Talehlə Əlixan camaatı necə çaşdırır? – Aliyə yazır...  

Talehlə Əlixan camaatı necə çaşdırır? – Aliyə yazır...  
2 fevral 2021
# 11:07

Kulis.az Aliyənin “Faciə, fəlakət və problem” adlı yeni yazısını təqdim edir.

Bəri başdan deyim: Əlixanın "Lüger"ini, ya Talehin "Orta statistik Rasim"ini tənqid-təhlil ya tərif etmək fikrindən çox-çox uzağam. Adamlar mühit haqda, reallıq haqda çox şey deyən və xeyli keyfiyyətlə göstərən filmlər çəkib qoyublar. Özü də öz hesablarına. Aktyorlar da mühit və tip bağını əla tutub, bu qatda olduqca dəqiq, keyfiyyətli tipajlar yaradıblar.

Məni qayğılandıran başqa nüansdır. "Parkdakılar" filmində də, “Lüger”də də sosial siniflərə, sosial mühit və kapitalist münasibətlərə toxunulur. Nəinki toxunulur, Hətta əhvalatın əsas dramatik gücünü burdan alırlar. Və bu iki filmdə birilərinin çox imkanlı ikən, o birilərininsə o imkanlara sahib olmadıqları sosial ədalətsizlik kimi, faciə kimi təqdim olunur. Əlbəttə “Lüger”də tarix müəlliminin vəziyyəti çox ciddidir, arvadı xəstəxanadadır, bəlkə pul tapmasa qadın əməliyyat olunmayacaq və həyatını itirəcək.

Amma... filmin vurğuları hara düşür?

“Lüger”də "40 qəpiklik sok" (şirə), “Orta statistik Rasim”də "seqvey" bu dramatizmin əsas detallarıdır. Məhz bu məqam tamaşaçıları xeyli çaşdırır.

Axı faciə 40 qəpiklik sok ala bilməməkdə, dükanı olmamaqda, uşağına seqvey ala bilməməkdə deyil. Məsələ bugünkü dünyada, bu istehlak dünyasında insan münasibətlərinin bu şeylər üzərində qurulmasındadır. Taleh filmində bunu az-çox göstərmişdi. Onun qəhrəmanı evdə əzilir, o seqveyi almasa gözdən düşəcək. Daha da gözdən düşəcək. Deməli, ən doğmalarıyla, arvadı və oğluyla münasibətləri əvvəldən düzgün qurmayıb. Seqvey həyati əhəmiyyətli ehtiyac deyil. O, başqa atalar kimi olma dərdidir.

Tarix müəlliminin də meyvə şirəsi ala bilməməsini rejissor Əlixan faciə kimi təqdim edir. Bunu həmin epizodlarda kadrarxası musiqidən hiss edirik. Faciəsə orda yox, həyata məhz bu münasibətdədir; daha dəqiq yerini desəm, faciə qos-qoca tarix müəlliminin sok ala bilməməyi faciə etməsində, mağaza satıcısı Vüqarın dükan açmaqçün ona var-dövlət qoymadığına görə atasına "gorbagor" deməsindədir.

Bir cümləylə rejissor mühitin dəyərlərini göstərir. Əlbəttə, təkcə buna görə bu mühit çürükdür deyə bilmərik. Amma bu cümlə orta statistik Rasimin, "Lüger"dəki tarix müəlliminin qorxusudur.

Film müəllifləri bunlara toxunur, amma vurğunu başqa, məncə lazım olmayan məqamlara qoyurlar.

Söhbəti xırdalamaq istəmirəm. Uşaqlıqda mən də nələrsə istəmiş, arzulamış, buna görə hardasa küsmüşəm də. Uşağın qarşısında atanın, ya ailə başçısının "vəzifə" narahatlığını da nəzərə alıram. Amma etiraf edək, "gorbagor ata", "fərsiz, avara ər" olmaq qorxusu bu məsuliyyəti aşır. Və o "sok dramatizminin" hardasa şişirtmə olduğunu, reallıq acısından çox dramatizasiya etmək kəraməti olduğunu ortaya qoyur.

Məni konkret film yox, ordan alınan ideyalar düşündürür. Sosial bərabərlik ideyasının aşınması. Hamının eyni imkanlara sahib olması arzusu.

Hardasa atanın evə ət alması atalıq təntənəsidir, hardasa seqvey alması. Məsələ atanı, əri özünü əzik hiss etdirəcək ideologiyanın hakim olmasıdır. Kimdənsə, xüsusən uşaqlardan tərki-dünyalıq tələb olunmur. Amma ən birinci uşaqlar əziklik kompleksi yaşayanı hiss edə bilirlər (hələ 6 yaşlı qızım Şaxta babanın məktubunu gətirdiyi hədiyyələrdən qabaq açarkən belə demişdi: məktub nə uzundur, deyəsən istədiklərimi gətirə bilməyib! - Heyrət! Altı yaşlı uşaq, yoxsulluğun zəvzəkliklə mümkün əlaqəsini çözmüşdü!).

Bu əziklik kompleksini başqalarının misalındakı "normal həyat" modeli ortaya çıxarır, istehlak ideologiyasısa (həyat dükandır, bir şey ala bilmirsənsə, yaşamırsan) böyüdüb şişirdir.

Atanın övladına ən ucuz bir şirəni, ya da arzulanan oyuncağı ala bilməməsi, çox ciddi problemdir, ağırdır, amma ata ilə övladın, ərlə arvadın münasibətlərinin bu problem üzərində qurulması faciədir.

Bu arada neorealizm nümunəsi olan "Velosiped oğruları" filmini xatırlatmaq istəyirəm. Oxşar süjeti var. Atanın iş üçün əşhədü vacib olan velosipedini oğurlayırlar. Uzun axtarışlardan sonra yorulmuş ata özü işə bərpa olunmaq üçün kiminsə velosipedini oğurlayır. Amma tutulur. Oğru və işsiz ata başqalarının gözündə kiçilirkən, oğlunun gözündə ata obrazıyla böyüyür.

"Lüger" də, "Orta statistik Rasim" də ağır reallığı, mühiti dəqiqliklə göstərir, faciə isə görmədiyimiz yerdədir. İnsanın bir tikə çörək üçün həyatının böyük bir hissəsini iradəsinin əksinə olaraq işləməsi əsl fəlakətdir (o, satıcı Vüqarı nə qədər çox adam necə gözəl başa düşür). Hətta, məncə insanı təhqir edən bir şeydir. Harda işləməksə olsa-olsa həbs olunduğun kameranın şəraitidir.

Müəlliflərin faciəni, fəlakəti və problemi ayıra bilmədən bir-birinə qarışdırmaqları tamaşaçıları çaşdırır, ideyanı aşındırır. Məhz bu səbəbdən filmlər tamaşaçıya müsbət impuls, həyata ümid verə, işıq ötürə bilmir, onu gerçəkliyin zülmətinə çəkir. Faciənin harada olduğunu bilmək özü də bir işıqdlr.

İşıq gələn yer...

# 15123 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #