news-inner
clock10:09 calendar-gray 30 İyul 2021 view-gray744 dəfə oxunub
view-gray744 dəfə oxunub

Özü torpağın altında, saatı cibimdə... - Orxan Cuvarlı yazır

Kulis.az Orxan Cuvarlının “Atamın saatı” yazısını təqdim edir.

Taksi çağıranda gecənin tən yarısı idi.

Binadan çıxanda yay gecələrinin öyrəşdiyim, amma hər səfərində ürəyimə ağırlıq çökdürən isti nəfəsi, bürküsü üzümə sığal çəkir.

Gecənin qulaqbatıran sükutunu çemodanımın təkərlərinin asfaltla təmasından çıxan səsi dəlib keçir. Çox uzaqlardan bir maşın şütüməsi sanki gecənin bu vədəsində çemodanımdan çıxan ahənglərə qahmar çıxır.

Yolun kənarında yüklərimə dayaqlanıb taksini gözləməyə başlayıram. Məndən bir neçə metr aralıda səhərlər insan basırığından yer olmayan dayanacaq adamsız görünür.

Mən də şəhər kimi dərin bir sükuta qərq oluram.

Sükutu taksi sürücüsündən gələn zəng pozur.

Bir neçə dəqiqə sonra arxa oturacağında əyləşdiyim maşınla Kazan aeroportuna doğru hərəkət edirik.

Yuxu ilə gerçəklik arasında, bir az da yuxusuzluğumun gətirdiyi sərsəmliklə sübhün alaqaranlığında pəncərəmin o tayında geriyə yıxılıb uzaqlaşan işıq dirəklərinə, şam ağaclarına zillənirəm.

Taksinin təkərləri hamar yolları hey udur, məsafəni əridir.

Gecənin vahiməli sükunətinə sürücünün ani sözləri rəng qatır:

– Mojna ya zakuryu? (red. Siqaret çəkə bilərəm?)

Başımla ehmalca razılıq verirəm. Bunu elə astagəlliklə edirəm ki, heç özüm də əmin olmuram. Anidən qaranlığı yarıb parlayan alışqanın alovunda sürücünün razılıq işarəmi necə gördüyünə təəccüb edirəm.

Acgözlüklə sümürdüyü siqaret tüstüsünü həlqə-həlqə aralı pəncərədən çölə üfürür. Hərəkətlərindən söhbətə başlamaqda maraqlı olduğunu hiss edirəm. Səfər nigaranlığı bütün vücuduma hakim kəsilir. Danışmağa meylsiz olduğumu yəqin etdiyini maqnitafonu qurcalamağından anlayıram. Mahnıları tez-tez dəyişdiyinə görə qulağıma sadəcə bir neçə tanış olmayan melodiya dəyir.

Şam ağaclarının arxasındakı səhər şəfəqi üzümə çəhrayı ləkələr salmağa başlayanda qüssə ürəyimi bürüyür.

Aeroporta yaxınlaşdıqca bayaqkı qaranlıqdan əsər qalmır.

Mən pulqabımı eşələyəndə aeroportun giriş qapısında qarşımızı kəsən şlaqbaum aram-aram qalxmağa başlayır.

Bir neçə dəqiqə sonra yüklərim yanımda əlimdəki kağız pulları sürücünün ovcuna sıxışdırıram.

İndi isə məni səfərlərimin ürəyimi üzən, ən kədərli hissəsi gözləyir.

Şüşə qapıları keçəndən sonra aeroportun girişindəki nəhəng yoxlanış məntəqəsindəki növbə ovqatımı pozur.

Növbəm çatanda yüklərimi müvafiq yerə qoyub cinayətkarlara xas ədayla əllərim havada yoxlanışdan keçirəm.

Həmişə bu yoxlanışlarda mütləq nəsə yaddan çıxır.

Təhlükəsizlik məmuru gülərək kəmərimi göstərir.

Bəlkə də yüzdən artıq səfərdə olmuşam, amma hələ də aeroportlardakı yoxlanışlarda kəməri çıxarmağı lazımsız hesab edir və unuduram.

Deyəsən, bu səfər alınır.

Şişman xanım bu dəfə təbəssümlə mənə xoş uçuş arzularını çatdırır.

Bir neçə addımdan sonra qeydiyyat bölməsindəki çanta dolu izdiham üzüntümü ərşə çəkir.

Bu çantalı izdiham mənə qətiyyən yad mənzərə deyil; adamlardan çox çanta gözə dəyir.

Bir neçə dəqiqə sonra artıq yüklərimi təhvil verib uçuş kartımı alıram.

Bayaqkı izdiham indi də gözləmə zalına köçüb; onlar bu dəfə yüksüz, çantasız, arxayın görünürlər. Sanki çantalarını təhvil verməkləri onların çöhrəsini də xeyli durulaşdırır, apaydın edir.

Sinəmdən çarpaz asdığım kiçik çantadan savayı mən də yüksüzəm.

Aeroportda sabahlayanlar bu məşəqqətə yaxşı bələddirlər; buralarda çimir edə bilmək üçün xüsusi istedad lazım gəlir. Hamı naqolay oturacaqlarda ən müxtəlif formalarda yatmağa çalışır.

Uçuşuma hələ üç saat var. Bir neçə yatmaq cəhdim uğursuz alınır. Mürgülər də mümkünsüz görünür, iki-üç dəfə yerimdə qurcuxuram. Səhəri dirigözlü açmaqdan yaman narahat oluram.

Lənətə gəlsin!

Dəmir oturacaqlar lap adamın belini deşir. Elə bil ki, aeroportdakı bu oturacaqlar yatıb uçuşlara gecikməmək üçün xüsusi hazırlanıb.

Yadıma ötən noyabrda İstanbuldan Minskə uçmağım düşür. Kovid testinə görə aeroporta gecədən getmişdim, bir bel çantası, bir dənə də çemodandan özümə rahat yataq düzəltmişdim. Narahat yerlərdə insafsız yuxu elə şirin olur ki...

Aeroportlarda adamı narahat edən daha bir şey anons səsləridir. Özü də bu səslər həmişə ötkəm, tələskən olur. Hərdən mənə elə gəlir ki, dünyanın naməlum bir nöqtəsində, heç vaxt öyrənə bilməyəcəyim, bircə kəlməsiylə belə tanış olmadığım bir dildə belə bu anonsları eşitsəm, o narahatlığı, nəhayətsiz nigaranlığı dərhal duyacağam.

Aeroportların qalereyasında ən çox sevdiyim şey isə geniş şüşələrdir. Bayaqdan mürgü döyə-döyə Kazanın oyanmağa başlayan bir hissəsini müşahidə edirəm. Rusiyada şam ağacları çoxdur. Elə indi də şüşənin o tayındakı şəfəqin bağrına sancılan bir neçə şam ağacı görürəm.

Elə bil, ağaclar neçə ildir burada bitməyib, səhər açıldıqca onlar da yerin bağrından ucalmağa, asimana quylanmağa başlayır.

Ətrafımda əyləşən bir neçə həmyerlimizin başı söhbətə qarışıb.

Zehnimin ayıqlıq və yuxu arasında var-gəl etdiyi bir vaxtda bu söhbətlərdən müxtəlif rabitəsiz kəlmələr, kiçik cümlələr beynimi cırmaqlayır: “sabah gələcəm”, “görüşmək lazımdır", “rayon qiyamətdir", "dedim ə, qurumsaq”, “çoxdandır oturmuruq”, “oranın lüləsi dəhşətdir”, “qızı köçürməliyəm”, “birini ilişdirdim”, “vaksin boş söhbətdir”, “qızdırmam var idi”….

Gözləmə zalının müxtəlif yerlərindən qulağıma gələn və beynimə hopan bütün bu cümlələr arasındakı əlaqəni aydınlaşdırmaq mənim üçün xeyli mürəkkəbləşir. Yuxu məni öz girdabına çəkib aparır…


***

Gözləmə zalındakı hərəkətlilik məni yuxudan oyadır. Əvvəl-əvvəl yuxudan yeni oyanmış birinin hiss etdiyi zamansızlıq və məkansızlıq hissinin təsirilə döyükürəm.

Özümə gələndə isə səliqəli formada olan iki xanım təyyarənin qapısına doğru gedən borunun giriş hissəsində məni təbəssümlə qarşılayır.

Pasport və bilet yoxlanışından sonra uzun boru ilə təyyarəyə doğru addımlayıram. Qarşımdakı iki xanımın astagəl tövrü məni bir az gərginləşdirir.

Gərginliyim təyyarənin giriş qapısında tamamilə yoxa çıxır. Qapının sağında və solunda dayanan üç stüardessa bənzər gülümsəmə ilə sərnişinləri salamlayır, yerlərini göstərirlər.

On beşinci cərgədə, pəncərə kənarındakı yerimə əyləşəndən sonra təyyarəyə minik prosesini müşahidə etməyə başlayıram. Sərnişinlərin üzündə yuxusuzluq və yorğunluqdan başqa bir əlamət sezilmir. Onların bir çoxu diqqətli baxışlarımı hiss edir, mənə zəndlə baxırlar.

Pilotun salamlama anonsu hava gəmisindəki yeknəsəq pıçıltıları eşidilməz edir.

Pəncərəmdəki yağış damlaları axşamdan tutqunlaşan səmaya görə məni heç də təəccübləndirmir.

Bir neçə dəqiqə sonra biz səmada yanıb-sönən bir cüt qırmızı işığa çevrilirik.

***
Pilotun növbəti anonsu eniş hazırlığı haqqında idi.

O, Bakıda havanın temperaturunu elan edəndə gözlərimi zümrüd rəngli Xəzərdən ayıra bilmirəm.

Təyyarə dövrələr vura-vura enişə hazırlaşır. Elə bil, pərvanə təki Bakının başına fırlanırıq.

Bakı heç bir zaman bu qəlbilikdən gözümə belə nəhayətsiz görünməmişdi.

Yox, bu mənim ilk uçuşum, ya da Bakıya ilk gəlişim deyil.

Bu düşüncələr əbəs yerə beynimi işğal etməyib və mən ürəyimin dərinliklərində buna zəmin yaradan bütün səbəbləri yaxşı bilirəm.

Xəzərin zümrüd rəngi arabir buludların arxasında görünməz olur. Onda hiss edirəm ki, buludları ilk dəfədir ki, belə bəyaz, nizamlı görürəm. Lap qar kimi idilər…

O buludlar uzun müddət gözümdə müxtəlif cildlərə girir. Aman Allah! Yoxsa?!

Atamın siması da buludlarda peyda olmağa başlayır. Buludlar gözümə onun ağzı, burnu, gözləri kimi görünür.

Təkcə buludlara yox, onun altında qalanlara da uzun müddət tamaşa edirəm. Səma sanki dünyanın yaşmağıdır, ağzına, üzünə çəkib, insanlardan utanır. Səthində gəzdirdiyi bəşərdən abır, həya edir dünya.

Lacivərd təbəqəyə baxa-baxa düşünürəm ki, yerdəkilər, ya da aşağıdakılar, sözün həm müstəqim, həm də məcazi mənasında aşağıdadırlar.

Birdən mənə elə gəlir ki, zaman dayanıb.

***
Taksi məni düz qəbiristanlığın girişinə gətirir. Uzun müddət ətrafı müşahidə edirəm. Qəbirqazanlar kiçik bir kölgəliyə daldalanıb çay içir. Sağ tərəfimdəki gül dükanı müştərisiz görünür.

"Dədə Qorqud" qəbiristanlığına dördüncü gəlişim olsa da, əraziyə nabələd olduğumu yəqin edirəm.
Uzaqdan aramla dalğalanan üçrəngli bayrağımıza diqqət kəsilirəm.

Bayrağımızın bərabərinə çatanda uzun müddət iyirmiyə yaxın şəhid məzarına nəzər yetirirəm.

Məzar daşlarındakı şəkillər sanki xüsusi amansızlıqla seçilib! Şəhidlərimizin hər birinin çöhrəsindəki təbəssüm onların yoxluqlarını daha da dərindən hiss etdirir.

Adlarını oxuyur, yaşlarını hesablayır, şəhadət tarixlərinə baxıb hansı döyüşlərdə şəhid olduqlarını təxmin etməyə çalışıram.

Qeyri-ixtiyari gözlərimin dolduğunu hiss edirəm. Özümü ələ almağa çalışıram, şəhidlərimiz üçün dua oxuyuram.

Lapdan şəhid məzarlarının birinin ayaq ucunda əyləşən çəlimsiz qoca diqqətimi çəkir. Siqaret çəkə-çəkə başdaşına zillənib. Mənim ona baxdığım beş dəqiqə ərzində siqareti torpağa basıb söndürmək xaricində bir hərəkəti olmur. Lap heykəl kimidir. Qəddindən şəhid atası olduğuna əminlik duyuram. Yarıbükülü, heysiz və hərəkətsiz bədəni bir an belə diqqətimdən yayınmır. Bəlkə də, hər gün saatlarla burada oturur. Kim bilir?!

Torpaq yolla qəbiristanlığın aşağı hissəsinə doğru addımlayıram. İlahi, səkkiz ay müddətində məzarlar nə qədər artıb! Lap yağışdan sonrakı göbələkləri xatırladır. Atamın dəfnindən sonrakı gəlişimdən xatirimdə qalan boş ərazilər başdaşıları ilə dolub. Dayandığım nöqtədən bu mərmər adamları sıraya düzülmüş əsgərlərə bənzədirəm. Onlar kimi qaməti düz, fərəqət halında, donuq…

Məzarların biri ilə üzbəüz, torpaq yolun kənarında maşına söykənib başdaşına zillənən bir gənc diqqətimi çəkir. O da siqaret tüstülədir. Gözlərini ayırmadığı məzara göz gəzdirirəm. Bir ay əvvəl dünyasını dəyişmiş ortayaşlı bir xanım.

Məzarlardan gözünü çəkə bilməyən mərhum yaxınlarına baxdıqca başa düşürəm ki, ölən təkcə torpağın altındakılar olmur. Onlardan geriyə qalanlar da ta yaxınlarına qovuşanadək saat-saat, gün-gün, ay-ay, il-il ölürlər.

Atamın məzarını tapa bilməmək təlaşı içimi bürüyür.

Addımlarım bayaqkı qədər yeyin deyil. Sol tərəfdəki məzarların arxa hissəsinə baxa-baxa addımlayıram.
Birdən ayaqlarım getmir. Getsin istəyirəm, amma ayaqlarım sözümə baxmır. Mənə elə gəlir ki, bütün bədənimə çökən ağırlıq addımlarımı sustaldır. Deyəsən, səndələyirəm.

Uzun müddət atamın məzarının arxasındakı şəklə baxıram. Ayaq üstə, yaraşıqlı cüssəsi əzəmətli görünür.

Beynimdəki uğultunun səsini üzümə vuran küləyin vıyıltısından ayırd edə bilmirəm. Anidən bu uğultunun içindən çox sevdiyim bir şeirdən bir bənd peyda olur:


"Bir də gördün oğuldu adam
Bir də gördün atadı.
Bir də gördün yox oldu adam
Bir də gördün fotodu".

Aramla məzara yaxınlaşıram.

Nə qəribədir, məzarın tam arxasında kilometrlərlə uzaqdakı binamız görünür. Bu təsadüfi, bir o qədər də sehrli mənzərədən ürəyimə bir qom od düşür.

Uzun müddət aramızda mənim ürək döyüntüm xaricində bir fərq olmur.

Deyəsən, sükut mərhum doğmalarımızla ən yaxşı dialoqumuzdur. Gözümü başdaşındakı şəkildən ayıra bilmirəm. Şəklə baxdıqca, atamın hər an dilə gələcəyini düşünürəm. Amma o, susub.

Bu sükut həm də bizim aramızdakı məsafə, uçurumdur.

Bu uçuruma yıxılmaqdan qorxuram.

Məzarın ətrafını təmizləməyə, gülləri sulamağa başlayıram.

Məzarın ətrafında fırlandıqca atam gözlərini məndən çəkmir.

Atam məni görür, amma susur.

Mən atamı görmürəm, amma danışıram.

Sinəmdən asdığım çantanı açıb atamın bəzi gündəlik əşyalarını topladığım sətin bükülüyə baxıram.

O bükülüdən atamın saatını çıxarıram.

Qol saatında kiçilmiş əksim və mavi səma görünür.

Zaman dayanıb.

Bayaqdan əsən külək dayanıb.

Qəfildən diqqət edirəm ki, atamın saatı da dayanıb.

Lap ürəyi kimi…

news-inner-user

20009 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bir gəncin anormal istəkləri – Orxan Bahadırsoydan 18+ hekayə
21:00 23 Sentyabr 2021
Bakıda simfonik musiqi axşamı keçirilib
19:01 23 Sentyabr 2021
Rejissorumuzun filmi Batumidə nümayiş olunub
18:21 23 Sentyabr 2021
Kəramət Böyükçöl: "İstedadımla taksavatlıq edirəm" - Video
17:36 23 Sentyabr 2021
Falçı yetişdirən məktəblərimiz – Aqşin Yenisey yazır...
16:50 23 Sentyabr 2021
Saitlər əsasdır, yoxsa samitlər?
16:14 23 Sentyabr 2021
Yazıçı Səfər Alışarlı: “Azərbaycan sərvət aşiqlərinin ölkəsidir” - Müsahibə
15:33 23 Sentyabr 2021
Məşhur yazıçının əsərindən film çəkildi
14:46 23 Sentyabr 2021
Səyyad Əlizadə sağalır
14:03 23 Sentyabr 2021
Şeyx və şirin quyruğu
13:20 23 Sentyabr 2021
İbrahim Tatlısəsə həbs cəzası verildi
12:41 23 Sentyabr 2021
Dörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı, Xalq artisti onunla öpüşməkdən imtina etdi – Kinomuzun Leyla Şıxlinskayası
12:01 23 Sentyabr 2021
Məni oğurluqda ittiham edən əmim qızları – Sevinc yazır...
11:30 23 Sentyabr 2021
Şuşada görüşdük! - Zülfiyyə Xanbabayeva yazır - Fotolar
10:50 23 Sentyabr 2021
"O ses Türkiye" başladı - Yeni münsiflər
10:23 23 Sentyabr 2021
Bu millətə zaval yoxdur – Zamin Hacı yazır...
09:01 23 Sentyabr 2021
"Aysel adını Azərbaycanda ilk dəfə mən qızıma qoymuşam" - Zahid Xəlillə müsahibə
21:01 22 Sentyabr 2021
Kitab və film eyni anda: “Rəngləri danışdıran adam”
18:59 22 Sentyabr 2021
Dünya şöhrətli rejissor komadan çıxdı
18:28 22 Sentyabr 2021
“Soyuq Günəş”in ssenaristi: “Yeni filmin çəkilişini başa çatdırdıq”
17:52 22 Sentyabr 2021