Azərbaycana köçmək istəməyən arvadından boşandı, "20 Yanvar"a görə Şövkət Ələkbərovaya qarşı çıxdı - Yaqub Zurufçu haqqında maraqlı faktlar

Azərbaycana köçmək istəməyən arvadından boşandı, "20 Yanvar"a görə Şövkət Ələkbərovaya qarşı çıxdı - Yaqub Zurufçu haqqında maraqlı faktlar
14 sentyabr 2023
# 21:00

Bu gün Əməkdar artist, müğənni Yaqub Zurufçunun anım günüdür. Kulis.az onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Yaqub Qulu oğlu Zurufçu 1956-cı il - aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. Atası Qulu kişi iş Təbrizdə çətinliklə də olsa, Bakı radiolarının dalğalarını "tutub", azyaşlı oğlu Yaquba Bülbülün, Rəşid Behbudovun, Rübabə Muradovanın, Şövkət Ələkbərovanın və digər müğənnilərin ifalarını, Azərbaycan mahnılarını dinlədirmiş...

***

Yaqubu musiqiyə atası həvəsləndirir. Atasının sözündən həvəslənərək həyətdə-bacada mahnılar oxumağa başlayan, qəlbəyatan səsi ilə artıq 7 yaşından sevilən balaca müğənni çox keçmədən Təbriz radiosunun uşaqlar proqramında iştirak edir, şövqlə oxuduğu "Cücələrim" mahnısı ilə İranda məşhurlaşır, oxuduğu mahnı dillər əzbəri olur.

1979-cu ildə "İslam inqilabı"ndan sonra İranda musiqi qadağan olunur. Musiqi ilə məşğul olanlar isə həbs edilir. 1985-ci ilə qədər İranda yaşayan müğənni oranı tərk etmək qərarına gəlir. Universiteti bitirən kimi Almaniyaya üz tutur. Müğənni Hamburq şəhərində musiqi təhsilinə başlayır vokal sənəti üzrə master diplomu alır.

***

İlk dəfə böyük konsert proqramı ilə tamaşaçılar qarşısına çıxan müğənni "Vətənimdir", "Dəniz", "Evləri var xana-xana", "Qaragilə", "Sarı gəlin" mahnıları ilə qəlbləri nə qədər coşdursa da, "Ana" mahnısı ilə salondakıların hamısını kövrəldir, hətta ağladır da.

1989-cu ildə müğənniyə xəbər verirlər ki, Gülağa Məmmədov Almaniyadadır: "Ayrılığ"ın klipinə baxıb, çox bəyənib”. Nəhayət, Yaqub bəy Gülağa Məmmədovla görüşür. Onlar səhərə qədər söhbət edirlər. Gülağa Məmmədov “Ayrılıq” mahnısına çəkilmiş klipin videoyazısını Bakıya gətirir və o mahnı Azadlıq hərəkatının simvoluna çevrilir.

***

Yaqub Zurufçu Gülağa Məmmədovun və Elçin Əfəndiyevin dəvəti ilə Bakıya gəlir.
Müğənni həmin günləri belə xatırlayır: “Azərbaycana Moskvadan uçdum, təyyarədə bir nəfər mənə yaxınlaşdı ki, siz Yaqub Zurufçusuz? Dedim, bəli. Bu getdi, Moskvadan Bakıya uçan azərbaycanlılara nə dedi, nə demədisə, bir də gördüm, bütün azərbaycanlılar toplaşdı başıma. Təyyarədən düşəndə gördüm bütün xanəndələr - Arif Babayev, Şövkət Ələkbərova və başqaları, hamısı məni qarşılamağa gəliblər. Necə kövrəldim!”

Yaqub Zurufçu oktyabrın 29-da Azadlıq Meydanında konsert verməyə hazırlaşmış. KQB əvvəlcə razılıq vermir. Təhlükəsilik xidmətinin əməkdaşları ona deyirlər ki, konsert zamanı sənə atəş aça bilərlər. Biz isə səni qoruya bilməyəcəyik. Öz dilindən yaz ki, məsuliyyəti üzərinə götürürsən. Yaqub Zurufçu "Azərbaycan" mehmanxanasının pəncərəsindən meydandakı izdihamı göstərib deyir:
“Mən bunlara söz vermişəm. Nəyin bahasına olursa-olsun, konsert verəcəm. Siz qadağan etsəniz də...”.
Sonra Elçibəy onun yanına - hotelə gəlir və deyir: “Biz səhnənin arxasında, sənin yanında olacağıq, narahat olma.”
Konsert baş tutur. Heç bir hadisə, ixtişaş baş vermir. Konsertdən yığılan 70 min manat pul isə Xalq Cəbhəsinə verilir. Sonradan Elçibəy ona fars dilində təşəkkür məktubu yazır.

Yaqub Zurufçu iki dəfə ailəli olub. İlk xanımı əslən Təbrizdən olub. Bu evlilikdən onların Dəniz adlı qızı, Tamerlan adlı oğlu dünyaya gəlib. Lakin xanımı Azərbaycanda yox, Amerikada yaşamaq istədiyindən müğənni ondan ayrılmalı və Bakıya köçməli olur.

***

Yaqub Zurufçu ilə ikinci həyat yoldaşı Aynur xanım İTV-də tanış olublar. Aynur xanım müsahibələrinin birində bu barədə deyir:
“Mən onda İTV-də işləyirdim. Orada tanış olduq. Sonra Yaqub bəylə işləməyə başladım. Çəkilişlər əsnasında çox mübahisələrimiz oldu. Sonra yavaş-yavaş bir-birimiz tanıdıq. Amma heç vaxt ağlıma gətirməzdim ki, bir vaxtlar həyat yoldaşım olacaq. Çünki çox mübahisə edirdik. Mən bir də baxdım ki, bu insana bağlanmışam. Ondan ayrı yaşaya bilmirəm. Ancaq düşünürdüm ki, bəlkə, ailəm qəbul etməz. Uzun müddət hisslərimi, münasibətimizi dilə gətirməyə qorxdum. Sonra gördüm ki, həyatımı onsuz təsəvvür etmirəm. Başqası ilə ailə qursam da, xoşbəxt olmayacam. Yaqub bəyi tanıyanda 26 yaşım var idi. Körpə necə mehrini salırsa, mən də Yaqub bəyə elə öyrəşmişdim. Ancaq iş əsnasında məni çox incidirdi, kobud davranırdı. Deyirdi, onu niyə belə etdin, bunu niyə belə etmədin... Hətta məni ağladıb da”.

Müğənni Roza Zərgərlinin sözlərinə görə, Yaqub Zurufçu Xalq artisti Şövkət Ələkbərovanı aldadıb: "Şövkət xanım 1990-cı ildə müalicə üçün Almaniya gedib Yaqub Zurufçunun evində qalıb. Bir neçə aydan sonra isə Yaqub Zurufçu ona seyib ki, müalicə üçün pul lazımdı. Beləcə Şövkət xanımı konsert verməyə məcbur edib..."

Lakin Yaqub Zurufçu bu iddiaları rədd edib:
“Bizim evdə bir neçə ay qaldı. Sonra dedi ki, gəl konsert edək. Bu da düşdü 20 Yanvar hadisəsinə. Mən də ona əvvəlcədən dedim ki, o konsertdə iştirak etməyəcəm. Doğrudan da zalda oturdum, oxumadım. O, məni tamaşaçılara təqdim elədi, səhnəyə dəvət etdi. Mən də çıxıb "Ana" mahnısını oxudum. Sonra da Azərbaycana yola saldım. Amma yenə deyirəm ki, mən 20 Yanvar hadisəsi ərəfəsində Şövkət xanımın səhnəyə çıxıb konsert verməsinə qarşı olmuşam”.

Yaqub Zurufçu ABŞ vətəndaşı olmaqla bərabər 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığını da alır və 17 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülür.

O, 9 sentyabr 2021-ci ildə koronavirusa yoluxaraq “Yeni Klinika”ya yerləşdirilir.
14 sentyabr 2021-ci ildə 65 yaşında vəfat edir.

# 31700 dəfə oxunub

Oxşar xəbərlər

"Kaş o, heç doğulmayaydı" - Vatikanın qadağan etdiyi yazıçı

"Kaş o, heç doğulmayaydı" - Vatikanın qadağan etdiyi yazıçı

12:03 16 aprel 2024
Gülünün gözəlliyi bir yana... – İlham Əzizin hekayəsi

Gülünün gözəlliyi bir yana... – İlham Əzizin hekayəsi

11:33 16 aprel 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:30 16 aprel 2024
“Humayla” adlı ilk solo konsert təqdim olunacaq

“Humayla” adlı ilk solo konsert təqdim olunacaq

11:00 16 aprel 2024
"İlk telefonumu mənə o almışdı..." - Tom Kruzun 19 il  hədiyyə göndərdiyi həmkarı

"İlk telefonumu mənə o almışdı..." - Tom Kruzun 19 il hədiyyə göndərdiyi həmkarı

19:00 15 aprel 2024
Məlumat lövhələrinin dizaynının hazırlanması ilə bağlı müsabiqə elan olundu

Məlumat lövhələrinin dizaynının hazırlanması ilə bağlı müsabiqə elan olundu

18:50 15 aprel 2024
# # #