news-inner
clock11:01 calendar-gray 17 Aprel 2021 view-gray1147 dəfə oxunub
view-gray1147 dəfə oxunub

Gözləri görməyən laçınlı şairin yurd gəzintisi

Kulis.az Şərif Ağayarın “Yoxuşlarda dincələn adam” essesini təqdim edir.

Düzəndə ləliyəm təngənəfəsəm
Dincliyim dağların yoxuşundadır
Mən duyan dünyanın bəzək düzəyi
Mamırlı daşların naxışındadır

İlk qaçqınlıq şeirlərindən idi. Taleyin qismətindən Aşıq Veysəl kimi gözünün nurunu itirəndən sonra qələmə almışdı bu şeiri. İnsan üçün ən dəyərli nemət nədir? Əlbəttə, vətəndir, anadır, bir də göz işığı... Görmürsən, arada vətənə, anaya, hətta övlada, sevgiliyə “gözüm nuru” deyib xitab eləyirlər. Dəhşətə bax ki, laçınlı şair Haqverdi Şərəfoğlu doğma yurd-yuvasının dalınca gözünün nurunu, onun dalınca bu dünyada ən yaxın simsarı olan doğma anasını itirdi. Dağlara baxma, əl atanda, ayaq basanda bir nişana hiss edirsən, Aran düppədüzdür. Ona görə, düzəndə təngənəfəsəm, mənim dincliyim dağların yoxuşundadır!

“Şair, adam o saat hiss edir mübaliğəyə yol verdiyini, öz aramızdı, nə qədər doğma olur-olsun, on illər keçəndən sonra daşları naxışından tanımaq mümkün deyil” - mən demişdim bir dəfə. Cavab kövrək və inamlı səslənmişdi: “Allaha and olsun, məni kəndin istənilən yerində qoysalar, əl-ayaq hərdəminə bütün evləri taparam!” - bir az duruxmuşdu – “Amma çox dağıtmayıblarsa!”

Deyəsən, on illərin balaca rəqəm olmadığını indi fərq eləmişdi.

Mən bu dialoqdan bir neçə il sonra tamamilə təsadüfdən Laçını - doğma Qarakeçdi kəndini ziyarət edəcəkdim. İki yüz evlik kənddə istiqaməti təyin eləmək üçün bircə nişanə tapmayacaqdım. Dəhşətə gələcəkdim və şair Haqverdinin dediyi sözləri xatırlayacaqdım. İndi bu kəndi gözü görən adam da tanımazdı. Elə bil, bütün evlərin, hasarların üstündən tank keçmişdi. Daşlar qap-qara qaralmış, torpaq və bitkilər tanınmaz hala düşmüşdü. Şairin xəyalında həssaslıqla yaşatdığı mamırlı daşlardakı naxış da pozulmuşdu. Düşmən bir yana, yurd-yuvamızdan təbiət də qisas almışdı elə bil.

Haqverdidə bir mənəvi zənginlik var; bəziləri kimi gözlərinin görməməsindən utanmır. Haqlı olaraq, anlayır ki, insan iradəsinə tabe olmayan fiziki əngəl özünü başqalarından aşağı sanmaq üçün səbəb ola bilməz. Utanılası mənəvi çatışmazlıqlardır! Yəni, insanın iradəsinə tabe olan nöqsanlar...

Odur ki, Haqverdi ilə onun gözlərinin görməməsi xüsusunda hər cür söhbət etmək olur.

Aşıq Veysəl uzun yaşayır və gözlərini tutan qlaukoma xəstəliyinin müalicəsi tapılır. Di gəl, böyük ustad qoca yaşında görmə qabiliyyətinin bərpa edilməsinə razı olmur. Bu illər ərzində özüm üçün səslərdən ibarət dünya yaratmışam, o dünyanın yıxılmasına razı ola bilmərəm – deyir. Görəsən, şair Haqverdi analoji halda necə hərəkət edərdi? Soruşdum bir dəfə. Duruxdu xeyli. Aşıq Veysəlin qeyri-adi cavabı onu ovsunlamışdı. Amma səmimiyyətindən qalmadı, dedi, nə olandan sonra, gözün görməsi böyük səadətdir!

Haqlıydı. Axı mən bu sualı verəndə Haqverdinin cəmi 50 yaşı vardı. İnkişaf etmiş dünyada 50 yaş gənclik sayılır. Bu yaşda dünya işığından məhrum olmaq asan məsələ deyil. Aşıq Veysəlsə o suala o cür cavab verəndə yaşı yetmişin üstündəydi. Bəlkə, Haqverdi də ömrün qürubuna gəlsə eyni cür düşünərdi.

Mən Laçını elə görəndə bir anlıq Haqverdinin gözlərinin görməməsinə sevindim. Vətəni bu gündə görmək dərdlərin ən ağırı olmalı. İnanıram, Haqverdi doğulub böyüdüyü kəndi, məhəlləni, həyəti elə görsə, mütləq deyərdi: kaş gözlərim kor olaydı, buraları bu gündə görməyəydim!

Nə olandan sonra əsas torpaqdı!

Ev də düzələr, kənd də, şəhər də!

Bunlar da onun sözləridir. Dərd nə qədər ağır olsa da Haqverdini dürüst düşünməkdən yayındıra bilməz. Çünki, uşaqlıqdan beyninin rasional məntiqi güclü işləyib. Hamı onun riyaziyyatçı olacağını gözləyirdi. Amma şair oldu. Əminəm, gözünün nurunu itirən bütün riyaziyyatçılar şair olardı. Riyaziyyat gün işığıdırsa, şeir bu işığın o üzü - mistik qaranlığa bürünmüş ay işığıdır. Şeir yazmaq gözünü yumub tənlik həll eləməkdir. Bu peşələrin yaxınlığı haqqında məşhur fikir də çox yəqin burdan qaynaqlanır.

Riyaziyyat eşqinin də, şeir həvəsinin də üstündən illər keçib. Artıq 60 yaşını qeyd edir şair Haqverdi. Bu yaşa yetkinləşmiş bir el şairi kimi gəlib. Qoşma və təcnislərini ustadlardan ayırmaq olmur. Hər sözün, hər hərfin üstündə əsə-əsə, hər misranın tozunu alıb başına dolana-dolana yazır. Bütün yazdıqları da yaddaşında cağbəcağdır. Bir şeirlər kitabı çıxsa da ən güclü kitab onun dəmir yaddaşıdır.

Tanrı daha da möhkəm eləsin!

Son otuz ildə nələr görmədi: qaçqınlıq, şəhidlər, xəstəlik, cürbəcür məhrumiyyətlər, məmur özbaşınalıqları... Hamısına da sinə gərdi. Haqqı üçün dava-dalaşdan da çəkinmədi. Bəlkə, bir az da taleyin qisasını almaq istədi adamlardan. Könül mülki daşqın çay kimi çalxanıb bulanandan sonra şeirdə duruldu. Şeir yol yoldaşı oldu Haqverdinin. Onu sınmağa, əyilməyə, “pis zəmanənin pis övladı” olmağa qoymadı.

Az qalıb, şeir qaçqınlığın ən məşum günlərində itirdiyi anasının əvəzinə onun əlindən tutub doğma yurd-yuvasına aparacaq. Öz sirli havasıyla hər yanı dolandırıb onu öz dağına-daşına, dağını-daşını da ona tanıdacaq. Naxışıyla, yuxuşuyla birgə...

Budur, 60 yaşın təbriki üçün də ilham pərisi özünü gecikdirməyib, üçcə bəndlik ustadnamə ilə şairin könül dünyasının qapısını döyüb, onu müdrik yaşa – peyğəmbər yaşına çatması münasibəti ilə təbrik edib.

Allahım, yolunu saxlayanları
Bədnəzər boylanan güzardan qoru
Yalançı alqışlı mərəkə-məclis
Fırıldaq sevdalı bazardan qoru

Qəlblərdə xeyir ək, yaxşılıq bitir
Əyri gəzənləri düz yola gətir
Dərd versən dərmanın sən özün yetir
İnsanı sağalmaz azardan qoru

Haqverdi, gül olma vara-dövlətə
Alış qabar ələ, halal zəhmətə
Əməllər aparsın canı cənnəti
Cəhənnəm qorxulu məzardan qoru

“Vətən səsi” qəzeti

Oxşar xəbərlər

Xəbər lenti

"Aysel adını Azərbaycanda ilk dəfə mən qızıma qoymuşam" - Zahid Xəlillə müsahibə
21:01 22 Sentyabr 2021
Kitab və film eyni anda: “Rəngləri danışdıran adam”
18:59 22 Sentyabr 2021
Dünya şöhrətli rejissor komadan çıxdı
18:28 22 Sentyabr 2021
“Soyuq Günəş”in ssenaristi: “Yeni filmin çəkilişini başa çatdırdıq”
17:52 22 Sentyabr 2021
Fırlanmalısan - Hekayə-esse
17:22 22 Sentyabr 2021
İlk dərs günü məktəbdə necə biabır oldum?
16:36 22 Sentyabr 2021
Kiçik mətnə "böyük hesabla" uduzmaq - Kəramətin yeni romanını tənqid etdilər
16:01 22 Sentyabr 2021
Seymur Baycandan zəif olan gürcü yazarın dünya şöhrəti
15:10 22 Sentyabr 2021
Yeni poeziya almanaxı çap ediləcək - Əsər qəbulu başladı
14:25 22 Sentyabr 2021
Anamı ağlatdığım gün – Sərdar Amin yazır...
13:30 22 Sentyabr 2021
Məktəbə gəlməyə peşman olan əkiztayı, müəllimləri üçün darıxmayan uşaq, nəvəsindən bezmiş nənə – İlk dərs günündən reportaj
12:40 22 Sentyabr 2021
“Son günlər işdən qanıqara gəlirdi” - Qızı Fikrət Qocanın ölüm səbəbindən danışdı
11:49 22 Sentyabr 2021
Oğul, oğul, amandır! - Günün şeiri
11:14 22 Sentyabr 2021
Dərsin ortasında fıştırıq çalan şagird: Distant təhsildən reallığa
10:38 22 Sentyabr 2021
Məşhur aktyor vəfat etdi
10:18 22 Sentyabr 2021
Aktyor Elcan Rəsulov: “Afaq Bəşirqızı mənə dedi, çıx get burdan” – Müsahibə
09:00 22 Sentyabr 2021
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
21:00 21 Sentyabr 2021
Pekində beynəlxalq film festivalı başlayıb
18:55 21 Sentyabr 2021
Gənc yazarın ilk şeirlər kitabı nəşr edildi
18:15 21 Sentyabr 2021
Aqşin Yenisey: “Bu, milli biabırçılıqdır” – Müsahibə
17:47 21 Sentyabr 2021