Şəhərli ola bilməyən şəhər sakinləri və kəndçilər

Şəhərli ola bilməyən şəhər sakinləri və kəndçilər
1 iyul 2021
# 10:59

Elə də qədim əhvalat deyil, yaxın zamanların söhbətidir: Rusiyanın uzaq bir şəhərində yaşayan bir azərbaycanlı kitab mağazasına gedir və özünə kitab alır. Satıcı qadın adamın üz quruluşundan onun soyuq Rusiyadan yox, Qafqazdan olduğunu anlayır.

Soruşur:

“Siz qafqazlısız?”

“Bəli. Azərbaycanlıyam. Nolub ki?”

“Mən illərdir bu kitab mağazasında işləyirəm. İlk dəfədir bir azərbaycanlının bura gəldiyinin şahidi oluram”.

O günləri Xalq artisti Sərxan Sərxanın Kulis.az-a verdiyi müsahibə və “Rayonlu nə bilir, konsert nədir, teatr nədir?” başlığı nədənsə mənə yuxarıdakı əhvalatı xatırlatdı.

Kənd-şəhər, şəhər-rayon, şəhərli ola bilmək problemi həmişə aktual olub. Bütün zamanlarda. Xüsusən, bizim kimi üçüncü dünya ölkələri üçün. Həmişə şəhərlə rayonu, rayondan, kəndən gələn adamları qarşı-qarşıya qoyublar, müqayisə aparıblar. Hətta bu kənd-şəhər dilemması ayaq açıb gəlib ədəbiyyatımıza da çatıb. Kənd şairləri, kənd yazıçıları, kənd nəsri... Məsələn, Əkrəm Əylisli, İsa Hüseynov kənd nəsri hesab olunur.

Şəhər nəsri anlayışını indinin özündə belə müzakirə edirlər.

Əcəba, bizdə şəhər nəsri varmı? Yaxud, sualı bu cür qoyaq: şəhər kimi şəhərimiz varmı?

Sənətkar şəhər və rayon dilemması haqda danışır və izah edir ki, Sovet vaxtı pis-yaxşı bir ənənə vardı, sənət adamlarının özünü ifadə etməsi üçün münbit şərait yaradılmışdı və onlar da toyda kabab yeyənləri əyləndirmək yerinə, özlərini daha da püxtələşdirirdilər. Nəticədə həm dövlət qazanırdı, həm də sənət adamları.

Sonra nə baş verdi?

Bu sistem dağıldı. Bizə birtəhər tikilən və əynimizə təzə-təzə yaraşan bər-bərəzəkli köynək yoxa çıxdı, yerinə toz-torpaqlı paltar gəldi.

Bizdən şəhərli düzəltmişdilər və birdən tufan qopdu, hər şeyi silib-süpürdü – biz əvvəlki yerimizə qayıtdıq, öz kəndimizə, rayonumuza.

Sərxan Sərxanın dəqiqliklə ifadə etdiyi və yaxşıca izahatını verdiyi məsələni qarışdırmaq olmaz. O, dəfələrlə rayonluların Bakıya gəlmə məsələsində onların təqsirinin olmadığını vurğulayır. Bakı rayonlularla doldu və nəticədə o “şəhərli” kultu dağıldı. O kult da hardansa, qıraqdan gətirilib qoyulmuşdu. Elə bil külək əsdi və o kultu yellədib-yellədib yerə saldı.

Müstəqil olandan sonra Bakıdan başqa (hələ Bakıdada vəziyyət qəlizdir) rayonların heç birində mədəni proses getmədi. İndi də mədəni proses ölkə boyu getmir və təəssüf ki, rayon camaatı buna görə də “söhbəti bilmir”.

Rayon camaatı teatra necə getsin? İqtisadi vəziyyəti yaxşı deyil, evinə çörək aparmaq üçün min bir əziyyət çəkməlidir. Hələ bu çörək davasında kitab üzü açmaq, teatra getmək, yaxud konsertə baxmaq... Şimal zonasında mədəniyyət evlərindəki “otaq-teatr”larını çıxsaq, teatr yoxdur. Burda elə cavanlar var ki, teatrın doğru-dürüst nə olduğundan xəbərsizdir.

Günah onlarındırmı?

Həm hə, həm də yox.

Çünki mədəniyyəti təbliğ etmək, o insanlara kitabı, teatrı, kinonu tanıtmaq lazımdır.

Teatrı görməyən nəsil, mədəni prosesin tərkib hissəsi olmayan bir toplum o haqda nə bilə bilər?

Burda inciməli bir şey yoxdur.

Sənin olduğun yerdə mədəniyyətin “m”sı yoxdursa, yaxud sən mədəniyyətə tərəf getmək istəməmisənsə, o zaman “mədəni”, “sivil” olmaqdan min ağac uzaq olacaqsan. Və bir sənətkarın dəyərini həmişə onu bilənlər, anlayanlar, dərk edənlər bilir. O zaman sənətkar baxır öz cəmiyyətinə və sinəsi fəxarətlə dolur ki, mənim xalqım mədəniyyətə sahibdir, teatrı, kinonu, ədəbiyyatı bilir və mədəni prosesin tərkib hissəsinə çevrilir.

O zaman rayonlu-şəhərli söhbəti yerli-dibli yoxa çıxacaq.

Nədir şəhərli olmaq? Şəhərdə doğulmaq və orda yaşamaq?

Xeyr! Şəhərli olmaq mədəni prosesdə aktiv iştirak etməkdir. İndi düşünün, Bakıda nə qədər “şəhərli” ola bilməyən şəhərlilər var.

İzah edə bildim? Yaxşı, növbəti abzasda bir daha cəhd edək...

Şəhər yalnız hündür binalar, dəbdəbəli restoranlardan ibarət deyil. Şəhərli olmaq dəbdəbəli restoranlarda əyləşib kimdənsə eşitdiyin likörün dadına baxmaq, hündür binalarda yaşamaq deyil. Çünki o restoranlar bizim mədəniyyətimizin ifadəsi deyil, göstəriş xarakterlidir. Hündür binalara gəldikdə isə... bəzən o hündür binalar bizi kədərləndirir, ordan özümüzü atırıq.

Şəhərli olmaq yalnız bunlardan ibarətdirmi? Deyil!

Rayonlu olmaq bəs? O nədir? Rayon pisdir? Ya kənd geridəqalmışlıqdır?

Siz çox səhv yerlərdəsiniz. Sualları düzgün qoymursunuz. Yaşayış yerləri heç vaxt pis, yaxud geridəqalmış ola bilməz.

Rayonlu, kəndçi olmaq ayıb deyil. Sənətkarın da dediyi, vurğuladığı ayrıdır. Mədəni xalq olmaq. Necə ki illər əvvəl təbliğat bu xalqı o mədəni prosesin tərkib hissəsi elədi, onu yetişdirdi, indi də həmin təbliğat maşınına ehtiyac var. Məsələ harda anadan olmaq, yaxud hardan gəlmək deyil. Söhbət təfəkkürün əyalət kənarlarında ilişib qalmasından gedir. Bunun isə tək çarəsi var: Mədəniyyət, mədəniyyət, yenə də mədəniyyət!

# 2820 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #