Ölkəsindən ayrı düşdü, oğlu intihar etdi, İranın ilk taclı qadını oldu – Şahın azərbaycanlı xanımı haqqında maraqlı faktlar

Ölkəsindən ayrı düşdü, oğlu intihar etdi, İranın ilk taclı qadını oldu – Şahın azərbaycanlı xanımı haqqında maraqlı faktlar
14 oktyabr 2021
# 12:20

Kulis.az sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı Fərəh Pəhləvi haqqında maraqlı faktları təqdim edir.

Əslən azərbaycanlı olan Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Tehran şəhərində anadan olub. Ata babası XIX əsrin sonlarında Qacarlar dövlətinin Çar Rusiyasındakı səfiri olub. Qızlıq soyadı Diba olan Fərəh zabit ailəsində dünyaya göz açıb. Ailəsi çox varlı olsa da, atasının vəfatı ailəni Tehrandakı villalarını satıb qohumlarıgilə köçməyə məcbur edir.

***

Fərəh təhsilini TehranParisdə alır. Məktəb illərində o, idmanla məşğul olur, hətta basketbol komandasının kapitanı seçilir. Liseyi bitirəndən sonra Fərəh memarlıqla məşğul olur və Parisdə bu ixtisas üzrə təhsil alır. 1959-cu ildə Parisdə İran səfirliyində qonaqların qəbulu zamanı Fərəh şaha Fransada təhsil alan tələbə kimi təqdim olunur.


Fərəh Pəhləvi gənclik illərində...

Fərəh həmin günləri belə xatırlayır: “Mən şahı ilk dəfə 1959-cu ildə İranın Parisdəki səfirliyində təşkil edilmiş qonaqlıqda gördüm. Mən o vaxtlar memarlıq ixtisasında təhsil alan tələbə idim. Şahla görüşəndə və onun qarşısında dayananda özümü dünyanın ən xoşbəxt qadını hiss etdim. Aramızda bir neçə dəqiqəlik söhbət baş tutdu. Şah mənim memarlıq ixtisasında təhsil almağımdan dərin təsirlənmişdi. Yadımdadır ki, şahın gözləri yaşarmışdı. Sonra dostlarım mənə dedilər ki, mən mərasim zalından çıxarkən o, arxamca sona qədər baxıb. İlk görüşümüzdən 1 həftə sonra şah məni saraya dəvət etdi. Onun şərəfinə təşkil edilmiş rəsmi ziyafət mərasimindən sonra qonaqlar getdi və o mənim yanımda əyləşdi və məndən soruşdu: “Mənim həyat yoldaşım olmaq istəyərsiniz?” Bu sualı eşitdikdə ürəyim şiddətli döyünməyə başladı. Təkcə deyə biləcəyim şey “bəli” idi. Sonrakı illər ondan soruşdum ki, nə üçün məni seçdin? Təbəssüm edərək cavab verdi ki, çünki sən saf və təmiz qəlblisən”.


Rza Pəhləvi ilə Fərəh Dibanın toyu 1959-cu il

21 yaşlı tələbə Fərəh və 40 yaşlı Məhəmməd Rza Pəhləvinin toyu 1959-cu il dekabrın 21-də baş tutur. Fərəh Pəhləvi İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin üç arvadından tacı olan (Şahbanu) yeganə qadın idi. VII əsrdə ərəb istilasından bəri İranda tac almış ilk imperatriça idi. Şahın birinci xanımı Misir şahzadəsi, ikinci isə bir tərəfi alman əsilli olan o dövrün məşhur xanımlarından idi. Hər iki nikah varisin olmaması səbəbindən dağılmışdı. Məhz vəliəhdin olmaması xalqı, həm də hökuməti narahat edirdi. 1960-cı ildə Fərəh oğlan övladı dünyaya gətirir. Onların ümumilikdə dörd övladı oldu: Rza Kir Pəhləvi, Firəngiz Pəhləvi, Əli Rza Pəhləvi, Leyla Pəhləvi.

***

1967-ci ildə Fərəh Banuya tacqoyma mərasimi keçirilir. Ona şahbanu titulu verilir. Şah və şahbanu İranı müasirləşdirməyə çalışırdılar.


Fərəh Pəhləvinin tacqoyma mərasimi

Fərəh ali təhsilli qadın olub. O, fars dilindən başqa, Azərbaycan, ingilis və fransız dillərini də bilirdi. Həmişə dəbli və zərif geyinib. Çoxları onu ABŞ-ın keçmiş birinci xanımı Jaklin Kennedi ilə müqayisə edirdi. Fəaliyyəti sayəsində İranda bir çox muzey açılıb. Fərəh Mark RotkoCekson Pollok kimi sənətkarların sənət dünyasında o qədər də anlaşılmayan rəsmlərini alaraq diqqət çəkmişdi. Bundan əlavə, ölkəsinin rəssamlarının dünyada tanıdılması üçün bir çox layihələr həyata keçirir.

***

Ərinin yanında güclü nüfuzu olan Fərəh şahın diqqətini İrandakı qadınlara tərəf çəkir. Tezliklə qadınlar qarderobda gizlətdikləri Avropasayağı paltarlarını geyməyə başlayır, örtükdən, qapalılıqdan çıxırlar. Hətta şahbanunun təsiri altında olan şah “Playboy” jurnalının İran versiyasını da yayımlamaq fikrinə düşür.

Fərəh Pəhləvi 1972-ci ildə SSRİ-yə səfəri çərçivəsində öz arzusu ilə Azərbaycana dəvət olunur. Sovet höküməti onun bu arzusunu yerinə yetirməyə, ona “yox” deyə bilmir və Fərəh Azərbaycana gəlir.


Şahbanunun Bakı səfəri

Bakıda onun üçün möhtəşəm bir ziyafət təşkil edilir. 70-ci illər Sovet hakimiyyəti, sərhədlərin qapalı olduğu bir zamanda xaricə getmək, xüsusilə İrana getmək heç də asan deyildi. Məhz belə bir zamanda İran nümayəndəsinin, özü də Azərbaycan əsilli şah xanımının Sovetlərə səfəri maraqla qarşılanmışdı. Soyuq qış ayları, qar altındakı Rusiyanı kəşf etmək həvəsi şahbanunu yenidən Moskvaya gətirir. 60-ci illərdə həyat yoldaşı ilə etdiyi rəsmi səfərdən fərqli olaraq, bu, “şəxsi” və şah olmadan edilən səfər idi. Sovet torpaqlarını gəzən Fərəh Pəhləvinin növbəti ünvanı Azərbaycan olur. Hamının onun haqqında bildiyi bir məqam var: O, azərbaycanlıdır, İran şahının arvadıdır. Azərbaycana gəlmək Fərəh xanımın arzusu imiş və bunu da Sovet höküməti yerinə yetirdi. Ona “yox” deyə bilmədilər və Azərbaycana gəldi.

***

Şahbanunun gəlişi münasibətilə keçirilən konsertdə Azərbaycanın ən aparıcı artistləri Zeynəb Xanlarova, Müslüm Maqomayev, Şövkət Ələsgərova, Rəşid Behbudov, Fidan Qasımova və başqaları çıxış edib.


Şah və xanımı inqilabdan əvvəl

Rejissor Arif Qazıyevin də o vaxtlardan xatırladığı məqam Fərəh Diba üçün gözəl konsertin təşkil olunmasıdır.

“Rəşid Behbudov, Zeynəb Xanlarova, Müslüm Maqomayev kimi tanınmış, müğənnilər onun şərəfinə hazırlanmış konsertdə oxuyurdular. O da çox məmnuniyyətlə oxuyanlara qulaq asıb, onların hamısına hədiyyə verib. İran şahının xanımı, özü də azərbaycanlı bir xanımın bura gəlməsi nadir hadisə idi, ümumiyyətlə Fərəh xanımın Bakıda insanlarla ünsiyyətinə az imkan verilmişdi. Amma Fərəh xanımı hər yerə maşınla aparır, muzeyi, bulvarı gəzdirdilər. Dağüstü parka apardılar ki, şəhəri yuxarıdan görsün. Böyük mühafizəsi var idi”.

***

Flora Kərimova xatırlayır: “Yadımdadır o bura gələndə, fars dilində danışırdı. Mənə isə bununla bağlı sual verdilər ki, Fərəh Pəhləvi Azərbaycan dilini bilir, azərbaycanlıdır, niyə fars dilində danışır. Onda dedim ki, o şahı təmsil edir və bura İran adlı dövlətin nümayəndəsi kimi gəlib, burada öz doğma dilində danışmağı düzgün olmazdı. Fərəh Pəhləvi Bakıda olarkən diqqətimi çəkən məqamlardan biri muzeydə şəkillərə baxarkən onun yanında heç kimin dayanmaması idi. Bizimkilər və İrandan gələnlər ondan 3-4 addım aralıda dayanırdı”.


Fərəh Pəhləvi ailəsi ilə

Fərəh Pəhləvini görənlərdən biri də xalq artisti Fidan Qasımovadır. O deyir ki, İran şahının xanımı Azərbaycana gələndə “Arşın mal alan”ın valını axtarıb. Dükanları gəzib, valı tapa bilməyən şahbanuya isə mayestro Niyazi kömək edib. Onda Fərəh xanıma dedi ki, “Arşın mal alan”ı təzədən vala yazıb ona göndərəcək. Beləliklə, mənim ilk səsyazmam oldu. Gülçöhrəni mən, Əsgəri Rəşid Behbudov oxudu. Bu, Rəşid Behbudovun son səsyazması oldu. Asyanı isə bacım Xuraman oxudu, onun da 16-17 yaşı olardı. Beləliklə, o val tarixə düşdü, onun Fərəh xanıma çatıb-çatmadığı haqqında isə məlumatlı deyiləm”.

***

Fərəh Diba özünün Bakı səfərini isə “Xatirələr”ində belə qeyd edib: “.. daha sonra biz sərhəd qonşumuz olan Sovet Azərbaycanının paytaxtı Bakıya da getdik. Azərbaycanlı ruslar atamın kökünün bu bölgədən olduğunu bilirdilər, belə vəziyyətin aramızda xüsusi yaxınlıq yaratdığını hiss eləyirdim. Küçədəki adamların bizə qarşı böyük maraq duyduqlarını, İranın əsl vəziyyətini öyrənmək üçün suallar vermək arzusunda olduqlarını hiss eləyirdik. Sovet rəhbərlərininsə, xalqla ünsiyyətdə olmağımızın, qeyri-rəsmi görüş keçirməyimizin qabağını almaq istədikləri açıqca görünürdü. Təhlükəsizliyimizi bəhanə gətirib, bir az şübhə oyadan təlaşla bizi xalqdan ayırdılar”.


Şahbanu ailəsi ilə brigə

1979-cu il İran inqilabından sonra Məhəmməd Rza və ailəsi yanvarın 4-də İranı tərk etmək məcburiyyətində qalırlar.

Xərçəngdən əziyyət çəkən şah 1980-ci il iyulun 27-də Qahirədə vəfat edir və ər-Rifahi məscidində basdırılır. Şahın ölümündən sonra Misir prezidenti şah ailəsinə yaşamaları üçün saray ayırır. Amma prezidentin qətlə yetirilməsi səbəbi ilə Fərəh və ailəsi Misiri tərk edərək prezident Reyqanın dəvəti ilə ABŞ-a yollanır.

***

2001-ci ildə Fərəh Pəhləvinin qızı şahzadə Leyla vəfat edir. 2011-ci ildə ailəyə növbəti bədbəxtlik üz verir. Məhəmməd Rza Pəhləvinin kiçik oğlu Əlirza Pəhləvi ABŞ-da özünü güllə ilə vurur. Şah ailəsi bunu oğlunun bir iranlı kimi vətənindən kənarda qalması, atasının və cavan yaşda bacısının ölümü ilə əlaqələndirir.


Fərəh Pəhləvi böyük oğlunun ailəsi ilə birgə

Bu gün şahbanu Fərəh Pəhləvi Parisdə və Vaşinqtonda yaşayır. Böyük oğlu da ailəsi ilə bərabər Vaşinqtondadır. İran mühacirlərinin bir hissəsi onu "şah" adlandırır. Atasının vəfatından sonra Rza Kir Pəhləvi varis kimi bu titulu götürüb. Şahbanu oğlunun siyasi fəaliyyətini dəstəkləyir, amma özü kölgədə qalmağı sevir. Fərəh xanım əvvəlki kimi incəsənətlə də məşğul olur. Ona əvvəlki kimi şahbanu deyərək müraciət olunur.

***

2003-cü ildə ”Şahla həyatım” adlı xatirə kitabı beynəlxalq bestseller olub.

# 7703 dəfə oxunub

Oxşar xəbərlər

# # #