Bacısını sevdiyimə görə məni döyən Orxan...

Bacısını sevdiyimə görə məni döyən Orxan...
11 iyun 2021
# 10:51

Əvvəlcədən deyim ki, indi danışacaqlarımın hamısı doğrudan başıma gəlib. Hər şeyi necə olubsa, o cür də danışacam. Sadəcə məcburiyyətdən adları dəyişdirəcəm. Təkcə, dostum Natiqin adını elə olduğu kimi də saxlayacam.

Lap əvvəldən başlayım.

Məktəb vaxtı sevdiyim bir qız var idi. Qoy şərti adı “Aynur” olsun. Çünki bu ad onun adına ən yaxın olanlardandı.

Aynur çox gözəl idi. Qara saçları, qapqara gözləri, inci kimi ağappaq dişləri, kiçik burnu... Gözlərinin içi elə parıldayırdı, elə bil ay işığı dənizdə əks olunurdu.

Məktəbi bitirənə kimi telefonum olmayıb. Dərslərimə mane olar deyə, mənə telefon almırdılar. Düzü, bu, məni heç narahat eləmirdi. Telefonsuz da halımdan məmnun idim.

Hamının telefon işlədib sevdiyi qızla mesajlaşdığı vaxtlarda, mən xoşuma gələn, sevdiyim qızlara məktub yazmaqdan həzz alırdım. Həmin məktublara “zapiska” da deyirdik.

Həmin “zapiska”lara ən kiçik nümunə sinifdə üzərinə gizlincə nəsə yazıb sonra büküb sinif yoldaşımıza atdığımız kiçik kağız parçaları idi.

Xoşuma gələn qızlarla məktublaşmağım da təxminən belə idi. Məktub yazmağın özü məni çox həyəcanlandırırdı. Hər hərfi xüsusi şövqlə yazırdım. Bəlkə də bundandır, xəttim oğlanlara xas olmayacaq qədər gözəl idi.

Həmin məktubları qıza vermək isə başqa bir həyəcan idi.

Məktubları çox vaxt elə sinifdə, dərs zamanı, ya da tənəffüsdə yazırdım. Yeganə istisna o qız idi ki, ona yazdığım məktubları axşamlar evdə yazıb hazır saxlayırdım.

Çünki onu çox sevirdim və yazdığım məktublara da çox məsuliyyətli yanaşırdım. Bircə qaralama olan kimi, ya hansısa sözü səhv yazanda, vərəqi əzib, büküb qırağa atırdım, yenidən yazırdım.


Aynurun məndən 2-3 yaş böyük olan bir qardaşı vardı. İdmançı idi. Çox güclü idi. Hamı ondan çəkinirdi. Təbii ki, elə mən də. Bəstəboy, əzələli, qalın səsli, zəhmli baxışlı, sərt xasiyyətli bir oğlan idi. Yəni, qorxmağıma səbəb olacaq bütün şeylər onda var idi. Onun adını da şərti olaraq “Orxan” qoyum.

Onun qorxusundan qıza yaxın dura bilmirdim. Məktubları da ona ya rəfiqələri, ya da dostluq etdiyim sinif yoldaşları vasitəsiylə çatdırırdım. Çox nadir hallarda məktubu ona şəxsən verməyə risk edirdim.

Bu hadisə də elə həmin risk etdiyim günlərdən birində baş verdi...

Dərsdən tez çıxıb evə, oradan da hazırlığa getməli idim. Gecədən yazıb özümdə saxladığım məktubu Aynura verə bilməmişdim.

Məndən 1 sinif aşağıda oxuyurdu. Məktubu vermək üçün siniflərinə getdim. Otaqları boş idi. İdman dərsində olduqlarını öyrəndim. Tez birinci mərtəbəyə, zala düşdüm. Vaxtım az idi.

Gördüm elə bir qıraqda oturub. Keçib yanında əyləşdim. Bir az söhbət elədik, sonra hazırlığa getməli olduğumu deyib cibimdən məktubu çıxardım və ona verdim.

Nələrin baş verəcəyindən xəbərsiz idim.

Kaş verməzdim!

Məktəbdən çıxıb evə qayıtdım.

Elə bir tikə çörək yeyib, çay içib hazırlığa qaçacaqdım. Loxmam ağzımda olanda, kiminsə məni çağırdığını eşitdim.

Pəncərədən baxdım. Dostum Natiq idi. Natiq həm də Aynurun sinif yoldaşı idi. Məni çölə çağırdı.

Niyəsə narahat olmağa başladım. Elə bil ürəyimə damdı ki, pis nəsə var. “Gözlə, gəlirəm” deyib çayımdan bir qurtum içdim, tez “papka”mı götürüb evdən çıxdım.

Evdən çölə addımımı atan kimi küçənin sonunda dayanan Orxanı gördüm. Sevdiyim qızın qardaşını.

Bəlkə də həyatımda başqa nə vaxtsa da belə qorxmuşdum, amma indi yadıma düşmür. Hətta indi həmin günü xatırlayanda, həmin qorxu hissi yenə qayıdır.

Onu görən kimi əllərimin, ayaqlarımın əsdiyini hiss etdim. Elə bil dünyada deyildim. Elə bil suyun dibində idim.

Natiqin əlini çiynimdə hiss edəndən sonra ayıldım:

- Ulucaaay! Sən neyləmisən!? – asta, amma çox kəskin səslə mənə dedi.

Hələ şokdan tam çıxa bilməmişdim deyə suala sualla cavab verdim:

- Neyləmişəm!?

- Necə yəni neyləmişəm!? Hər şeyi öyrənib e! Sən bu gün hamının qabağında Aynura məktub vermisən!? – onun səsindəki təlaş qorxumu daha da artırırdı.

Elə danışırdı, elə bil dünyada baş verə biləcək ən böyük faciə baş vermişdi. Əslində, mənim üçün də belə idi.

- Sənləyəm e!? Sən bu gün Aynura idman zalında məktub vermisən!? – yenə soruşdu və özümə gəlim deyə astaca qolumu silkələdi.

- Həəə... – ürkmüş və çox asta səslə dedim.

- Ay bliiiiin! Gicsən sən!? – deyib susdu.

Küçənin başında dayanıb məni gözləyən Orxana baxdım. O qədər qorxmuşdum ki, bəstəboy Orxan gözümdə çox nəhəng adama çevrilmişdi. Həm də daha əzələli və daha sərt görünürdü. Aramızda xeyli məsafə olsa da, onun gözlərinin içindəki qəzəbi görə bilirdim.

- Natiiiiq, mən neyləyəcəm indiii? – ürkək səslə soruşdum.

- Heç nə! Ta eləmisən də elədiyini! Zibilə keçmisən! Gedək. – ümidsiz danışığı məni daha da gərginləşdirirdi. Ürəyim elə bil ağzımın içində döyünürdü. Addımlarımı elə qorxa-qorxa atırdım, elə bil bu dəqiqə yıxılacam.

Həmin 20-30 metr ömrümdə yeridiyim ən uzun və ən qorxulu yol idi. İnanın, həmin an yolun düz ortasında məni maşın vursa, bunun Allah tərəfindən mənə bir lütf olduğunu düşünüb sevinərdim.

Tərslikdən, yolda maşın da görünmürdü. Heç olmasa asta sürətlə də olsa keçən bir maşın olsaydı, heç düşünmədən özümü həmin maşının altına ata bilərdim.

Orxana çatdım. Baxışlarını məndən çəkmirdi. Mən isə qorxudan onun gözlərindən başqa hər yerə baxırdım. Salam vermək üçün əlimi uzatdım. O da guya salamımı aldı, amma əslində, bu, daha çox əlimə şapalaq vurub əlimi geri itələmək idi. Heç əlimi sıxmağa tənəzzül belə etmədi.

- Gedək! – Orxan qətiyyətli və sərt səslə mənə dedi.

Aynurun digər 2-3 oğlan sinif yoldaşı da orada idi. Özümdə yəqin etdim ki, mənim Aynura məktub verdiyimi də elə onlardan biri Orxana çatdırmışdı.

Orxan hamımızdan 4-5 addım qabaqda gedirdi. Aynurun sinif yoldaşları ayrıca, mən isə Natiqin yanıyla addımlayırdım.

Fikir verirdim ki, Natiq də Orxandan çəkindiyinə görə, mənlə danışmamağa çalışır.

- Hara gedirik? – titrəyən səsimlə Orxandan soruşdum.

- “51”-in həyətinə! – quru səslə dedi.

“51 nömrəli məktəb”. Evimizdən təxminən 500 metr aralıda idi. Mən orada yox, “162” nömrəli məktəbdə oxumuşam. Elə “51” nömrəli məktəblə yan-yanadır. Orxan da, Aynur da mənimlə bir məktəbdə oxuyurdular.

Niyə öz məktəbimizin yox, “51”in həyətinə gedirdik?

Çünki o məktəbin vahiməli bir arxa həyəti var idi. Elə də böyük deyildi. Dar, uzun bir həyət idi. Bura qırılmış partaları, stulları yığırdılar.

Hətta bəzi şagirdlər təbii ehtiyaclarını da burada ödəyirdilər. O qədər nəzarətsiz bir yer idi ki, dalaşmaq istəyənlər də çox vaxt həmin arxa həyətə keçib münasibətlərinə orada “aydınlıq” gətirirdilər.

Qorxum, həyəcanım hər saniyə daha da artırdı. Yolu yarılayanda, insanların çox olduğu bir yerdə cəsarətimi yığıb Orxana yaxınlaşdım.

- Hara gedirik e!? Elə burada söhbətimizi eləyək! – hər nə qədər səs tonumu ucaltsam da, acizliyim hiss olunurdu.

Orxan mənə baxıb “Ürəkli ol, ə! Qorxma!” dedi və kinayəli şəkildə gülümsədi.

İstəyirəm biləsiniz ki, mən heç vaxt qorxaq olmamışam. Bəlkə də məktəbdə məndən çox dalaşan yox idi. Məktəbin “palajeniya”ya baxan qoçuları ilə belə kəllə-kəlləyə gəlməkdən qorxmayan tək-tük oğlanlardan idim.

Nə yalan deyim, həm də qızbaz idim və qızların da məndən xoşu gəldiyi üçün məndən zəhləsi gedən oğlanlar çox idi. Ona görə də başım davalardan heç açılmırdı. Hələ bir dəfə məni təkləmişdilər də. O dava “Dvatsatı”da hələ də çox adamın dilindən düşmür.

Amma Orxandan qorxduğuma görə məni qınaya bilməzsiniz. Əslində, onunla aramızda hörmət var idi. Münasibətimiz pis deyildi.

Həm də ki, axı mən onun bacısını sevirdim. O vaxt kiminsə bacısını sevmək bizə çox ayıb bir şeyi kimi gəlirdi. Mən haqsız idim. Aynuru sevdiyimə görə haqsız və qolları bağlı idim.

Orxanın nə söyüşünə cavab qaytarmağım, nə də yumruğuna qarşılıq verməyim düzgün olardı. 16 yaşım var idi. Yəqin həmin yaşlarda olan hər kəs belə düşünərdi.

Məktəbin vahiməli arxa həyətinə keçdik. Natiq və digər uşaqlar məktəbin o biri hissəsində qaldılar. Papkam əlimdə, arxam divara tərəf söykənmişdim.

- Həəəə, Ulucay! Danış görüm, neyləmisən!? – Orxan çox quru, soyuq və bir o qədər də sərt səslə dedi.

- Neyləmişəm? – səsim əsə-əsə soruşdum.

- Sən bu gün Aynura məktub vermisən!? – soruşdu.

- Orxan, Allah haqqı mən Aynuru doğrudan sevirəm – çox çarəsiz səslə dedim.

- Pox yeyirsən, bl..t! – deyib sağ əliylə çənəmə bir yumruq vurdu.

Bilmirəm, bəlkə bədənimdəki adrenalin maksimum həddə qalxdığından, ya da elə əvvəldən keyimişdim deyə, vurduğu yumruq mənə heç təsir eləmədi.

Yumruğunun mənə elə də təsir etmədiyini görüb tez birini də vurdu. Bu dəfə, deyəsən, sol əli ilə.

Bu zərbəsi də mənə təsir eləmədi. Onun düşündüyüm qədər güclü olmadığının fərqinə vardım. Qolunda güc yox idi. Bu məni rahatlatmışdı.

İnanın mənə, bəlkə də ona bir dənə cavab yumruğu vursam, kifayət olardı, amma bunu edə bilməzdim.

Orxanın məni “döyməyinə” icazə verməli idim. Yenə nəsə deyib bir yumruq da vurdu. Haqlıydım, Orxan güclü deyildi. Bütün gücü ilə vurduğu yumruq məni aşırda bilmirdi.

Növbəti zərbədə qəsdən elə etdim ki, guya yumruğunun gücündən divara yapışdım. Əlimdəki papka da guya yerə düşdü. Bu dəfə ayağını göyə qaldırıb karateçilər kimi qoluma təpik atdı. “Fürsət bu fürsətdi” deyə düşünüb, yenə özümü divara çırpdım və yerə yıxıldım.

Amma Orxanın ürəyi soyumamışdı.

- Qalx ayağa! – deyib üstümə qışqırdı.

Mən də guya çox incinmiş kimi, asta hərəkətlərlə ayağa qalxdım. Yazıq üz ifadəsi ilə qarşısında dayanmışdım. Qollarıma, sinəmə, qarnıma, ayaqlarıma yumruq-təpik vurmağa davam edirdi. Artıq üzümə vurmurdu.

Yenə bir zərbədən sonra özümü yerə atdım. Deyəsən, ürəyi soyumuşdu. Əyilib yaxamdan tutdu:

- Səni bir də Aynurun yanında görməyim!

Cavab vermədim.

- Eşitdin məni!? – deyib məni silkələdi.

Başımı razılıq əlaməti kimi yellədim, o da məni itələyərək əllərini yaxamdan çəkdi və getdi. Bir müddət ayağa qalxmadım ki, təzədən qızışıb üstümə cummasın.

Orxan gedəndən sonra dostum Natiq yanıma gəldi:

- Yaxşısan? – narahat olmuş kimi soruşdu.

- Allah haqqı, qolunda güc yox idi, güclə özümü döydürdüm – deyib güldüm.

O da güldü.

Sonra nə oldu?

Sonra yenə Aynura məktublar yazmağa davam etdim, amma sevgimiz alınmadı, çünki məni sevmədi.

Sonralar bildim ki, ona məktub verdiyimi də qardaşına elə özü demişdi. Orxanın vurduğu yumruqların ağrısını da elə bunu öyrənəndən sonra hiss etdim.

# 8405 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #