İslam Rzayevin bacısı qızı: “Dayım sevgilisi ilə yaşasa da, arvadını heç vaxt atmadı” - Müsahibə

İslam Rzayevin bacısı qızı:  “Dayım sevgilisi ilə yaşasa da, arvadını heç vaxt atmadı” - Müsahibə
26 yanvar 2022
# 21:00

Kulis.az məşhur xanəndə, Xalq artisti İslam Rzayevin bacısı qızı Arzu Şəmiyeva ilə müsahibəni təqdim edir.

- Arzu xanım, dayınız İslam müəllim haqda danışacağıq...

- İslam dayım evin tək oğlu olub. İki bacı, bir qardaş. Atası, yəni mənim babam altı bacının bir qardaşı imiş. O, 41-ci ildə müharibəyə gedib, qayıtmayıb. Anamgili nənəm Nabat saxlayıb. Bu altı bibi, bir qardaşoğlunun üstündə əsib. Onlardan ən zirəyi, varlı-hallısı, at belində gəzəni Nisə xanım bir gün dayımı aparıb Seyid Şuşinskinin yanına, deyib, səsinə qulaq assın. Seyid dayıma qulaq asandan sonra bibimə deyib ki, uşağı götür, gəl Bakıya. Elə o gətirən, bu gətirən dayım qalıb Bakıda.

- Siz İslam müəllimin hansı bacısının qızısınız?

- Mən Bakıda yaşayan Safura adlı bacısının qızıyam. O vaxt Sosialist Əmək Qəhrəmanı Şamama Həsənova qurultayların birində Heydər Əliyevlə görüşüb. Görüş zamanı ona deyib ki, bəs İslamın evi yoxdur, kirayədə qalır. Heydər Əliyev təəccüblənib ki, necə ola bilər, İslamın evi olmasın? Dayım çox utancaq, abırlı adam idi. Yoxluğu heç kimə büruzə verməzdi. Kimsəyə ağız da açmazdı. Heydər Əliyevin tapşırığı ilə dayıma ev verildi. Ovaxtkı mədəniyyət naziri Zakir Bağırov dayımı yanına çağırıb ondan soruşanda ki, evi hardan istəyirsən, demişdi, bacımgil yaşayan yerə yaxın olsun. Elə də etdilər. Nənəm Nabat, dayım, bir də dayımın arvadı Leyla həmin evdə yaşayıblar.

- Arzu xanım, İslam müəllim neçə dəfə rəsmi nikahda olub?

- Bircə dəfə el qaydası ilə ailə qurub. Hamı necə evlənib, dayım da elə.

- Kiminlə ailə qurub?

- Öz rayonumuzdan, Füzulidən olan Leyla adlı qızla. Bura, universitetə sənəd verməyə gəlibmiş. Onda anamın o qızdan xoşu gəlir və onu dayıma alır. Bir neçə il övladı olmur. Dayım yoldaşına nə qədər müalicələr etdirir. Altı ildən sonra bir qızları olur. Pərvanə. O vaxt tibb indiki kimi inkişaf etməmişdi. Dayımın qızı anadangəlmə ürək qüsuru ilə doğulur. Bir yaşına qədər qalmır, vəfat edir.

- Uşaq rəhmətə gedəndən sonra da İslam müəllim xanımı ilə birlikdə yaşayır?

- Əlbəttə. Dayım 2008-də dünyasını dəyişib. Dünyasını dəyişən günə qədər Leyla onun kəbinli arvadı olub. O kişi onu boşamayıb. Hətta, bir dəfə də Pərvanənin qızdırması qalxır, dayım burda olmur, qastroldaymış. Avtandil İsrafilovla dayımgil qonşu imişlər. Dayım evdə olmadığından Leyla Avtandil müəllimgilə gedir, gecə saat üçdə onlar Pərvanəni həkimə çatdırırlar.

- Amma biz efirdə, müxtəlif verilişlərdə İslam müəllimi həmişə Tamara adlı bir qadınla görmüşük. O qadın özünü həmişə İslam müəllimin xanımı kimi təqdim edib.

- O qadının soyadı Ağamalıyevadır. Oğlanlarının da, nəvələrinin də soyadı elə gedir. Cavanlığından dayımın yanında olub.

- Qanuni nikahları olmayıb?

- Olmayıb. Dayım onunla Tamaranın əri öləndən sonra, təxminən 1988-ci ildən bir yerdə yaşamağa başlayıb. Tamara əri ilə bir evdə yaşayırdı, amma münasibətləri yox idi. O, dayımdan da əl çəkmirdi. Verilişlərdə dayımla bir yerdə çıxsa da, adının altından Ağamalıyeva yazılırdı. O, dayımın necə kəbinli arvadı ola bilərdi? Bir dəfə “Ay Zaur” verilişi bizə qonaq gəlib çəkiliş edib. Orda dayımın arvadı - nənəm, anam hamısı danışıblar. Sonra imkan vermədilər həmin veriliş efirə getsin.

- Bəs Tamara xanım İslam müəllimlə efirə çıxanda, Leyla xanım narazılıq etmirdi?

- Leyla nə edə bilərdi? Heç Leyla yox idi, Tamara vardı. Cavanlığından dayımın yanında olub. Özü də ailəli idi, iki oğlu vardı. Onların ikisini də dayım böyütdü, oxutdu.

- Dayınız o qadını sevirdi?

- Sevirdi ki, yanında idi də. Tamara çox qəşəng qadın idi.

- İslam müəllimin sonralar o qadından da övladı olmadı...

- Tamara deyirdi, mən başqa kişinin soyadını daşıyıram. Sən Leylanı boşa, gəl, məni al, mən də sənin üçün dünyaya uşaq gətirim. Dayım da deyirdi, heç vaxt ailəmi atmaram, arvadımı boşamaram. Ölən günə qədər də dediyini elədi. Tamara ilə yaşasa da, Leylanı heç vaxt atmadı. Dayımın sözü hər yerdə qanun idi. Nə anası, nə bacıları ona Leyla, Tamara haqqında nəsə deyə bilməzdilər. Həm də onlar çox pərdəli idi. Məni dayım saxlamışdı deyə, ərköyün idim. Ona görə, bir dəfə mən ona bu haqda demişdim.

- Nə demişdiniz?

- Dedim, Cəfər Cabbarlının “Sevil” pyesində deyildiyi kimi, öz bəlandır, çək Balaş!

- Reaksiyası necə olmuşdu?

- Heç nə! Susdu. Xoşuna gəlməyən söz olanda başını aşağı salırdı. Amma söz ağzımdan çıxar-çıxmaz, anam məni yan otağa çəkib biabır elədi. Dedi, səni odlanasan, o sözləri İslama necə dedin? Sonralar ona heç nə demədim, ona hörmətsizlik edə bilməzdim. Çox istəyirdim.

- Qızı rəhmətə gedəndə, İslam müəllimin onun dəfninə getməməsi barədə yayılan şayiələrə münasibətiniz necədir?

- İnsan dünyasını dəyişən övladının dəfninə, yasına necə getməyə bilər?! Özü də mənim dayım kimi abırlı, həssas, yanımcıl insan ola! O, heç vaxt belə hərəkət etməzdi. Bir də ki, onların qızı anadan olanda da, rəhmətə gedəndə də dayım Leyla ilə birgə yaşayırdı.

- İslam müəllim başqa hansı cəhətləri ilə yadınızda qalıb?

- Çox insan adam idi. Bir dəfə Zaur Rzayev efirdə dayım haqqında dedi ki, indi elə kişilər yoxdur. Kişiyə məxsus ən gözəl xüsusiyyətlər onda vardı. Allah haqqı, dayımdır deyə demirəm, çox gözəl xasiyyəti vardı. Həssas, heç kimin xətrinə dəyməyən, mülayim və çox diqqətli adam idi. Bizim birimizin uşağı ağlayanda, onun bağrı yarılırdı.

- Evinə kimlər gəlirdi?

- O dövrün bütün musiqiçiləri dayımın evində olub. Əhsən Dadaşovla çox yaxşı münasibətləri vardı. Şövkət Ələkbərov, Sara Qədimova, Yaqub Məmmədov, Sabir Mirzəyev, ovaxtın gənclərindən Zaur Rzayev, Şəfiqə Eyvazova onun həmişə ünsiyyətdə olduğu sənətkarlar idi. Dayım Yevlaxa gedəndə orda Gülüstan Əliyevanın səsini bəyənib onu Bakıya gətirmişdi. Könül Xasıyevanı da bəyənirdi. Onlara burda neçə illər dərs keçib. O vaxtı Arif Babayev, Şövkət Ələkbərova, bir də İslam Rzayev rayonlara gedib istedadlı uşaqları seçir, Bakıya gətirirdilər. Amma Könül Xasıyeva bir dəfə də olsun İslam müəllimin adını çəkməyib. Arada Arif Babayevin adını çəkir. Niyə təkcə Arif Babayevin adını deyir? İndi onlar ölüblər deyə adlarını çəkmək olmaz? Nə zamansa Arif müəllim də dünyasını dəyişəcək, onda belə çıxır ki, onun da adını çəkməyəcəklər.

- Bəs etibarlı tələbələri kimlər olub? Özü kimlərdən razılı edirdi?

- Baloğlan Əşrəfov dayımın tələbəsi deyildi, ansamblında solist kimi çıxış edirdi. Dayım ondan çox razıydı.

- Səsini qorumaq üçün nələr edirdi?

- İçki içməzdi. Yadıma gəlir, kimsə ona tut arağı, təmiz çaxır pay verəndə, bizə gətirirdi. Mən bir dəfə ona bu haqda sual verdim. Dedi, içki səsə ziyandı, səsi gücdən salır. Dayımın ifa etdiyi “Şur” dəsgahına baxsanız, görəcəksiniz ki, onun ən zil variantını dayım ifa edib.

- İslam müəllim Füzulidə anadan olub, orda yaşayıb. Qarabağla nələr deyirdi, arzulayırdı?

- Həmişə deyirdi, görən mən oraları bir də görəcəm? Biz də deyirdik, narahat olma, allah ömür verəcək, gedib görəcəksən, Nabatı da aparacaqsan. O, anasının adını mənim nəvəmə qoymuşdu. Anasına “Xatirəli anam mənim” adlı mahnı həsr etmişdi. Anasını dəhşətli dərəcədə çox sevirdi. Heç bir oğul anasını dayım qədər istəyə bilməzdi. Leylanı həm də buna görə boşamadı. Dedi, o, mənim anamın gəlinidir. Tamaraya da demişdi ki, bütün ömrümü, həyatımı sənə qurban verdim, amma bunu məndən istəmə! Dayım Leylaya da çox yaxşı baxırdı. Bizim özümüz də həmişə Leylanın hörmətini saxlamışıq. O da bizim qulluğumuzda durub. O biri xalamın uşaqları da, biz də dərsdən çıxıb düz Leylanın evinə gedirdik. O, bir dəfə də bizə gözün üstə qaşın var deməyib. Mənim məktəbim Leylanın evinin yaxınlığında idi. Bəzən elə olurdu ki, valideyn iclası olanda anam, atam yox, o gəlirdi.

- Leyla da İslam müəllimi sevirdi?

- Çox sevirdi. Gözünü açıb onu gördü də. Amma normal yaşamağa Tamara imkan vermədi. Qoymadı deyəndə ki, Allah Leylaya sonradan uşaq da vermədi. Dayım rəhmətə gedəndə siz Leylanın onun baş daşını qucaqlayıb necə ağladığını görsəydiniz, dəhşətə gələrdiniz. Dayım da Tamaranı sevirdi. Sevməsəydi, yanında iki balası olan qadınla ömür-gün keçirməzdi.

- İslam müəllim övladı olmadığına görə xiffət edirdi?

- Yox. Elə şey olmayıb. Bizi, Tamaranın nəvələrini öz balaları bilirdi. Mehrini bizə salmışdı. İnanırsınız, o, bizə atamızdan, anamızdan yaxşı olub. Füzulidəki xalamın əri 48 yaşında rəhmətə getdi. Onun altı uşağını da dayım oxutdu, evləndirdi, qızlarına cehiz verdi. Mənim toyumu da dayım “İnturist”də elədi. Əli hər yerə çatırdı, hörmətli adam idi. Hansı nazirin qəbuluna gedərdisə, hamısı hörmətlə ayağa durardı. Amma mən sonralar nənəmə, anama dedim ki, səhv sizdə oldu. Tamaradan olsa, gərək dayımın övladı olardı. Yəni, bunu dayıma deyə bilərdilər.

- Dayınızın yas mərasimi Leyla xanımın evində keçirildi?

- Yasını Leylanın evində verdik. Bütün Füzuli camaatı, qohumlar, doğmalar onun qapısına gəldi. Sənətkarlardan bəziləri Tamaranın evinə getdilər. Sənət adamları dayımdan sonra Leylanın evindən ayaqlarını kəsdilər. Məhəbbət, Baloğlan, Xatirə İslam və başqaları dayım dünyasını dəyişəndən sonra Tamaranın ailəsinə çox maddi kömək etdilər. Hətta, imkanlı bir adam İslam müəllimin qəbrinin hazırlanması üçün Tamaraya böyük məbləğdə pul vermişdi. Sonra məlum oldu ki, o pulun çox cüzi hissəsi dayımın qəbrinə xərclənib. Hətta, dayımın evi qanunla onun kəbinli arvadına düşürdü, amma o ev də Tamara xanıma qaldı. Bizə təklif etdilər ki, məhkəmə yolu ilə bunu tələb edək, istəmədik. Belə şeylər dayımın adına yaraşmazdı. Leyla da gözü-könlü tox qadın idi. Onsuz da bilirdik ki, Tamaranın oğlanlarını da, nəvələrini də mənim dayım böyüdüb, oxutdurub, evləndirib, yerbəyer edib. Bütün bunların qarşılığında dayım çox yaşamalı, yaxşı gün görməli idi. Təəssüf, belə olmadı. Bir dəfə qəbrinin üstünə getmişdim, orda rəhmətlik İlhamə xanımı (İlhamə Quliyeva - red) gördüm. Hal-əhval tutandan sonra mənə dedi ki, İslamla vida mərasimi olanda mən Rəşid Behbudov adına Mahnı Teatrına gəldim, amma içəri girib Tamara ilə görüşmədim. Belə lazım bildim. Allah İslama rəhmət eləsin, o, yaxşı insan idi. Heyf, onu məhv etdilər.

- Xatirə İslam İslam təxəllüsünü dayınıza görə götürmüşdü?

- Nə bilim vallah. Xatirə elə demişdi. O, dayımın tələbəsi olub. Özü də Xatirə dayım rəhmətə gedəndən sonra Tamaranın ailəsinə, özünə çox köməklik edirdi. Onun Rövşən Əziz adlı bir tələbəsi vardı, dayım qavalının birini ona bağışlamışdı. Xatirəni mən dayım xəstəxanada olanda görmüşdüm. Biz hamımız ora yığışmışdıq. Xatirə, təbii ki, Tamaraya daha yaxın idi. Ona görə də onunla ünsiyyət qurmurduq. Amma o, bizi görəndə bizimlə görüşüb demişdi ki, məni bu işlərə qatmayın, mən nə edə bilərəm?

- İslam müəllimin başqa qadınlara münasibəti necə idi?

- Utancaq kişi idi (gülür). İndikilər kimi deyildi. Tamara xanım imkan verməzdi ki, İslama kimsə yaxın düşsün. Musiqiçilərdən soruşun, maraqlanın, biləcəksiniz. Qadın xanəndələrin də hamısına sənət, iş yoldaşı kimi baxırdı. Ona görə də hamısı onun xətrini çox istəyirdi.

- İslam müəllim sizə tez-tez gəlirdi?

- Cavan olanda gəlirdi. Onun pal-paltarını mamam yuyub təmizləyirdi, burda yeyib-içib tədbirlərə, konsertlərə gedirdi. Gələndə də deməzdi ki, mənə kabab, qovurma, plov verin. Qarşısına nə qoyulsaydı, onu da yeyirdi. Xəstə düşənə qədər bizə gəlib-getdi. Xəstələnəndən sonra yox. Artıq özü maşın sürə bilmirdi. Hara lazım olsa, Tamaranın nəvələri aparırdı. Onun gəlinləri də, insaf üçün, dayıma yaxşı baxırdılar. Deyirdilər, biz İslam müəllimin özünün xasiyyətinə görə ona hörmət edirik.

- Ən yaxın dostları kim idi?

- Bəhram Nəsibov və Həbib Bayramovla yaxın idi. Bir dəfə Həbib müəllim Bəhramla dayımı günorta vaxtı evinə aparır. Dayım deyir, möhkəm acmışdıq, Tükəzban qəşəng plov bişirmişdi. Deyir, elə pilləkənləri qalxa-qalxa Bəhram başladı zümzümə eləməyə. Sonra da dedi, beynimdə yaxşı bir mahnı yaranır. “Gəl, inad etmə” mahnısı həmin məqamda yaranır. Bəhram çox istedadlı adam olub. Dayım həmişə deyirdi ki, onun yazdığı mahnıların çoxu bizim gözümüzün qarşısında, anidən yaranıb.

- Xəstəliyi nə idi?

- Dayımın həm şəkəri, həm də təzyiqi vardı. Adam var sözü içindən çıxarır, adam da var içinə atır. O, söz danışan deyildi. Arsız adam olmadığı üçün içinə atdıqları onu xəstə saldı, insult keçirdi. Düz on il o xəstəliklə əlləşdi. Universitetdə dərs deyirdi, Muğam Teatrının bədii rəhbəri idi. Dövlət də ona hərtərəfli kömək edirdi.

- Son günlərini necə xatırlayırsınız?

- Son illər çölə-bayıra çox çıxmırdı. Biz özümüz gedib onu yoxlayırdıq. Dayımın efirdəki son görüntüsü Aybənz Haşımova ilə “Biri sənsən, biri mən” mahnısını birlikdə oxuduğu andır. Son dəfə mən onun yanına xəstəxanaya gedəndə, Aybəniz, Gülüstan, bir də Eldəniz gəldi. Mən dayımın sinəsindən öpdüm, görüşdüm. Həkimi bizə demişdi ki, vəziyyəti yaxşı deyil. Elə həmin gecə vəziyyəti pisləşdi, reanimasiyaya yerləşdirdilər. Səhəri gün dünyasını dəyişdi.

- Nəsə vəsiyyət etmişdi?

- Konkret nəsə deməmişdi. Amma tez-tez deyirdi ki, mənim Füzulidəki evimi bərpa edərsiniz. Füzuli işğaldan azad olunanda Eldəniz (Eldəniz Məmmədov - red) gedib dayımın evini çəkdi, yanında “Yenilməz batalyon” mahnısını da oxudu. Dayım rəhmətə gedəndən sonra mən tez-tez onun qəbrinin üstünə gedirəm. Hərdən molladan soruşuram ki, onun məzarının üstünə Tamara xanımın nəvələrindən kimsə gəlir? Deyir, yox. Halbuki, dayım onlara çox yaxşı olub. Amma dedilər, Rövşən Əziz gəlir. Rövşən doğurdan da həm sağlığında, həm də indi dayımın hörmətini çox saxlayıb. Sağ olsun.

Fotolar: İlkin Nəbiyev

# 66091 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
#
#
# # #