan, gah da məhlədəki tut ağacının altından bütün binanı güdər, kimin nə işlə məşğul olduğunu yaxşı bilər, bildiyi üçün də yozumları maraqlı olardı. Zöhrə xalanın brifinqləri məhlə arvadları üçün vacib idi: kimin qızı hansı maşından düşdü, kimin arvadı nə geyindi, kimin kişisi evə yaxşı bazarlıq elədi...Bu məlumatlar işsiz, evdə oturan qadınlara ailə və əri idarə etmə strategiyasında prioritetləri müəyyən etməkdə çox işə yarayırdı. Belə arvadla bir çox Azərbaycan kişiləri fəxr edərdi, hətta onun rəhmətlik əri arvadı işləyən kişilərə kəm baxar, məclislərdə “arvad nədi işləmək nədi” deyərdi. Məhlənin işləməyən və ya işləsə də, ruhən Zöhrə xalaya yaxın olan qadınları dara düşəndə ondan məsləhət alırdılar. O da qadınları pirlərə, çıldağa, cadulara və falçılara göndərir, yüz işləyən qadından da artıq olması ilə fəxr edirdi.

Sümbül xala evdən çıxıb yaxınlıqdakı dükana getdi, fikrində alacağı azuqələri təkrarlaya-təkrarlaya içəri girib piştaxtaya yaxınlaşdı. Son kəs əmin olmaq istəyirmiş kimi satıcı oğlana üzünü tutdu:

- Ay oğul, 21 dekabrda deyirlər nəsə olacaq...

Satıcı bunu eşidər-eşitməz hırıldamaq istədi, amma özünü saxlayıb cavab verdi:

- Hə, olacaq, xala. Millət yaman hazırlıq görür, hamı yemək, şam, konserv alır. Biz özümüz də evə xeylı yemək-içmək yığmışıq.

Sümbül xalanı soyuq tər basdı. Deyəsən təzyiqi qalxmışdı.

- Ay bala, gəl mənə un, yağ, makaron, verməşil çək, o konservlər necədi? Ondan da bir 10 dənə ver...

Beləcə satıcı aylarla qalan konservləri, cürbəcür qida məhsullarını, şamları Sümbül xalaya uf demədən yüklədi, heç qoca qadının belə ağır yükü necə aparacağı barədə ağlının ucundan fikir də keçmədi. Şıdırğı alver gedirdi, Sümbül xala Qiyamət Gününə hazırlaşan tək adam deyildi ki. Dükandakı qələbəlik qoca qadını həyəcanlandırdı. Qiyamət müştərilərinin sayını itirmişdi: müəllimlər, həkimlər, professorlar, ziyalılar da yaman alver edirdilər. Kimisi 21 dekabra inandığından, kimisi arvadının təkidi ilə, kimisi də “hamı edir mən də edim” düşüncəsi ilə...

Sümbül xala qolu qırıla-qırıla, başı gicəllənə-gicəllənə birtəhər məhləyə çatdı. Torbaları yerə qoyub nəfəsini dərmək istədi, bədəninin bir neçə hissəsində kəskin ağrı hiss elədi, “yəqin ağır götürdüm, ondandır”, deyə düşündü. Yanından ötüb keçən bahalı “Lexus”un pəncərəsindən atılan selofan torbanın şappıltı ilə yerə düşməsi qadının fikrini dağıtdı. Önünə düşən selofanın içindəki zibil idi. Sümbül xala çönüb maşının dalınca baxdı, bina qonşusu idi, varlı və vəzifəli adam idi, ailəlikcə məhlədə heç kəsi bəyənməz, heç kəslə ünsiyyət qurmazdılar. Binaya 2000-ci illərin əvvəlində hansısa rayondan köçüb gəlmişdilər. Heç Zöhrə arvad kimi adam da bu ailənin blokdan maşına qədər məsafəni qət edən zaman hansı ləhcədə danışdığını tuta bilmirdi ki, hansı rayondan olduqlarını müəyyən etsin. Axı, onların hansı rayondan olması “yaxşı və ya pis adam” olmasını təyin etmək üçün vacib informasiya sayılırdı. “Lexus”un sahibi qaşlarını elə çatar, elə dinməz addımlayardı ki, elə bil Binə “tolkuçka”sında obyekt işlədən yox, Bakının bütün göydələnlərinin sahibidi. Onun qırmızı yanaq arvadı isə ara-sıra rus dilində danışmağa cəhd göstərsə də, cəhdi uğursuz və gülməli alınırdı...

Sümbül xala böyük bir əziyyətlə yükünü evə çatdıra bildi, qapını bağlayan kimi özünü mətbəxə atıb stulda oturdu, nəfəsini güclə tənzimləyib gözünü yumdu. Qəfil telefon zəngi onu xəyallardan alıb geri evinə qaytardı, ağır-ağır telefona yaxınlaşıb dəstəyi qaldırdı. Xətdə gələn səs eynini bir az açdı. Danışan oğlu idi:

- Salam mama, necəsən?

- Ay oğul hardasan, niyə bir zəng etmirsən, gəlmirsən? Heç soruşmursan...

Oğlu sözünü ağzında qoydu:

- Yaxşı da mama, vəziyyəti bilmirsən bəyəm? Mama sənə işim düşüb eee...

Sümbül xala işin nə olduğunu yaxşı bilirdi. Ona görə də mövzunu dəyişməyə çalışdı:

- Sən iş tapa bilmədin? Bəs bu dostların, çayxana yoldaşların sənə bir iş tapa bilmir?

- Mama, köhnə söhbətləri təkrarlama daaa. Mənə 100 manat verə bilərsən? Kirayə pulunu vermək lazımdır...

- Ay bala, camaat dekabrın 21-nə hazırlaşır, dünyanın sonudu. Bir demirsən anam nə edəcək, necə olacaq?

- Eeeh mama, qurtar da, tem bolee, hamımız öləcəyik, pul sənin nəyinə lazım...

Qadın oğlunu dinləmirdi, xəyalında cibində qalan pulu, nəzərdə tutduğu xərcləri və qiyaməti fikirləşirdi. Beynində etdiyi haqq-hesabdan sonra oğluna pul verə bilməyəcəyini yəqin etdi. Axı, hələ bazara gedib kartof, kələm və başqa meyvə-tərəvəz almalı idi. Çətin ayaqda meyvə-tərəvəzlə dolanmaq olardı.

- Oğul, bir az pulum vardı, ona da bazarlıq...

Yenə arvadın sözü ağzında qaldı. Oğlunun xahişi, dil-ağızı az sonra hədə-qorxuya keçdi.

- Vermirsən? Bax haa, birdə mənim üzümü görməyəcəksən, oğlunun çətin günündə..

-

- Bundan da çətin gün var, ay bala. Qiyamət Günüdür...

Dəstəkdən aramsız siqnal səsləri gəldi, qadın oğlunun dəstəyi yerə qoyduğunu anladı. Qarışıq hisslər keçirirdi. Tərəddüdə qapılanda “gərək verərdim”, deyə düşündü, sonra qiyaməti xatırlayıb özünün daha çox ehtiyacı olduğunu anladı və təsəlli tapdı.

Oturmaq vaxtı deyildi. Qiyamət gününə az qalmışdı, hamı kimi o da tədarük görməli idi. Kolbasa almadığına görə özünü qınayırdı, kolbasaların soyuq havada uzun müddət qalacağını və yemək üçün tutumlu qida olduğunu düşünürdü. Sümbül xala uzun ildən bəri idi ki kolbasa-sosiska nədi bilməzdi, qonşusu Zöhrə arvad kimi mömin olmaq həvəsinə düşdüyü gündən bəri bu təamı haram hesab edir, ona əlini vurmur, üstəlik də İslamın qaydalarına riayət edirdi ki, qoca vaxtında cənnətlik yer qazansın. Falçıya pul verər, mollanın yazdığı duanı dərin paltar qatında, sinəsinin altında gəzdirər, müasir geyimli qızları lənətləyər, Aşura günü həyətin qadınlarına qoşulub məscidə gedər, gözündən gildir-gildir yaş tökər, heç kəsdən geri qalmamaq üçün dəmirdən düzəldilmiş əl fiqurunu öpər, boğazından kəsdiyi pensiyasından nəzir qutusuna pul atar, ərinin adını yasin oxumaq üçün tutulan siyahıya yazdırardı və bununla da əsl müsəlman kimi rahatlıq tapıb özünün cənnətlik olduğunu zənn edərdi. Amma indi o, kolbasa almaq qərarına gəlmişdi, çünki, Qiyamət Günü elektrikin olmadığı bir vaxtda bundan yaxşı yemək tapılmayacaqdı. Zöhrə arvad da artıq bununla bağlı məhlə qadınlarının aramsız sorğularını nəzərə alıb fətva vermişdi ki, çətinə düşəndə haram yemək günah deyil. Sümbül xala da düşünürdü ki, Qiyamətdən də çətin gün olar?!

Sümbül xala bir az dincəlmək, bir tikə çörək yemək istəyirdi ki, heç olmasa bazara mer-meyvə dalınca gedəndə canı tutsun.

Soyuducudan bir yumurta, bir az yağ, mətbəx rəfindən isə tavanı götürdü. Özünə qayğanaq hazırlamağa girişdi və heç olmasa bununla fikrini dağıdacağına ümid etdi. Bişirdiyi qayğanağı ehmalca nimçəyə qoyub özünə çörək doğradı və otağa keçdi. Yemək yeyə-yeyə televizora baxmaq istəyirdi. İndi o, cəmi bir yumurtadan hazırlanmış qayğanağı yeməyə də xeyli vaxt sərf edirdi, çevikliyini çoxdan itirmiş, astagəlliyi ilə barışmışdı. İndi onu heç tələsdirən də yox idi. Rəhmətlik əri sağ olsaydı, yeməyi tələm-tələsik yeyərdi ki, kişi gələnə qədər süfrə təmizlənsin, yoxsa əsəbiləşərdi. Əslində Sümbül arvad ərinin son illərdə daha çox özünü əsəbiləşən göstərmək istədiyini hiss edirdi, amma köhnə adəti pozmaq istəmirdi, ehtiyat edirdi ki, təqaüdə çıxmış əri arvadının artıq saymazlıq etdiyini düşünərdi. On illərlə bu ənənəyə riayət edən qadın ərinin evə gələndə niyə üzünü turşutduğunu, hansı səbəbdən çəmkirdiyini, kobudluq etdiyini, hətta “yemək gətir” ifadəsini xüsusi tərzdə deməsini sorğu-suala çəkməmişdi. Ona elə gəlirdi ki, kişi elə belə olmalıdı.

İşdə, küçədə, başqa yerdə yad qadınlarla yumşaq olan, bəzən muma dönən əri evə gələndə fərqli obraza girirdi və onun arvadının Azərbaycan kişisinin bu psixoloji sindromunun mənşəyini axtarmağa nə intellekti çatırdı, nə də həvəsi. Həm də məhlədə işsiz-gücsüz oturan qadınlar da “ağız bizimki də belədi dəə” deməklə təsəlli verirdilər. Sümbül arvad da inanırdı ki, bütün Azərbaycan kişiləri harada olmasından asılı olmayaraq bax belə, kobud, qaraqabaq, qadınla qaba davranan olurlar və olmalıdırlar.

Sümbül xala televiziya kanallarını bir-bir çevirib marağına uyğun bir veriliş tapmaq istədi ki, ağzı işlədiyi bir vaxtdı, diqqəti də yayınsın. AzTV kanalında xəbərlər proqramı gedirdi və aparıcı Avropa ölkələrinin iqtisadi böhran içində inildəməyindən danışırdı. Yaşlı qadın mövzunu tam dərk etmədiyindən kanalı dəyişdi, amma ürəyində aldığı təqaüdə şükür elədi, “Avropada yaşasaydı indi halı necə olardı”, deyə düşündü. O biri kanallardakı verilişlər bir-birinə bənzədiyindən qadın hansı kanala baxdığını da çaş-baş saldı. Gördüyü aparıcılar ya sanki kişi və qadının sintezindən əmələ gəlmişdi, ya da Sümbül xalanın təsəvvüründəki qadın obrazından çox uzaq idi. Bu gənc aparıcılar qadınlı-kişili bir yığın adamı qarşısına qoyub həyat dərsi, ailə dəyəri, əsl qadın və əsl kişi, sevgi mövzusunda ağıl öyrədir, bəzən də tənə edib danlayırdılar. O, nə qədər elədisə kişi aparıcının əynindəki şalvara bənzər materiyanın mahiyyətini dəqiqləşdirə bilmədi, bir an ona elə gəldi ki, aparıcı qadın kalqotkasında səhnəyə çıxıb, sonra retuz olduğunu zənn etdi, nəhayət bütün günahı zəifləmiş gözlərində görüb diqqətini qadın aparıcıya cəmlədi və bu an beynində sanki ildırım çaxdı. “Oy Allah sən saxla”, deyən qadın ağzına yaxınlaşdırdığı qayğanaq parçasını geri nimçəyə qoydu. Qadın aparıcı onun gözlərinə lüt-üryan görsəndi, amma bir az ekrana yaxın duranda əynində nə isə olduğunu gördü. Bu da təsəlli olmadı. Sümbül xala 40 illik ailə həyatında heç ərinin qarşına belə çıxmamışdı. Aparıcı səhnədə o baş-bu başa var-gəl edib arxasını kişilərə çevirdikcə Sümbül xalanın matı quruyurdu. Hər dəfə belə səhnə görəndə sanki birinci dəfədir kimi reaksiya verirdi. Tez kanalı dəyişdi, dilinin altında deyinə-deyinə çəngəli ağzına apardı və bu biri kanalda tanınmış qadın müğənninin zar-zar ağladığını görüb pultu yerə qoydu. Qadın müğənni əlindəki ağ yaylığı gözünə dürtə-dürtə elə ağlayır, elə sızlayırdı ki, Sümbül xala da ona baxıb kövrəldi. Müğənni necə ismətli bir qadın olmasından, alçaq ərinin ona dəyər verməməsindən, böyük bir əzab-əziyyətlə övlad böyütməsindən, indi də alın təri ilə halal pul qazanıb namuslu bir ana kimi dəyərlərinə sədaqətli olmasından danışır, arada pauza edib hıçqırır, bir neçə saniyə gözlərini yerə dikib içindəki dərd-səri tamaşaçıları ilə bölüşürdü. Sümbül xalanı elə qəhər boğdu ki, arvad kimi əzilib-büzülən, göydə erkəyinə naz vuran dişi göyərçin kimi cilvələnən kişi aparıcıya heç məhəl də qoymadı, ürəyi titrədi, içinə sanki od düşdü. Bu cür zəhmətkeş, namuslu qadınlara dəyər verməyən kişiləri lənətlədi, əlini atıb stolun küncündə qalmış eynəyini gözünə taxdı ki, dərdli qadını daha yaxşı görə bilsin. Eynəyini taxıb gözünü mavi ekrana zilləmişdi ki, qadını tanıdı və mat-məəttəl donub qaldı. Sümbül xalaya elə gəlirdi ki, televiziyalarda heç vaxt yalan-palan danışmırlar, ora ancaq doğru danışan, həqiqəti söyləyən insanları buraxırlar, amma deyəsən bərk yanıldığını anlamışdı.

Bayaqdan ərini, qayınanasını qınayan, namusdan danışan müğənni uzun illər əvvəl Sümbül xala ilə eyni binada yaşayırdı və o qadının sənət yolundakı ilk addımlarına, ailə-məişət qayğılarına öz gözləri ilə şahidlik etmişdi. Sümbül xalanın bir hadisə yadına düşdü. Bir dəfə həyətdə böyük həngamə qopmuşdu, arvad da səs-küyə həyətə çıxıb böyük davanın şahidi olmuşdu. Həmin müğənni qadını maşından düşürən kişi ilə əri arasında dava böyümüş, məhləyə polislər tökülmüşdü.

Şahidlərin dediyinə görə əri arvadını məhlənin tinində maşından düşən görüb özündən çıxmış, maşındakı kişini haqlayaraq əlbəyaxa olmuşdu. O zaman hələ heç kimin tanımadığı gənc qız isə utanmaq əvəzinə ərinə “ay oğraş, peysər, belə qeyrətlisənsə get pul qazan dəə”, deyə qışqırır, kişilərin arasına atılıb dırnaq atırdı, amma kimə, heç özü də bilmirdi. O vaxt yazıq Sümbül xala kimi məhlənin digər kişi və qadınlarını bu hadisə ilə bağlı polis bölməsinə çağırmışdılar ki, ifadə alsınlar. Qəzəbli qadınları sakitləşdirmək istəyən bölmənin müstəntiqi isə üzrxahlıq edir, məcburiyyət qarşısında onları çağırdığını söyləyirdi. Qonşuları bölməyə çağırılmalarından çox həmin qızın ərinin saxlanılması, anasının göz yaşları içində qonşuya yalvarmaları olmuşdu.

Qadınların hay-küyü nəticəsində polis oğlanı buraxsa da, ciddi xəbərdarlıq etmişdi, qonşular da bu xəbərdarlığın şahidi olmuşdular:

- Məsləhət görürəm o qızla işiniz olmasın. Heç bilirsiniz onu kim saxlayır?! Rayon polis rəisi sizin başınıza oyun açar, məsləhət görürəm ondan uzaq durun.

Sonra da dönüb oğlana acıqlanmışdı:

- Sənin də qeyrətin olsun, bu fahişəni boşa getsin.

Bir Allah, bir də qonşular bilir ki, həyatının təcrübəsiz yaşında gözəlliyinə aldandığı arvadını boşamaq o cavan oğluna necə böyük əziyyətlərə başa gəlmişdi. Arvadının dairəsi və əlaqələri elə genişlənmişdi ki, ərinə nə boşamağa imkan verirdi, nə də namusla yaşamağa. Uzun zillətdən sonra ev-eşiyini, sonuncu pul-parasını itirdikdən sonra yenicə səhnələrdə peyda olan, onsuz da evə günlərlə gəlməyən qadından canını qurtara bilmişdi. Məhkəmədə hakim də gənc müğənni ilə elə davranırdı ki, sanki onun qarşısında günahkardı. Sümbül xala sonralar ailə qurub namusla yaşayan və qonşuların sevimlisi olan həmin oğlanın və ailəsinin o qadının müğənni olmaq ehtirasının ilk qurbanları olduğunu yaxşı bilirdi və bu verilişə baxarkən o qadının indiyə qədər qurbanları olduğunu düşündü.

O, gördüklərini də qiyamətin əlaməti hesab etdi və əsəb içində televizoru söndürdü, durub bazara getmək üçün hazırlıq gördü, pulunu bir daha saydı, alacaqlarını daşımaq üçün möhkəm torbalar çıxardı sandığından. Çoxdandır ki, bu torbalardan istifadə etmirdi, hərdənbir könlünə meyvə düşəndə, ya da tərəvəzdən nə isə hazırlamaq istəyəndə qonşu binanın tinindəki kiçik dükana gedirdi və bunun üçün heç torba da lazım gəlmirdi. Meyvə-tərəvəzi xüsusən ayın sonunda təqaüdünü bankomatdan çıxaranda alırdı. Ayın qalan günlərini birtəhər yola verməyə çalışırdı və sözün doğrusu nə qarın dolusu yeyir, nə də kefi istəyən qədər alış-veriş edirdi. Sonuncu dəfə ət aldığı da yadından çıxmışdı. Çünki, mal ətinin qiyməti 8 manata çatmışdı, qoyun ətindən isə heç danışmağa dəyməzdi. Qoca qadın yalnız ayda bir dəfə toyuq alardı ki, o da şişirdilmiş broyler toyuğu idi.

Sümbül xala bu toyuq ətinin nə qədər xeyirli olduğunu düşünmək belə istəmirdi, sadəcə özünün də dediyi kimi gözünün qurdunu öldürürdü. Qarın dolusu əti isə yalnız yas yerlərində yeyərdi. Qonşuluqda, qohumda bir rəhmətə gedən olanda bütün qadınlar kimi o da xəyalında öz yaxınlarını canlandırıb ürəkdən ağlayar, sonra da doyunca ləziz təamlardan dadıb xalqının bu cür gözəl adətindən razı halda evinə qayıdardı. Bəzən ağlına axmaq fikir gələndə “əstafrüllah” deyib özündən qovardı. Fikir isə ondan ibarət idi ki, “belə yas yeri ayda 2-3 dənə olsa adam ac qalmaz”.

Meyvə-tərəvəz və çərəz almaq üçün kifayət qədər pulu qalmışdı və səhər açılar-açılmaz Sümbül xala özünü 8-ci km bazarına çatdırdı, bazara girmək üçün əvvəlcə yolu keçmək lazım idi. 8-ci km bazarının qarşısı həmişəki kimi dağıdılmış qarışqa yuvasını xatırladır, palçığı, qayda-qanunsuzluğu, xaosu, insanların bir-birini dürtüşdürməsi ilə orta əsrləri yada salırdı. Sanki 8-ci km bazarında zaman ilişərək orta çağlarda qalmışdı. Dünya xalqları müasir marketlərlə həyatlarını yüngülləşdirdiyi halda azərbaycanlılar hələ də bazar asılılığından əziyyət çəkirdi. Bu bazarda bəşəriyyətin 21-ci əsrin 12-ci ilini başa vurmasına şübhə etmək üçün hər cür əsas vardı: çirkli, tozlu küçədə üstü açıq şəkildə satılan kökə və qoğallar, üstü-başı çirkli satıcıların dönər və qamburqer adı ilə naməlum mənşəli ət məhsullarından hazırlanmış qidanı satması, bazar satıcılarının haray-həşiri, araba dartan hamballar, qollarında ağır yük güclə yeriyən qadınlar... Bütün bu vurhavurda sayı az qala insanlara bərabər olan avtobusların qulaqbatırıcı siqnalları, maşınların, insanların üstünə yeriməsi xüsusilə vahiməli səhnə yaradırdı. Burada yolu keçib bazara girənə qədər insanın ağlına gəlməyən başına gələrdi. Avtobusun təkərləri altında əzilə bilərdin, ya da inşaat malları dükanlarından daşınan uzunsov tikinti materialları baş-gözünə, qarnına girərdi, yaxud, çiynində yük olan fəhlə səni vurub yıxar, heç üzr də istəməzdi, hambal arabasının ayaqların üstündə gəzməsi isə adi hal idi...

Nadir hallarda gəldiyi bazar Sümbül xalada həm nostalji hisslər oyadırdı, həm də onu az da olsa ruhlandırırdı. O, bu hay-küylü məkanda müvəqqəti də olsa qayğılarını, xüsusən də tənhalığını unudur, keçmişin tozanağında qalan yaxşı günlərin canında qalan son işartılarını yada salır, həm də insanlarla ünsiyyətdən özü də hiss etmədən zövq alırdı. Ərinin ölümündən sonra həmsöhbət tapmaq müşkül məsələ idi, bəzən bankomatın qarşısında növbə gözləyəndə, bəzən də dükanda deyinən satıcıya qahmar çıxanda doyunca söhbət eləmək üçün fürsəti əldən vermirdi, amma bu dəfə belə olmadı. O, içindəki tələskənliyə, narahatlığa üstün gələ bilmədiyindən tez alış-veriş edib evə qayıtmaq istəyirdi, buna görə də satıcılarla çox çənə-boğaz olmadı, heç əvvəlki kimi aldığı meyvə-tərəvəzin çəkisini də yoxlamadı, iki əlindəki torbaların ağırlığını hiss edən kimi bazardan çıxdı, qan tər-içində yol kənarına özünü çatdırıb bir az dincəlmək qərarına gəldi, əlindəkiləri yerə qoyub nəfəsini dərdi. Qollarını hiss etmirdi, son iki gündə özünə olmazın əziyyət vermişdi, qiyamət günü üçün hazırlıq onu lap əldən salmışdı, artıq gümrahlığını itirmiş, tamam tükənmişdi. Adi günlərdə nəyinə lazım idi bu qədər ərzaq almaq. Bir az dincəldikdən sonra yoluna davam etdi, bazarın önündəki yolu keçəndən sonra bir az rahatlaşan kimi oldu, oranı qansız-qadasız keçdiyinə görə sevindi, sürünə-sürünə gəlib binaya çatdı, məhlədə bir kimsənin olmadığını görüb tələsik girişə doğru getdi. Sümbül xala da başqa azərbaycanlılar kimi gözə inanırdı, inanırdı ki, onu yaxşı bazarlıqla görsələr nəfis tökərlər, gözə gətirərlər. Bu inanca sidqi-ürəkdən iananan təkcə o deyildi. Binanın imkanlı adamları bazarlıqdan gələndə, ya da evə bahalı bir şey alanda şər qarışandan sonra gətirirdilər. Hamı bir-birindən çəkinirdi, elə bil qonşular bir-birinin qənimi idi, kim-kimi yaxşı bir iş başında tutsa nəfsi ilə axırına çıxacaq, hələ təsadüfən qonşusu ilə qarşılaşanda göz görə-gərə üç dəfə tüpürənlər, arxasını qaşıyanlar, ayətül-kürsünü oxuyanlar da olurdu. Xoşbəxtlikdən yaşlı qadın heç kimlə rastlaşmadı, hava soyuq olduğundan eyvanlarda ənənəvi güdmə də yox idi və Sümbül xala gözqaytarma ritualı həyata keçirmədən evinə qalxdı.

Mənzilin soyuğu Sümbül xalanın nəfəsi ilə toqquşdu. Bayırla içərinin heç fərqi yox idi, amma qadın bu sərt şəraitə özünü alışdırmışdı. Mənzildə istilik sistemi çoxdan tarixin yaddaşına keçmiş, yaşlı nəslin xoş xatirələrinə həkk olunmuşdu, qaz və ya elektrik sobası ilə evi qızdırmağa isə maddi vəziyyəti imkan vermirdi. Əksər kasıb ailələr kimi o da soyuq qış aylarında sırsıra bağlamış mənzilində qalın paltar, corab geyinməklə keçinir, vaxtının çox hissəsini yorğanın altında olur, çayın qısamüddətli istisi ilə ovunurdu.

Əynindən paltosunu çıxarıb asılqanın küncünə atdı, asmağı gücü qalmamışdı. Ayaqqabılarını da eyni biganəliklə bir küncə tulladı və mətbəxə keçib çaynikin altını yandırdı ki, bir qurtum çay içib özünə gəlsin. Yorğunluqdan əl-ayağı qırılırdı, halsızlıq dizlərini taqətdən salmışdı. Bu gecə ayın 21-nə keçəcəyini xatırlayanda isə həyəcan boğur, alnına tər gəlirdi, qiyamət günü artıq qapının astanasında idi, “nə olacaq, nə baş verəcək” kimi suallarla yaşlı qadın beynində o günü canlandırmağa çalışırdı, amma sabahkı gün ona tutqun hava, boz rəngli səma, vahiməli tənhalıq və sonu görünməyən bir boşluq kimi gəlirdi. Bu fikirlərlə qaz sobasının üstünə divardan tökülmüş qopuqları təmizlədi. İllərdir ki təmir olunmayan divardan rəng tamamilə qopub düşmüş, üst qonşunun axıtdığı su isə divarların küncünü qaraltmışdı, divara bərkidilmiş mətbəx mebelinin azı qırx yaşı olardı, taxta mebelin rəngi solmuş, üzərindəki çatlar qabarmış, aşağı qapıları isə çərçivədən çıxdığı üçün sallanmışdı. Mətbəxdəki soyuducu, su boruları, qab-qacaq qurudan da öz köhnəliyi və solğunluğu ilə ahəngi pozmurdu. Rəngini tamamilə itirmiş, pəncərə çərçivələrinin qıraqlarına isə soyuqdan qorunmaq məqsədi ilə parça basılmışdı.

Sümbül xalanın halı getdikcə pisləşirdi, başı gicəllənir, ürəyi sıxılırdı. Özünə toxtaqlıq vermək üçün bu halı yorğunluqdan olduğunu düşündü, çaynikin tam qızmasını gözləmədən suyu səhər tezdən dəmlədiyi çayla qarışdırıb yataq otağına keçdi, bir-iki qurtum alıb içə bilməyəcəyinə əmin oldu və əyinin çıxarmadan yorğanın altına girdi. Ürəyinin döyüntüsünü hiss etməyə başlamışdı, gözlərini yumub yatmaq istədi, amma dərmansız alınmayacağını görüb yastığının altında saxladığı həblərdən birini ağzına atdı, çaydan bir qurtum alıb uzandı. “Nahaq özümə bu qədər əziyyət verdim. Qiyamət gəlir, cəhənnəmə”, deyə düşündü. Sonra oğlunu yadına saldı, onun pul istədiyini xatırladı. “Görəsən tapdımı, nə edir”, deyə düşündü. Həmin gün Sümbül xala axşama kimi yataqda halsız qaldı, axşam qalxıb yavan çörəklə bir parça pendiri yeyib yenidən yatağa qayıtdı, yenə bir həb atıb dərin yuxuya getdi. Yalnız gecə saatlarında ruhunun bədəndən çıxdığını hiss edib hövlnak ayıldı, başında kəskin ağrı, gicəllənmə və ürək döyüntüsü vardı, halı yaman pisləşmişdi. İçini qorxu hissi bürüdü, dünyanınmı sonu idi, yoxsa onunmu sonu gəlmişdi ayırd edə bilmirdi, qorxu və həyəcan artdıqca nəfəsi daralırdı. Başı dumanlandı, gözləri pərdələndi və bu an otaqda ayaq səsləri eşitdi, çönüb qapıya sarı baxdı, qışqırmaq istədi, boğazı qurumuşdu. Qaranlıqda kölgə gördü, hə bu kölgə idi, hərəkət edirdi, asta-asta otaqdan çıxıb gözdən itdi. “Oğlumdu deyəsən, hə odur”, deyə düşündü. Otaqdan çıxan kölgəni oğluna oxşatdı. Özündə güc tapıb xırıltılı səslə onu çağırdı:

- Ay oğul, ay bala, sənsən?

Səs gəlmədi, Sümbül xalanı daha da vahimə basdı, əllərinin içini soyuq tər götürdü, ayaqları da buzladı. Bəlkə rəhmətlik kişi idi? Axı oğlu ona oxşayırdı. Bəlkə də qiyamət günü başlamışdı, artıq dekabrın 21-i idi, bəlkə gördüyü də ruh dünyasından gələn qonaq idi. Qadını titrətmə tutdu, başındakı küt ağrı qulaqlarına səs saldı, huşunu itirdi...

Özünə gələndə başının üstündə ağ xələtdə tibb bacısı, iki-üç qonşusu var idi. Sümbül xala nə baş verdiyini dərk etmirdi, soyuq və mənasız baxışlarını ağ xələtli qıza dikmişdi, ürəyinin döyüntüsünü də hiss etmirdi. Tibb bacısı qadının qoluna iynə vurdu, qonşulara bir az aralanmağa, ona nəfəs almağa imkan verməyi xahiş etdi, sonra onlara nə isə məsləhətlər verib sağollaşdı. Dəqiqələr getdikcə Sümbül xala iynənin təsirini hiss edirdi, nitqi az da olsa özünə qayıdırdı. Artıq düşünməyə başlamışdı: “Gör bu qiyamət günü söhbəti məni nə günə saldı”, deyə özünü və onu bu məsələyə inandıranları lənətlədi. Ayın 21-i idi, hər şey də qaydasında idi, bircə o yataq xəstəsi olmuşdu. Qonşusu Məlahət qadının tərpəndiyini və baxışlarının mənalandığını hiss edib ona yaxınlaşdı.

- Ay Sümbül xala, səhər qapını döymək istədim, gördüm özü açıldı. Mən də narahat olub içəri girdim. Deyəsən evdə oğru olub, yaman ələk-vələk edib evi...

Sümbül xala narahat oldu, ayağa qalxmaq istədi, ağlına dərhal bazarlıqdan qalan pul, bir də qır-qızılı düşdü. Məlahət onun qolundan tutub kömək elədi, asta-asta ayağa qaldırdı, bir neçə dəqiqə çarpayıda oturmasına kömək etdi. Qadın hazır olduğunu işarə edib ayağa qalxdı, qonşusunun köməyi ilə evi dolaşdı, paltosunun cibini eşələdi, şkafda nə is eşələdi. Kimsə tələm-tələsik evi ələk-vələk edib aradan çıxmışdı.

- Allah öldürsün bunları! Paltomun cibində bir az pul var idi, onu götürüblər, bir iki xırda üzüyümü də aparıblar. Allah bunların qiyamətini versin!

- Ay arvad əsəbiləşmə, get uzan. İndi uçastkovını çağıraram...

Arvadın danışmağa halı yox idi, olsaydı bəlkə daha çox şivən salardı, səndələyə-səndələyə çarpayıya çatıb uzandı. Məlahətin sahə müvəkkilini çağırmaq ideyası ürəyincə deyildi, amma tənhalıq onu elə qəribsətmişdi ki, qonşusunun qayğısı ona xoş gəlmişdi, bəlkə elə bu üzdən də onun fikrinə qarşı çıxa bilmədi. Məlahətin də arvada yazığı gəlmişdi, belə vəziyyətdə qoyub getmək istəmirdi, onun halsız və çarəsiz halda özünə yemək hazırlamaq gücündə olmadığını anlamışdı. Telefonla danışdıqdan sonra mətbəxə gedib çay dəmlədi, bir az çörək, bir parça pendir götürüb nimçədə doğradı, otağa keçib qadının yanında oturdu. Otağın qoxusu ağır idi, bəlkə bir neçə gün idi ki, otaq havalanmamışdı, amma Məlahət qadının xətrinə dəyməkdən qorxub birtəhər yola vermək qərarına gəldi. Sümbül xalanın yemək yeməyə halı yox idi, iştah da itmişdi, son qəpiyinin və son ümid yeri olan qır-qızılının oğurlanması halını lap pis etmişdi, lakin Məlahəti bezdirmək istəmirdi, neçə il idi ki, ona bu cür diqqət göstərən olmamışdı. Heç rəhmətlik əri də ona bu diqqəti göstərmirdi, elə bilirdi ki, arvada qarşı yumşaq olsa üzüyünün qaşı düşəcək, nəslinin möhtəşəm bir ənənəsi pozulacaq. Sümbül xala yeməyini yenicə bitirmişdi ki, qapı döyüldü, Məlahət qaçıb qapını açdı, sahə müvəkkili idi. Qarşısında yaraşıqlı qadını görən müvəkkil onu təpədən dırnağa gözlərinin skannerindən keçirdi və yersiz təbəssümü ilə soruşdu:

- Siz zəng vurmusunuz?

- Bəli, - deyə Məlahət cavab verdi və onun acgöz baxışlarının yaratdığı rahatsızlıqdan yaxa qurtarmaq üçün əli ilə içərini göstərdi, - Sümbül xalanın, mənim qonşumun evidi. Bura gecə oğru girib, qadın xəstəhal olduğundan mən sizə zəng vurdum.

Sahə müvəkkili ciddiləşdi, daha doğrusu ciddi görkəm almağa çalışdı. Amma onun başının ölçüsündən qat-qat iri şapkası, əzik-üzük boyunlu köynəyi və qoltuğundakı köhnə qovluğu daha çox komik bir aura yaradırdı. O, daha çox Coşqun və Rəfaelin yaratdığı polis obrazını xatırladırdı. İçəri daxil olub tənha bir arvadın qarət olunduğunu görəndə müvəkkili dilxorçuluq bürüdü. Bu iş də əlavə bir yük kimi onun çiyinlərinə qoyulacaqdı, onsuz da ərazidə o qədər oğurluq halları var ki, indi gəl birini də əlavə elə. İlin sonudu, məruzə zamanı açılmamış işlərə görə onu tənbeh edə bilərdilər. Qərara aldı ki, arvada dil-ağız edib hadisəni qeydiyyata almaz. Çarpayıya yaxınlaşıb qovluğunu açdı, saralmış, nizamsız yığılan ağ vərəqləri dizinin üstünə qoyub qələmi aldı əlinə. Hadisə barədə sorğu-sual edib əyri-üyrü xətlə, kiril əlifbası ilə oxunması çətin olan cızma-qara elədi. Yazdıqca da qanı qaralırdı, öz-özünə düşünürdü: “işə keçmişik dəə. Camaat pul qazanır, bizdə pensioner arvadı dindiririk. Bu işdə bir çörək yoxdu, heç şübhəli şəxs də yoxdu ki, çək-çevirə salıb uşağın institut pulunu çıxardım”. Müvəkkil arvadın xəstə olduğunu bəhanə edib söhbəti dayandırdı, qovluğunu toplayıb ayağa durdu.

- İndi ərizə yazdırmıram sizə. Sağalarsız baxarıq, görək nə olur. Heç ağlınıza gəlmir, kimsə evə girə bilər?

Uşastkovı sualın cavabını gözləmədən qapıya doğru addımladı. Bu zaman arvadın xırıltılı səsi gəldi:

- Ay bala, vallah bilmirəm necə deyim. Gecə halım pis idi, otaqda gözümə qaraltı görsəndi. Oğluma oxşatdım, çağırdım səs vermədi. Bilmədim qarabasmadır, yoxsa gerçək...

Sahə müvəkkilinin lopa bığı tərpəndi, hiyləgər baxışla qadını süzüb ani düşüncəyə daldı. “Hmmm. Bu ki əla oldu. Oğlunu bir çağırım sıxışdırım, görüm nə çıxır”. Sahə müvəkkili bir an özünü Erkül Puaro, Şerlok Holms hiss elədi. Aqata Kristini, Konan Doylu və ya elə Çingiz Abdullayevi tanısaydı onlara dişinin dibindən çıxan deyərdi ki, niyə ondan yazmırlar. Qadının səsi müvəkkili fəxarət duyğusundan ayırdı:

- Ay oğul, bəlkə də yuxu idi. Əhəmiyyət vermə. Həm də oğlum da olsa şikayət edəsi deyiləm ki?

- Oldu xala, narahat olma, - deyə müvəkkil arvadı sakitləşdirdi. – Oğlunun nömrəsini ver, onunla bir söhbət edim, elə-belə...

Müvəkkil qadını dilə tutub nömrəni aldı, sağollaşıb evdən çıxdı, qapıdan çıxarkən gözucu Məlahətə də baxdı və yersiz bir sual da verdi:

- Siz hansı mənzildə yaşayırsınız?

- Bizdə hələ ki şükr oğurluq-zad yoxdu. Nəsə olsa məlumat verərik, - deyə Məlahət üz göstərmədi.

Müvəkkil ziyarətin həm də ticarətlə bitməyəcəyini anlayıb mənzili tərk etdi...

Gün günortanı keçmişdi və Sümbül xala aclıq hiss ilə yarımyuxulu vəziyyətdə yataqda qalmışdı, Məlahətin yolunu gözləyirdi. Qonşusu yemək hazırlayacağını və bişirdiyi yeməkdən ona da gətirəcəyini söz vermişdi. Sümbül xala intizarını boğaraq, qızın başının işə qarışdığını zənn etdi və bir az da gözləməli oldu. Gözünü yumum yenidən mürgüləmək istəyirdi ki, qapının səsi eşidildi, Məlahət təngənəfəs içəri girdi:

- Ay Sümbül xala, mənə polis bölməsindən zəng vurublar, dedilər oğlunuzu saxlayıblar.

Qoca arvadın gözü qaraldı, dünya başına fırlandı, ayağa durmaq istəsə də gücü çatmadı, nəfəsi daraldı və xırıltılı səslə:

- Ay qızım, onu niyə tutublar, neynəyib ki, mənim sözümə görə? Belə də iş olar?! Öz balamı işə saldım...

- Bilmirəm vallah. Xala, sən uzan, halın pisdi, mən gedim yemək gətirim, sonra öyrənərəm.

Məlahət qadının üzünə baxa bilmirdi, halına acıyırdı və bu hisslərini gizlətmək üçün otağı tərk etdi. Sümbül xalanın gözləri doldu, ağlamağa halı da yox idi. Özünü qınamaqdan başqa əlacı qalmamışdı. İndi onun üçün qiyamət günü başlamışdı: yataq xəstəsi idi, həkimə verəsi qəpik pulu yox idi, bir oğlu da onun sayaqlamaları üzündən tutulmuşdu. Nə özünü ayağa qaldırmağa, nə də oğlunu qurtarmağa ümidi vardı. Gözlərini yumdu, qulağına qonşusu Zöhrə arvadın səsi gəldi: bu gün ayın 21-dir, qiyamət başlanıf, zulum olajax...

news-inner-user

16761 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Polşalı aktyor vəfat etdi
10:45 21 Oktyabr 2020
Ləpə satan qadını ağladan bayraq
10:42 21 Oktyabr 2020
Füzulidən olan 82 yaşlı şair: “Evim dağılıbsa, kolun dibində yaşayaram” – Müsahibə
09:00 21 Oktyabr 2020
Kinematoqrafçılar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:44 20 Oktyabr 2020
Mahnı bitənəcən qayıdacam
18:02 20 Oktyabr 2020
Gecə yarısı bir qız məktub yazır səngərə... - Cəbhədə olan zabitdən şeirlər
17:21 20 Oktyabr 2020
Zəngilanlı aktyor: "İlk dəfədir var olduğumu hiss edirəm"
16:33 20 Oktyabr 2020
Məşhur aktyor xərçəngə tutulub
15:51 20 Oktyabr 2020
Mehdi Hüseyn onun qollarında can verdi, yoldaşının danışdığı yalan ömrünü 7 il uzatdı, bir şeirlə tarixdə qaldı – Maraqlı faktlar
15:08 20 Oktyabr 2020
Günay İbrahimli: "Ən böyük arzuma çatdım"
14:25 20 Oktyabr 2020
Kuklada uşaqlar üçün tamaşa
13:42 20 Oktyabr 2020
Rusiyanın tanınmış aktrisası vəfat etdi
13:01 20 Oktyabr 2020
“Qəbiristanlığa qaçacam, atama salam verməyə...” – Kəndləri alınan yazıçılar ora necə qayıdacaqlar? - Sorğu
12:20 20 Oktyabr 2020
Balasının meyitini qucaqlayan ata – Allaha suallar
11:41 20 Oktyabr 2020
Qadını yırtıcıya çevrilən xalq
11:01 20 Oktyabr 2020
“Çiçek taksi”nin Abuzeri həbsdən çıxdı
09:58 20 Oktyabr 2020
Balıq ovunda dəhşətli peşmanlıq – Yeni hekayə
08:55 20 Oktyabr 2020
Filmimiz Parisdə nümayiş olundu
18:49 19 Oktyabr 2020
Rəssamlar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:11 19 Oktyabr 2020
Niyə inşa edilmişdi, üstündən kimlər keçdi? - Xudafərin körpüsü
17:28 19 Oktyabr 2020