news-inner
clock09:01 calendar-gray 09 Fevral 2021 view-gray931 dəfə oxunub
view-gray931 dəfə oxunub

Hekayə günü: Sol düymə

Kulis.az “Hekayə günü” yazıçı Hədiyyə Şəfaqətin “Sol düymə” hekayəsini təqdim edir.

Göyün üzünü tutmuş buludların boz hənirsizliyində uzaqda sıralanan dağlarla üz-üzə dayanmışdı. Dağ başından üzüaşağı düşüb qıvrıla-qıvrıla zəminin o tərəfdəki yaşımtıl-sarımtıl sinəsinə qarışan ağ cığırı sanki daşlı-çınqıllı ağaclığın arasına rəssam fırçasıyla çəkib kənarlarına da bir tərəfdən dərinlik, bir tərəfdən qayalıq təsiri yaradan zərif kölgə tonları vurmuşdular.

Yuxulu-yuxulu baxır, harda olduğunu qətiyyən başa düşə bilmirdi. Ürəkbulandırıcı qarmaqarışıqlığın içindən ancaq gözünü hardasa yumub burda açdığını çıxara bilirdi. Ondan qabaq nə baş verirdi?

Yadına salmağa çalışdı. Qeyri-ixtiyari gözlərini sıxdı. Sanki hər şey sıxılmış gözlərinin içində, kirpiklərinin o tayında gizlənmişdi, nə qədər bərk yumsa, o qədər tez tapacaqdı.

Tapdı da.

Yenə qapının ağzında səs-küy qalxmışdı. Qonşular dalaşırdılar. Bu dəfə kiminsə paltarı kiminsə eyvanına düşmüşdü. O da götürüb qaytarmaq yerinə həyətə atmışdı. Paltar da bahalı paltarmış, markaymış, qadınlardan biri o birini dilənçi adlandırdı, paxıllıq canını alıbmış...

Gülməyi tutdu. Gözlərini açdı. Dağ da yerindəydi, boz və ağır səmanın altında qəribə ləngərlə, ağır-ağır ləpələnən zəmi də.

Yaxşı, qonşuların davasının onun gəlib bura çıxmasına nə dəxli ola bilərdi?

“Bunların əlindən…”

Camaat dalaşır, sən çöllərə düşürsən, əcəbdir.

Gözlərini yuman kimi qulağı qapının ağzında söhbətə qarışan kişi səsini aldı. Kimsə, özü də bir yox, iki kimsə qadınları evə aparmağa çalışırdı. Arada deyəsən bir-birinə nəsə dedilər, üzrxahlıq etdilər, ya nəsə belə bir şey oldu.

Qadınların işi dünyanı qatmaq olaydı, kişilərin işi onları bir-birindən ayırıb üzrxahlıq etmək...

Aha! Gözlərini açdı, dağ, zəmi; yumdu, qapının ağzında get-gedə səngiyən səslər; yumdu, dağ, zəmi... Deməli belə...

Bir də, bu dəfə nəzarəti əlində saxlamağa cəhd edə-edə o biri tərəfə “keçdi”. Həmişəki yerindəydi. Başını kreslonun arxasına söykəyib üzü pəncərəyə oturmuşdu, əli uzanalı, mausun üstündəydi. Ekrana baxdı. Hansısa şəklin üstündə ilişib qalmışdı. Görünür qonşuların səsinə diqqəti yayınıbmış.

Qapının o üzündə səslər kəsilən kimi evin həmişəki xəfif xışıltısı yerinə qayıtdı. Çaydan qaz sobasının üstündə fısıldayırdı. “Çırt-çırt-çırt-çırt”- Portağaldır, oturub dəhlizdəki kamodun üstündə, qulağını qaşıyır, yenə al-qana qərq edəcək. Nə edir, xeyri yoxdur; dərman tökür, maz vurur, bir az quruyan kimi yenə qaşıyıb yaranı təzələyir.

Oturduğu yerdən uşaqları səslədi. Cavab gəlmədi. Yadına saldı ki, evdə heç kim yoxdur. Neçə gündür gediblər, bircə özü qalıb, bir də bu qulaqlarının dərdinə çarə tapmadıqları qaşqabaqlı, ağlı-narıncılı, tənbəl pişikləri.

Gözünü açdı. O üzdə əlinə heç nə keçməmişdi. Yenə qarşıya baxdı. Birdən canını ağırlıq bürüdü. Bu nə idi? Nə qədər çəkəcəkdi? Gözəl, sakit olduğu qədər də yad yer get-gedə təhlükəli kimsəsizlik hissi verməyə başlamışdı.

Ehtiyatla ətrafa boylandı. Burula-burula zəmini kəsib keçən torpaq yolun ortasındaymış. Nə solunda, nə sağında zəmini ayıran torpaq yoldan başqa heç nə görünmürdü. Yol da hər iki tərəfdən düz üfüqə kimi gedib orda əriyirdi. Arxaya döndü. Zəmi, yenə göz gördükcə üfüqün o üzünə keçdiyi görünən zəmi. Sünbüllərə diqqət kəsildi. Ondan arxada qalanlar arpadır, qarşısında dağa kimi uzananlar buğda.

“Arpa deyəndə çıx, buğda deyəndə çıxma.”

Goplama, öz-özünə fikirləşdi, onu almayla-armudla deyirlər.

Sən uşaq olanda alma-armud deyirdin?

Həqiqətən, nə deyirdilər? Ha qurdaladı, yaddaşında buna aid heç nə tapmadı. Bəlkə o üzdə qalıb? Gözlərini yumdu.

Başını kreslonun arxasına söylədiyi yerdə uşaqlığını yadına saldı. Gizlənqaç oyunu oynamışdımı? O qədər... Qonşu uşaqlar yığışırdılar, səs-küy dünyanı başına götürürdü, köhnə taxta emalı sexinin həyətində oynayırdılar.

Əlini mausun üstündə tərpədib düyməni vurdu. Şəkil yaxınlaşdı. Tufanlı bir gündə çəkilmiş zəmi şəkli... Yaşımtıl-sarı. Göyün üzü qap-qara buludlar... Yadındadır, o gün yağış yağmadı, daha doğrusu, üfüqdə tökdü, qalın boru kimi yerlə göyü birləşdirən leysan isə beş dəqiqədə kəsildi. Son damcılar yerlə-göyün arasındakı son halqalar kimi yerə düşüb yoxa çıxdı. Onda çəkmişdi. Yaxşıca da külək əsirdi. Dayaq da götürməmişdi, külək əllərini itələyib sünbüllərlə eyni tərəfə əyirdi. Elə özü də əllərinin və sünbüllərin gününə düşməmək üçün ayaqlarını bərk-bərk yerə dirəmişdi. “Çık”. Bircə dəfə. Çəkib atmışdı. Hələ indi baxırdı. Fikir verməmişdi, küləkli havalarda dayaqsız çəkilən şəkillər yaxşı çıxmır.

Yaxşıymış. Gör neçə ay keçib. İndi o sünbüllərdən bişən çörəklər də yeyilib qurtarmış olacaq.

Beyninin qaranlıq küncündə hansısa zəmini xəyalında canlandırdı, şəklə bir də baxdı. Bu iki görüntü arasında yenə nəsə vardı. Araya sıxışmış nəsə. Bəlkə, yenə çəkibmiş?

Qovluğu yuxarı-aşağı gəzdi. Yox. Bircə bu şəkil var.

“Arpa deyəndə...”

Hardan baxsa o oyunları oynadıqları yerdən bu şəklin çəkildiyi yeri görə bilməzdi. Amma hardan-hara gəlib dünyanın bu başında çəkmişdi. İndi də həm o oyunların oynandığı taxta sexinin həyətindən, həm şəklini çəkdiyi zəmidən uzaq yerdə, qışın ortasında, isti otağında oturub heç nə fikirləşmək istəmirdi.

Alma-armudmu deyirdilər, yoxsa arpa-buğdamı?

Atasının dizə kimi qarın içiylə gedib qıjı talvarının bir küncündən çıxardıb sarı kapron vedrəyə yığdığı bir üzü al, bir üzü sarı almaları xatırladı. Vedrə dolanda atasının da barmaqları islanır, qızarıb büzüşürdü. Xətlər dərinləşib daha çox üzə çıxırdı. Az qaldı xətləri saya...

Nə fərqi var, başını qovzadı, yəqin, ikisi də tanışdır ki, ağlına gəlir.

Gözünü açdı: zəmi, dağ.

Qəfildən qorxuya düşdü. Bu nə qədər davam edəcəkdi? Nə qədər vaxt gözünü yumub evinə, gözünü açıb bura qayıdacaqdı? Kaş əksinə olaydı. Gözünü yumanda burda olaydı, açanda orda. Yenə, buna dözmək olardı, necə olsa insan açıq gözlərlə gördüyü dünyada yaşayır.

Gözünü yumdu. Amma özünü bu üzdə tutub saxlamağa çalışdı. Alındımı? Nə alındı, nə alınmadı. Alınmaqla - alınmamaq arasında bir şey. Qaranlıq bir boşluq içində qaldı, amma bir an çəkdi.

Yerindən qalxıb mətbəxə getdi. Kofe hazırladı. Bir udum aldı, acılığını yoxladı. Pis deyildi. Acısından olacaq, ən acısından. Kofe də, meyvə də, sevgi də...

Yenə güldü. Bu, o üzlü-bu üzlü, almalı-armudlu, arpalı-buğdalı əhvalatın arasında bircə sevginin yeri əksik qalmışdı.

Gözünü açdı. Bayaqdan bir addım bir yana atmadığını başa düşdü. Ehtiyatla ayaqlarının altına baxdı. Göyərib iki paralel təkər yerini bir-birindən ayıran yaşıl və çiçəkli zolağın içində dayanmışdı. Görünür, çoxdandır buralardan heç kim keçmirdi, yoxsa otlar yatar, çiçəklər bunca boy ata bilməzdi.

Sağamı getsin, solamı? Hələ bir addımını atsın görək, burdan ağac kimi bitməyib? Atdı. Yox, şükür Tanrıya, hələ ağac deyilmiş.

Başını yellədi. Çox ağac olmaq, ağac olmaq deyirdin, nə olub, bəs niyə sevinirsən? Niyə sevinməsin? Yolun ortasında ağac olar? Ağac yolun kənarında bitər. Yox, əzizim, əvvəl ağac bitər, yol dolanıb onun ətrafından, yanından keçər. Birdən dolanmaq istəməsə? Onda ağacları kəsirlər. Canı gizildədi. Nə kəsilmək? Nəylə kəsilmək? Baltayla. Ya elektrik mişarıyla? Bəlkə, elə bir maşına filan qoşub köklü-köməcli çıxaracaqlar? Hə, o baxır hansı dövrdə ağac olmağına.

Görəsən indi burda hansı dövrdür? Hansı ildir, hansı əsrdir?

Sual səssizliyin və yadlığın içində çox lazımsız təsir bağışladı.

İrəli addım atdı. Köklərini tezcənə yerdən qopardıb yolun kənarına çəkilməliydi.

Zəminin içinə daldı. Buğda cərgələri üzü dağa uzanıb gedirdi. Bəlkə ora tərəf yönəlsə, zəmini keçib bir az yuxarı qalxsa nəsə görər?

Göründüyü qədər uzaq deyilmiş. Heç bu qədər yaxın olacağı ağlına gəlməzdi. Kənara çıxıb arxası dağa, üzü zəmiyə dayandı. Yol yoxa çıxdı, daha dünyada ancaq iki şey qalmışdı: dağ və zəmi. Üç şey: bəs özü?

Özü heç əşi, özü gəldi-gedərdir. Bir gözünü yumub açmasa...

Yumdu. Qaranlıq əriyib açılanda mətbəxdə deyildi. Evdə deyildi. Deyəsən, heç yerdə deyildi. Yox, heç yerdəydi. Bunu çox zarafata salardılar: Əyil, heç nəyini götür. İndi buyur, Heç yerini tanı. Ağzına acı tam gəldi. Kofe? Elədir ki var. Dərindən ah çəkdi, tanış dad varsa heç yer mətbəxə uzaq olmamalıydı, deməli, evinin yaxınındaydı.

Gözünü çox yumulu saxlaya bilmirdi. Qayıtdı. Dağın uzaqdan hiss olunan əzəməti itib getmişdi. Dibində arx yerinin izi qalmışdı. Adlayıb keçdi, o üzdəki kolların dibində ötən ildən qalan xəzəl yığını ilişib qalaqlanmışdı. Gözü bənövşə axtardı. Uşaqlıqda olduğu kimi. Dəyirman yamacında kolluqların içində də beləcə bənövşə axtarardılar. Tapanda sevinərdilər, əlləri tikanlarda qançır ola-ola bir-bir dərib dəstələrdilər. Bir az o yanda, sinədə balaca bir tala vardı. Bənövşə nə qədər desən. Amma o, ləzzət eləmirdi, bəhanə edirdilər, deyirdilər, iyi iy deyil. İy ha! İndi üç ildir əli bənövşə əlinə dəyməyib. Nə iyi...

Kolların dibində bənövşə filan yoxdu. İndi bənövşə vaxtıdır? O, həmişə belə olub, hansı fəsil olursa olsun, gözü kol dibində bənövşə - novruzgülü... hə, hə, elədir, bir də yaş torpaqda quru otların arasında quzuqulağı axtarır. Quzuqulağı da ona atasını xatırladırdı. Demişdi, quzuqulağı istəyirəm, atası da yanına salıb dağa aparmışdı. Yazın əvvəliydi, harda yerdən təzə göyərən yaşıllıq görmüşdülərsə, atası qırıb ağzına atmışdı, çeynəyib tüpürmüşdü. “Dadmadığım zəhər qalmadı”, demişdi. Atasının o yaşacan quzuqulağı tanımaması ona çox qəribə görünmüşdü. O da tanımırdı, amma uşaqlardan eşitmişdi, ağzında o vaxtadək bildiyi bütün turşməzə dadlar, quzuqulağı yemək istəyirdi.

Təzə qəbiristanlığa gedib çıxmışdılar. Quzuqulağının ən çox bitdiyi yer də oraymış. Atasının hirsi soyumuşdu, gülmüşdü. Ona kimi qəbiristanlıqdan heç nə götürməzlər deyə bilirdi, atası fikir verməmişdi, hamısı Allah verən yerdə bitir, demişdi. Yemişdilər, yığıb anasına da aparmışdılar. Anası quzuqulağını ovxalayıb duza basmışdı, ağzına qoyub ləzzətlə udmuşdu. Anasının o vaxtacan quzuqulağını tanıdığını biləndə mat qalmışdı. Anası bilir, atası bilmirdi. Bir-birilərinə tanıtmaq da ağıllarına gəlmirmiş.

İndiyə kimi dünyanın harası olursa olsun, qəbiristanlığın yanından keçəndə, ya da kiminsə məzarına baş çəkəndə gözləri qeyri-ixtiyari diqqətdən yayınıb quzuqulağı axtarır.

Kol əlinə batdı, səksənib geri çəkdi. Ufuldayıb gözünü yumdu.

Novruzgülü. Kol novruzgülü. Bir yerdə deyərdilər – bənövşə, quzuqulağı, bir də novruzgülü. Ən çox onun həsrətini çəkir, ən çox onun iyini soraqlayır. Neçə il əvvəl əri dibçəkdə əkib gətirmişdi, iş yerinin pəncərəsinə qoymuşdu. Həmin il iyi olmuşdu, sonrakı il olmadı. Görünür, o da iyini bitdiyi yerdə qoyub gəlibmiş. Heç bilmədi harda qurudu, unutdu.

Birdəncə dağılıb tökülmüş, lələsi köçüb yurdu köçməyə hazırlaşan atelyenin dolabında gizlədilmiş bənövşə dibçəyini yadına saldı. Görəndə qəribə olmuşdu. Onda ayrılmışdılar. Amma baxa-baxa qalmışdı ki, bu nə işdir? Səsini çıxartmamışdı. Bəlkə, onun üçündü, açılmasını gözləyirdi? Bir gün açıq qalan hesabdan mesajları oxumuşdu, gülümsəmişdi. Bənövşələr lələsiz köçün xəlvət yerində uzaq yola çıxmağı. Başqa qadına göndərilməyi gözləyirmiş. Çiyinlərini çəkmişdi, deyəsən, bir-iki kəlmə söz də atmışdı, artıq keçmiş olan əri də, sənin üçündür-filan nəsə demişdi, o da mesajı oxuduğunu gizlətməmişdi. Burda nə var ki, başqa qadınlar da bənövşə ətrini sevə bilərlər, əsas da uzaqda olanları.

İçi gizildədi. Bu üzə qayıtmağa tələsdi.

Kolların arasını axtarmaqdan əl çəkib oturdu. Ayaqlarını qabağa uzadıb əllərinə dayaqlandı. Zəmi, zəmi, zəmi... Qanrılıb dağa boylandı. Dağlıq-filan qalmamışdı. Başının üstündə nə qayalıq bilinir, nə sıldırım. Hər yer ağacdır. Ağaclar dağın düşmənidir. Dağ sevənlərin dərdi. Ağac çöldə-düzdə olar, meşədə olar. Dağ dediyin dağ olacaq - tər-təmiz. Ağaclardan yaxasını qurtarmış, olsa-olsa otlarla, çiçəklərlə örtülmüş, sonra tamam daşlaşan. Yoxsa belə, yarpaqlar da yaşıllığını itirib bozarıb. Bozluğu da dağların bozluğuna çatmaz.

Dağ gözündən düşdü. Aylardır uzaqdan baxa-baxa gedəcəyi vaxtı gözləyir. İndi gəlib dibində oturub. Bu da özünü dikinə qalxan meşə kimi aparır.

“Dərdini adama demə, dağa-daşa de, dağa-daşa de, dağa-daşa de...”

Bu dağa dərd-filan da demək olmaz, gedib hara çatacaq? Ağaclar budaqlarını uzadıb alacaqlar. Udacaqlar, o da süzülüb töküləcək köklərinə. Köklərindən də torpağa. Orda qalacaq. Bir də gördün göyərdi. Göyərən dərd lazımdır sənə?

Yüngül yel gəldi. Zəmi sola əyildi, xışıldadı. İlk dəfəydi qulağı səs alırdı. Xışıltı səsi. Gözlədi. Kəsilmədi - nə yel, nə zəminin sola doğru əyilməsi. Get-gedə də gücləndi. Əməlli-başlı külək gəldi. Ayağa qalxdı, külək saçlarını da boynundan, üzündən üfürüb çəkdi. Saçları da sünbüllər kimi sola əsməyə başladı. Buludlar sıxlaşdı. Yağacaq! - deyə fikrindən keçirdi. Qoxu aldı, tufanqabağı bir-birinə qarışmış xışıltı, külək, torpaq qoxusu. Həyəcanlandı. Ürəyi sürətlə döyünməyə başladı. Tufanı sevirdi, amma bir zəif cəhəti vardı, çöldə olanda ildırımdan qorxurdu. Həm də çox qorxurdu. Göy gurultusu dünyada ən sevdiyi səslərdən biriydi. Gəl ki, bu qorxunun ucbatından onu da ömrü boyu ancaq pəncərə arxasından eşitmişdi.

Qayıtmaq!

Qayıtmaq lazımdır! Burda ildırım olacaqsa mütləq gəlib onu vuracaq. Nə zəmiyə düşəndir, nə dağa. İldırım həmişə nəyi tək görürsə, onun üstünə şığıyır. Bir də ildırımçəkənlər var. Doğrudanmı? Bilmirdi ki. Orda-burda qurdalanıb min cür mənasız şeylə maraqlanınca bunu araşdıraydın.

İlk gurultu gəldi. Qeyri-ixtiyari gözlərini yumdu...

Dəhlizdə, əlində kofe dayanıb bloku dinşədi. Səs-küy tamam yatmışdı. Yuxarıda nəsə tappıldadı. Kimsə ağır-ağır aşağıdan yuxarı qalxdı. Otağın qapısında dayanıb o başdakı pəncərəyə baxdı. “Lap ekrana bənzəyir, kino zalının ekranına”. Necə olub bu oxşarlıq indiyə kimi ağlına gəlməyib? Tək adamlıq kino zalı. Həqiqətən elədir. Əsas da gecələr. Bütün həyat o tayda axıb gedir, bu tayda o oturub. Günün böyük hissəsi gözü monitorda, əli mausda. Bəzən də başını qaldırıb pəncərəyə baxır, onda da bir gözü monitorda, əli mausda.

Neçə aydır, İlahi? Neçə ildir, İlahi? Çox da dərin düşünməyə gərək yoxdur, ilini də, ayını da bilirdi. Hələ desən, hesablayıb həftəsini, gününü, dəqiqəsini, saniyəsini, onda bir saniyəsini də çıxardardı. Lazımdımı?

Kofedən bir udum alıb gözünü açdı. Külək şiddətlənmişdi, adamı aparırdı - sola doğru. İrəliləmək, zəmiyə girmək istədi. Bəlkə belədə ildırım onu çətin tapardı. Bəlkə də adama boy verən sünbüllərin içində çöksə heç tapa da bilməzdi.

Külək onu irəli - sola apardı. İki addım. Küləyin əlində qalan saçlarının bir dəstəsi gözünə çırpıldı. Yanğıdan gözünü yumdu.

Oturmuşdu, başını kreslonun arxasından ayırıb qabağa gəldi. Həmin şəkildir: Göyün üzü bozarıb, sünbüllər hamısı sağa dartınır. Sağa? Bəs sol? “O üz”... - fikrindən keçirdi, “o üzdə eləydi”. Şəklə zilləndi. Tapdı! O, indi orda, bu fotonun o üzündə, ildırımdan qorxa-qorxa tək qalıb.

Əllərini axtardı. Burdadır onlar: soldakı dizinin, sağdakı mausun üstündə.

“Çık” - sağ düyməni basdı, “..silmək”; sol düyməni basdı, cansız, hissiz-hissiyyatsız cihaz belə xəbər alır: “Həqiqətənmi silmək istəyirsən?” Sağ düyməni basdı. Heç nə olmadı. Qarışdırmışdı, barmağını sol düymənin üstünə gətirib bir də basdı. Şəkil yoxa çıxdı. Sol düymə əsasdır, nəyisə silmək istəyirsinizsə sol düymə əsasdır.

Gözünü açdı. Yumdu, bir də açdı. Elə orda, pəncərənin qabağındaydı, gözü ekranda, sağ əli mausun üstündə...

Yanvar 2021

Gallery

news-inner-user

18022 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Yaxşı-yaman İlhamə Quliyeva
15:01 25 Fevral 2021
"Qızıl Qlobus"a korrupsiya ittihamı
14:22 25 Fevral 2021
Sevdiyim qızdan ayrıldığım o qarlı gün...
13:39 25 Fevral 2021
Seymur Baycandan meyxana azarkeşlərinə sərt tənqid: "Bir gün..."
12:33 25 Fevral 2021
Rəsulzadənin doğum tarixini yanlış bilirik: İlginc arxiv materialları - Foto
11:54 25 Fevral 2021
20 yaşlı yazıçı mənzilində ölü tapıldı
11:12 25 Fevral 2021
... olsaydım – Alov İnannadan yeni şeir
10:30 25 Fevral 2021
Azərbaycan kitabları Fransa Milli Kitabxanasında
10:01 25 Fevral 2021
Azad medianın yaratdığı totalitarizm – Aqşin yazır...
09:01 25 Fevral 2021
Varisin romanı Özbəkistanda çap olundu - Foto
08:37 25 Fevral 2021
Musiqili Teatr Xocalı haqqında film çəkdi - Video
18:56 24 Fevral 2021
Onu repressiyadan Mirzə İbrahimov xilas etdi – Abdulla Şaiq haqqında maraqlı faktlar
18:12 24 Fevral 2021
Yeni iddia: Kennedini Xruşşov öldürdüb
17:35 24 Fevral 2021
Qar yağanda ortaya çıxan 10 azərbaycanlı tipi
16:50 24 Fevral 2021
Azərbaycanda yeni teatr yaradıldı
16:02 24 Fevral 2021
Puşkin və 44 günlük Vətən müharibəsi – Cavid yazır...
15:13 24 Fevral 2021
Jerar Depardye təcavüzdə günahlandırıldı
14:22 24 Fevral 2021
101 yaşlı şair vəfat etdi
13:38 24 Fevral 2021
Sonuncu qar - Gənc şairin yeni şeiri
12:51 24 Fevral 2021
Ona Bakının Alen Delonu deyirdilər, son filmini çəkib Azərbaycandan getdi... - “Dədə-Qorqud”un Turalı necə Mark Jozef oldu?
12:10 24 Fevral 2021