“Şairin adına hörmət olur, şəxsiyyətinə yox”

“Şairin adına hörmət olur, şəxsiyyətinə yox”
6 fevral 2013
# 08:00

Kəşf

Eşərək peyin topasını

Xoruz tapdı qızıl buğda dənəsini...

İ. Krılov

Mülki məsləhətçi, mühəndis Baxromkin iş masasının arxasında əyləşib bekarçılıqdan öz-özünü qəmli əhval-ruhiyyəyə kökləyirdi. Elə bu gün axşam tanışlarının təşkil etdiyi bal zamanı o, iyirmi-iyirmi beş il əvvəl sevdiyi bir xanımla təsadüfən qarşılaşmışdı. Vaxtilə o, qeyri-adi dərəcədə gözəl bir gənc qız idi. O qıza aşiq olmaq, yanındakının ayağındakı döyənəyi tapdamaq qədər labüd idi.

Baxromkin daha çox onun sanki dibi incə mavi məxmərlə döşənmiş iri gözlərini və tufan öncəsi dalğalanan, biçimə hazır çovdar tarlasına bənzəyən qızılı-şabalıdı çalarlı uzun saçlarını xatırlayırdı... Həmin gözəl qız alınmaz qala tək idi, baxışlarından sərtlik yağardı, çox nadir hallarda gülümsəyərdi. Lakin bircə təbəssümü parıltısı sönmək üzrə olan gözləri diriltmək gücünə malik idi... İndi isə həmin gözəllər gözəli həddindən ziyadə arıqlamış və qəzəbli baxışları, sarı dişləri olan deyingən qoca kaftara çevrilmişdi... Fu!

Necə də qəribədir! – Baxromkin özündən asılı olmadan əlindəki qələmi qarşısındakı kağızın üzərində gəzdirərək düşündü. – Heç bir şər qüvvə insana təbiət qədər zərər vura bilməz. Bu gözəl xanım gənc yaşlarında bilsəydi ki, zamanla belə bir cəfəngiyata çevriləcək, dəhşətdən ürəyi partlayardı...

Baxromkin uzun müddət belə düşüncələrə daldı və birdən arı sancıbmış kimi yerindən dik atıldı.

Aman Tanrım! – birdən o, dəhşət içində çığırdı. – Bu nə yeni xəbər? Mən rəsm çəkə bilirəm?! Əlli iki ildir bu dünyada yaşayıram, indiyədək özümdə heç bir istedad aşkar etməmişəm və birdən-birə bu ahıl vaxtımda gözlənilmədən istedadım üzə çıxıb! Bu, inanılmazdır! Hələ də bu möcüzəyə inana bilməyən Baxromkin karandaşı qapıb gözəl qadın başının yanında qoca qarı başını çəkdi... Elə bunu da gənc qızın rəsmi kimi bacarıqla yerinə yetirdi...

Qəribədir! – o, çiyinlərini çəkdi. – Heç də pis alınmadı! Necədir, hə? Demək, mən rəssamam! Belə çıxır ki, mənim qabiliyyətim var! Axı necə olub ki, mən bunu əvvəldən bilməmişəm? Möcüzəyə bir bax!

Əgər Baxromkin köhnə jiletinin cibindən pul tapmış olsaydı və ya yuxarı vəzifəyə keçirilsəydi, o heç, bəlkə də, bu qədər sevinməzdi. Baxromkin düz bir saat dayanmadan başlar, ağaclar, yanğın, atlar çəkdi...

Əla! Gözəl! – o, heyranlıqla təkrar edirdi. – Bir az texnikanı öyrənə bilsəm lap əla alınar.

Əlində şam yeməyi içəri girən qulluqçu ona daha uzun müddət rəssamlıqla məşğul olmağa mane oldu. Qarabağır quşunun ətindən yeyib iki stəkan burbon şərabı içdikdən sonra Baxromkin heydən düşdü və fikrə getdi... Xatırladı ki, heç bu 52 il ərzində bir dəfə də olsun, hər hansı bir istedada sahib olduğunu ağlına belə gətirməyib. Amma gözəlliyə, həqiqətən də, hər zaman meyli olub.

Cavanlıqda o, həvəskar tamaşalarda çıxış edir, musiqi alətlərində ifa edir, oxuyur, dekorasiyalar rəngləyirdi... Sonra, düz bu vaxtadək, o usanmadan kitab oxuyur, teatrı sevir, xoşuna gələn şeirləri əzbərləyirdi... Uğurlu zarafat edir, səlis danışırdı, tənqidi isə düz hədəfə dəyirdiı. Ola bilsin ki, içində bir közərti vardı, lakin gündəlik qaçhaqaç, qovhaqov bunun üzə çıxmasına əngəl olmuşdu...

Lənət şeytana! – Baxromkin düşündü. – Bəlkə, şeir və roman yazmaq istedadım da var? Doğrudan da, əgər mən bu istedadımı gənc yaşlarımda kəşf etmiş olsaydım, o zaman gec olmazdı, bəlkə də, rəssam, ya da şair ola bilərdim. Hə?

Bu an onun gözlərinin önündən tamamilə fərqli, başqalarının həyatına heç bənzəməyən bir həyat keçdi. Həmin həyat adi insanların yaşadıqları həyat ilə müqayisəyə gələ bilməzdi.

Onların vəzifə və ordenlərlə mükafatlandırılması tamamilə doğrudur... – o düşündü. – Onlar bütün bu ad və medallardan daha yüksəkdə dururlar... Elə onların yaradıcılığı haqqında da ancaq seçilmişlər fikir söyləyə bilir...

Elə bu an Baxromkin çox uzaq keçmişdə baş vermiş bir hadisəni xatırladı. Onun anas - əsəbi, özünə qapanmış qadın bir dəfə oğlu ilə birlikdə pilləkəndən düşərkən sərxoş və eybəcər bir nəfərə rast gəlib ayaq saxlamış və onun əlini öpmüşdü. “Ana, sən niyə belə etdin?” – deyə oğlu soruşmuşdu. “O, şairdir!” – anası demişdi. İndi isə Baxromkin fikirləşdi ki, anası haqlı idi.

Əgər o, hansısa general və ya senatorun əlini öpmüş olsaydı, bu, nökərin edəcəyi bir hərəkət özünü alçaltma olardı. Özünə hörmət edən bir xanım üçün isə belə bir addım yolverilməzdir. Amma şair, rəssam və ya bəstəkar əlini öpmək təbiidir...

Adi, rutin deyil, azad həyat... – yatağına sarı gedən Baxromkini fikir aparmışdı, – hələ şöhrət, məşhurluq?! Öz işimdə nə qədər irəliləsəm də, hansı pillələrə qalxsam da, yenə də adım qarışqa yuvasından uzağa getməyəcək... Onların həyatı isə tamamilə başqa cürdür. Şair, ya rəssamın dünya vecinə deyil, istəyəndə yatır, istəyəndə içir. Həmin vaxt isə heç onun xəbəri olmadan başqa şəhər və qəsəbələrdə onun şeirlərini əzbərləyir, rəsm əsərlərinə baxıb valeh olurlar... Onların adlarını bilməmək tərbiyəsizlik, mədəniyyətsizlik... nəzakətsizlik sayılır...

Tamam heydən düşmüş Baxromkin çarpayıya çökdü və lakeyə işarə etdi... Lakey Baxrominə yaxınlaşıb onun paltarlarını ehtiyatla çıxarmağa başladı.

“Hə... qeyri-adi həyat... Dəmiryollarının tarixi nə vaxtsa unudulacaq, amma Fidi və Homer həmişəlik yaddaşlara həkk olunacaqlar... Tretyakovskinin nəyi pisdir ki? Hətta onu da xatırlayırlar. Brrr... soyuqdur! Bəs mən indi rəssam olsaydım, vəziyyətim necə olardı? Özümü necə hiss edərdim?”

Lakey ağasının əynindəki köynəyi çıxarıb gecə köynəyini geyindirənədək Baxromkin xəyal qururdu... Budur o – rəssam, ya da şair, zülmət gecədə öz evinə tələsir... İstedadların atı olmur, istəsələr də, istəməsələr də, piyada getməyə məcburdurlar... O, yazıq görkəmində gedir, əynində bozarmış gödəkcə, hətta, bəlkə, ayaqqabısız da... Ucuz mehmanxana otaqlarına aparan dəhlizdə gözətçi yatıb. Bu kobud heyvan qapını açır, amma heç onun üzünə də baxmır... Haradasa uzaqlarda, camaatın, kütlənin içində şair, yaxud rəssamın adı xüsusi hörmətlə anılır, lakin bu hörmətin ona nə istisi dəyir, nə də soyuğu. Nə gözətçi daha mədəni, nə nökərlər daha şirindil, nə də ailə üzvləri daha mehriban olurlar... Ada hörmət olunur, ancaq şəxsiyyət unudulub.

Budur o yorğun və ac halda, nəhayət ki, özünün qaranlıq və havası ağır otağına daxil olur... İstəyir ki, yemək yesin, nə isə içsin, amma təəssüf ki, nə qarabağır quşu var, nə də şərab.

Dəhşətli dərəcədə yuxusu gəlir, gözləri öz-özünə yumulur və başı sinəsinə düşür. Çarpayısı isə bərk və soyuqdur, həm də mehmanxanalara məxsus kif iyi verir... Özün özünə su süz, özün soyun... buz kimi soyuq döşəmənin üstündə ayaqyalın gəz... O, siqar və atının, masasının orta gözündə Anna və Stanislavski medallarının, aşağı gözündə isə çek kitabçasının olmadığını bilə-bilə axır ki, soyuqdan əsə-əsə yuxuya gedir...

Baxromkin başını buladı, yumşaq döşəyin üstünə uzandı və tük yorğanı dərhal üstünə çəkdi.

Cəhənnəmə qalsın! – yorğan-döşəyin içində nazlana-nazlana və şirin yuxuya gedə-gedə düşündü. – Cəhənnəmə... qalsın... Yaxşı ki, mən... cavanlıqda bunu... kəşf etməmişəm...

Lakey lampanı söndürdü və barmaqlarının ucunda otaqdan çıxdı.

# 2651 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
# # #