writer1

Ayxan Ayvaz

Məqalə sayı

540
clock17:21 calendar-gray 22 Fevral 2021 view-gray2723 dəfə oxunub
view-gray2723 dəfə oxunub

Diqqət fahişələri

Attention whore – Bu termini yəqin ki, eşitmisiniz. Eşitməyənlər üçün deyək: hərfi tərcümədə “diqqət fahişəliyi” kimi çıxır, psixoloji vəziyyətin populyar, çox yayılmış adıdır. Ruslar bu sözü belə ifadə edir: “вниманьетутка”. Türkiyədə isə buna “ilgi manyaklığı” deyilir.

Özünü necə, hansı yolla olur-olsun, istəklə, zorla diqqət mərkəzində görmək istəyən şəxslər bu “xəstəliyə” yoluxanlardır. Onlar ya öz istedadları ilə, ya bədənlərini nümayiş etdirməklə, yaxud da diqqət çəkəcək hər nə varsa, onu göstərməyə və ətrafındakılara, başqalarına, hətta dünyaya “məni izləyin” mesajını verməyə çalışırlar. Sanki hər “diqqət fahişəsi” qışqıra-qışqıra deyir:

“Mənim qeydimə qalın! Mənə baxın! Ancaq mənə!”

Onlar üçün təhqir olunmağın, alçalmağın, şəxsiyyət və ləyaqətinin ayaqlar altına alınıb tapdalanmasının heç bir fərqi yoxdur, hər cür söyüşə, linçə məruz qalacaq, təhqir edilib-alçaldılacaq bütün cəsarətli fikirləri səsləndirməyə qadirdilər.

Psixologiyada bu “Şəxsiyyəti vurğulamaq” (Histeroid, Aksentuasiya) adlanır, həddindən artıq eqosentrizm, diqqət arzusu, tanınma, hörmət, heyranlıq, sürpriz kimi elementlər bu tiplər üçün ən vacib, mühüm elementlərdir. Demək olar ki, sənətlə məşğul olan bütün insanlarda həmin sindromun izləri var. Onlar diqqət çəkməyəcəklərindən, tanına bilməyəcəklərindən çox qorxurlar, təriflənməkdən uzaq olduqlarını anladıqlarında depressiyaya düşür, yaxınlaşan əzablı tənhalığın hənirini duyanda hürkürlər. Bu cür tiplər ailədə daim bütə çevrilməyə, əl üstündə tutulmağa öyrəşir, ərköyün böyüyür, hətta ondan başqa bir uşağın – qardaş, yaxud bacının dünyaya gəlməsi onlar üçün əzablı bir doğuşa bənzəyir.

Əsl faciə elə bundan sonra başlayır: diqqətin başqa uşağa yönəlməsi, ona yeni, daha təravətli sevgi bəxş edilməsi, köhnənin və heç kimə lazım olmayan sevginin yerini alan təptəzə, əldəyilməmiş möhtəşəmlik bu tiplər üçün ağır bir travma səbəbidir. Çox vaxt bu qısqanclığın sonu əməlli-başlı faciə ilə bitir, onlar təzə dünyaya gələn uşağı gözdən salmaq üçün hər cür fürsəti əldən vermirlər və onu yox etmək üçün planlar qururlar. Yaxşı olardı ki, bu cür uşaqları olan ailələr yeni uşaq dünyaya gətirmək fikrinə düşəndə mütləq onların da nə düşündüklərini soruşsunlar. Bəlkə onların fikrinin önəmi həmin tiplər üçün sakitləşdirici məlhəm rolunu oynaya bilər.

Psixoloq Vüsalə Əmiraslanova deyir ki, uşaqlıqdan yaranmış bəzi travmalar var, gələcək həyatımıza təsir edir:

“Başqaları tərəfindən sevilmək, qəbul olunmaq... Ümumiyyətlə, sevgi təlabatı deyilən təlabat növü var. 5 növ təlabatımızın içində ən vacib, mühim tələbat sevgi və aid olmaq tələbatıdır. Sevilən şəxs diqqət mərkəzində olduğunu düşünür və bundan rahatlıq tapır. Uşaq vaxtı atalarından lazımi sevgi təlabatı ala bilməyən xanımlar böyüyəndən sonra oğlanların sevgisinə möhtac qalırlar. O oğlanlarda özlərini tapmağa çalışırlar. Bu hal oğlanlarda da baş verir: anaları tərəfindən sevilməyəndə başqa qadınlarda bunu axtarırlar”.

Bu psixoloji sindromun daşıyıcısı olanlar heç vaxt başqalarının diqqət çəkməsini istəmir və onları özünə düşmən hesab edir. Əslində bu tiplər çox təhlükəli olurlar: öz səmimiyyətləri ilə səni özünə çəkir, daim bunu nümayişkaranə bir şəkildə göstərir və sənin onu sevməyini tələb edir. Hətta bu nümayiş xəstəliyi onda o dərəcədə güclüdür ki, səndə əks reaksiya görsə, o zaman şantaja da əl ata bilər. Onlar nədənsə təsirlənib başqalarına ilham verə bilər, hətta cəsarətlərini ortaya qoyub kimlərəsə kömək də etməyə başlayarlar. Lakin nümayiş dəlisi olan bu tiplərin ən böyük problemi tez-tələsik öz maraqlarını itirmələri, gözlənilməz çətinliklər qarşısında duruş gətirə bilməmələridir. Buna görə dostlarına və eləcə də ideyalarına, uğrunda savaşdığı şeylərə çox asanlıqla xəyanət edə, onlardan üz çevirə bilərlər. Özlərini lider kimi görən bu tiplər getdikcə onlara qarşı olan marağın sönməsini müşahidə edib coşqun istəklərindən vaz keçə, arzularının reallaşa bilməməsindən qorxuya düşüb geri çəkilməyə başlayarlar.

Psixoloq Vüsalə Əmiraslonava qeyd edir ki, ətrafımızda bu cür insanlarla rastlaşmışıq:

“Məclislərdə həmişə özündən danışır, deyir “bunu mən etmişəm”, “bu mənim düşüncəm idi”, “bunu mən bilirdim”, “mənim hər şeydən xəbərim var” və s. Bu, təbii ki, ciddi bir problemdir və psixikaya təsir edir. Onlar dost çevrələrində də tək özlərini düşünürlər. Qarşı tərəfdən istifadə etmək üçün onu dinləyirlər”.

İstənilən vəziyyətdə nümayiş dəlisi olan bu tiplər özlərinə qarşı diqqət toplamağı, nə olur-olsun ətrafına kütlə yığmağı düşünürlər. Onlar buna görə öz reputasiyasını, ailəsini, dostlarını, ümumiyyətlə, hər şeyi qurban verməyə hazırdırlar. Təki məşhurluqlarında qalsınlar, bu yolda zəfər çalsınlar. Bu tiplər tək qalmağı, tənhalığı sevmir, onlar həmişə çoxluğun içində seçilməyi, lider olmağı əsas götürür.

Bu tiplərin daha ağır bir versiyası da var: nümayiş psixopatları. Onları qısaca belə şərh edə bilərik: mümkün qədər əhəmiyyətli görünmək arzusu, şəxsiyyətinə müsbət diqqət cəlb etmək üçün patoloji bir istək.

Hər şeyin ən üstünə çıxmaq, hər kəsdən ən öndə olmaq onlar üçün ən vacib elementdir. Total diqqət cəlb etmək adına onlar hətta özlərindən də çıxa, başqa kimsəni tanımaya bilər. Bu cür ağır vəziyyətə düşən məşhur aktyorlar da var. Psixoloq V.Əmiraslonova deyir ki, bəzi məşhurlar diqqəti öz üzərinə çəkmək üçün bir çox yola əl atırlar: “Ya gülüşü, ya özünü aparmaq tərzi ilə, ya çəkdiyi kliplərin fərqliliyi ilə. Tutaq ki, Ledi Qaqanın kliplərində hansı fərqliliklərin olduğunu hamımız görmüşük. Bu cür hallar çox olanda vəziyyət qəlizləşir, şəxsiyyət pozuntusuna gətirib çıxara bilir”.

Bu “xəstəlikdən” əziyyət çəkənlərin əldə etdikləri, qazandıqları, bir sözlə, nailiyyətləri səthi və bəsitdir. Onlar minimumu edərək, bundan maksimum dərəcədə faydalanmağa çalışırlar. Sağlamlıqları ilə bağlı da tez-tez spekulyasiya etməyi sevirlər.

Göstəriş dəlisidirlər, kənara, ətrafa öz üstünlüklərinin, istedadlarının çox güclü olduğunu göstərərlər, əslində isə o bacarıqları nazik ip kimi tez qırılandır. Maraq daiərləri çox balacadır. Savadları, intellektləri o qədər dərin olmasa da, onu tez-tez göstərməyi, başqalarını bu intellektlə tələyə salmağı yaxşı bacararlar.

Bu tiplər yaltaqlığa meyllidirlər, insanları, ətrafını aldatmaq üçün onlara yaltaqlanmağın ən rahat üsul olduğunu zənn edirlər. Təxribat xarakterli aksiyalara qoşulmağı, tez-tez işdə, evdə, küçədə və ümumiyyətlə, hər yerdə “tamaşa” qurmağı sevər, daim öz istedadını təsdiq etmək üçün dəridən-qabıqdan çıxarlar. Bütün bunları etmək üçün özünə bab adamları ətrafına yığır, daha çox xoşu gəldiyi, asan aldada biləcəyi insanlardan kütlə yaratmağı mühüm hesab edir.

Diqqəti özünə cəlb etmək istəyi ilə yanaşı, onların xarakterik bir xüsusiyyəti dəf etmək qabiliyyəti də budur: özü üçün lazım olan vaxt istəmədiyi hadisələr haqqında travmatik məlumatları yaddaşından kənarlaşdırmaq bacarığı çox yüksəkdir. Məsələn, bu tipdən olanlar nəsə bir pis iş tutanda, tutaq ki, cinayət işlədəndə, özünü elə aparır, guya bu cinayətdən xəbəri yoxdur. Hətta başqa elədiyi yanlışları da sənə elə sırıyır ki, onun günahsız olduğuna inanırsan.

Fəaliyyətlərində, işində həmişə intuisiyaya söykənən bu tiplər məhz buna görə tez-tez pis vəziyyətə düşürlər. Psixopatın ən mühüm taktikası və strategiyası öz şəxsi keyfiyyətinə arxalanmasıdır. Həmişə özünü dürüst, doğrunu deyən kimi göstərib qarşısını aldadır və onun diqqətini cəlb etməyi bacarır. Üstəlik bu bacarığının üzərinə obrazlı danışığı, cəlbediciliyi də əlavə etsək, o zaman qarşıdakını ələ keçirmək elə də çətin baha-başa gəlmir. Başqaları haqda danışmağa ərinərlər, danışanda da elə ifadələr, elə məcazlardan istifadə edərlər ki, nə dediyini anlamağa çətinlik çəkərsiniz. Düzü, onun bu münasibətinə qiymət verə bilməzsiniz: yaxşı, yaxud pis deməz, sözü döndərə-döndərə danışar, əsl fikrini heç vaxt bildirməz. Nə danışsa, nə desə də, sizi dinlətməyi bacarar. Onun bu cür hipnoz qabiliyyəti də var. Hər şeyə tez alışır, bütün situasiyalarda özünü aparmağı, istənilən rola girib, onu “Oskar”lıq oynamağı əla bilir.

Onlar diqqət çəkməyin başqa bir üsulunu da sınaqdan çıxarırlar: intihar anonsu vermək. Arada-sırada intihar edəcəyini deyir, buna inanmadığında sənə vida məktubu yazır, hansısa demədiyi sirrini dilə gətirir, intiharının inandırıcı olması üçün bütün səylərini səfərbər eləyir.

Fiziki görünüşləri onlar üçün xüsusi yer tutur, daim bu mövzuda narahatdılar, həmişə beyinlərində onu çözməyə çalışırlar. Yaxşı söz eşitmək, bədəni haqda müsbət rəy almaq istəyirlər. Tənqidə, irada dözümləri yoxdur, bunu eşidəndə həssaslaşır, kədərlənirlər. Məhz bu həssaslıqları onları başqalarının təsiri altına düşməyə səsləyir.

Şok effekti yaradan paltarlar geyinmək, çox diqqət çəkən imicə bürünmək, adamı dəliyə döndərən hərəkətlər etmək, öz yerini şirin salmaq, işdən, elədiklərindən tez-tez sıxılmaq, başladığı işləri yarımçıq qoymaq, tez qərar verib yanılmaq, düşüncəsiz hərəkətlə özünü çıxılmaza itələmək, münasibətlərdə saxtalığa yol vermək - bu kimi xüsusiyyətlər sizdə də varsa, deməli onlardan birisiniz.

Bu “xəstəliyə” düçar olmuş adamlar olduqca həssas və duyğusal olur, tez-tez isterikaya qapılırlar. Başqalarının diqqətini özünə çəkdikləri vaxt isə bir o qədər sevimli, deyib-gülən, maraqlı olurlar. Hansısa bir məclisdə özlərinə qarşı diqqətin olmadığını hiss edən kimi bunun əksi baş verir: kədərlə, soyuq baxışlarla bir yerdə oturub sakitcə durarlar. Məclisdəkilər onun bu halını görüb istər-istəməz “Sənə nə oldu?” deməyə başlayar və bilmədən “xəstə”nin tələsinə düşərlər. Əslində bu tiplərin kədərli olmaqlarının səbəbi çox sadədir: başqaları onu görsün, dərdinə yansın və bu cür suallar verib maraqlansın. “Xəstə”nin planı baş tutduqda, bütün məclis əhli hamılıqla onunla maraqlandıqda, çiçəyi çırtlayır, sevincdən gülüşü ağzına qədər yayılır. Belə zamanlarda onda bir xüsusiyyəti də kəşf etmiş olacaqsınız: bu tiplər lider olduqları vaxt insan münasibətlərində çox bacarıqlı olurlar, hamıyla dost kimi davranmaq peşəsi onların fitrətində var.

Əsasən, bu “xəstəlik” yeniyetməlik çağlarında ortaya çıxır və daha çox qadınlara xasdır. Özündə daim diqqət görmək istəyən gənc xanım dediyi hər sözün təsdiqini gözləyir, hamının onun sözlərinə inanmağını tələb edir. Əks təqdirdə küsür, inciyir, isterikaya qapılır, ağlayır, qışqırır... Və bütün bunları da diqqət çəkmək niyyəti ilə etdiyinin fərqindədir.

Fikirləri, eləcə də hisləri tez-tez dəyişir: dəqiqəbədəqiqə, saniyəbəsaniyə. Hətta o dərəcədə ki, siz onun bu tez-tez duyğu dəyişməsinə anlam verə bilmir, çaş-baş qalır, özünüzdən soruşursunuz:

“Buna noldu?

Niyə bayaq dediyi ilə indi dediyi üst-üstə düşmür?”

Sizi təbrik edə bilərik, artıq həmin adamın tələsinə düşmüsünüz və istər-istəməz onunla maraqlanmağa başlamısınız. Əslində onun istədiyi də məhz budur: sizi həyatınızdan qoparıb öz həyatına qonaq eləmək. Qonaq da yox, daimi sakini eləmək. Çünki onlara görə başqalarının həyatı yoxdur, yalnız öz həyatı var. Başlarına gələn hər cür adi, sıradan hadisəni də şişirdə-şişirdə danışmağı sevər, bunu o qədər əhəmiyyətli bir olay kimi təqdim edər ki, sizin özünüz də nəql olunan əhvalatın təsirinə düşərsiniz. Əslində hamının başına gələ biləcək hadisələrdən olan bu hadisələr onlar üçün qurbanını ələ keçirmək üçün hazır plandır. O, bu plan işə keçməyəndə əlavə vasitələrə də əl atır: yaşadığı hər hansı hadisənin şiddətini göstərmək üçün özünü meymunluğa vurur, diqqətçəkici hərəkətlər edir, qışqır-bağır salır, xülasə, elə bir vəziyyət yaradır ki, onun nə qədər dəhşətli bir şey yaşadığına inanasınız. Buna görə də hər başına gələni böyütməyi, dramatikləşdirməyi özünə borc bilər.

Təzəcə tanış olduğu insanlarla (buna qurbanlar da deyə bilərik) çox tez səmimi olur, onu ilk görüşdəcə qucaqlayır, öpür, şəfqət, qayğı göstərir, hətta bu yetməyəndə ailə sirlərini belə onunla bölüşməyə başlayır. Siz də istər-istəməz onun qayğıkeşliyinə tabe olur və səmiyyətinə qarşılıq verirsiniz. Ondan sonra hər şey birtərəfli davam edir: o danışır, siz dinləyirsiniz, o dərdlərini deyir, siz susursunuz. Daim o ön planda olur, siz arxa planda. Və beləcə, sizi öz həyatı, dərdləri ilə yükləməyə başlayır.

Sevgi münasibətlərində yaxınlığı sevirlər, sevgilərini olduqca böyüdürlər. Qarşılarına çıxan hər əks cinsin nümayəndəsinə aşiq ola və onunla münasibət qura bilərlər.

Bir çox insana görə, bu tiplərə aid olan qadın “xəstələr” çox cəlbedici, kişi “xəstələr” isə xoşagələn və diqqətçəkici olurlar. Qalanları isə düşünür ki, onlar çox sıxıcıdır və adamı boğaza yığmaqda mahirdirlər. Bu sindromun daşıyıcıları ətraflarına “dostcanlı”, “mərhəmətli”, “hala yanan” kimi xoş xüsusiyyətlər yayırlar. Niyyətləri isə saf deyil, belə görünməkdə məqsəd tərif eşitməkdir. Əslində bu hərəkətlərinin altında yatan çox kədərli bir həqiqət var: diqqətçəkən biri olmadıqlarını bilir, buna görə də özlərini bədbəxt hiss edirlər, düşünürlər ki, xoşbəxt olmaq üçün başqa adamlar onlara vurğun olmalı, onları bəyənməlidirlər. Özlərinin də sevilməyə, diqqət görməyə haqları olduğunu hesab edirlər.

Bu “xəstələr”lə bəzən narsistləri bir müstəviyə gətirir, oxşar olduqlarını deyirlər. Lakin fərq budur: narsistlər, ümumiyyətlə, özündən başqa heç kimi vecinə almır, heç kimin fikrini özləri üçün önəmli hesab etmir, onlar isə əksinə hamının diqqətini çəkməyi hədəfləyirlər. Həmişə kənara, ətrafa “oynadıqlarından”, heç vaxt öz dünyalarına səyahət etmir, uşaq kimi qalmalarının fərqinə varmırlar. Xəstəliyin səbəbi, hardan qaynaqlandığı dəqiq bilinməsə də, ata-ananın uşaqlarına qarşı davranışlarının gələcəkdə bu cür anormallığa gətirib çıxarılacağı söylənilir. Psixoloq Vüsalə Əmiraslanova isə deyir ki, onlar narsist tiplərə bənzəyirlər: “Diqqət istəyi və özündə maraq yaratmaq narsisizmdən qaynaqlanır. Onlar diqqət çəkmək üçün ola bilsin, dərman içsinlər, məktub qoyub yoxa çıxsınlar, yaxud binanın başına çıxıb özünü atmaq istəsin... Bir növ manipulyasiya edirlər ki, bax mən özümə nəsə eləyərəm, sən məni istəməsən bu cür edərəm və s. Sevgi qazanmaq üçün, sevgi təlabatlarını ödəyə bilmədikləri üçün yaxud da daha böyük sevgi əldə etmək üçün bunları edirlər”.

Psixoloq Vüsalə Əmiraslanova daha sonra deyir:

“Mənim bu cür pasiyentlərim də olub. Hətta diqqət çəkmək üçün yoldaşını şantaj edəcəyini deyənlər də olub aralarında. Onlar münasibətlərdə həmişə çox çətinliklər yaşayıblar. Yaxud elə pasiyentlər də olub ki, gəlib yanıma, deyiblər, məndə heç nə yoxdur. Mən nə üçün müalicə almalıyam? Başqası gəlsin, mən yox”.

Ətrafınızda mütləq ki, bu cür “xəstəlikdən” əziyyət çəkənlər var. Ancaq əmin olun: onları sağaltmaq sizlik deyil. Dost kimi o insanı təzədən sağlam həyata qaytarmaq üçün onu psixoloqun yanına aparmağınız ən yaxşı müalicə üsulu olar.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Buker mükafatının uzun siyahısı açıqlanıb
12:29 27 İyul 2021
Anar: “Əkrəm Əylislini qəbul edərəm, ancaq bir şərtlə...” – Müsahibə
12:01 27 İyul 2021
El Romandan hekayə: Pomada dadı
11:30 27 İyul 2021
Yazıçımız beynəlxalq ədəbiyyat müsabiqəsində - İlk dəfə
10:51 27 İyul 2021
Xalq artistinin ölüm xəbəri yayıldı
10:20 27 İyul 2021
Tanınmış yazıçı vəfat etdi
10:06 27 İyul 2021
Əllərində göyüzü – Həmid Piriyevin hekayəsi
09:01 27 İyul 2021
Oğlunun ölümünü ondan 40 gün gizlədilər – Xalq artisti haqqında maraqlı faktlar
21:00 26 İyul 2021
“Oyaq gözəl” onlayn nümayiş ediləcək
19:00 26 İyul 2021
Ayrılıq qıvrılır canımda - Ələddin Əzimlidən şeirlər
18:22 26 İyul 2021
Qaldırdı ürəyim ağ bayrağını – Yeni şeirlər
17:01 26 İyul 2021
Şeirlərimiz ispandilli saytda
16:15 26 İyul 2021
Türkiyədə Nizamiyə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb
15:25 26 İyul 2021
Simran Qədimdən yeni hekayə: Labirint
14:55 26 İyul 2021
Ağrının yaddaş ömrü
14:00 26 İyul 2021
Gənc şair Tərcümə Mərkəzini sərt tənqid etdi: “Bunun bircə adı var...”
13:21 26 İyul 2021
Əkrəm Əylisli: “Anar və Elçinlə birlikdə ona ağlayardım ki...” – Müsahibə
12:57 26 İyul 2021
“Oyaq gözəl” yenidən səhnədə
12:06 26 İyul 2021
Rasim Qaracadan qeyri-adi roman onluğu: Anar, Mirələmov...
11:30 26 İyul 2021
Filmimiz Sarayevo festivalının rəsmi proqramında
10:44 26 İyul 2021