Toylar başlamasa, bizi faciə gözləyir - Ayxan yazır...

Toylar başlamasa, bizi faciə gözləyir - Ayxan yazır...
7 aprel 2021
# 11:08

Hardasa yenə azərbaycanlılar gizli toy edərkən tutulub. Artıq sayını itirmişəm. Hər dəfə də bu cür xəbərlər çıxanda maraqla izləyirəm. Sanki tragikomik bir filmə baxıram. Əlim üzümdə qalır. Bu qədər cərimə, qadağa ola-ola, gözümüzün qabağında tragikomik vəziyyəti görə-görə yenə də hardasa toy eləmək üçün sinov gedirik.

Bizdə toya qadağa qoy, istəyirsən 100 min cərimə təyin elə, xeyri yoxdur, yerin deşiyindən də olsa, bir yer tapıb gizlicə toy çaldıracaqlar. Qol qaldırıb oynamaq, yeyib-içmək, toqqanı bərkitmək bizim üçün ən mühüm və əşhədü-vacib ayinlərdəndi. Bir də yas. Yas olmasa ürəyimiz partlayar. Ölü düşən evdə canfəşanlıq etmək bizim milli xarakterimizdir.

İllərdir toya qarşı niyə bu qədər həssas olduğumuzu çözə bilməmişəm. Nədir bu toy sevgisi? Hamı ayrı yerdə deyir ki, bəs biz əslində ciddi söhbətləri sevirik, intellektual ortamlarda olmaqdan zövq alırıq. Reallıqla toqquşanda isə ayrı mənzərə canlanır. Hətta o gün beş-üç kitab oxuyan dostum deyir ki, toylara icazə verilsəydi, yaxşıca oynayardıq. Bu oynamaq sevdası nədir? Bu bizim mahiyyətimizdi.

Fikir verirsinizsə, muzeyləri açırlar, camaat da lağa qoyur.

Niyə?

Çünki bizdə nəinki adi, sıradan insanlar, hətta beş-üç kitab oxuyanlar da muzeyə getmirlər. Muzeylərin açılması da bir tələdir. Deyirlər, bəs siz demirdiniz biz ciddiyik, bütün günü TV-lərdə mənasız verilişlər verilir, indi buyurun gəlin muzeylərdə vaxtınızı səmərəli keçirin, bir az ruhunuz qida alsın.

Amma biz nə edirik?

Bütün günü bayağılığın arxasınca min cür söz deyirik, qıraqda isə "Bəşir gəlir"ə qulaq asıb feyziyab oluruq. Yadımdadır, Afət Fərmanqızı Nəsimidən mahnı oxuyanda hamı tənqid eləmişdi onu. Mənim yaxın bir dostum da. Dedim, sabah o tənqid elədiyin mahnıya qol qaldırıb oynayacaqsan. Təbii ki, gülümsündü. Elə bildi, zarafat edirəm. Aradan bir neçə ay keçdi. Toydaydıq. Kimsə sifariş elədi bu mahnını. İlk ayağa qalxıb oynayan da həmin mahnını tənqid edən dostum oldu. Mən də ona dedim ki, bizim mahiyyətimizdə bayağılıq var. Ona görə də yalandan özünü intellektuallığa vurma. Bu dəfə də güldü. Sərxoş idi deyə tənqid tərəfi dumanlanmışdı.

Artıq neçə gündür ciddi-ciddi düşünürəm. Bizi öz mahiyyətimizdən uzaqlaşdırdıqca əsəblərimiz tarıma çəkilir. Yəqin əsəblərimizin itdiyini göstərən bir neçə video izləmisiniz. Birində ər-arvad bir-birini şapalaqlayır, o birində sürücülər bir-birinin qanına susayır... Hələ bu bizim gördüyümüzdü, yəni bizə təqdim olunan. Dalda, qıraq-bucaqda əsəblərin relsdən çıxarkən hansı gərgin anlar yaranır, xəbərsizik. Ciddi-ciddi hamı bir-birini yeməyə, didməyə hazırdır.

Niyə?

Əlimizdə bir toy var idi, arada mahiyyətimizi göstərmək üçün yaxşı fürsət yaranırdı, onu da pandemiya külək kimi sovurub uzaqlarda ilim-ilim itirdi.

Həqiqətən vəziyyət çox qəliz hal alır. Avtobusların tıxa-basa dolu olduğu və virusun qol-boyun hər yerdə özünü büruzə verdiyi bir vaxtda toylara icazə verməmək, ona qadağa qoymaq azərbaycanlılar üçün əsl faciədir.

Bir azca düşünsəniz, vəziyyətin necə qəliz olacağını görəcəksiniz. Qadınlar o boyda qır-qızılı, pal-paltarı kimə göstərsin?

Pul xərcləyib qonum-qonşunun, qohum-əqrəbanın gözünün odunu almaq, öz üstünlüklərini göstərmək üçün münbit şərait yoxdur. Bu cür dəhşətli situasiyada bəs əsəb qalar?

Başa düşün, bu camaata kitab, ədəbiyyat, muzey filan lazım deyil. Toy olsun, oynasınlar, yeyib-içsinlər, öz varlarını başqalarına göstərsinlər, ürəkləri soyusun. Vəssalam.

Xahiş edirəm, toylara icazə verin. Yoxsa axırı yaxşı olmayacaq. Tam ciddi deyirəm. Hətta bunu yazanda belə gələcəkdə baş verəcəkləri gözümün qabağına gətirib əməlli-başlı qorxuram.

# 4219 dəfə oxunub

Oxşar xəbərlər

Yenilikçi tarzən - Şəhid generalımız Polad Həşimov onun hansı mahnısını çox sevirdi?

Yenilikçi tarzən - Şəhid generalımız Polad Həşimov onun hansı mahnısını çox sevirdi?

10:00 16 avqust 2026
Donan vicdan - Yeni hekayə

Donan vicdan - Yeni hekayə

13:45 15 avqust 2026
“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

11:00 15 avqust 2026
"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

10:30 15 avqust 2026
Əkbər Qoşalının “Yol səni səslər”  şeirlər kitabı rus dilində nəşr olundu

Əkbər Qoşalının “Yol səni səslər” şeirlər kitabı rus dilində nəşr olundu

10:15 15 avqust 2026
Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya -  Prezident Kitabxanasında

Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya - Prezident Kitabxanasında

17:30 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər