Kulis.az Mirmehdi Ağaoğlunun “Seymur Baycanın faşizmi, yaxud tələsmiş ad günü təbriki” essesini təqdim edir.
Seymur Baycanın çoxdankı xasiyyətidir. Lapdan məşhur bir yazıçı, ya rejissor haqqında elə bir söz deyir, oxuyanda adamın dəymişi qala-qala kalı tökülür.
Zaman-zaman bu cür nümunələrini çox görmüşük. Hələ köhnə vaxtlarda belə qalmaqallı müsahibələrdən birini də mənə verib aləmi bir-birinə qatmışdı. Demişdi, Borxes yazıçı deyil. Etiraf edim ki, onda müsahibə səs-küy yaradacaq deyə Seymurun belə deməyi mənə o qədər də təsir etməmişdi. Hətta sevinmişdim ki, hamı bu müsahibədən danışacaq.
Seymur həmin müsahibədə çox cəngavərin kürəyini yerə vurmuşdu. Məsələn, demişdi ki, Llosa Markesdən güclü yazıçıdır. Halbuki, Seymurun ədəbi zövqünə az-çox bələd biri kimi məncə, Seymur əksini seçməli idi.
Seymurun zövqü demişkən...
Orxan Pamukun “Saf və düşüncəli romançı” adlı kiçik bir əsəri var. Nobelli yazıçı həmin kitabda üç yazıçı növünü təsnifatlaşdırır: saf yazarlar, yəni qəlbi ilə yazanlar, düşüncəli yazarlar, yəni beyni ilə yazanlar, bir də saf və düşüncəli yazarlar, yəni beyni ilə qəlbi arasında get-gəl edib, siratəl-müstəqimi, yəni orta yolu tutub yazanlar.
Seymur yazdıqları və oxuyub bəyəndikləri ilə, məncə, daha çox birincilərə yaxındır. Ona görə də deyəndə ki, Llosa Markesdən qat-qat güclü yazıçıdır, adam təəccüb edir. Bir-biri ilə müqayisədə “saf”lara daha yaxın olan Markesi seçməli idi Seymur. Həmin müsahibədə bu barədə özündən soruşsam da məntiqli cavab ala bilməmişdim (Onu da etiraf edim ki, Borxesdən çox Markes haqqında haqsız danışması mənə toxunmuşdu).
Buna görə də hərdən mənə elə gəlir ki, Seymur bu cür radikal fikirləri qəsdən dilə gətirir. Bilə-bilə ki, Borxes nəhəng yazıçıdır, qəsdən onu kiçildir ki, qıcıq yaratsın.
Lap ola bilsin, Seymur həqiqətən Borxesi bəyənmir. Əvəzində Çezare Pavezeni bəyənir. Bu da qəbul olunandır. Lakin mənim demək istədiyim məqam tamam ayrı məsələdir ki, bir azdan ona toxunacam.
Bu yaxında Seymur yeni bir fikir irad elədi: “Salman Rüşdü bir köpüklük yazıçı deyil” (Yanılmıramsa sitat bu cür idi). Hind əsilli yazıçının “Gecəyarı uşaqları” romanını oxuyandan sonra əsəri bəyənməməsi barədə bir yazı da yazmışdı. Düzdür, həmin yazıda əsəri niyə bəyənmədiyini izah edə bilməsə də bəyənənlərin adını çəkib (eləcə də mənim) onları ittiham eləməyi unutmamışdı. İttiham etmək azdır, hələ bir az da qabağa gedərək zövqsüzlükdə, ədəbi savadsızlıqda günahlandırmışdı.
“Gecəyarı uşaqları” haqqında hələ roman Azərbaycan dilində nəşr olunmamışdan çox illər qabaq geniş bir yazı yazdığım üçün burda onun məziyyətlərindən bəhs etməyəcəyəm. Buna nə vaxt, nə də həvəs var. Linkini bura əlavə edəcəyəm. Arzulayanlar oxuya bilərlər.
Seymur bu dəfə də intellektuallıq haqqında bir yazı yazaraq orada yenə məni və bəzi qələm dostlarımı mükafatlara, yüksək tirajlara aldanmaqda ittiham edir.
Yazıdan bir sitat: “Əlbəttə, kiminsə tirajından, aldığı mükafatlardan, məşhurluğundan qorxmamağı da COOL görünmək xatirinə etmək olmaz. Hər şey səmimi surətdə içdən gəlməlidir. Əgər tutaq ki, Salman Rüşdinin məşhur “Gecəyarısı uşaqları” əsərini oxumusansa, həqiqətən də əsərdə ədəbiyyata aid heç nə görməmisənsə, Mirmehdi Ağaoğlu, Şərif Ağayar, Əli Novruzov, İlqar Əlfioğlu və bu qəbildən olan digər adamlar kimi əsərin tirajından, müəllifin aldığı mükafatlardan, məşhurluğundan qorxmamalısan, “bu əsərin ədəbiyyata yaxından və uzaqdan bir qram da aidiyyatı yoxdu” sözünü açıq, səmimi şəkildə deməyə özündə cəsarət tapmalısan.”
Sitatdan da göründüyü kimi, Seymur ciddi-cəhdlə boynumuza qoymağa çalışır ki, siz heç bir şey bilmirsiniz, “Gecəyarı uşaqları”nda ədəbiyyata aid heç nə yoxdur, lakin boynunuza almağa çəkinirsiniz, mükafatlar, tirajlar gözünüzü tutub.
Əcəb işdir.
Əlbəttə, Seymurla o mənada razıyam ki, əsl oxucu-tamaşaçı bədii məhsulun arxasında dayanan parlaqlığa, mükafatlara, tiraja, prokata heç vaxt aldanmaz, onun bədiiliyinə, sənətkarlığına qiymət verər. O baxımdan şükür yaradana, özümdən razıyam. Bəlkə qabaqlar hansısa mükafatın, festivalın adı, nüfuzlu mətbuat orqanlarının resenziyaları məni yoldan çıxarardı. Lakin artıq yaşımın elə çağındayam ki, belə şeylər daha məni aldatmır, yaxud əvvəlki kimi aldatmır.
Hardasa on il əvvəl Meksika yazıçısı, magik realizmin atalarından sayılan, Markes, Kortasar və neçə-neçə başqa Latın Amerikası yazıçısının şöhrət yolunun açılmasında xidməti olmuş Xuan Rulfonun “Pedro Paramo” əsərini oxuyub gördüm ki, deyildiyi qədər yoxmuş. Mənə çox adi bir əsər təsiri bağışladı. Heç bir yeni hiss yaşamadım.
O zaman “Pedro Paramo” bütün dünyada niyə bu qədər bəh-bəhlə təqdim olunur? Nədir axı onun məziyyəti? Məziyyəti varsa da mənə aydın olmadı.
Qısacası, əsəri bəyənmədim. Və bu haqda kiçik bir yazı da yazdım. Həmin yazıdan sonra əsərin Azərbaycan dilinə tərcüməçisi hörmətli Yaşar müəllim mənə zəng vurub hardasa yarım saat izah etməyə çalışdı ki, “Pedro Paramo” romanını düzgün anlamamışam. Lakin nə illah elədisə də məni döndərə bilmədi. Öz fikrimdə qaldım.
Bəlkə, əsəri nə vaxtsa bir də oxusam, fikrim dəyişər, lakin indi həvəs yoxdur.
Yaxud Abdellatif Keşişin Kann mükafatı almış “Adelin həyatı” filmini götürək. Qızıldan qiymətli vaxtımın iki saatdan çoxunu sərf etdiyim həmən filmə nə üçün Kann mükafatı verildiyini anlaya bilmədim. Kann mükafatı almış başqa filmi də götürə bilərik - “Qızın od içindəki portreti”ni. O filmin festivalda niyə fərqlənməsi barədə nə qədər başımı sındırsam da cavab tapa bilmədim. Hər iki filmin açıq-aydın konyunkturaya hesablandığı hiss olunur.
Mənzərəni bir az da konkretləşdirmək üçün dünya şöhrətli rejissor Yorqos Lantimosun “Müqəddəs maralın ölümü” filmini də misal gətirə bilərik. Yeri gəlmişkən, o da Kannda hansısa mükafatı götürüb. Bundan sonra yüz il də keçə kimsə mənə “Müqəddəs maralın ölümü” filminin böyük sənət əsəri olduğunu sübut edə bilməz. Ona görə ki, əsərdə qoyulan problem mənə inandırıcı gəlmir, onun söykəndiyi “İfiqeniya Avlidada” mifi daha təsirli, bütövdür, amma filmin özü yox. Halbuki Lantimosun adı çəkiləndə hesabla mənim dizlərim əsməlidir. Adam müasir dövrün ciddi rejissorlarındandır. İnsafən filmdə elə kadrlar-görüntülər var ki, adamı nokaut edir. Di gəl, film özü ürəyimcə deyil.
Hər bir sənət əsəri oxucunu-tamaşaçısını ilk növbədə özünün reallığına inandırmalıdır. Bir ispanın oxuduğu kitabların təsiri ilə özünü cəngavərə bənzədib yel dəyirmanı ilə vuruşa biləcəyinə inandığın kimi, sevgisinin qarşılığını ala bilməyən və cəmiyyətdə rəzil olan bir qadının buna görə özünü qatarın altına ata biləcəyinə inandığın kimi, eyni səmimiyyətlə və heyrətlə Füsunkar Remediosun mələfə sərərkən göyə uçduğuna, yaxud Məlikməmmədin yeraltı dünyaya endiyinə də inanırsan. Hər şey məhz burdan başlayır, əsərin reallığına inanmaqdan!
“Müqəddəs maralın ölümü” filminin söykəndiyi mif də bu baxımdan inandırıcı, həqiqidir, lakin filmin özü bu inandırıcılığa sahib ola bilməyib. Bax bu “qüsur”una görə film mənə süni təsir bağışlayıb.
Əlbəttə, dünyada şişirdilmiş, mükafatlar, festivallarla bəzək-düzək verilmiş əsərlər, filmlər nə qədər desən var. Buna görə də yaxşını pisdən, sünini təbiidən, saxtanı həqiqidən ayırmaq çətin məsələdir. Adam gərək özü ayıq olsun, ağı-qaradan seçə bilsin. Hər adam bunu bacarmır. Bəzən özünə çox arxayın olub yanlış qərar da verə bilərsən.
Seymur Baycan kimi...
Ümumiyyətlə, Seymurun cəsarətinə heyranam. Adətən, hansısa tanınmış bir yazıçını bəyənməyəndə yumşaq mənada deyirlər ki, filankəs mənim yazıçım deyil. Bununla da həm də qarşıda üzləşəcəkləri təzyiqlərə qarşı da tədbir almış olurlar. İşdir, birdən sabah kimsə çıxıb deyər ki, dəvədən böyük fil var, onda nə edəcəksən?
Seymur qəti hökm verir: filankəs yazıçı deyil! Çox ağır, məsuliyyətli ittihamdır. Hər adam bu sözün arxasında dayana bilməz. Belə götürəndə balaca mühitimiz var, öz dediyimizi özümüzdən başqa heç kəs eşitmir. Allah üzümüzə baxıb yazdıqlarımız, dediklərimiz ingilis, ispan, fransız dillərinə tərcümə olunmur. Yoxsa, ingilisə, fransıza, ispana nə cavab verərik? Necə izah edərik? Necə deyərik ki, qardaş, bir işdir olub, bizi bağışlayın. Çətindir. Bu baxımdan Azərbaycan dili məsuliyyətsiz fikirlər irad etmək üçün çox faydalıdır.
Kimisə bəyənməmək olar. Hətta lazımdır. Ədəbiyyat bir-birini bəyənməyən yazıçı-şairlərlə doludur: Axundov Füzulini, Tolstoy Şekspiri, Nabokov Dostoyevskini bəyənməyib. Amma ən azı onlar niyə bəyənmədiklərini sübut etməyə çalışıblar. Nabokov Dostoyevski haqqında yazdığı məqalədə haqlı olduğunu faktlarla göstərir. Daha Seymurdan fərqli olaraq Dostoyevskini bəyənənləri ittiham etməklə məşğul olmur. Onları ədəbiyyatı bilməməkdə, yaxud, hansısa mükafata, tiraja aldanmaqda günahlandırmır. Çünki, bilir ki, bir əsəri bəyənməyib, onu bəyənənləri ittiham etmək, bilgisizlikdə günahlandırmaq yüngül desək ədəbi faşizmdir, etnik təmizləmə siyasətidir. Hitlerin tərəfdarlarının qeyri-ari irqinə mənsub insanlara elədiklərini ədəbiyyata, sənətə eləməkdir, Osvensim törətməkdir.
Bunun səbəbləri haqqında düşünürəm və belə qənaətə gəlirəm. Seymurun düşüncə palitrasında cəmi iki rəng var: ağ və qara. Başqa rəng yoxdur. Seymur ayrı rəngləri görmür və qəbul etmir. Elə bu səbəbdən də hərdən ədəbi daltoniklik edir. Əks halda necə olur ki, sən Borxesin yazıçı olmadığını bilirsən, bəyəndiyin Llosa bilmir? Adi bir məntiq var axı. Yox?
Seymurun konkret qəlibi var. O qəlibin kriteriyaları haqqında ətraflı danışmaq istəmirəm. Qorxuram nədəsə yanılaram, sonra Seymur bunu ömür boyu mənə bağışlamaz. Lakin müxtəsər onu deyə bilərəm ki, həmin qəlib Pamukun dediyi “saf” yazıçı modelinə çox uyğun gəlir. Seymur da məhz o qəlibə uyğun olmayan əsər və müəlliflərə qarşı soyqırımı törədir. Bundan sonra min il də keçə inanmaram Seymurun dünyasında Salman Rüşdi və yaxud Borxes kimi yazıçı özünə yer edə bilsin.
Seymura məsləhət görərdim “Gecəyarı uşaqları” əsərini bir daha oxusun. “Gecəyarı uşaqları”nı oxumağa ərinirsə də tez-tez istinad elədiyi Milan Kunderanın “Pozulmuş vəsiyyətlər” kitabına göz gəzdirib, orada Salman Rüşdi haqqında yazdıqlarına baxsın. Elə əsərin birinci fəslindəcə Rabledən başlayıb dərhal Rüşdinin ən çox tənqid olunan “Şeytan ayələri” romanına keçməsinə nəzər yetirsin... Onu oxusa görəcək ki, Kundera Rüşdi haqqında nə qədər yüksək düşüncədədir, onu hansı böyük yazıçılarla yanaşı qoyur. Mənə inanmır, Kunderaya inansın. Kundera demiş, Kantın dilindən “sabahınız xeyir” ifadəsi də fəlsəfi səslənir.