"Şair ağacın altında durub..." - İmtahan mərkəzinə bizdən sual

"Şair ağacın altında durub..." - İmtahan mərkəzinə bizdən sual
4 mart 2021
# 10:49

Son magistratura imtahanının sualları Azərbaycanda qəbul imtahanları və ümumilikdə təhsil problemlərini bir daha qabartdı.

Bir daha aydın oldu ki, bizdə imtahanlar tələbələrin qəbulu yox, kəsilməyi üçün hazırlanır. Ali məktəbə qəbul imtahanları zamanı sualların tərtibatında məqsəd tələbəni çətinə salmaqdır, daha doğrusu çıxmaza salmaq. Belə təəssürat yaranır ki, beş-on başının tükü yetərincə seyrəlmiş kişi oturub tələbələri dolanmaq üçün tələ qurur, sonra da işi cəncələ düşən gənclərə baxır, onları göstərib şaqqanaq çəkib gülür.

Təhsil sistemi inkişaf etmiş əksər ölkələrdə qəbul imtahanları, ümumiyyətlə yox səviyyəsindədir. Onlar düşünür ki, hər tələbənin ali məktəbə qəbul olunmaq haqqı var, odur ki, tələbəni çətinə salmadan ali təhsil ocağına cəlb edir, onu yetişdirməyə çalışır. Tələbənin əsas gücü artıq orda oxuya bilib bilməməyəcəyi ilə ölçülür. Bizdə isə əsası universitetə girincədir, qəbul olandan sonra itin hoqqasını versən də, sənə kəlmə deyən olmayacaq. Bizim universitet köhnə xətt marşrutları kimidir, çətini özünü qapıdan içəri salana qədərdir, sonra kiminsə boynuna minmək hesabına da olsa, mənzil başına çatacaqsan.

Gündəmdən istifadə edib yaralı yerimizə bir daha toxunaq; sözügedən imtahanlarda suallar elə müstəvidə tərtib olunur ki, həmin plastdakı akademik bilgiyə tələbənin bir ömür ehtiyacı olmur. İkincisi, həmin tip sualların cavabını bilən gəncin artıq təhsil ocağına nə ehtiyacı var? Tax başına kvadrat məzun papağını, gedib dərsini desin.

Əslində bu tip suallar elə ali təhsil ocaqlarımızın növbəti mərhələdə tələbənin taleyi ilə necə oynayacağının qaranquşudur. Çünki bu sualları tərtib edənlər də yaxşı bilir ki, ali təhsil ocaqları tələbələrə praktik nəsə öyrədə bilmir, ona görə də hirsini nəzəriyyədən çıxır. Tələbədən bəri başdan universitetdə öyrədiləcək hər şeyi soruşur: bilirsə gəlsin, bilmirsə, burda onsuz da nəsə öyrənən deyil. Vaxtında gedib özü öyrənsin.

Sonda həmin sualı tərtib edənlərə və ümumilikdə Azərbaycan təhsilinin məsuliyyətini daşıyan qurumlara bir sual:

Son illər qurumaqda olan qocaman çinar yayın ortasında olan-qalan yarpaqlarını da tökdü. Yerdə xeyli sayda sarı və yaşıl yarpaqlar var idi. Bir bomj gəlib yaşıl-sarı demədən xeyli yarpağın üstünü islatdı. Sonra bir inək islanmış yarpaqların 3/1 i qədər kənardan yaşıl yarpaq yedi. Ardınca quruyan ağacın altından keçən bir şair bu mənzərəyə dözməyib durdu, təəssüflə ayağını yerə döydü. Bu zaman ümumi yarpaqların 10-da 2-si şairin ayaqları altında əzilib torpağa qarışdı. Şair siqaret yandırıb gözlərini ərşə zillədi.
Sual: Azərbaycan təhsili nə vaxt düzələcək?

# 2477 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #