news-inner
clock11:47 calendar-gray 30 Mart 2021 view-gray11106 dəfə oxunub
view-gray11106 dəfə oxunub

İsa Məsihin babamın evindəki rəsmi, məndən çörək istəyən erməni iti – Şərif Ağayarın Laçındakı kəndlərindən reportajı

Kulis.az yazıçı Şərif Ağayarın 30 il sonra qayıtdığı kəndlərindən reportajı təqdim edir.

Kəndimizin girəcəyinə çatanda əmim oğlu Hikmət telefonu “xoda salıb” mənə tərəf çevirdi. Dedi, o məşhur şeirini mütləq oxumalısan. Bizi müşayiət edən əsgərlər də mehribanlıqla dilləndilər: “Əmi, denən! Əmi, denən!” Əmi isə boğazına tikan kimi tıxanan bir qəhərin zibilinə düşmüşdü. Səsi çıxmırdı. Bir az əvvəl elə bu əsgərlərin birinin köməyi ilə süzüb içdiyi 20 damcı “Trikardin” də kömək eləmirdi ona.

Yol yoldaşımız, Laçının Mişni kəndindən olan tarixçi-alim Arif Gürşadoğlu da həvəskar bir eyhamla məni süzürdü. Amma deyəsən o, halımın pərişan olduğunu anlamışdı.


Kəndimiz

Əslində, mənim qol-budağımı sındıran anamgilin kəndi Qarakeçdidə gördüyüm mənzərə idi. Təsəvvür edin, iki yüz evlik kənddə istiqaməti götürmək üçün tanış bir nöqtə tapa bilmədim. Ən çox da özümü qınayırdım. Bu nə unutqanlıq idi? Hikmət də bir yandan danlayırdı məni, böyüdüyün həyəti tapa bilmirsən, deyirdi. Özü son iyirmi doqquz ildə Laçının bütün dəlmə-deşiyini “Googla Maps”la “hərlən”mişdi. Bu azmış kimi erməni-rus saytlarında bizim yerlərlə bağlı yüzlərlə videoya baxmışdı. Allah bilir, buralarda yaşayan otuz-qırx erməni ailəsi tanıyırdı. Zabuxdan müsahibə verən o qara-zırtı erməni arvadından o qədər danışmışdı, koridordan keçəndə “Görəsən padruqan neyləyir, bəlkə ruslardan icazə alım, baş çəkəsən?” - deyə zarafatlaşmaqdan özümü saxlaya bilmədim.

Gələn gündən əsgər və zabitlər Hikmətin ən gözlənilməz yerləri dəqiqliklə tanımasına məəttəl qalmışdılar. O saat ayamasını kürəyinə yapışdırmışdılar: Quql müəllim!

İndi Quql müəllim əlində telefon qarşımda müntəzir dayanıb məndən istədiyi şeiri içi özü qarışıq bütün kəndçilərimiz əzbərdən bilirdilər və bu iyirmi doqquz ildə bəlkə min dəfə zikr eləmişdilər.

Gözəl Ağbulağım, a doğma kəndim
Bir daha qoynuna dönəcəmmi gör?
Sevinclə aşaraq “Gaz”ın başından
“Bulağın gözü”nə enəcəmmi gör?

Şeiri demək çətin deyildi, amma desəm, əmim oğlu onun yeni variantını da istəyəcəkdi məndən. Axı indi biz doğrudan da “Gaz”ın başında idik və bir azdan “Bulağın gözü”nə enəcəkdik. Şair xəyalım reallaşmışdı və Hikmət məndən Tanrının, taleyin, sözün, ədəbiyyatın haqqını istəyirdi. Onun təəbirincə mən şeiri mütləq dəyişib belə oxumalı idim:

Gözəl Ağbulağım, a doğma kəndim,
Axır ki qoynuna döndüm – çox şükür!
Sevinclə aşaraq “Gaz”ın başından
“Bulağın gözü”nə endim – çox şükür!

- Kameranı yığışdır, Hikmət! Biz bura klip çəkdirməyə gəlməmişik! - Boğazım “Trikardin”in kəskin nanə cövhərindən qıcıqlansa da səsimin amiranə çıxmasına mane olmadı. Əmioğlu telefonun yönünü kəndə çevirdi və şeiri özü deyə-deyə “Bulağın gözü”nə enməyə başladı.

Gedib orda ağlayacaqdı. Hönkür-hönkür. Türklər lap yaxşı deyir: hüngür-hüngür! Bunu geri qayıdanda çəkdiyi videoda görəcəkdim.

Mənim 30, əmim oğlunun 29 il sonra doğma kəndimiz Ağbulağı ziyarətimiz bax belə başladı.


Quql müəllim

Hikmət Laçın alınan vaxt itkin düşən əmimin ikinci oğludur. O əmim ki, “Cəfər əmimin yolları” hekayəsinin baş qəhrəmanıdır. Yaxşı mütaliə edən, helmli, fiziki cəhətdən sağlam və güclü bir adam idi. Kəndimizin ən mahir ovçularından sayılırdı. Bizim nəsil ovçuları ilə məşhurdur. Təxəllüsümdəki Ağayar da ovçu babamızın adıdır. Ağbulaq dağlarında “Ağayarın yolağı” deyilən bir yer var. Ən mahir ovçular ən böyük dağ kəllərini orda ovlayıblar. “Ağayarın yolağı”ndan təkə ovlamaq yüz illərlə yaşı olan Ağbulaq ovçuluq məktəbinin akademiyası sayılır.

Əslində, əmimi əlimizdən alan kəndimizin həsrəti oldu. O, sağ-salamat gəlib çıxmışdı. Bir də geri qayıtdı və qeybə çəkildi. Laçın təbiətinə şamanlar kimi bağlıydı. Ordan ayrı yaşamağı bacarmadı.

Kəndə getmək söhbəti çıxanda içimdə belə bir hiss vardı ki, Hikmətgilin yenicə tikdirib yığışdıqları evin xarabalığında əmimin nəşinə rast gələcəm. İtkinlik axmaq şeydir. Əlacsızlıqdan ən mənasız ehtimallara da ümid bəsləyirsən.


Kəndimiz

Səfər öncəsi ağlıma gələnləri soyuqqanlı bir qohumumla bölüşdüm, bu xüsusda onun nə düşündüyünü öyrənmək istədim. Məsələni açıb deyəndə kəllə-mayallaq getdi; onu gic bir ağlamaq tutdu! Uzun zaman kiridə bilmədim. Özünü birtəhər ələ alandan sonra səsi boğula-boğula dedi: “Bu barədə Hikmətə heç nə demə!”

Dedim, səydərəş, Hikmətə nəsə desəydim, səninlə niyə məsləhətləşirdim?

Kəndə çatanda əmimin evinə Hikmətdən əvvəl getmək istədim. Nə olar-nə olmaz. Yurd-yuvanı ziyarət etməyin ən çətin məqamı da budur. Əbədi olaraq itirdiyin doğmaları sonuncu dəfə gördüyün yerlərdə olmaq! Daş-qaya olsaq, bu yıxılı evlərin gününə düşərdik, insandıq, dözdük!

Zatən Hikmət piyada gedirdi və “Gaz” aşağı şeirdəki misraların icrası ilə məşğul idi. Allah bilir elə bu anlarda “Bulağın gözü”ndə hüngür-hüngür ağlayırdı. Mənsə artıq maşınla mərkəzə çatmışdım.


İdarəmiz

Kəndin idarəsi... Güclə tanıdım. Daha doğrusu, yerini bildiyim üçün tanıdım.

Böyük bibimin evi... Yerinə görə tanıdım.

Evlər tanınmaz haldadır. Bu həndəvərdə yalnız bircə evi güc-bəla tanımaq olar. O da o biri bibimgilin evidir. Gedib ziyarət etdim. Yaşayış olub burda. Gedəndə dağıdıblar içərisini. Pilləkəndən ətrafa baxdım. Yalnız aşağılarda tək-tük salamat ev gözə dəyirdi. Kənd bu viranəliklə mənə yad görünürdü. Yalnız ətrafdakı dağlardan hiss edirdim harda olduğumu.

Bəli. Buradır. Ağbulaq. Təbiət xeyli dəyişib. Tanışdır, amma doğma deyil.

Soyuq külək vurur üzümə. Mən də kəndə soyuq və yad gəlirəm yəqin.


"Gaz"ın kənddən görünüşü

Xəyallarımda otuz il yaşatdığım dağlar, qayalar, daşlar, düzənlər, yollar, cığırlar, meşələr burdakıların eyni deyil, daha böyük, daha rəngarəng, daha cazibədardır. Küçələr necə balacaymış? Mən belə bilmirdim axı. Elə bil, hər şeyi azı 10 dəfə kiçiltmişdilər. Deyəsən, mən geri qayıdacağımı da, qayıdıb doğma yerləri belə fərqli görəcəyimi də nə vaxtsa açıqca hiss eləmişəm və bunu “Arzulardan sonrakı şəhər” romanında - Amanisin Yaşıl vadiyə qayıtması səhnəsində yazmışam. Bircə fərqimiz var: onun arxasında fironun qaniçən əsgərləridir, mənim arxamda öz əsgərlərimiz! Ona görə intihar eləmək üçün Xaxas xəndəyi axtarmıram.

Yılmaz Guneyin “Yol” filmində uşaq həbsxanadan iznə gəlmiş atasına yaxınlaşmağa ürək eləmir. Doğma görkəmin içində həm də bir yadlıq görür, ondan çəkinir. Lakin zamanla isinişir. Arada qucağına girib it balası kimi ona sıxılır. Eyni vəziyyətdəyəm. İsinişmə məqamını gözləyirəm. Amma vaxtımız o qədər çox deyil. Qaranlıq düşmədən “Gaz”ın qarlı, palçıqlı döngəsini çıxmalıyıq. Maşın batsa azı 10 km piyada gedəcəyik. Hər yan canavar izidir.

Bir anlıq düşünürəm: yiyəsiz qalan yurdumuzda o qədər canavarlar ulayıb ki, evlər qorxusundan bu hala düşüb!

Evlərə yazığım gəlir.

Burnumun ucundan xəfif bir göynərti keçir.

Uşaqlıqda evimizin qarşısındakı ardıclı təpəyə qalxıb kəndə tamaşa eləməyi sevirdim. Qohumlar mənimlə zarafatlaşırdılar. Deyirdilər, hələ qız sevən yaşda deyilsən, ora qalxıb kimə baxırsan? Onlar səhv edirdilər. Mən adamlara deyil, evlərə baxırdım. Evləri öz sahiblərinə oxşadırdım. Qəribədir, evlər öz sahiblərinə doğrudan da oxşayırdılar. Pəncərəsi taxılmayan evlər kor adamları xatırladırdı. Təzə tikilən evlərə pəncərə taxıldıqca sevinir, onları yeni sahiblərinə oxşadırdım.

Amma indi...

İndi o evlər nəinki sahiblərinə, ümumiyyətlə insana oxşamırdı. Üstündən tank keçmiş qafa tası idi bu evlər. Quru divarları qalmışdı. Bir dənə də pəncərə yox idi. Kar, kor, şikəst eləmişdilər kəndimizi. Evlərini öldürmüşdülər. Öldürəndən sonra meyitlərindən qisas almışdılar.

Evlərin hamısı şəhid olmuşdu.

Meyiti salamat olanı vardı, olmayanı vardı...

Adamlar evlərin ruhuymuş - indi bildim!

Ruhsuz evlərə yovuşa bilmirdim. Təkcə bir evin güc-bəla salamat qalmış eyvanında al-əlvan uşaq paltarları yellənirdi. Görəndə gözlərim yaşardı. Kim olur-olsun, yaşasın evlərdə! Onları dağıtmasın, ağrıtmasın, ağlatmasın... Kor qoymasın... Öldürməsin...


Köhnə məktəb

Xarabalar arasında həyat işartıları gözə dəyir. İnsan özünün olmayan və yan-yörəsi xarabalığa çevrilən evlərdə necə yaşayır? Necə rahat olur? Uşaqlarına necə layla çalır? Necə nağıl danışır? Necə yatır? Necə durur? Yuxusunu qarışdırırmı? İnsanı evlərdən, daşlardan, ağaclardan qisas almağa vadar edən hansı duyğudur? Sakinləri öz ata yurdundan zorla çıxarılan evlər yad adamlara xoşbəxtlik bəxş edirmi?

Bir qucaq sual!

Həyətimizdəki alma ağacları qocalmışdı. Heç birində xatırladığım bir əlamətə rast gəlmədim. Bu, dəhşət idi! Bircə “Bulağın gözü”ndən çıxan çayın həyətimizdən keçən hissəsindəki döngə, iki qıjov və “setka”mızın qalıqları tanış gəldi mənə. Bir vaxtlar o qıjovları ayaqyalın adlayıb qarşı yaxaya keçəndə böyüdüyümə inanmış, sevindiyimdən əl çalmış, qışqırmış, özümü Hindistanı fəth edən İsgəndər kimi hiss eləmişdim. İndi necə balaca gəlirdilər mənə?! Xırda bir səbəbdən o boyda sevinc hasil eləməyin sirri nə imiş görəsən? Bircə bunu bilsəydim...


Həyətimiz

O taydakı “Rəhimin bulağı” toz-torpaq, çör-çöp altında qalıb qurumuşdu. Təbiət ölən körpə kimi dəfn eləmişdi bulağı. Aşağısından azca su sızırdı amma. Bəlkə təmizləyən olsa sevinə-sevinə axıb çaya qarışardı.

Evimiz... Xaraba deyərdim... Ancaq mən burda idimsə xaraba demək olmazdı. Az qala hər daşını anam belində, qarnında daşıyıb. Hamilə ola-ola işləyib. Görəsən bilirmi daşlar? Daş yaddaşı deyilən bir şey var axı. Əllərimi sürtsəm dirilərmi o yaddaş? Ovsun oxusam qayıdarmı o çağlar? Həyətimizdəki çayla birlikdə axıb gedən o zamanı necə saxlayım, necə geri qaytarım?

Bu nə zülmdür, ilahi? Otuz il az deyil axı. Kim idi əlinə balta alıb bir də geri gəlməyəcək ömrümüzün tən yarısını belə amansızcasına budayıb keçən? Biz ona nə etmişdik? Kimdən soruşaq bunun əvəzini? Kimdən alaq intiqamını?

Daşların üzü qap-qara qaralıb. Qara gün qaraldıb evimizi. Pillələrin sayı 15 yox, 14-dür. Biri ya yerə batıb, ya yuxarıdan uçub. Evin boyu balacalaşıb.


Evimiz

Bütün kənd “Titanik” kimi tədricən torpağa gömülür.

Bircə divardakı turba dəyişməyib. Rəngi də həminkidir. Əlimlə toxunuram. Buz kimidir. Onu dərin yuxudan oyatmaq üçün nəfəsimlə uzun-uzadı isitməliyəm. Amma havadan gələn yanmış dizel qoxusu məni tələsdirir. Hava o qədər təmizdir ki, bizi gətirən maşının iyini hər yanda duyuram. Səs də rahat gedir. Maşın işə düşən kimi bilirəm.

Hikməti itirmişəm. Havanın bu məhrəm sakitliyindən istifadə edib onu haraylayıram. Səsim sükuta dalmış kəndin dağılmış evlərində əks-səda verir. O an mənimlə birlikdə səsimin də kəndə qayıtdığını hiss edirəm. Bir də çağırıram. Hikməti tapmaqdan çox evləri oyatmaq, kəndi həyata qaytarmaq üçün. Bura gəldiyimə hamını və hər şeyi, ən başda özümü inandırmaq üçün...


Rəhimin bulağı

Babamgilin qapısında ağ bir it yatıb. Məni vecinə almır. Azərbaycanca təpinirəm ona. Anlamır. Rusca təpinirəm. Yenə vecinə almır. Ermənicə iti necə qovurlar, bilmirəm. Qorxmadan üstünə gedirəm. Quyruğunu bulayır. Yemək istəyir. İncitməyiblər bu iti. Nə öz sahibləri, nə bizim əsgərlər. Mən də incitmirəm. Yanından keçib babamgilin evinə keçirəm.

Qapılarına at nalı vurulub. Onların qapısı deyil. Ermənilər nal vururmu qapılara? Bilmirəm. Məncə, vurmurlar. Ola bilsin, bu qapını kəndin başqa yerindən gətirib asıblar. Qapının sağ tərəfinə koronavirusdan qorunmaq üçün maska taxmaq qaydalarını əks etdirən vərəq vurulub. İçəriki yan otaqda isə məni İsa Məsihin rəsmi qarşılayır. Qucağında quzu... Görünür, bu evdə yaşayanlar İsanı yaxşı anlamayıblar. Özgəsinə məxsus evləri yandırmaq, dağıtmaq, yağmalamaq hara, onların arasında güc-bəla salamat qalan bir evə İsa Məsihin rəsmini vurmaq hara. Ayıb olmalı...


Babamgilin həyəti

Babam qalan otağa keçirəm. Bu da “Şəkil” hekayəsinin məşhur prototipinin yatdığı yer; taxt da yoxdur, çubuq da. Bizimkilərdən bir nişanə gözə dəymir. Əvəzində arı yeşikləri və şanlar var. Bal istehsal ediblər burda.

İt hələ də həyətdədir. Hətta dalımca düşür. Birlikdə o biri məhəllələrə keçməzdən əvvəl “Şəkil” hekayəsindəki ağ atın bağlandığı tövləni çəkirəm. Elə o an bu ağ itlə, o ağ atın nə vaxtsa hansısa nağılda yoldaşlıq etdiyinə inanıram. İtə yazığım gəlir.

Bir az irəlidə, əmimgilin məhəlləsində başqa bir it çıxır qabağıma. Bu, qara rəngdədir. Daha qoca və üzgündür.

Hasardan hərlənib əmimgilin həyətinə adlayıram.

Çörəkxana – dağılıb.

Tövlə - dağılıb.

Evin divarları nisbətən salamatdır. Divardakı kubiklərin birinə kiril hərfləri ilə əmimin böyük oğlunun adı cızılıb: “Qorxmaz”. Dəqiqliklə oxunur. Çox güman, mismarın ucu ilə cızıblar.


Əmimin evi

İçəri keçirəm. Eynən bizim evlərdə bitən qanqallardan burda da var. Böyüyüb quruyublar. Başları qotazlıdır. Sanki qanqallar da qohum olduğumuzu bilib burda da eyni cür boy verib. Evlərimizin sakinləri bunlardır indi. Divarların dibini və küncləri diqqətlə yoxlayıram. Tanış heç nə yoxdur. Soyuqqanlıyam. Əmimin evinin uçmuş tavanından səmaya baxıram. Deyəsən, ilk dəfədir dağılmış evdən göy üzünə baxıram. Yəqin tanrı belə yerdən baxanları daha tez görür. Ona şükür edirəm. Mənə bu fürsəti verdiyi üçün.


"Kəndçimiz" İsa Məsih

Həyətə çıxıb bir də Hikməti haraylayıram. Cavab yoxdur. Bizi gətirən maşın arxamca aşağı məhəlləyə enib. Yoldaşlardan Hikməti soruşuram. Bir daşın üstündə Budda rahatlığı ilə oturan Arif müəllim iri, ağ əllərini “yox” anlamında havada yellədir. İçimi naməlum bir qorxu bürüyür. Hikməti də itirərəm birdən! Allah eləməmiş...

Məktəbimizə gedirəm. Təzəsi ayrı cür dağılıb, köhnəsi ayrı cür. Hərəsi bir rəngdə, bir dadda əzab verir adama. Yaxınlıqda gözümə yosma bir ev dəyir. Tüklərim biz-biz olur. Ovçu Niyazın evidir. Biz uşaq vaxtı məktəbin həyətində oynaşıb tərləyən kimi onların evinə su içməyə qaçırdıq. Ağır mis qabda bizə verdikləri suyun dadını və soyuqluğunu hələ də xatırlayıram.


Koronavirus kəndə bizdən əvvəl gedib

Dərs keçdiyimiz otaqlara girirəm. Hamısı dağılıb. Məktəbin içində ağaclar, kollar bitib.

Xəstəxana da onun kimi. Təbiət də bir yandan dağıdıb evləri. Sanki insanlardan qisas alıb.

Kəndin meşəyə tərəf yaxasındakı məhəllələrə qalxıram.

Qohumların evləri...

Qohum evlər...

Çoxunun nəinki salamat vaxtını, hətta içinin qoxusunu da xatırlayıram. Hər evin öz qoxusu olur, biləsiniz.


Qıjovlar

Yüksəkdən kəndə baxıram. Fərqli panoramdır. İxtiyarsız evlərin arasında Hikməti axtarıram. Bir də çağırıram onu. Hikmətin əvəzinə külək cavab verir mənə. Hansısa sirli mağaradan çıxıb görüşümə gəlir. Məni bir az da üşüdür. Bu küləklə içimə inanılmaz bir hüzur dolur. Heç bir dərdim-qayğım qalmır. O an hiss edirəm - buralarda ölməyə hazıram. Məndə nevroz var. Zaman-zaman ölməkdən qorxmuş, hətta panikə düşmüşəm. Müalicə almışam, psixoloq yanına getmişəm, lakin o qorxu məni heç vaxt axıracan tərk eləməyib. Kəndimizdə ölüm xofunun canımdan tamam sovuşub getdiyini hiss edirəm. Demək, nevroz adı ilə doğulduğum yerlərdən uzaqlarda ölməyin qorxusunu yaşayırmışam.

Hikmətin qəfil öz tövlələrinin tinində peyda olması içimdəki hüzuru daha da artırır. Dağın yaxasına uzanıb dincəlirəm. Kəndimizin küləyi üzümə məsh çəkir. Məni günahlardan arındırır.

Növbəti ünvan qəbiristandır. Mərmər məzar daşlarını aparıblar. O birilərinə dəyməyiblər. Sadəcə, bir neçəsini aşırıblar. Qəbirlər salamatdır. Qəbiristan içimdəki hüznlü rahatlıqla qafiyələnir. Məzar daşlarının arasından kəndə baxıram. Evlər küləklərin dili ilə haray sala-sala üstümə gəlir.


Arif müəllimlə

Kəndimizin mərkəzində - Qasım kişinin salamat qalmış evinin həyətində yemək yeyəndə itlərin ikisi də yanımıza gəlir. Hikmət səxavətlə itlərin hərəsinə bir bütöv çörək atır. Ağ it cavandır, ordaca yeyir çörəyini. Qara it qeyb olub təzədən geri qayıdır. Quyruğunu bulayıb Hikmətə baxır. Quql müəllim gülümsünür:

“Bicok, çörəyi aparıb gizlədi, indi başqasını istəyir”

“Birini də ver, yazıqdır!” – Arif müəllim Qasım kişinin həyətindəki bulaqda “kola qabı”na doldurduğu sudan bir qurtum alıb deyir. Hikmət növbəti çörəyi qara itə atır.

Hikmət kəndçiləri üçün su doldurur

Son dayanacağımız “Bulağın gözü”dür. 29 il Ağcabədinin nəfəs kəsən düzənlərində yaşayan yaşlı qohumlara su aparacağıq. Dirilər üçün su, ölülər üçün torpaq! Qayıdanda anlayacağıq ki, torpaq təkcə ölülər üçün deyilmiş: ağlaya-ağlaya su içənlərin torpaq yediyini də görəcəyik. Kəndin ziyarətinin ardınca o kəndin adamlarını ziyarət etməklə çevrəmiz qapanacaq. Təəssüf, təbiət və kənd mənzərələrindən fərqli olaraq, insan mənzərələrini çəkməyə ürək eləməyəcəyik. Utanacağıq. Yoxsa, dünyanın ən təsirli filmi alınardı...

Amma hələ ona çox var. Hələ bizi “Bulağın gözü”, Bozlu kəndində iki yağmurlu gecə, bizimlə Ağbulağa gələn Arif müəllimgilin kəndinə səfər və rusların nəzarətində olan Laçın koridoru gözləyir...


Doğma sular

“Bulağın gözü” məni dəhşətə gətirir. Tanıdığım məkandan əsər-əlamət qalmayıb. Ətrafı ağac basıb, şax-şəvəl, daş-qaya bürüyüb, nəmişlik ağappaq daşları qap-qara qaraldıb. Ağ bulaqlar Qara bulaqlara çevrilib. Suyu da bir az azalıb deyəsən.

İlk dəfə ağaca nifrət edirəm!

Kənddən çıxana yaxın bir də ayılırıq ki, heç birimiz foto çəkdirməmişik. Başımız yalnız kəndi onun həsrətini çəkənlərə qovuşdurmaq üçün telefonun yaddaşına köçürməyə qarışıb. Babamgilin həyətinə keçib şəkil çəkdiririk. Şəkillərə baxanda əynimə məcburən geyinməli olduğum hərbi formadan utanıram. Özümü hazıra nazir kimi hiss edirəm və şəhidlərin ruhundan üzr istəyirəm.


Ağbulaq şəlaləsi

Kənddən gün batana yaxın ayrılırıq. Ağbulağı bir bahar qürubuna tapşırıb çıxırıq. Kənddə bir ağ, bir qara it qalır. İçimdə onlara həsəd aparıram. Hikmət də həsəd qarışıq həsrətlə kəndə tamaşa edir. Bəlkə elə buna görə - araya çökən nisgili azaltmaq üçün Arif Gürşadoğlu ilə zarafatlaşır:

- Müəllim, bizim kənddə ağladın heç?

Arif müəllim sualı başa düşmür və çaşqınlıqla əmioğluya baxıb “yox” deyir. Əmioğlunun cavabı hamımızı güldürür:

- Eybi yox, mən də sizin kənddə ağlamayacam!

Oxşar xəbərlər

Xəbər lenti

"Qapalı olan həyatımın qapılarını indi açıram..." - Fəxrəddin Manafovla yubiley müsahibəsi
21:00 02 Avqust 2021
Milli Qəhrəman haqqında sənədli film çəkilib
18:50 02 Avqust 2021
Hafiz Təmirovun yeni kitabı çıxıb
18:08 02 Avqust 2021
Prodüserlər Gildiyasına sədr seçildi
17:20 02 Avqust 2021
Maestro Niyazinin xatirəsi yad olunub
16:55 02 Avqust 2021
Qazi-şair gündəliklərini məktəblilərlə birlikdə yazacaq – Yeni layihə
16:00 02 Avqust 2021
Lalə Azərtaşın telefon zəngi və yarımçıq səmimiyyəti
15:04 02 Avqust 2021
Təsadüfən dirijor oldu, kasıblıqdan vərəmə tutuldu, xanımını oğulluğu boğaraq öldürdü – Niyazidən 10 inanılmaz fakt
15:01 02 Avqust 2021
Kino cameəmizin 2 avqust yanlışı: Elit sənət illüziyası
14:16 02 Avqust 2021
Azərbaycanlı şair vəfat etdi
13:35 02 Avqust 2021
Kino xadimləri təltif edildi - Siyahı
12:58 02 Avqust 2021
İttifaqın katibi: “Ən böyük təhlükə “feyk” Azərbaycan kinosudur” – Müsahibə
12:30 02 Avqust 2021
Amaliya Pənahovanın barelyefinin açılışı olub - Fotolar
12:01 02 Avqust 2021
Kamal Abdullanın yeni romanı çap olunub
11:33 02 Avqust 2021
Kinostudiyanın direktoru: “Müjdə çox yaxındadır” – Müsahibə
10:51 02 Avqust 2021
Mərmi düşməyən pir, şükür edən icra başçısı - Tap Qaraqoyunluda söz bayramı - Fotolar
10:30 02 Avqust 2021
Bu gün Milli Kino Günü qeyd olunacaq
09:56 02 Avqust 2021
Rüstəm Behrudi: “Xalq şairi adını versələr, qəbul eləmərəm” – Müsahibə
09:00 02 Avqust 2021
Səhnəmizin gerçək primadonnası: Amma danışmasın!
13:12 01 Avqust 2021
Rüstəm Behrudi intihar edən qardaşı oğluna şeir ithaf etdi
11:30 01 Avqust 2021