news-inner
clock11:55 calendar-gray 07 Sentyabr 2021 view-gray721 dəfə oxunub
view-gray721 dəfə oxunub

Rasim Qaraca üçün son manatından keçmək

Kulis.az Nihat Pirin "Altı üstəgəl bir və ya Rasim Qaraca üçün son manatından keçmək" yazısını təqdim edir.

Ona pul verənlərə
yavaşca “ş” deyən,
beləcə təşəkkür edən uşaq...

Yaxın kitabçı dostlardan birinin təşkil elədiyi “xudmani” yarmarkaya gedərkən cibimdəki son yeddi manatı və yarmarkadan mütləq şəkildə əlidolu çıxmalı olduğumu düşünüb bir az tərəddüd elədim. Amma, istənilən halda, yarmarkaya getməkdə qərarlı idim və getdim də.

Düzü, yola çıxdığım andan, ta ki irəlidə məlumunuz olacaq kitabı görənə kimi içimdə qəribə bir nigaranlıq vardı. Bilmirəm, buna niyə nigaranlıq adı verdim, amma bildiyim o idi ki, cibimdəki sonuncu yeddi manatı elə xərcləməli idim ki, gecə yatanda “kaş” sözünü ağlımın və dilimin ucundan da keçirməyim.

“Rasim Qaraca – Mənim həyatımı yaz”

Üzərində bir-birindən fərqli mövzuları arındıran kitabların və sərgiyə ev sahibliyi edən “book cafe”nin rəngli işıqlarının fonunda gördüyüm bu kitabı bir müddət eləcə seyr eləməklə kifayətləndim. Arabir isə kitabdan yadımda qalan cümlələri dodaqaltı özüm üçün pıçıldayırdım:

“Şahanə gözəl idi. Ancaq gözəllər bəxtsiz olur. Bunu özü də bilirdi.”

Bu üç cümləni ardıcıl olaraq heç bir təhrif olmadan dediyimə əmin olduqdan sonra yazıya giriş verdiyim o tükürpədici misraları da dedim. Amma bu dəfə ucadan, hamının eşitməsini istəyər bir şəkildə:

Ona pul verənlərə
yavaşca “ş” deyən,
beləcə təşəkkür edən uşaq...

– Böyük şairdir! – Uzaq masalardan birində oturmuş eynəkli cavan oğlan hansısa ciddi bir hadisəyə və yaxud da tapıntıya ən son və ən gözlənilən rəyi verirmiş şəkildə ayağa qalxıb masaya yaxınlaşdı. Amma onun təkəbbürü çox çəkmədi, özümdən asılı olmadan bu “dialoq həmləsi”ni cavabsız qoydum. Cavan oğlan, təxminən, on-on beş saniyə masanın üzərindəki qarışıqlıq içərisində Rasim Qaracaya dair nəsə axtarsa da, nəticəyə vara bilmədi.

Sənin üçün yazıram bu şeiri
Nə əruzda, nə hecadadı
Səni necə düşünürəmsə, sevgilim,
Bax o da eləcədi...

Oturduğu masaya qayıdarkən yolüstü söylədiyi bu şeir məni dialoq mövzusunda yumşaltmışdı ki, “böyük adamdır!” deyibən başlamadan bitən dialoqumuzun son nöqtəsini də beləcə qoydum.

Bax, bu “beləcə” də Rasimin dediyi “beləcə”dən idi...

“Gözəl bir qadın idi. Sifətinə yaxılmış qara mazut nə sirr idisə, onu daha da gözəl göstərirdi”.

Başqa bir hekayədən olan bu iki cümlədə də təhrifə yol vermədiyimə əmin olduqdan sonra kitabı götürdüm. Qəribədir ki, toxunuşumla keçən ilin mart ayını xatırlamağım bir oldu. Onda hekayələri elə acgözlüklə oxumuşdum ki, az qala, hamısını əzbərdən bilirdim. Hətta yadımdadır, “Şahanə”ni iki dostuma da oxutmuşdum. Özümünsə neçə dəfə oxumağımdan xəbərim yoxdur. Ən son elə ordaca – yarmarkada ayaqüstü oxumağım yadımdadır.

Niyyətim hekayələri bir-bir və sürətli şəkildə gözdən keçirmək olsa da, hamısında eləcə ilişib qalırdım. Birinci cümlə ikinci gətirirdi, ikini üçüncünü, üçüncü dördüncünü...

“Dörd həmkəndli razılığa gəldilər: – qız onlarla birlikdə yaşayacaqdı.”

Bu cümlə oxu vəziyyətimizdən asılı olmayaraq, adamı dimdik ayaq üstə qaldıran cümlələrdəndir.

Xatırladım, keçən ilin martını xatırladım. Eynisini mən də yaşamışdım...

Bilmirəm, necə oldusa, qəfildən kitabın qiyməti yadıma düşdü. Xatırladığım qədəri ilə, səkkiz manat olmalı idi. Tez vərəqləyib baxdım – səkkiz idi.

Yavaş-yavaş möcüzə ola bilməsinə inamım yarandı, kitabı əlimdən buraxmadan ciblərimdə eşələnməyə başladım. Pul qabımda yeddi manatdan bircə qəpik də artıq olmadığını dəqiq bilirdim, amma ciblərimdən o qədər də əmin deyildim. Baxmayaraq ki, cibimdə sonuncu dəfə açıq şəkildə nə vaxt pul gəzdirdiyimi unutmuşam.

Olmadı, lazımi nəticəyə vara bilmədim və kor-peşman Qaracanı yerinə – məndən iki addım uzaq məsafədəki vitrinə qoymaq istəyirdim ki, ağlıma qiyməti soruşmaq gəldi.

– Endirimdədir, 6 manat.

Dünyanın ən gözəl cavabını eşitmişdim. Elə bil, yüz il həsrətin çəkdiyim qadından “hə” cavabını almışdım, elə bil ki, yüz il ac-susuz dolandığım səhrada vahəyə gəlib çıxmışdım.

– Alıram! – Evdən çıxandan bu yana keçirdiyim nigaranlıq hissi ciddi bir qətiyyətlə əvəz olunmuşdu.

Bayaqkı eynəkli oğlan gülümsəyib təzədən “dialoq qarmağı”nı işə saldı:

– Birnəfəslik kitabdır. Hələ orda “Şahanə”...

– Oxumuşam... oxumuşam. Kitab rayondadır, burda gördüm, təzədən oxumaq hissi gəldi və aldım...– “Aldım”ı daha vurğulu deməyim isə tamam başqa dad idi... Qalibiyyət dadı!

Vəssalam!

...Pul qabımı sonuncu bir manatla baş-başa qoyub eynəkli oğlanla sağollaşdım və yazının əvvəlində qeyd elədiyim “kaş”ın əvəzinə keçirdiyim xoşbəxt duyğunun təntənəsi ilə yarmarkadan ayrılırdım.

Çox keçmədi ki, sonuncu bir manatın da aqibəti bəlli oldu. “28 may” ətrafında 14 nömrəli marşrutu gözləyərkən keçidin çıxışındakı hasarkimiyə söykənmiş balaca qarabuğdayı qızın düz gözlərimin içinə zilləndiyini gördüm. Ovcu havada əsir, dodaqaltı nə isə pıçıldayırdı. Yaxınlaşıb heç tərəddüd eləmədən sonuncu bir manatı da qızın ovuclarına təslim elədim.

Qızcığazın elədiyi şablon dua isə qulağımda eləcə “ş” kimi səslənirdi...

news-inner-user

20009 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bir gəncin anormal istəkləri – Orxan Bahadırsoydan 18+ hekayə
21:00 23 Sentyabr 2021
Bakıda simfonik musiqi axşamı keçirilib
19:01 23 Sentyabr 2021
Rejissorumuzun filmi Batumidə nümayiş olunub
18:21 23 Sentyabr 2021
Kəramət Böyükçöl: "İstedadımla taksavatlıq edirəm" - Video
17:36 23 Sentyabr 2021
Falçı yetişdirən məktəblərimiz – Aqşin Yenisey yazır...
16:50 23 Sentyabr 2021
Saitlər əsasdır, yoxsa samitlər?
16:14 23 Sentyabr 2021
Yazıçı Səfər Alışarlı: “Azərbaycan sərvət aşiqlərinin ölkəsidir” - Müsahibə
15:33 23 Sentyabr 2021
Məşhur yazıçının əsərindən film çəkildi
14:46 23 Sentyabr 2021
Səyyad Əlizadə sağalır
14:03 23 Sentyabr 2021
Şeyx və şirin quyruğu
13:20 23 Sentyabr 2021
İbrahim Tatlısəsə həbs cəzası verildi
12:41 23 Sentyabr 2021
Dörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı, Xalq artisti onunla öpüşməkdən imtina etdi – Kinomuzun Leyla Şıxlinskayası
12:01 23 Sentyabr 2021
Məni oğurluqda ittiham edən əmim qızları – Sevinc yazır...
11:30 23 Sentyabr 2021
Şuşada görüşdük! - Zülfiyyə Xanbabayeva yazır - Fotolar
10:50 23 Sentyabr 2021
"O ses Türkiye" başladı - Yeni münsiflər
10:23 23 Sentyabr 2021
Bu millətə zaval yoxdur – Zamin Hacı yazır...
09:01 23 Sentyabr 2021
"Aysel adını Azərbaycanda ilk dəfə mən qızıma qoymuşam" - Zahid Xəlillə müsahibə
21:01 22 Sentyabr 2021
Kitab və film eyni anda: “Rəngləri danışdıran adam”
18:59 22 Sentyabr 2021
Dünya şöhrətli rejissor komadan çıxdı
18:28 22 Sentyabr 2021
“Soyuq Günəş”in ssenaristi: “Yeni filmin çəkilişini başa çatdırdıq”
17:52 22 Sentyabr 2021