news-inner
clock17:14 calendar-gray 08 Fevral 2021 view-gray221 dəfə oxunub
view-gray221 dəfə oxunub

Oğlunun xəyanətinə dözməyib havalanan ata

Kulis.az Həcər Atakişiyevanın S.S.Axundovun “Laçın yuvası” pyesinin mövzusu və ideya məzmunu haqqında yazısını təqdim edir.


Süleyman Sani Rzaqulu bəy oğlu Axundov 21 oktyabr 1875-ci ildə Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Süleyman Sani Axundov psixoloji, pedaqoji biliyə malik olan bir müəllim idi. O, maarif işini Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasına sərf etmişdir və Azərbaycanda mədəni maarif işlərinin möhkəmlənməsinə xidmət edirdi. Süleyman Sani Axundov martın ayının 29-da 1939-cu ildə Bakıda vəfat edib. Onun məzarı Bakıdakı Fəxri xiyabandadır. S. S. Axundovun “Tamahkar”, “Dibdat bəy”, “Türk birliyi”, “Molla Nəsrəddin Bakıda”, “Çərxi-fələk”, “Qaranlıqdan işığa”, “Şahsənəm və Gülpəri”, “Bir eşqin nəticəsi”, “Səadət zəhmətdədir”, “Eşq və intiqam” kimi pyesləri var. Süleyman Sani Axundovun yaradıcılığında ideya məzmununa görə seçilən əsərlərindən biri də 1921-ci ildə yazdığı “Laçın yuvası” pyesidir.

Yazıçı əsərdə hadisələri təzadla başlayır. Fəsil olaraq, ilk bahar təsvir olunur. Mülkədar Əmiraslan ağanın dağ qoynundakı kəndində yerləşən evində otağın divarları Firdovsinin “Şahnamə” əsərinin qəhrəmanlarının rəsmləri ilə bəzədilib və rəngbərəng pəncərə şüşələri də göz oxşayır. Evin pəncərələrindən dağlara, çaya gözəl mənzərə açılır. Bu rəngbərəngliyin fonunda yazıçı Gövhər xanımın tək oturub, oğlu Cahangirin xiffətini çəkməsinin təsvirini verir. Gövhər xanım oğlu Cahangirin Rusiyada qalmasından, yolların hər tərəfdən bağlanmasından, gediş-gəlişin kəsilməsindən narahat olub, ağlayır. Gövhər xanım cavan oğlunun qürbət ölkədə qalmasına dözə bilmirdi. Gövhər xanımı qorxudan Rusiyaya yolların bağlanması, Rusiyada və Qafqazda baş verən inqilablar idi. Eyni zamanda Rusiyaya poçt, teleqrafda işləmirdi. Cahangir ağaya görə narahat olanlardan biri də onun təlim və tərbiyəsi məşğul olan Hadi lələ idi. O, Gövhər xanımdan icazə alıb, Cahangir ağanın arxasınca Rusiyaya gedir. Mülkədar Əmiraslan ağa ilə oğlu Cahangirin arasında çox böyük uçurumlar var. Arvadı Gövhər xanım da Əmiraslan ağa ilə əsər boyunca barışmaz mövqedə dayanır. Mülkədar Əmiraslan ağa ilə oğlu Cahangir arasında həm də atalar və oğullar problemi var. S.S.Axundovun “Laçın yuvası” dramında köhnəliklə yenilik qarşılaşdırılır. Əsərdə köhnəliyi Əmiraslan ağa və onun qardaşı qızı Pəricahan təmsil edir. Onlara qarşı yenilikçi mövqeyi isə Cahangir və Hadi lələ tutur. Əmiraslan ağa oğlu Cahangirdən həmişə şikayətli idi. Əmiraslan ağa onu uşaqlıqdan sevməzdi. O, hökmdar bir nəslə sahib olması ilə fəxr edirdi. Cahangiri isə özünə oxşamadığına görə sevmirdi. Mənim nəslimə layiq mərhum qardaşımın qızı Pəricahandır deyirdi: at minməkdə, tüfəng atmaqda hamını heyrətə gətirir. Əmiraslan ağa Pəricahan xanımı kəndlilərlə, nökərlərlə özü kimi davrandığına görə çox istəyirdi. Eyni zamanda Pəricahan xanım Əmiraslan ağanın oğlunun nişanlısı idi. Əmiraslan ağanın qara günləri Mehrəli bəyin, Səlim bəyin, Heydər bəyin, Muxtar bəyin onun evinə gəlib, müsavat hökuməti bolşeviklərə təslim olub, Bakıda Şura hökuməti qurulub, xəbərini verməsi ilə başlayır. Əmiraslan ağa bu bəd xəbərin gerçəkliyini anlayandan sonra “Biqeyrətlər! Binamuslar, vətəni satanlar! Görəsən hərəsi nə qədər rüşvət almış. Bəs batmış müsavat əsgərləri harada qalmışlar?” deyə bilir. Sualının cavabında da öyrənir ki, əsgərlər olan, xan, bəy, tacir övladları İrana, Turana qaçıblar. Bu məsələdə Əmiraslan ağanın fikri bu olur ki, mən dinsizlərə təslim olmaram. O deyir ki, kim istəyirsə, başına papaq əvəzinə arvad yaylığı örtüb, bolşeviklərə qul olsun. Mən son nəfəsimə kimi “Laçın yuvası” qalasında düşmənə müqavimət göstərəcəm, son nəfəsimə qədər təslim olmayacam. Əmiraslan ağa onun qapısının nökərləri olan Həsənquluların, Cənnətəlilərin, Fatmanisələrin ona tay olmaları ilə heç cür barışa bilmirdi. Əmiraslan ağa özü də yaxşı bilirdi ki, nökərləri onu Şura hökumətinə qarşı müdafiə etməyəcəklər. O anlayırdı ki, Şura hökumətinin qanununa görə torpaq kəndlinindir və bunu eşidən kəndli Şura hökumətinə güllə atmayacaq. S. S. Axundov “Laçın yuvası” dramında Hacı İmamqulu və Molla Sadıq adlı obrazları səbəbsiz yaratmır, onların simasında bolşeviklərin bir düşməni də mollalar idi. Onlar da özlərinə çıxış yolu İrana qaçmağı görürdülər. Pəricahan xanım Qırmızı Ordu tərəfindən kəndlərin tutulduğunu, kəndlilərin də bolşeviklərə qoşulub bəylərə qarşı üsyan etdiyini eşidib, qəm dəryasına batıb, son ümid kimi Cahangir ağadan xəbər gözləyirdi. Pəricahan xanıma Cahangirin bolşeviklərin tərəfinə keçməsi xəbərini Hadi lələ gətirir. Hadi lələ özünün də bolşeviklərin tərəfinə keçməsi xəbərini verir. Pəricahan xanım bu xəyanəti Cahangirə bağışlamır, boynundakı qızıl medalyonu, içindəki Cahangirin rəsmi ilə bərabər çıxarıb, Hadi lələnin üstünə atır. Pəricahan xanım Cahangir ağanı və Hadi lələni bu xəyanətə görə heç vaxt bağışlamayacağını bildirir. Cahangir Pəricahan xanımı və atası Əmiraslan ağanı başqalarının zəhməti ilə yaşamaqda, zalım olmaqda günahlandırır. O, Pəricahan xanıma deyir ki, atam Əmiraslan ağanı qoruyan milyonlarla kəndli, işçi, yoxsul idi. İndi onlarda bizim tərəfə keçiblər. Cahangir ağa Pəricahan xanımla mübahisə edərək bildirir ki, “Torpaq, onu becərib zəhmətini çəkənlərindir”. S. S. Axundovun “Laçın yuvası” dramında köhnəliklə yeniliyin qarşılaşdırılması Cahangir ağa Pəricahan xanımın mübahisəsində açıq bir şəkildə görünür. Cahangir ağa Pəricahan xanıma müraciətlə- bax gör, bizmi cəlladıq, yoxsa siz ağalar? Milyonlarla işçi-kəndlilər, əsrlərcə sitəmkarlar əlində didilir, çeynənir, ayaqlar altında tapdalanıb əzilir. Hamısı ac, çılpaq zillətdə, əziyyətdə, fəryadları əflaka çıxmış. Əsarət zənciri altında bədənləri incəlib üzülür. Bax bu biçarələr indi bizdən nicat gözləyirlər. Pəricahan, gedək, onların fəryadına çataq. Əsarət zəncirlərini kəsib xilas edək. Pəricahan, bu şərəfi başqasının öhdəsinə atma. Şərq aləminin pərisi ol ki, əsrlərcə adın dünyada baqi qalsın. Qırmızı Ordu içində nə qədər nəcib qəhrəman qadınlar var. Sən də Şərq məzlumlarının qəhrəmanı ol. Pəricahan xanım isə Cahangir ağa ilə razılaşmayıb, cavabında ona bildirir ki, “Laçın yuvası”na sığınıb, onu son nəfəsinə kimi müdafiə edəcək. Əmiraslan ağa bolşeviklərin kəndləri tutduğunu görüb, əmr verir ki, bütün arvad-uşaqları “Laçın yuvası”na toplasınlar. Artıq gec idi, kəndlilər çoxdan bolşeviklərin dəstəsinə keçmişdilər. Kəndlərin bolşeviklər tərəfindən asanlıqla tutulmasının bir səbəbi də ağaların və bəylərin rus təhsilli oğulları idilər. Onlar bolşeviklərə yol göstərirdilər. S. S. Axundov “Laçın yuvası” dramında bu nüansı çox gözəl vurğulaya bilir. Sapı özümüzdən olan baltalar. Əmiraslan ağa qırmızıların başında duran şəxsin oğlu Cahangir ağa olduğunu eşidəndə mənəvi sarsıntı keçirir. O, üzünü Ağalara tutub, bu divarda çəkilmiş rəsmləri göstərərək, deyir ki, “Bu, Rüstəm zalın, o da oğlu Söhrabın rəsmidir. Rüstəm müharibədə övladını tanımamış, onun sinəsini paralamışdır. Mən isə bu gün mənə xain olmuş ciyərparəmi bu xəncər ilə qətl edəcəyəm”. Qırmızı Orduya qarşı son dəfə Əmiraslan ağa, Mehrəli bəy, Səlim bəy, Muxtar bəy, Heydərbəy, Cəfərqulu, Pəricahan, Molla Sadıq, Hacı İmamqulu birləşib, hücuma keçirlər. Bolşevik Cahangir ilə Əmiraslan ağa düşmən kimi bir-birinə qarşı hücuma keçirlər. Döyüş zamanı Hacı İmamqulu və Molla Sadıq bolşeviklərin tərəfinə keçirlər. Baş verən hadisələrdən xəbərsiz olan Gövhər xanım Cahangir ağanın Rusiyadan gəlməyini gözləyir. Xəstə olan Gövhər xanıma oğlu Cahangirin bolşevik olduğunu demirlər. Gövhər xanım Cahangirdən bir xəbər bilmədən ölür. Müsibətli hadisələr bir-birinin ardınca baş verir. Gövhər xanımın ölümünün ardınca Pəricahan xanım qulluqçu Sənəmə qalanın alınma xəbərini verir. Sənəm isə Pəricahan xanıma Gövhər xanımın öldüyünü və Xanımın vəsiyyətini çatdırır ki, Pəricahan Cahangiri tapıb ona ərə getsin. Ondan ayrılmasın. Əmiraslan ağa baş verən hadisələrdən dəli olub, özünü Rüstəm Zal adlandırır, hətta Pəricahan xanımı belə tanımır. Mənəvi sarsıntılar keçirərək, çəkdiyi acılara dözə bilməyib, özünü ürəyindən bıçaqlayır və ölür. Gövhər xanımın son vəsiyyətinə əməl edən Pəricahan xanım Cahangiri bağışlayır. Onun qırmızı bayrağının altından keçib, onun kimi bolşevik olur. S. S. Axundovun “Laçın yuvası” dramı onun maarifçi qəhrəmanının qələbəsi ilə bitir.

news-inner-user

18675 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Xalq artisti Arif Quliyev dəfn edildi- Fotolar
13:49 07 May 2021
“Min bir gecə” baleti beynəlxalq festivalda nümayiş olunacaq
13:09 07 May 2021
Çarşablı bir qadın onu küçəyə atıb getdi, nişanlısı başqasını sevdi, soyadı olmadığı üçün pionerə keçirmədilər - On doqquz “ana”sı tapılan Arif Quliyevin dəhşətli həyatı
12:14 07 May 2021
Küçədə alça yeyən Arif Quliyev və təbəssümünü itirən uşaqlığımız
11:37 07 May 2021
Gənclik və qocalıq haqda ən gözəl şeir - Mətn
10:54 07 May 2021
Faiq Ağayev Arif Quliyevdən yazdı - Foto
10:17 07 May 2021
Müharibə futbol kimidir - Cəbrayıl Dövlətzadə haqqında roman
09:00 07 May 2021
Arif Quliyev vəfat etdi
01:53 07 May 2021
“Karlson” tamaşası onlayn göstəriləcək
19:00 06 May 2021
“Səhnədə” adlı müsabiqə elan olunub
18:35 06 May 2021
Yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – İslam Rzayev Zeynəblə oxumaqdan niyə imtina etmişdi? - Video
18:10 06 May 2021
“Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” monoqrafiyası çap olundu
17:21 06 May 2021
Kim bizi görüşdürüb öpüşdürə bilər? - Elzadan yeni şeir
16:36 06 May 2021
“Ata-anamın tanımadığı bir oğlanın qoluna girib getdim, yaxşı da elədim!” – Müsahibə
16:01 06 May 2021
Gənc yazıçının kitabı çap olundu
15:09 06 May 2021
Herman Hessenin povesti Azərbaycan dilində
14:36 06 May 2021
O qızın mənim 20 yaşımdakı barmaqları – Ulucay yazır...
13:50 06 May 2021
“Mənim arvadım sənin nəyinə lazımdır?!” – Ailəsindən qışqıra-qışqıra danışan “bomj” - Reportaj
13:10 06 May 2021
Tanınmış türk yazıçı vəfat etdi
12:25 06 May 2021
Aktrisa teatrların açılması ilə bağlı müraciət etdi: Görün nə cavab aldı?
11:52 06 May 2021