news-inner
clock08:15 calendar-gray 01 Fevral 2013 view-gray17965 dəfə oxunub
view-gray17965 dəfə oxunub

Dostu ilə arvadlarını dəyişən adamın hekayəsi

Yalnızlıq

Əlində ərzaqla dolu paket daşıyan Edna küçəylə irəliləyirdi. Çəmənlikdə bir maşın dayanmışdı. Yan pəncərəsində bu məzmunda yazı vardı:

“QADIN TƏLƏB OLUNUR”

O, ayaq saxladı. Həmin pəncərəyə söykədilən kartona nə isə yapışdırılmışdı. Çox yəqin ki, makinada çap olunmuş yazı idi. Səkidən mətni ayırd etmək olmurdu. Edna yalnız iri hərflərlə yazılanı oxuya bilmişdi:

“QADIN TƏLƏB OLUNUR”

Maşın təptəzə, həm də bahalıydı. Narın yazını oxumaqdan ötrü Edna çəməni tapdalayıb keçməli oldu:

49 yaşlı, boşanmış kişi xeylağı evlənmək məqsədiylə bir qadınla ilişki qurmaq istəyir. Qadın 35-44 yaşlarında ola bilər. Televiziya seyr etməkdən, bədii filmlərdən və ləziz yeməkdən ötrü sinov gedirəm. Mühasibəm, etibarlı iş yerim var, bankda da ki, hesabım. Toppuş və əndamlı xanımlara bayılıram.

Ednanın otuz yeddi yaşı vardı. Özü də toppuş idi. Alt sətirdə telefon nömrəsi vardı. Bir də qadın arayan kişinin üç fotosu. Kostyumda və qalstuklu olduğundan imkanlı birisinə bənzəyirdi. Görünüşündən sərtlik və quruluq yağırdı. Ednanın ağlından keçdi ki: “Əcəb özünü qurudub: zalımı elə bil ağacdan yonublar!”

İstəksiz gülümsünən Edna oradan aralandı. İçində bir ikrah duyğusu baş qaldırdı. Mənzilinə çatanacan o yaşlı kişi yaddaşından silinib getdi.

Bir neçə saat sonra vannada oturduğu zaman kişinin üzü hafizəsində təkrar peyda oldu və bu səfər düşündü ki, “qadın tələb olunur” kimi bir elan yazmaqdan ötrü bir kişi, kim bilir, gərək nə dərəcədə tənha ola.

Edna onun hər gün evə dönərkən qaz və telefon fakturalarını poçt qutusundan necə çıxartdığını, soyunub vanna qəbul etdiyini, televizor seyr edərkən həm də qəzetlərə göz atdığını, özünə necə yemək hazırladığını xəyalında canlandırdı. Budur, əynində bircə alt donu olan bu kişi nəzərlərini ocaqdakı tavadan çəkmir. Hazır yeməyi masaya qoyub yeyir, üstündən qəhvə içir. Sonra yenə televizora baxır. Yuxu öncəsi, ola bilsin ki, bir pivə tənəkəsinin dalından dəyir. Amerikada bu cür kişilər milyonlarladır.

Vannadan çıxan Edna dəsmalla qurulandı, əyin-başını geyinib evi tərk elədi. Maşın elə həminki yerdə idi. O, kişinin adını-soyadını (Co Laythill) və telefon nömrəsini yazıb götürdü. Makinada çap olunmuş elanı bir daha gözdən keçirdi. “Bədii filmlər”. Əcəb ifadədir. İndiki adamlar sadəcə “ kino” sözüylə kifayətlənirlər.

“QADIN TƏLƏB OLUNUR”

Cürətli deyimdir. Orijinallığına söz ola bilməz.

Evə dönən Edna elandakı nömrəni yığmazdan əvvəl üç fincan qəhvə içdi. Telefonun dəstəyi dördüncü zəngdən sonra qaldırıldı və cavab gəldi:

- Allo?

- Mister Laythilldir?

- Hə, necə ki?

- Elanınızı oxudum. O maşına vurulanı.

- Hə, hə.

- Adım Ednadır.

- Necəsiniz, Edna?

- Oh, hər şey öz qaydasındadır. Yaman bürkü var. Belə hava adamın lap zəhləsini tökür.

- Hə, adamın əli heç nəyə yatmır.

- Mən bir az, mister Laythill…

- Sadəcə «Co» da deyə bilərsiniz.

- Mən bir az, ha-ha-ha, Co, özümü naqolay hiss edirəm. Bilirsiniz də, sizə niyə zəng etmişəm?

- Elanımı oxuduğunuz üçün.

- Yox ey, ha-ha-ha… Bu nə fənddir belə? Özünüzə bab bir qadın tapmaq bəyəm sizin üçün bu qədər müşkülə dönüb ki?

- Heç də yox, Edna. Amma siz mənə deyə bilərsinizmi ki, onlar haradadır?

- Qadınlarmı?

- Hə də.

- Əgər bilmək istəsəniz, onlar hər yerdədirlər.

- Axı harada? Deyin də. Harada?

- Məsələn, kilsədə. Qadınlara kilsədə rastlamaq olar.

- Mən kilsəyə getməyi xoşlamıram.

- Belə-ə de-e.

- Bəlkə maşına minib, bizə tərəf gələsiniz, Edna?

- Yəni sizin evə?

- Hə də. Rahat mənzilim var. Bir az içərik, mırt vurarıq özümüz üçün.

- Artıq gecdir.

- Çox da gec deyil, canım. Əgər elanımı oxumusunuzsa, deməli, o, nəyləsə diqqətinizi çəkibmiş.

- Belə də…

- Siz məndən çəkinirsiniz. Ona görə də ehtiyatlanırsınız.

- Yox, heç də ehtiyatlanmıram.

- Elə isə durub gəlin, Edna.

- Amma…

- Gəlin, gəlin.

- Yaxşı. On beş dəqiqəyə sizdəyəm.

Yeni üslublu evin ən üst qatında idi on yeddi nömrəli mənzil. Hovuzun dibində ara-sıra oynaşan işıq ləkələri göz oxşayırdı. Edna qapını taqqıldatdı. Qapı açılanda mister Laythill onun qarşısında peyda oldu. Qabaq tərəfdən saçı xeyli seyrəlmişdi. Qartalvarı burnunun pərələrindən dışarı uzun tüklər püskürürdü. Köynəyinin yaxası açıq idi.

- Buyurun, Edna.

O, içəri keçən qadının ardınca qapını örtdü. Ednanın əynində toxunma göy paltar vardı. Corab-filan geyməmişdi, ayaqlarına da eləcə şəpşəpi keçirtmişdi və ağzındakı siqareti tüstülədirdi.

- Oturun, sizə bir içki süzüm.

Əcəb rahat ev idi. Hər şey mavi və yaşıl tonlardaydı. Hər tərəf təmiz idi. Çeşidli içkilərdən kokteyl düzəldən mister Laythillin hmmmmmmm, hmmmmmmmm, hmmmmmmmmm şəklində mızıltısı gəlirdi qadının qulağına… Ev yiyəsinin xoş əhvalından xəbər verən bu məqam qadının gərginliyini yox edirdi.

Mister Laythill, yəni Co, əlindəki stəkanlarla geri döndü. Birini Ednaya uzatdı, sonra keçib otağın o biri ucundakı kresloda oturdu və:

- Hə-ə, - dedi, - əcəb bürküdür, lap cəhənnəmi xatırladır. Hətta kondisionerim olsa da, bürküdən əziyyət çəkirəm.

- Hə, gördüm kondisionerinizi. Əcəb rahat şərait yaratmısınız özünüzə.

- İçkinizi dadın.

- Doğrudan ha, lap unutmuşdum.

Edna bir qurtum aldı. Bir az tünd də olsa, kokteylin tamı əlaydı. İçkisindən hər dəfə udum alanda Co başını geriyə doğru aparırdı. Boynunda dərin qırışlar gözə dəyirdi. Şalvarı da çox gen idi əyninə. Yəqin ki, ölçüsü bir neçə bədən iriydi. Elə buna görə də kişinin ayaqları gülünc görünürdü.

- Yaxşı paltarınız var, Edna.

- Xoşunuza gəldi ki?

- Əlbəttə. Həm də totuq-motuqsunuz. Bu paltar sizə yaman yaraşır. Hədsiz dərəcədə.

Edna qarşılıq vermədi. Co da susdu. Onlar eləcə oturub, bir-birini süzür, içkilərini udumlayırdılar.

Edna düşündü: “Bu niyə susur belə? Axı, söhbəti o yönləndirməlidir. Deyəsən, doğrudan da bu kişi ağac kimi qurudur.” İçkisini bitirdi.

- Birini də süzüm? - soruşdu Co.

- Yox, artıq getməliyəm.

- Qoy oturmuşuq, canım. Gəlin, sizin üçün bir stəkan da süzüm, bəlkə onda bir az qırışığımız açıla.

- Yaxşı. Amma onu içib, gedəcəyəm.

Co stəkanları götürüb, mətbəxə yollandı. Artıq onun zümzüməsi qeybə çəkilmişdi. Geri dönüncə stəkanın birini Ednaya uzatdı, özü isə keçib bayaqkı yerində əyləşdi. İkinci kokteyl əvvəlkindən daha tünd alınmışdı.

Co dilləndi:

- Bilirsiniz, mən seksə aid viktorinalarda xeyli uğur qazanmışam.

Stəkanındakı kokteyli sümürməyindən qalmayan Edna buna reaksiya vermədi.

Odur ki, Co xəbər aldı:

- Siz necə, seks viktorinalarına heç gedirsiniz?

- Bir dəfə də olsun onlara qatılmamışam.

- Gərək qatılaydınız, onda siz öz kimliyinizi və məğzinizi asanlıqla anlayardınız.

- Yoxsa sizə elə gəlir ki, bu cür tədbirlərin bir mənası var?! Onlar barədə mən qəzetlərdə oxumuşam. İştirak etməsəm də, seyr eləmişəm, - cavabı gəldi Ednadan.

- Bütün hallarda onlar… mənasız deyillər.

Edna:

- Ola bilsin, mən seksdən bir şey anlamıram və elə buna görə də hələlik yalqızam, - deyib, stəkanından böyük bir qurtum aldı.

Cavabında Co:

- Ona qalsa, son nəticədə biz elə hamımız yalqızıq da, - dedi.

- Bununla nə demək istəyirsiniz ki?

- Dediyim odur ki, seksdə və ya sevgidə, ya da ki elə hər ikisində nə qədər bəxtəvər olsan da, əvvəl-axır hər şeyin bir sonu var.

- Hə, bax, bu, kədərlidir, - dedi Edna.

- Əlbəttə. Günlərin bir günü hər şey nöqtələnir. Ondan ya həmişəlik ayrılırsan, ya da ki mövcud durumla barışdığın üçün sevgi hisslərin soyuyur, onunla sadəcə yanaşı yaşamalı olursan. Mənə qalsa, tənha yaşamaq bundan qat-qat yaxşıdır.

- Siz arvadınızla boşanmısınız, Co?

- Yox. O məndən boşanıb.

- Nədən narazıydı ki?

- Cinsəl orgiyalardan.

- Cinsəl orgiyalardan?

- Bilirsiz, adına “cinsəl orgiya” deyilən şey əslində bu dünyada yalqızlığın simvoludur. Belə orgiyalar eləcə, çox üzr istəyirəm, qarşılıqlı təpişmələrdən ibarətdir… Bu cür yeknəsəklikdən, çarəsizlikdən isə adamın canı sıxılır.

- Bunda nə varmış ki?!

- Bədənlər irəli-geri gedib-gəlir, ayaqlar bir-birinə sarmaşır, barmaqlar, dodaqlar dinclik bilmir, hər şey bir-birinə qarışır, tər su yerinə axır, hamı da çalışır ki, nə isə eləsin, ya da hər necə gəldi, eləsin.

Edna dilləndi:

- Mən bu məsələlərdən çox da anlamıram, Co.

- Sevgi olmayan yerdə, məncə, seks – bir heçdir. Əgər bu oyuna qatılanlar arasında azacıq duyğu qığılcımı doğarsa, onda bəlkə bu, bir məna qazanar.

- Yəni, sizcə, adamların bir-birlərindən xoşlanmaları başlıca şərtdir ki?

- Hər halda.

- Bəs onlar bir-birlərindən doyublarsa, necə? Deyək ki, onlar birlikdəliklərini sadəcə el gözünə sürdürürlərsə? Bunu sırf eyni damın altda yaşamağın, ya uşaqların xətrinə, ya da bunların hamısının xətrinə edirlərsə, necə?

- Yo-o-x… belədə heç orgiyalar da bir işə yaramaz.

- Bəs onda bənzər durumda nə işə yaraya bilər?

- Nə bilim. Bəlkə də əvəzləşmə.

- Əvəzləşmə?

- Bilirsiniz, əgər iki cütlük bir-birinə yetərincə bələddirsə, onlar çarpaz əvəzləşməni və ya cütləşməni seçə bilərlər. Məsələn, Maykın xanımı ilk gördüyümdən bəri könlümə yatmışdı və bu heyranlıq hissi aylarca sürmüşdü. Onun davranışlarına uzun-uzadı göz qoymuşdum. Hər bir hərəkətindən məlahət yağan bu xanıma ötən vaxt ərzində anlaşılmaz sıcaq duyğular baş qaldırmışdı içimdə. Hərəkətlərinin arxasında hansı ruhun gizləndiyini öyrənmək istəyirdim mən. Bu dilbəri ayıq, sərxoş və əsəbi halda görmüşdüm. Ona görə də bu, gec-tez bizi əvəzləşməyə gətirib çıxartdı: budur, artıq o, sənin altında qıvrılır, eyni yatağı paylaşdığım üçün onu hərtərəfli dərk etməyə, dəyərləndirməyə başlayırsan və bir çox gizli mətləbləri öyrənmə şansın doğur. Mayk isə, əlbəttə ki, divarın o üzündə sənin arvadınla iş tutur. Düşünürsən ki: «Hə, Mayk, işin irəli, yəqin ki, sən heç də məndən zəif oynaş sayılmazsan».

- Hər şey doğrudanmı istənilən kimi alınır?

- Nə bilim… Düzü, sonradan… bu əvəzləşmələr müəyyən qəlizliklərə yol açır. Odur ki, bütün mümkün durumlar… gərək əvvəlcədən, həm də ətraflı razılaşdırıla. Bir də ki, hər nə qədər dərd anlatsanız belə, adamlar sizin sandığınız qədər anlayışlı olmurlar…

- Siz özünüz necə, Co, yetərincə anlayışlısınız ki?

- Düzü, bu əvəzləşmələr… bəzilərinə… bəlkə də çoxlarına bir mənada yardımçı ola bilər… Məndə isə bu, alınmadı deyəsən, çünki özümü axıra qədər səmimi apara bilmədim.

Co içkisini bitirdi. Yarımçıq stəkanını masaya qoyan Edna yerindən qalxdı.

- Bura baxın, Co, mən artıq getməliyəm…

Otaq boyu irəliləyən Co qadına yanaşdı. Bu adam şalvara girmiş fili xatırladırdı indi. Əcəb də şəlpə qulaqları vardı. Qamarladığı qadını ehtirasla öpməyə girişdi Co. Nəfəsi turşu və çürüntü qoxusu verirdi, hətta yenicə içdiyi kokteylin ətri də bu üfunəti yenməkdə aciz idi. Çox şükür ki, dodaqlarıyla qadının dodaqlarını yaxalamaq keçmirdi ağlından. Yetərincə güclü adam idi. Həm də bu, nə isə şeytani bir güc idi. Ona görə də qadın ona yalvarır, hər vəchlə başını yana qaçırmağa çalışırdı. Co isə bu başdan möhkəm yapışmışdı.

- Co, buraxın məni! Siz çox tələsirsiniz, Co! «Buraxın» dedim sizə!

- Bəs onda bura niyə gəlmişdin, a qancıq?!

Yenidən qadını öpməyə can atdı və öpdü də. Bu, dözülməz idi. Edna diziylə ona bir dənə ilişdirdi. Qasığını tutan Co xalının üstünə sərildi.

- İlahi… Pərvərdigara… Axı, niyə belə etdiniz? Az qala məni öldürmüşdünüz ki…

Kişi döşəmədə o yan, bu yana dığırlanırdı.

«Sən bir bunun yanbızına bax! Əcəb iyrəncmiş!» - deyə düşündü Edna.

Conun başı özünə qarışınca, qadın qaçaraq, pilləkənlə enməyə başladı.

Dışarıda hava tərtəmizdi. Mənzillərdən sakinlərin və televizorların səsi gəlirdi. Yaşadığı bina buralardan çox uzaq idi. Evə çatan qadın təkrar vanna qəbul etməyə ehtiyac duydu: göy rəngli paltarını soyunub, vücudunu əməlli-başlı yudu, ovxaladı. Vannadan çıxıb, yaxşıca qurulandı, saçlarına pənbə rəngli biqudilərini taxdı.

Və bir daha o həriflə görüşməməyə qərar verdi.

Dilimizə çevirdi – Azad Yaşar

news-inner-user
Azad Yaşar

83 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türklər Nəsimi və Füzulinin həyatından film çəkir
18:12 06 Avqust 2020
Bizimki kimi özgələrin kefinə əsir olan heç bir dil yoxdur - Çağdaş türkcəmizə görə borclu olduğumuz esse
17:08 06 Avqust 2020
Qremmi mükafatçısı həbs olundu
16:41 06 Avqust 2020
Azərbaycanlı gənclərin Gürcüstanda yaratdığı teatrın açılışı oldu
15:57 06 Avqust 2020
Həsrətin gizli öpüşlərində güzgüləndi - Şeir
15:02 06 Avqust 2020
Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020