news-inner
clock17:40 calendar-gray 05 Fevral 2021 view-gray337 dəfə oxunub
view-gray337 dəfə oxunub

Kamal Abdullanın kitabı təqdim olundu - Foto

Milli Kitabxanada “Mitolojinin elçisi: Kamal Abdulla armağanı” kitabının təqdimatı keçirilib .

Kulis.az xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı, akademik Kamal Abdullanın anadan olmasının 70 illiyi münasibətilə Türkiyədə nəşr olunmuş “Mitolojinin elçisi: Kamal Abdulla armağanı” adlı kitabın təqdimat mərasimi keçirilib.

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə kitabxananın direktoru, professor Kərim Tahirov dekabr ayında görkəmli alim Kamal Abdullanın 70 illik yubileyinin tamam olduğunu deyib. O, bildirib ki, Kamal Abdullanın Azərbaycan xalqı, dövləti qarşısında xidmətləri böyükdür. Bir türkoloq alim kimi Kamal Abdullanın Azərbaycan filologiyasının, xüsusilə də qorqudşünaslığın, sintaksisin nəzəri problemlərinin, mətn dilçiliyinin hərtərəfli öyrənilməsi və inkişafında mühüm xidmətləri var. Kamal Abdulla, həmçinin Azərbaycan dilinin, mədəniyyətinin və multikulturalizminin Avropa, Amerika, Yaxın və Uzaq Şərq universitetlərində təbliği ilə bağlı geniş fəaliyyət göstərib, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında real işlər görüb. Bütün bunların nəticəsidir ki, Kamal Abdullanın anadan olmasının 70 illiyi münasibətilə sözügedən kitab Türkiyədə nəşr olunub. Kitabda istər Azərbaycanın, istərsə də türk dünyasının və xarici müəlliflərin Kamal Abdulla haqqında fikirləri, təbrikləri, mülahizələri öz əksini tapıb: “Kamal müəllim yazıçı, dilçi və türkoloq alim kimi dünyada məşhurdur, Azərbaycan ədəbiyyatına, dilçiliyinə çox böyük xidmətlər göstərib. O, “Türkologiya” jurnalının baş redaktoru kimi bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Kamal müəllimin əsərləri uzun zaman Azərbaycan ədəbiyyatının xüsusi bir mərhələsini təşkil edərək, gənc alimlərin, ədəbiyyatşünasların stolüstü kitabına çevriləcək. “Mitolojinin elçisi, Kamal Abdulla armağanı” kitabının Türkiyədə çapı xüsusi əhəmiyyətə malik hadisədir. Bu kitabın səsi-sorağı çox uzaqlardan gələcək. Bu kitabda bütün dünyadan ən görkəmli alimlərin Kamal Abdulla haqqında yazıları çap olunub. Bütün bunlar Azərbaycan ədəbiyyatın dünyada tanıdılmasında böyük rol oynayır”.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı İsa Həbibbəyli məruzə ilə çıxış edərək Milli Kitabxananın elm, mədəniyyət sahəsindəki fəaliyyətini və ziyalılarımıza göstərdiyi xidməti yüksək qiymətləndirib. O bildirib ki, Kamal Abdulla yaradıcılığı nəinki Azərbaycanda, həmçinin ölkə hüdudlarından kənarda da tanınır, tədqiq edilir: “Kamal Abdulla Azərbaycan ədəbiyyatının və elmi fikrinin sərhədlərindən kənara çıxan, dünyada qəbul olunan insandır. Kamal Abdullanın Umberto Eko ilə görüşü mən hesab etmirəm ki, sadəcə, onun özünü maraqlandıran bir hadisədir. Düşünürəm ki, bu hadisə Azərbaycan ədəbiyyatının Umberto Eko zirvəsinə doğru inkişafına töhfədir. Kamal Abdulla müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeni istiqamətlərdə inkişafına xüsusi töhfələr vermiş böyük ziyalılarımızdan biridir. Kamal müəllim müstəqillik dövründə akademik titullu ilk Xalq yazıçısıdır. Sovetlər dövründə bu model var idi. Səməd Vurğun Xalq şairi və akademik, Mirzə İbrahimov xalq yazıçısı və akademik idi. Müstəqillik dövründə isə yeganə yazıçı Kamal Abdulladır ki, bu iki yüksək rütbəni daşıyır. Bu iki tərəf onun ədəbiyyatda, elmdə və dünyaya çıxışında yerini müəyyənləşdirir. Kamal müəllim ədəbiyyatın Xalq yazıçısı, elmin akademikidir. O, hər ikisinin ən yüksək zirvəsini fəth edə bilib.

Postmodernizmin cərəyanı Azərbaycan ədəbiyyatında məhz Kamal Abdullanın ardıcıl fəaliyyəti ilə populyarlaşıb. Və Kamal Abdulla Azərbaycan postmoderizm ədəbiyyatının yaradıcısıdır. Bu, defakto belədir. Onun qədər postmeodernist ədəbiyyata davamlı, ardıcıl olan, hər dəfə bir-birindən fərqli yeni əsərlər yazan, bu ədəbiyyatı kütləviləşdirən ikinci bir yazıçı göstərmək çətindir”.

İ.Həbibbəyli əlavə edib ki, Kamal Abdulla müstəqillik dövrü Azərbaycan qorqudşünaslığının əsas yaradıcılarından biridir. O, “Dədə Qorqud” dastanını dünya dastan poetikası ilə üzvü surətdə öyrənmək işini tam yeni bir məcraya gətirib. Onun Azərbaycanda qrammatika sənətinə, sintaksisin ayrı-ayrı bölümlərinə aid akademik səviyyədə ciddi elmi tədqiqatları var: “”Mitolojinin elçisi, Kamal Abdulla armağanı” kitabı mən dediyim bütün məsələləri özündə əks etdirir. Bu, onun Azərbaycandan kənarda, dünya müstəvisindəki yazıçı və alim kimi pasportudur. Türkiyədə tanınmış yazıçı və alimlərə “Ərməğan” kitabı həsr etmək ənənəsi var. Amma Azərbaycan yazıçısı haqqında Türkiyədə çap olunan ilk kitabdır. Hesab edirəm ki, Kamal Abdullanın timsalında bu səlahiyyəti qazanmaq dünya ədəbiyyatının faktı kimi təsdiq edilmək deməkdir. Kitabda 24 ölkədən 123 görkəmli müəllifin yazısı yer alıb. Bu kitab bütövlükdə Azərbaycan ədəbiyyatı, elmi, ziyalılığı haqqında 24 ölkədə təsəvvür yaratmağa, onu isbat etməyə şans gətirən kitabdır. Bu, Azərbaycan elminə, ədəbiyyatına hörmət, onun şöhrətini artıran, ona oxucular qazandıran kitabdır. Bu, Kamal Abdulla haqqında abidə kitabdır”.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxış edərək bildirib ki, Kamal Abdulla Azərbaycanın çox dəyərli alimlərindəndir. Onun Azərbaycan dilinin qrammatikası, sintaksisin ayrı-ayrı məsələlərinə dair ciddi tədqiqat əsərləri var. N.Cəfərov bildirib ki, akademikin “Kitabi-Dədə Qorqud”a dair yazılan əsərləri tədqiqatçılara bir köməkdir. Həmçinin o qeyd edib ki, Kamal Abdullanın anadan olmasının 70 illiyi münasibətilə nəşr olunan “Mitolojinin elçisi, Kamal Abdulla armağanı” adlı kitab Azərbaycan yazıçısı haqqında xaricdə çap olunan mükəmməl bir nəşrdir: “Mən Kamal Abdullanı 80-ci illər əsərlərindən tanıyıram. O vaxt da gənclər arasında indiki qədər sevilirdi, oxunurdu. Kamal Abdulla çox dəyərli Azərbaycan alimi və yazıçısıdır. Kamal müəllim “Dədə Qorqud” mövzusu ilə bağlı çoxlu əsərlər yazıb, çoxlu anlayışlar gətirib. Onların çoxu vaxtilə müzakirə olunub və indiyə qədər də müzakirəsi bitmir. Kamal müəllimin seçilmiş əsərləri çap olunur. Onların siyahısına, əsərlərinə baxanda görürük ki, heç biri bir-birini təkrar etmir, hər biri orijinaldır, yenidir”.

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı çıxışında ilk əvvəl Milli Kitabxanaya Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli şəxslərinə həsr edilən belə tədbirləri təşkil etdiyinə görə öz təşəkkürünü bildirib. Daha sonra, o, Kamal Abdullanı yubiley münasibətilə təbrik edərək belə bir fundamental kitabın nəşrini yüksək qiymətləndirib. O qeyd edib ki, Kamal Abdulla yaradıcılığı çoxşaxəlidir. O həm şair, həm də gözəl hekayə ustası, dilçi, türkoloq, folklorşünas, ədəbiyyatşünas, mədəniyyətşünas alimdir. O, istər Azərbaycan ədəbiyyatında, istərsə də Azərbaycanın ictimai-siyasi fikrində mühüm rol oynamış şəxsiyyətlərdəndir: “Kamal Abdullanın kitablarını oxuyanda, onların siyahısına baxanda görürsən ki, o, heç özü üçün yaşamayıb. Bu baxımdan mən onun ömrünü örnək hesab edirəm. Xatırlayıram ki, Meydan Hərəkatının ən qaynar vaxtında Kamal Abdulla öndə idi, insanlara doğru yol göstərirdi. O vaxtlar Kamal müəllim ziyalılıq mövqeyini göstərirdi və bu mövqeni o hər zaman davam etdirdi. Kamal həm qələm adamıdır, həm də çox görkəmli ictimai-siyasi xadimdir. O, müstəqil Azərbaycan dövlətinin inkişafında böyük xidməti olan insandır. Kamal Abdullanı hər zaman gənclərin yanında olan, onlara doğru yol göstərən xeyirxah insan kimi həmişə yüksək dəyərləndirmişəm”.

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Xalq yazıçısı Kamal Abdulla ilə bağlı xatirələrini danışıb, onu yazıçı, alim və şəxsiyyət kimi yüksək dəyərləndirib: “Gənclərlə, tələbələrlə işləmək, onların qayğısına qalmaq, gənclərin qolundan tutub onları irəli çəkmək, onlara güvənmək Kamal müəllimin əsas müsbət keyfiyyətlərindəndir. Gənclər Kamal müəllimi sevir, qiymətləndirirlər.

Yeni söz demək, yeni nəfəs ortaya qoymaq Kamal müəllimin çoxşaxəli yaradıcılığının mühüm elementlərindəndir. Kamal Abdulla həmişə yeniliyə doğru addımlayır. Həm bədii, həm də elmi yaradıcılıqda biz bunun şahidi oluruq. Yazıçının, şairin, alimin əsas göstəricilərindən biri öz mühitini yaratmaqdır. Kamal müəllimin bu gün də gördüyü işlər lazım olan mühiti yaratmaqdan, sağlam gənclər yetişdirməkdən ibarətdir. Şair kimi, nasir kimi ədəbiyyata yenidən baxmaq, alim kimi elmə yenidən baxmaq və oxucu yetişdirmək. Kamal Abdullanın şeirləri, hekayələri, romanları ənənəvi, bizim vərdiş elədiyimiz mətnlər deyil. Kamal Abdullanın yazdıqları fərqli çərçivələrdə olan axtarışlardır. Nəsr fərqli, şeir fərqli, roman yaradıcılığı fərqli, elmi əsərlərində fərqli yanaşma. Mən belə başa düşürəm ki, bu fərqli söz demək ehtirası, amalı, arzusu Kamal Abdullanın ətrafında böyük bir sağlam dairə yaradıb. Bu dairə Azərbaycanın elmi və bədii düşüncəsinə, dövlətçilik təfəkkürünə xidmət edən təşkilatdır”.

Muxtar İmanov əlavə edib ki, “Mitolojinin elçisi: Kamal Abdulla armağanı” kitabı Azərbaycanın elmi, təfəkkürü, ümumiyyətlə özü haqqındadır: “44 günlük qələbəsinə öyündüyümüz bir Azərbaycan var bu kitabda. Mən fəxr edirəm ki, belə bir kitab Türkiyədə çap olunub. İndiyədək çox kitablar görmüşük, amma hələ Türkiyədə belə kitab çap olunmayıb. Nə şair, nə yazıçı, nə alim haqqında “Ərğəman” kimi kitab nəşr olunmayıb. Sevindirici haldır ki, böyük səmimiyyətlə, həvəslə, məhəbbətlə Kamal Abdulla yaradıcılığını tədqiq edirlər və əslində Azərbaycan tədqiq olunur. Bu gün də, sabah da Azərbaycanın belə imzalara böyük ehtiyacı var”.

Xalq şairi Ramiz Rövşən bildirib ki, Kamal Abdulla böyük sevgi qazana bilmiş insandır, onun haqqında yazılanlar, deyilənlər hamısı sevgidən irəli gəlir: “Kamal Abdulla mənim əziz dostumdur. Kamal Abdullanın yaradıcılığında mən Dədə Qoquda ata-oğul münasibəti görmüşəm. Dədə Qorqudun dünya ədəbiyyatına çıxmağında, dünya ədəbiyyatında tanınmağında heç şübhəsiz Kamalın böyük əziyyəti, xidmətləri, övladlıq borcu var. Şair öz hissiyyatını yazır, şeir ürəyin kardioqrammasıdır. Kamalın bütün əsərləri özüdür, mətnləri onun ömüründən keçir. Kamal elmlə ədəbiyyatın, elitarla kütləvinin, şeirlə nəsrin qovuşma nöqtəsidir. Mən sizə deyim ki, indi dünyada da məhz bu xətt öndədir. Mən kitabı çox pis oxuyuram, bir az baxıram, görürəm cümlələr məni tərpətmədisə, qırağa qoyuram, oxumuram. Tam səmimi şəkildə deyirəm ki, həmişə Kamalın kitablarını gözləyirəm. Kamal ədəbiyyatın ən intellektual nümayəndələrindən, Azərbaycanda intellektual mətnin yaradıcılarından biridir. Biri var sən şairlərin şairi, yazıçıların yazıçısı olasan, biri də var hamının olasan. Kamal hamınındır və mən onun mətnlərini oxuyanda qəribə bir ləzzət alıram. Mən Kamalın bütün mətnlərini böyük zövqlə oxumuşam. Amma iki kitabını xüsusi ilə qeyd etmək istəyirəm: biri “Sehrbazlar dərəsi”dir. Bu roman şedevrdir. Və mən “Sirlərin sərgüzəşti”ini çox sevmişəm. Kamal Abdulla bir ömürdə bir neçə ömür yaşamış insan təsiri bağışlayır”.

Rövşən əlavə edib ki, Kamal Abdulla harda olubsa, orda doğma və sağlam mühit yaradıb: “İdarəçilikdən söhbət gedirsə, burada birinci şəxsin kimliyi təbii ki, çox önəmli, mühüm məqamdır. Kamal Abdulla böyük sevgi qazana bilmiş insandır, onun haqqında yazılanlar, deyilənlər hamısı sevgidən irəli gəlir. Kamalın yaradıcılığında da insana, vətənə sevgi çox əhəmiyyəti yer tutur”.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə akademik Kamal Abdullanı yazıçı, alim və dövlət xadimi kimi dəyərləndirib. O, bildirib ki, Kamal Abdulla alim, yazıçı və dövlət xadimi kimi gördüyü işlərin zirvəsindədir: “Kamal Abdulla dövlətçilik baxımından, ictimai-siyasi fəaliyyət baxımından mühüm işlər görmüş şəxsiyyətdir. Təsadüfü deyil ki, Kamal dövlət müşaviri səviyyəsinə qədər yüksələ bilib. Kamal nə ilə məşğul olubsa, həmin fəaliyyətin ən yüksək zirvəsinə çatıb. Mən hesab edirəm ki, bu hər adama nəsib olmur. Bu cür genişşaxəli fəaliyyət göstərən ikinci adamı tanımıram. Kamal Abdulla müxtəlif zəngin ideyalarla dolu adamdır və bu ideyaları həyata keçirmək üçün hər zaman durmadan çalışır. Kamal bir vaxtlar Mədəniyyət Fondunun rəhbəri kimi xaricdə fəaliyyət göstərən icmaları bir istiqamətdə birləşdirməklə, mədəniyyətlərin qarışıqlı əlaqəsi ilə məşğul olurdu və multikulturalizm cəhdlərinin əsası da elə onda qoyuldu. Kamal Abdulla elə o vaxtlardan Azərbaycana hansısa mühüm töhfələr vermək barədə düşünürdü. Deyərdim ki, Kamal bu istiqamətdə istəklərinə nail ola bildi. O, həyatda hamının çatmaq istədiyi zirvələrə çatıb. Kamal bundan sonra da nə ilə məşğul olacaqsa, istiqaməti dəyişməyəcək, Vətən və dövlət üçün əlindən gələni əsirgəməyəcək”.

AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib ki, Kamal Abdulla elmdə qazandığı zirvəni həm də yazıçılıqda qazanıb. Necə ki elmdə yeniliklər, gələcək araşdırmalar üçün cığırlar açıb, eləcə də bədii yaradıcılığında postmodernizmin ilk dəyərli nümayəndəsi kimi gələcək üçün yol açıb. “Mitolojinin elçisi, Kamal Abdulla armağanı” kitabı nadir kitablardandır: “Kamal müəllim də nadir insandır. Nadir nəfəs sahibidir. Bizim ədəbiyyatımızın ən yüksək zirvəsi “Kitabi-Dədə Qorqud”dur. Tərəzinin bir gözünə Dədə Qorqudu, bir gözünə başqa yazılı abidələri qoysaq, Dədə Qorqud ağır gələr. Kamal Abdullanın həyatında Dədə Qorqud qırmızı xətlə keçir. Hələ 1977-ci ildə Moskvada müdafiə etdiyi namizədlik işi məhz Dədə Qorquda həsr olunub və sintaktik paralelizm yeni sahə idi. Və 1984-cü ildə müdafiə etdiyi "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" adlı doktorluq dissertasiyası. O kitab bu gün də Azərbaycanın ali təhsil ocaqlarında öyrənilir və yeni çığırlar açır. Bunun əsasında onlarla dissertasiya yazılıb. Doğrudan da Dədə Qorqud Kamal müəllimin həyatında, yaradıcılığında mühüm yer tutur, “Gizli Dədə Qorqud”, "Kitabi-Dədə Qorqud" dastanının poetikasına giriş” kitabları müstəsna əhəmiyyətlidir. “"Kitabi-Dədə Qorqud" dastanının poetikasına giriş” tamam başqa, bizim ədəbiyyatın tarixini qədimlərə aparan əsərdir”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid pandemiya şəraitində “Mitolojinin elçisi: Kamal Abdulla armağanı” kitabının təqdimatının keçirilməyini alqışladığını deyib: “Bu kitabın yaranmasında əməyi olan şəxslərə təşəkkür edirəm. Kamal müəllim bizim ədəbiyyatımıza, elmimizə, ictimai mühitimizə fəxarət gətirən insandır. Vətən müharibəsində də biz bunun bir daha şahidi olduq. Yazdığı mətnlər, ortaya qoyduğu mövqe bizi qürurlandırdı. Ümumiyyətlə, heç bir yaxşı hadisə Kamal müəllimin diqqətindən kənarda qalmır”.

“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan: “Ədəbiyyat qəzeti” olaraq Kamal Abdulla ilə bağlı sözümüzü Kamal müəllimin yetmiş illiyinə həsr etdiyimiz xüsusi buraxılışla dedik. Kamal Abdulla fərqli zamanın yazıçısıdır. Həmin zamanı təbii ki, hər kəs eyni miqyasda dəyərləndirə və duya bilməzdi. Kamal Abdulla mifoloji keçmişdən başlayaraq Berqsonun ideya olaraq irəli sürdüyü vahid zamanın içində öz zamansızlığını yaratdı. Bu gün Kamal Abdullanın yaradıcılığını dünya üçün maraqlı edən səbəb budur.

Professorlar Niyazi Mehdi, Rəhilə Qeybullayeva və digərləri çıxış edərək Kamal Abdulla yaradıcılığının çoxşaxəliliyi, eləcə də kitabın bədii tərtibatı ilə bağlı məsələlər haqqında çıxış ediblər.

Tədbirdə qeyd olunub ki, Türk Ədəbiyyat Vəqfinin nəşri olan “Türk ədəbiyyatı” jurnalının fevral sayı Kamal Abdullanın 70 illik yubileyinə həsr olunub.

Sonda Kamal Abdulla çıxış edərək öncə ona yubiley münasibətilə “Şərəf” ordeninin verilməsinə görə, ölkə Prezidenti İlham Əliyevə və bu tədbirin keçirilməsində təşkilatçılığa görə Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya, tədbirin iştirakçılarına öz təşəkkürünü bildirib: “Özümü xoşbəxt hesab edirəm ki, həyatda yaxşı müəllimlərim olub. Mənim bir devizim var: “Docendo discimus - öyrədərək öyrənirəm”. Tələbəmdən başlamış ünsiyyətdə olduğum hər adamdan öyrənməyə çalışıram. O adamların ən ümdələri burada toplaşan insanlardır. 70 yaşı, gənclik dövrünü xatırladıq. Görünür, hamımız bir-birimizi sevə-sevə, dəstək ola-ola ömrü hədər yaşamamışıq. Bu kitabın ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür edirəm. Mənə verdiyiniz dəyərə görə, xoş sözlərə görə sizə təşəkkür edirəm”.

Sonda qonaqlar Kamal Abdullanın həyat və yaradıcılığını əhatə edən geniş kitab sərgisi ilə tanış olublar.

news-inner-user

18716 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Azərbaycan–ispan danışıq kitabçası” çap olunub
18:18 12 May 2021
Azərbaycan bəstəkarlarının əsərlərinin toplusu Şuşada təqdim olundu - Foto
17:41 12 May 2021
"Xarıbülbül" musiqi festivalı başlandı
15:00 12 May 2021
Mənim Tanrım gözəllikdir, sevgidir - Hüseyn Cavidin şeirləri
14:24 12 May 2021
Ağadadaş Ağayev əməliyyat öncəsi fotosunu yaydı
13:09 12 May 2021
30 ilin ən gözəl müjdəsi
12:04 12 May 2021
Tanınmış aktyor vəfat etdi
12:00 12 May 2021
Bu gün Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır
10:12 12 May 2021
İrəvandan yük maşınında qaçan, özündən 24 yaş böyük direktorla evlənən, İran şahının sevimlisi olan Xalq artisti
09:03 12 May 2021
Sonsuz - Şərif Ağayarın hekayəsi
17:00 11 May 2021
Filmimiz Braziliyada beynəlxalq festivalda sertifikata layiq görülüb
15:50 11 May 2021
Soljenitsının Nobel almasının gizlinləri
14:45 11 May 2021
İntəhasız acı nəğmə - Qorki haqqında esse
13:25 11 May 2021
Sevgiliyə gül uzadan əllərin tənhalığı - Ramil Əhməddən yeni şeirlər
12:00 11 May 2021
Tom Kruz mükafatlarından imtina etdi - Qalmaqal
11:30 11 May 2021
“Qarabağa sülh, sevgi və ümid” adlı xeyriyyə konserti keçiriləcək
10:26 11 May 2021
II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı
09:00 11 May 2021
Berlin Film Festivalı açıq havada keçiriləcək
17:35 10 May 2021
Musa Dədə əbədiyyət yaşında
15:51 10 May 2021
Çingiz Qənizadə: “Kəramət Böyükçölü maliyyələşdirib üstümə göndərənləri yaxşı tanıyıram” – Müsahibə
14:30 10 May 2021