news-inner
clock15:54 calendar-gray 13 Aprel 2021 view-gray1007 dəfə oxunub
view-gray1007 dəfə oxunub

Niyə kitab oxumalıyıq?

Kulis.az Simran Qədimin "Niyə kitab oxumalıyıq?" essesini təqdim edir.

“Mən kitablarımı yaratmazdan öncə kitablarım məni yaratdılar“.
Mişel de Monten

Bütün hadisələr, yaşantılar, ilk baxışdan önəmsiz görünən bir fikir, söz belə, beynimizdə müəyyən izlər buraxır. Bu izlərdən heç izi-tozu qalmadan silinib gedənlər də olur, tədricən dərinləşib yeni-yeni cığırlar, yollar açanlar da. Təkrarlardan ibarət gündəlik yaşam ritmində bu cür cığırların öz-özünə açılacağını gözləmək sadəlövhlük olar. Komfort zonası nə qədər arxayınlıq, rahatlıq duyğusu yaratsa da, oradan çıxmadan zehnimizdə fərqli-fərqli izlər formalaşdıra, həmin izləri cığırlara, yollara çevirə bilmərik...

Kitab tək informasiya mənbəyi, müəyyən mövzuda məlumat toplamaq üçün vasitə deyil. Kitab həm də mənəvi-estetik zövq verən, fərdi inkişafda lokomotiv rolunu oynayıb öyrənməyi öyrədən, dünyayla tanışlıq yaradıb həyata baxış bucağını genişləndirən, beyində məlumatların filtrlənməsi mexanizmini təkmilləşdirən, nəzərdən qaçan məqamlara diqqət çəkən, cürbəcür ideyalar doğuran, empatiya hissini gücləndirən, özündə elmə, sənətə, insanlığa sevgini ehtiva edən zehni qidadır. Mütaliə vərdiş halını alıb, yaşam tərzinə çevrilmədikcə bu qidanın da dəyəri, əhəmiyyəti anlaşılmaz.

Hər kəsin sutka ərzində müəyyən müddət, bir çoxlarının isə saatlarla vaxtı olur ki, onu istədiyi kimi xərcləsin. Zamanı qısamüddətli, anlıq zövqlərə, əyləncələrə də sərf etmək olar, uzaq perspektivə yönələn, beyində yeni-yeni neyron şəbəkələrinin, düşüncə axınlarının yaranmasına təkan verən məşğuliyyətlərə də. Cümlələrdən, sözlərdən, onların yaratdığı emosiyalardan yaxşı, şüurun dərinliklərinə nə nüfuz edə bilər ki? Məhz oxuyub-öyrəndiklərimiz vaxtaşırı yaddaşın alt qatlarından üzə çıxıb atdığımız addımlarda, verdiyimiz qərarlarda kömək olur.

İllər əvvəl oxuduqlarımız bu günə, bu gün oxuduqlarımız isə sabaha açılan yoldur.

Sadə məntiqə görə, heç kəs özünü dünyanın ən ağıllı, bilikli, təcrübəli adamı saya bilməz, istənilən sahədə bizdən qat-qat savadlı, bacarıqlı, səriştəli insanlar var. Onlar aylarla, illərlə zəhmət çəkib təcrübələrini, düşüncələrini bölüşdükləri kitablar yazırlar. Belə kitablar nəinki beyindəki bir çox suallara cavab verir, eyni zamanda, insanı düşündürüb, bəlkə də, cavab tapmaqdan daha vacib şeyə – müxtəlif sualların yaranmasına səbəb olur.

İnsan bilərəkdən, ya bilməyərəkdən daim uşaq kimi kimlərisə, nələrisə yamsılamağa meyillidir. Böyüdükcə təqlid obyektləri o qədər çoxalıb bir-birinə qarışır ki, kimlərin, ya da nələrin təsiri altına düşdüyümüzün fərqinə varmırıq. Tədricən içimizdə yeni, fərqli bir “mən” əmələ gəlib kimliyimizi formalaşdırır, düşüncələrimizə, danışıqlarımıza, hərəkətlərimizə yön verir. Bu səbəbdən də təsiri altında olduğumuz şeylərə diqqət yetirib, həmin o zehni qidanın keyfiyyətini artırmaq çox önəmlidir.

Əlçatmaz insanlarla – Budda, Konfutsi, Sokrat, Dekart, Hegel, Şopenhauer, Dostoyevski, Borxes, Eko kimi mütəfəkkirlərlə daim ünsiyyət qurmaq, onların fikirləriylə tanış olub, belə demək mümkünsə, ustad dərsləri, master klasslar keçmək möhtəşəm bir təcrübə deyilmi? Belə bir söz var: “Kitab, zamanın dalğaları üzərində səyahət edib, öz qiymətli yükünü ehtiyatla nəsillərdən-nəsillərə yetirən fikir gəmisidir. Başqa sözlə, kitab boş vaxtı öldürmək yox, ölmüş zamanı diriltmək üçündür.

Bu gün beyinə səpilən fikir toxumları, sabah cücərərək gələcəyimizi yaradar.

Kitaba marağın az olmasında diqqətimizi yayındırıb vaxtımızı əlimizdən alan, fikrimizin uçub getməsinə yol açan bir çox faktorlar var: bizi ekranlara yapışdıran video-oyunlar, çal-çağırlı, hay-küylü şou verilişlər, internetdəki informasiya girdabı, “cəlbedici”, hipnotik, vampir kimi enerjimizi soran sosial şəbəkələr... Gözlərimizin önündən bir göz qırpımındaca axıb gedən, mənbəyi bilinməyən bu tükənməz məlumat seli, sadəcə, bilgi zərrəcikləri, uzaqbaşı, damcılarıdır. Həmin damcıların isə nə vaxtsa birləşib böyük bir dalğaya, dolayısıyla, biliyə çevriləcəyini gözləmək heç də məntiqli, real deyil.

Bəzi adamlar kitabın ona heç nə vermədiyini, oxumağa ehtiyacının olmadığını düşünür. Müasir üsullarla – gün ərzində üç-beş dəqiqə xəbərlərə qulaq asıb, beş-on ortabab status oxumaqla, qarşısına çıxan beş-on dəqiqəlik üç-beş videoya baxmaqla işini bitmiş sayır. Amma informasiyaya internetdən anında çatmaq imkanı bəs etmir. Bu gün qırıq-qırıq, kəsik-kəsik, fraqmentlər şəklində əldə etdiyi məlumatlarla həddən artıq çox şeydən xəbərdar olan, amma son dərəcə az şey bilən insanlar yaranıb. Arabir dərindən nəfəs alıb özümüzə sual verək: indiyəcən düşüncə spektrımı genişləndirməkdən, özümü zənginləşdirməkdən ötrü nə etmişəm, hansı zəhmətlərə qatlaşmışam?

Digər tərəfdən, çevrəmizdə mütaliə edənlər, kitaba layiq olduğu dəyəri verənlər azlıq təşkil edirsə, qrup psixologiyasının da təsiriylə oxumaqdan uzaq qaçmağa başlayacağıq. Oxumayan çoxluq tez-tez “kitab adama nə verir axı?!” sualıyla oxuyan azlığı həvəsdən salıb öz tərəfinə çəkəcək. Amma bir məqamı da unutmamalıyıq: tarix boyunca düzgün yolda olub başqalarının yoluna işıq salanlar həmişə təklənib, azlıqda qalıblar.

“Kitaba ayıracaq vaxtım yoxdur”, “Mənim savadıma nə gəlib ki, oxumağa nə ehtiyacım var?!”, “Çoxdan bitib kitabların zamanı, indi tamam başqa şeylər lazımdı!” kimi bənzər ifadələr bəhanədən, özünə haqq qazandırıb, təskinlik verməkdən başqa bir şey deyil. Hədəfə çatmaqdan ötrü nə qədər baş sındırıb qısa yollar axtarsaq da, bəzən qısa yol, sadəcə, mövcud olmaya bilər.

Texnologiyaların bizə qazandırdığı vaxtı, enerjini yenə texnologiyalara xərcləməklə dünyaya yaxınlaşsaq da, özümüzdən uzaqlaşırıq.

Yapon əsilli amerikan alimi, fizik, futuroloq, Miçio Kaku “Gələcəyin fizikası” kitabında vurğulayır ki, gələcəyin təhsil sistemi büsbütün internet texnologiyalarına əsaslanacaq, əzbərçilik, “tutuquşuluq” tamam sıradan çıxıb tarixin tozlu səhifələrinə qarışacaq. Mühakimə yürüdüb, təhlil etməyi bacaran daha ağıllı, məsuliyyətli, “bir monitor, bir mən” prinsipiylə öz-özünə təhsil alan şagirdlər formalaşacaq. Gələcək robotlardan bacarıqlı, süni zəkadan ağıllı olmağımızı tələb edir. İntellektual-yaradıcı keyfiyyətlərə, sərhədsiz təxəyyül imkanlarına, proqramlaşdırma dilinə, liderlik, idarəetmə kimi qabiliyyətlərə yiyələnə bilməyənlərin cəmiyyətdə yer tutmaları daha da çətinləşəcək. Bəlkə də, mümkünsüz olacaq.

Oxumaq tək bilmək üçün yox, həm də nələri bilmədiyini bilmək üçündür. Paradoksal məqam isə, “Niyə kitab oxumalıyıq?” sualına cavabın yenə də beynimizdə yeni-yeni cığırlar, yollar açan kitablarda gizlənməsidir.

news-inner-user

19995 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Kitab və film eyni anda: “Rəngləri danışdıran adam”
18:59 22 Sentyabr 2021
Dünya şöhrətli rejissor komadan çıxdı
18:28 22 Sentyabr 2021
“Soyuq Günəş”in ssenaristi: “Yeni filmin çəkilişini başa çatdırdıq”
17:52 22 Sentyabr 2021
Fırlanmalısan - Hekayə-esse
17:22 22 Sentyabr 2021
İlk dərs günü məktəbdə necə biabır oldum?
16:36 22 Sentyabr 2021
Kiçik mətnə "böyük hesabla" uduzmaq - Kəramətin yeni romanını tənqid etdilər
16:01 22 Sentyabr 2021
Seymur Baycandan zəif olan gürcü yazarın dünya şöhrəti
15:10 22 Sentyabr 2021
Yeni poeziya almanaxı çap ediləcək - Əsər qəbulu başladı
14:25 22 Sentyabr 2021
Anamı ağlatdığım gün – Sərdar Amin yazır...
13:30 22 Sentyabr 2021
Məktəbə gəlməyə peşman olan əkiztayı, müəllimləri üçün darıxmayan uşaq, nəvəsindən bezmiş nənə – İlk dərs günündən reportaj
12:40 22 Sentyabr 2021
“Son günlər işdən qanıqara gəlirdi” - Qızı Fikrət Qocanın ölüm səbəbindən danışdı
11:49 22 Sentyabr 2021
Oğul, oğul, amandır! - Günün şeiri
11:14 22 Sentyabr 2021
Dərsin ortasında fıştırıq çalan şagird: Distant təhsildən reallığa
10:38 22 Sentyabr 2021
Məşhur aktyor vəfat etdi
10:18 22 Sentyabr 2021
Aktyor Elcan Rəsulov: “Afaq Bəşirqızı mənə dedi, çıx get burdan” – Müsahibə
09:00 22 Sentyabr 2021
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
21:00 21 Sentyabr 2021
Pekində beynəlxalq film festivalı başlayıb
18:55 21 Sentyabr 2021
Gənc yazarın ilk şeirlər kitabı nəşr edildi
18:15 21 Sentyabr 2021
Aqşin Yenisey: “Bu, milli biabırçılıqdır” – Müsahibə
17:47 21 Sentyabr 2021
Seviş mənimlə, gecədir! – Məlihə Əzizpurun şeirləri
17:30 21 Sentyabr 2021