Mübariz İbrahimovun yaxın dostu olmuş taksi sürücüsü: “Hər gün bizim idman zalına gəlirdi” - Maşından reportaj

Mübariz İbrahimovun yaxın dostu olmuş taksi sürücüsü: “Hər gün bizim idman zalına gəlirdi” - Maşından reportaj
16 sentyabr 2021
# 12:06

Kulis.az “Həyat içindən” layihəsindən taksi sürücüsü Kənanla müsahibəni təqdim edir.

Səhər evdən çıxanda tanımadığımız neçə insanla rastlaşırıq? Onlarla, yüzlərlə, bəlkə də minlərlə. Qarışqa kimi şəhərin küçələrində addımlayan adamlar bir anlıq qarşımızdan keçir və gözdən itir. Gözdən itirlər, amma yoxa çıxmırlar. Onlar öz talelərini, həyatlarını yaşamağa gedirlər.

Mağazadakı satıcı, kassa arxasındakı gənc qız, yaşlı avtobus sürücüsü, dördü 1 manata limon satan xala, salfet satan uşaq, “küçənin tinində dilənən qarı”, səs-küylə işini görən fəhlələr və daha kimlər, kimlər.

Ya da elə taksi sürücüləri...

Bu həyatın qaçaqaçında təlaşla harasa tələsdiyimiz vaxt çağırdığımız taksilər və taksi sürücüləri...

Hərdən bizə elə gəlir ki, taksi sürücülərinin bütün işi-gücü bizi A nöqtəsindən B nöqtəsinə aparmaqdır, şəxsi həyatları yoxdur.

Amma, əlbəttə, belə deyil.

İndi tanış olacağınız Kənan da taksi sürücülərindən biridir. Mən onu az-çox tanıyıram. Gəlin birlikdə onun “Honda”sına oturaq və siz də qəhrəmanımla yaxından tanış olun.

- Kənan, bir az özündən danış.

- 1996-cı il, iyulun 8-də Bakıda anadan olmuşam. 25 yaşım var. Əslən Ağdamdanam.

- Atanı erkən yaşlarında itirmisən...

- Hə, iki yaşımda. Ürəyində problem var idi. Ticarətlə məşğul olurdu.

- Allah rəhmət eləsin. Bacın, qardaşın var?

- Məndən böyük bir bacım var, Özbəkistanda yaşayır, evlidir.

- Sən zəhmətkeş adamsan. Mən səni tanıyandan işləyirsən. Neçə yaşından işləməyə başlamısan?

- 9 yaşımdan. Birinci işim olub dükan. Dayımın ərzaq dükanında işləməyə başlamışam. Dükanda başqa işçilər də var idi, mən mal yığırdım rəflərə, işi öyrənməyə çalışırdım. Bir ara dükanın satışları çox aşağı düşdü, iflas olmağa yaxın idik, dayım mənə dedi, mən çəkilirəm qırağa, sən bizə ərzaq gətirən firmalarla əlaqələrini qur, dükanımızı dirçəlt. Mənim də artıq firmalarla münasibətim yaranmışdı. Hələ də yadımdan çıxmır, bir firmada Mamed dayı var idi, mağazalara ərzaq gətirirdi, çox gözəl insan idi. Mən ondan kömək istədim. O, bizə çoxlu nisyə mal verdi, bütün rəflərimizi doldurduq, hələ əlavə rəflər də yaratdıq və mən o malları, ərzaqları satmağa başladım, borclarımızı bağladım. Yavaş-yavaş dövriyyəmiz artdı, mağazanın vəziyyəti düzəldi.

Kənan danışdıqca həmin illəri yadıma salıram. Mən küçədə top dalınca qaçanda, gizlənqaç oynayanda, mənimlə yaşıd olan Kənan sözün hərfi mənasında, səhərdən axşama kimi işləyirdi. O yaşımda bunun necə böyük bir şey olduğunu dərk edə bilmirdim. Hətta Kənanı uşaq ağlımla qınayırdım ki, nə oturmusan bu mağazada, gedək futbol oynayaq. Kənan təbəssümlə gələ bilməyəcəyini deyirdi. Mən onun həmin təbəssümündəki kədəri hələ indi-indi duymağa başlamışam.

Onun işlədiyi mağazaya girib özümə dondurma, ya sok alanda, belimdə çanta ilə məktəbə gedəndə, məktəbdən qayıdanda, gəzməyə gedəndə, gəzməkdən qayıdanda, hazırlığa gedəndə, hazırlıqdan qayıdanda, universitetə gedəndə, universitetdən qayıdanda, Kənan hələ də işləyirdi.

Həm xəyallarla uğraşıram, həm də Kənanı dinləyirəm. Kənan da iki iş görür: Həm maşını idarə edir, həm danışır:

- Sonra özüm ayrıca meyvə-tərəvəz dükanı açdım, çox əla da alver gedirdi. Qonşu dükanların bazarını öldürmüşdüm. Onlar da “arenda” verdiyim obyektin yiyəsindən məni oradan çıxarmasını istədilər. Gəlib dedi, mallarını da yığ, dükandan çıx. “Arenda”nı ödəmişdim, hələ heç vaxtı da bitməmişdi. Acığa düşdüm, heç pulu da geri almadım, dükana qıfıl vurub çıxdım. Ödənişimin vaxtı bitəndən sonra açarı sahibinə verdim.

Svetoforu gözləyir. Qırmızı işıq onun nitqini də bir anlıq saxlayır. Danışmaq da olmaz qırmızı işıqda! Mən də gözləyirəm. Xəyallarıma ara verirəm. Yaşıl yanan kimi doğma səs yenidən eşidilir:

- Sonra qohumum idman zalı açdı, mən də başladım o zala məşqə getməyə. 17 yaşım var idi. Üç-dörd il məşq eləyəndən sonra bu işə marağım artdı. Fitnes məşqçisi olmaq arzum yarandı. Sonra elə oldu, qohumum zalı mənə verdi ki, oranı işlədim. Mən o zalı işlətməyə başladım. Allah rəhmət eləsin, Milli Qəhrəmanımız, şəhid Mübariz İbrahimov da bizim zala məşq eləməyə gəlirdi. Mübariz qohumumla yaxın dost idi, mənlə də dostlaşdı, çox yaxşı münasibətimiz var idi. O vaxt Mübariz Bibi-Heybət məscidində bağban işləyirdi, kirayədə qalırdı. Mən zalda işləyəndə gəlib zalın qiymətini soruşdu, aylıq 20 manat olduğunu dedim, dedi, sabahdan məşqə gələcəm, mən də onun adını dəftərə yazdım. Elə o vaxt məşqlərə başlayanda dostlaşdıq.

Bu yerdə özümü saxlaya bilmədim, dedim, Mübariz İbrahimovun qəhrəmancasına şəhid olduğunu eşidəndə nə hisslər keçirdin?

- Onun şəhid olmaq xəbəri gələndə, heç inana bilmədik. Mübariz kimi oğlanın ölümünü qəbul edə bilmirdik. Onunla dostlaşdığım vaxt yaşım az idi, Mübarizdən balaca idim, mənə deyirdi, sənin şəkillərini çəkib Biləsuvarda hamıya göstərib səni məşhur edəcəm. Çox gözəl insan idi.

- Başqa nə yadına gəlir Mübarizlə bağlı?

- Mübariz həm boksçu idi, həm də zalda məşq edirdi. Bircə o yadıma düşür ki, yorulmaq bilmirdi. Mən onun yorulduğunu heç vaxt görmədim. Həyatından da heç vaxt narazı deyildi, namaz əhliydi, həmişə şükür eləyirdi.

Araya uzun sükut düşür. Mübarizin xatirəsinə susuruq ikimiz də. Maşın da səsini azaldır bir az. Küçələrdən siqnal səsləri kəsilir. Hardasa bir dəqiqənin tamamında Kənan özü söhbəti dəyişir:

- Mən 9-cu sinfə kimi oxumuşam, sonra getmişəm peşə məktəbinə, çilingərlik üzrə oxumuşam. Həvəsim vardı bu peşəyə. Əziyyətli işdə, kişi işində işləmək istəyirdim, amma sonra gördüm, çilingərliyi bacara bilmirəm.

- Kişi sənəti deyirsən. Bəs, səncə, qadın sənəti nədir?

- Qadın sənəti kompüterin qabağında oturmaqdı, dərzilik, həkimlik, müəllimlik, bağçada uşaqlara dərs keçməkdi. Belə şeylər (gülür).

Elə bu dəm qarşımızdakı avtomobil xəbərdarlıq işığını yandırmamış qəfil dönüş edir. Kənan sükanı cəld döndərib qəzadan qaçır. Bir-iki yüngülvari nalayiq ifadə işlədib əsəbini soyudur. Sonra əlimdəki diktofona baxıb gülür:

- Qaqa, sən canın söyüşü yazma haa! Biabır olaram!

- Yaxşı, narahat olma,mən də gülürəm, Növbəti sualıma keçirəm.

- Ali təhsil almaq istəmədin?

- Çox istədim, çox həvəsində oldum, alınmadı.

- Taksi sürməyə nə vaxtdan başladın?

- Üç il olar.

- Günlük qazancın nə qədərdir?

- Əvvəl elə olurdu 100-120 manat qazanırdım, indi bilmirəm Məhərrəmlik ayına görədir, ya nəyə görədir, aşağı düşüb, az olur qazanc. İndi taksini az qala avtobus qiymətinə işlədirlər. Demək olar, indi heç kim avtobusa minmir, hamı elə taksi sifariş verir, çünki qiymət ucuzdur. Taksinin heç bir hörməti qalmayıb. Əvvəl var idi. Məcbur olmasam bu qiymətə işləməzdim.

- Camaat da deyir, taksilər əvvəl baha aparırdılar...

- Yox, vallah, baha aparmırdıq. Mən baxıram məsafəyə, istifadə etdiyim benzinə, ona uyğun qiymət deyirəm. Taksi şirkətləri çox ucuz verir qiyməti.

- İndi günlük qazancın nə qədər olur?

- Günlük qazancım 50 manatdan yuxarı qalxmır.

- Aya 1500 manat eləyir də.

- Həmişə o qədər işləyə bilmirəm axı. Elə olur, o pulu qazanmaq üçün günə 250 kilometr maşın sürürəm. Çox yorur adamı.

- Neçə saat işləyirsən?

- 9 saat. Əvvəl 4-5 saat işləyib azı 50 manat qazanırdım. İndi səhər tezdən çıxıb axşam qayıdıram o pulu qazanmaq üçün. Həm də başqa problem var e.

- Nə problem?

- Taksi qiymətləri aşağı düşəndən sonra müştərilərin səviyyəsi də düşüb. Adamla qəpik davası eləyirlər. Sifariş eləyir 1 manat 90 qəpik, 2 manat verir, gözləyir ki, 10 qəpiyini qaytarasan. Düzdü, haqqıdır, amma yenə də adamı əsəbiləşdirir. Onsuz da su qiymətinə sürürük də maşını. Ya da 2 manat 20 qəpik eləyir, çıxarır elə düz 2 manat 20 qəpik verir. Hələ o gün nə oldu? Orta yaşlı bir xanım sifariş vermişdi, getdim götürdüm. Yol tıxac idi deyə bir az gec çatdım, başladı məni danlamağa. Bir dənə məni söyməyi, ya döyməyi qaldı. Mən də neyləyim, anam yaşda qadındı. Axırda nə olsa yaxşıdı? Sifarişin qiyməti 5 manat 60 qəpik idi, çıxarıb 5 manat verdi, dedi, bala, üzrlü say, qəpiyim yoxdur, elə 5 manatım var. Belə şeylər adamı necə əsəbiləşdirməsin? Bizimlə elə davranırlar, elə bil, adam deyilik.

- Camaat da sizdən narazıdır ki, xırdanı qaytarmırlar.

- O biri sürücüləri bilmirəm, mənim xırdam olanda qaytarıram. Sadəcə birdən görürsən, qəpik olmur.

- Heç pul vermədən qaçıb gedən olub?

- Elə şey başıma bir dəfə gəlib. Bayıldan Masazıra müştəri apardım, ünvana çatdıq, dedi, gözlə mağazada pulu xırdalayıb gəlirəm. O gedən getdi. Sonra həmin adamı GetKontakt proqramında axtardım, adı “Taksilərə atan” çıxdı (gülür). Belə hadisələr çox vaxt gecələr olur, mən də gözümə şübhəli görünən biri minəndə xahiş edirəm ki, ödənişi əvvəlcədən eləsin.

- Pulsuz apardığın adam olub?

- Olub. Düzdü, firma sifarişlərində olmur belə şey, amma bir neçə dəfə başıma gəlib. Maşını saxlayıb deyiblər, pul yoxdu, mümkünsə filan yerə məni aparın, ya da yolumun üstü olub, aparmışam. İnsanıq də.

Gözüm qəfil maşındakı uşaq oyuncağına sataşır:

- Bu nədi? – gəlinciyi əlimə götürüb soruşuram.

- Bir müştərinin idi, 1 həftədir qalıb, arxada oturacağın altına düşmüşdü.

- Zəng eləyərdin də.

- Sifarişlə gələn müştəri deyildi, “Koroğlu”ya manatlıq taksi kimi gedəndə minmişdi. Ona görə maşında saxlamışam ki, birdən yenə rastlaşsaq, görsün.

Bir az dayanıb səsini qaldırır:

- Gəl sənə başıma gələn maraqlı hadisələrdən birini də danışım. Bu taksi şirkətinə təzə yazılmışdım, ilk müştərim Könül Kərimova oldu. Salondan restorana apardım, 5 manatlıq yola görə çıxarıb mənə 50 manat verdi. Elə sevindim, həmin günü heç işləmədim. Bir şans idi də mənim qismətimə düşdü. İndi hərdən işə çıxanda dua eləyirəm ki, yenə Könül Kərimova minsin maşınıma (gülür).

- Mehriban cütlüklər minəndə nə edirsən?

- Sevgililər minəndə arxada otururlar, mən də mahnı qoşub bir az səsini artırıram ki, rahat söhbət eləsinlər, sıxılmasınlar.

- Qəfil öpüşsələr neyləyərsən?

- Elə şey olmayıb. Olsa, mədəni şəkildə etiraz edərəm, deyərəm, bura bar deyil, bulvar deyil...

- Hansı mahnılara qulaq asırsan?

- Röya, Sevda Yahyayeva, Günay İbrahimli... Zamiqin mahnılarını xoşlayıram. “Varavskoy” dostlarım da var, onlar oturanda Elçin Zəkinin mahnısını qoşuram (gülür).

- Kənan, maşınına seks işçisi minib?

- Seks işçisi nədir?

- Pulnan “xidmət” göstərənləri deyirəm də.

- Alə, ta fahişə denən də! Mən də deyirəm, bu nə deyir (gülür). Çox miniblər, hə.

- Danış da, necə olur? Onlar neyləyirlər, sən neyləyirsən?

- Çox söyüşcül olurlar. İkisi minibdisə bütün yol boyu söyüşlə danışırlar. Onda heç nə deyəmmirəm qorxumdan (gülür). Amma tək minib telefonla kiməsə zəng eləyib söyüşlə danışanda, xahiş eləyirəm ki, söyüşsüz danışsın. Keçən gün biri o qədər söyüşlə danışdı, nə qədər xəbərdar elədim, dayanmadı, axırda maşını saxlayıb dedim, düş. Məni söyə-söyə düşdü.

- Deyir, taksilərə yaxşı pul verir onlar, ona görə sürücülərin arası yaxşı olur onlarla.

- Hə, elədi. Məsələn, 5 manatlıq yola 10 manat verirlər, ya 10 manatlıq yola 15 manat. Belə də. Amma Allah haqqı, bu da əvvəl beləydi, koronavirusdan qabaq. Qardaş canı, korona başlayandan fahişələr də xəsisləşib. Görünür, işləri az olur. İndi ucuz olsun deyə onlar da taksini proqramla çağırırlar. Əvvəl qabaqlarına çıxan ilk taksini saxladıb minirdilər.

- Pandemiya onların işinə də təsir eləyib də.

- Hə, özüm ölüm. Yaxşı deyir e, seks işçisi! (gülür).

- Taksi sürücülüyü yaxşıdır, yoxsa satıcılıq?

- Əslində, mən dükanı çox sevirəm, satıcılığı çox əla bacarıram. Özün bilirsən də, məhəllədə “Kənan Market” adında mağaza da açdım. Məndən yaxşı alver eləyən yox idi. O balaca mağazada günlük azı 1500-2000 manatlıq satış eləyirdim, hətta kuryer də tutmuşdum, sifarişləri məhəllədəki evlərə çatdırırdım. Amma taksinin o şeyi yaxşıdı ki, istəyəndə işə çıxırsan, istəməyəndə yox. Bir xeyir iş, ya Allah uzaq eləsin, yas-filan olanda rahat gedə bilirsən. Özün öz müdirin olursan.

- Kənan, indi yadıma düşdü, sən özün də Aprel döyüşləri qazisisən.

- Bəli. Hərbi xidmətdəydim, tərxis olmağıma üç-dörd ay qalmış döyüşlər başladı. Mən orada çox əziyyətlər gördüm, amma fəxr edirəm ki, elə igid əsgərlərimiz, zabitlərimiz, komandirlərimiz var. Canlı döyüşlərin iştirakçısı olmuşam. Zarafat deyil. Qaziyəm, veteran kimi müavinət alıram. Onda fikirləşirdim ki, bizim ordumuzun igidliyindən az adam xəbər tutdu, amma bu sonuncu müharibədən sonra nəinki Azərbaycan, bütün dünya buna şahid oldu.

Telefonuna zəng gəlir. “Qaqa, bir dənə üzrlü say” deyib zəngi açır. Səs tonu qəfil dəyişir. Sakit, asta, həlim, hətta bir az incə səslə danışmağa başlayır. Bir kişi telefonla belə danışırsa, yüz faiz dəstəyin o tərəfində qarşı cinsin nümayəndəsidir, özü də kişinin qəlbinə yol tapmış biri.

Kənan xısın-xısın söhbətini edir, “Yaxşı, sonra danışarıq” deyib sağollaşır. Mənə çevrilir:

- Hə, brat, üzrlü say sən canın. Harda qalmışdıq? – səsi yavaş-yavaş əvvəlki halına qayıdır, daha yüksək və qalın tonla danışmağa başlayır.

Elə bil bayaqkı səs başqa adamdan çıxırdı. Bilmirəm, bəlkə də, kişilərin sevdikləri xanımla danışdığı səs tonu elə əsl səsidir, digəri yalançıdır. Bu barədə daha sonra düşünərəm. Tez keçirəm şou-biznes suallarına:

- Kənan, sevgilin var?

- Var. Bir aydır nişanlanmışam.

- Allah mübarək eləsin. Necə tanış olmusunuz? Əgər sirr deyilsə...

- Anamın iş yoldaşının qızıdır. Analarımızın vasitəsiylə tanış olmuşuq.

- Səncə, bu cür evliliklər keçmişdə qalmalı deyil?

- Sevginin gözü kordur. Necə və harada tanış olmağın əhəmiyyəti yoxdur. Sevgi təsadüfləri sevir, insanın qarşısına hər yerdə çıxa bilər; metroda, avtobusda, küçədə... Mənim qarşıma belə çıxıb. Əsas odur, sevirəm.

- Xoşbəxt olun!

- Çox sağ ol!

- Nə vaxta kimi taksi sürücüsü işləməyi düşünürsən?

- Mən maşın da alıb satıram. Düzdü, həmişə qabağa düşə bilmirəm, amma inşallah, alındırsam, pul yığıb özümə obyekt açmaq istəyirəm, İki-üç dənə köşk...

- Müsahibə təklifimizi qəbul elədiyin üçün çox sağ ol, Kənan. İşin avand olsun!

- Siz də sağ olun!

Maşından düşürük. Kənan mahnının səsini artırır, sağollaşmaq işarəti kimi iki dəfə siqnal verəndən sonra qaza basır. Maşın ilk döngədəncə sola burulub gözdən itir.

Foto: Nicat Əlili

# 6202 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Səmimi Fərhad:  Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

Aktyor Səmimi Fərhad: Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

20:00 23 aprel 2024
Məşhur yazıçının kitabı satışdan çıxarıldı

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

19:00 23 aprel 2024
“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

18:30 23 aprel 2024
Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
#
#
# # #