news-inner
clock08:15 calendar-gray 04 Yanvar 2013 view-gray2458 dəfə oxunub
view-gray2458 dəfə oxunub

“O vaxt marksist və ateist idim”

LAYİHƏ: SİYASƏTSİZ

Wikipedia: Hüseynov Pənah Çodar oğlu. 1957-ci il oktyabrın 28-də Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Rus və ingilis dillərini bilir. 1980–1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, rayon tarix muzeyinin işçisi olub. 1986-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. 1988-1991-ci illərdə Milli Azadlıq Hərəkatının iştirakçısı, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ildə qısa müddətdə (aprel 1993 – iyun 1993-cü il) Azərbaycan Respublikasının Baş Naziri işləyib. 1997-2000-ci illərdə Azərbaycan MEA-nın Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi olub. Özünün yaratdığı Azərbaycan Xalq Partiyasının ilk sədri olub, hal-hazırda sıravi üzvüdür. 2005-ci il noyabrın 6-da 63 saylı Sabirabad birinci seçki dairəsindən Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olub. Evlidir, 3 övladı var.

Müsahibə Pənah Hüseynin evində baş tutur. İçəri girəndə bizi balaca nəvəsi qarşılayır. Pənah bəy dərhal nəvəsini qucağına götürür, onu öpür, sonra bizimlə tanış edir. Söhbətimiz çay masası ətrafında baş tutur. Soruşuram ki, bu evi nə vaxt alıb? Deyir ki, Sovet dövründə gənc elmi işçilərə ev verirdilər. Onun da payına şəhərin ucqar yerində 4 otaqlı bir ev düşüb. Sonradan həmin evi sataraq Binəqədi rayonuna köçüblər. Uzun illərdir ki, burada yaşayır, övladları və nəvələri ilə birlikdə.

- Bir müddət öncə 55 yaşınız oldu…

- Sənəddə doğum günüm oktyabrın 28-i göstərilib. Əslində, 55 yaşım avqustda tamam olub. Avqustun 9-da anadan olmuşam.

- Özünüzü 55 yaşında hiss edirsiniz, yoxsa daha gənc?

- Mən bilmirəm, 55 yaşında adam özünü necə hiss etməlidir. Məsələn, 55 yaşla 50 yaş arasında elə bir fərq yoxdur. Amma 20 yaşla müqayisədə dəyişikliklər var.

- Deyirlər, 50 yaşlı adlayanda insan depressiyaya düşür. Belə bir hiss yaşadınız?

- Yox.

- Sizi həddindən artıq emosional insan kimi xarakterizə edirlər. Niyə bu qədər emosionalsınız?

- Emosiya insana Allahın bəxş etdiyi böyük lütfdür. Qaldı məsələnin başqa tərəfinə, çox vaxt uduzan rəqiblərim deyirlər ki, Pənah Hüseyn həddindən artıq emosionaldır.

- Yəni emosional olmağınızı özünüzün güclü tərəfi hesab edirsiniz?

- Necə varamsa, oyam.

- Avtomobiliniz var?

- Yox.

- Deputat olanda da avtomobilsiz hərəkət edirdiniz, deyəsən?

- Hərəkət etməyinə hərəkət etmişəm. Avtomobil idarə etməmişəm.

- Pulunuz olmayıb almağa, yoxsa...?

- İndi kreditlə alış-veriş imkanı var. Yəqin çox istəsəydim, kreditlə maşın götürə bilərdim. İstəməmişəm. Belə meylim olmayıb. Amma avtomobil yaxşı şeydir, əlverişli vasitədir.

- Avtomobil almamaqla özünüzü sadə insan kimi göstərməyə çalışmırsınız ki?

- Əksəriyyət bilmir ki, şəxsi avtomobilim yoxdur.

- Bəlkə bu bir siyasi gedişdir: xalqın arasında olmaq, metroya minmək...

- Bunun siyasətçi olmağımla bir əlaqəsi olmasın gərək.

- Sizə qarşı da “qara piar” olub. Hansıları xatırlayırsınız? Hansılar sizə çox pis təsir edib?

- Mən pis şeyləri yadda saxlamıram.

- Heç birini xatırlamırsınız?

- Xatırlamıram. Kefiniz çəkirsə, cavabı dırnaq arasına ala bilərsiniz. Azərbaycanın iriçaplı siyasətçilərdən birinin təbirincə desək, özümə qarşı bütün pislikləri unutmuşam.

- Mən birini xatırlayıram amma. Sizin haqqınızda “qarpızsatan” ifadəsini işlətmişdilər... Həqiqətən də qarpız satmısınız?

- Dedim axı, unutmuşam belə şeyləri.

- Haqqınızda “KQB agenti” ifadəsi də işlənib.

- Bunu da unutmuşam.

- Pənah bəy, ideologiyanız nədir?

- Siyasi ideologiyadan söhbət gedirsə, müsavatçıyam. İnanc baxımından isə, dindaram, müsəlmanam.

- Siyasi elmdə müsavatçılıq ideologiyası yoxdur axı.

- Sxematikləşdirsək, şərtiləşdirsək, demokratiyanın üç əsas istiqaməti, üç əsas tərkibi var. Liberal demokratiya, sosial demokratiya və milli demokratiya. Azərbaycan xalqının bəşərin siyasi mədəniyyətinə verdiyi töhfə ondan ibarətdir ki, demokratiyanın bu üç əsas istiqamətini, bu üç böyük tərkibini özündə mükəmməl və üzvi şəkildə birləşdirən müsavatçılığı ortalığa qoyub.

- Gənc yaşlarınızda kommunist olmusunuz...

- Mən Kommunist Partiyasına formal üzv olmamışdan əvvəl siyasi, fəlsəfi baxışlarıma görə marksist olmuşam. Bunun Sovet İttifaqı Kommunist Partiyasına üzv olmağımla əlaqəsi yoxdur. 1989-cu ilin dekabr ayının 3-də bu partiyadan rəsmən istefa verdim... Onda artıq xeyli müddət idi ki, kommunist deyildim.

- Necə oldu axı bu? Əvvəl inanırdınız... Sonra birdən-birə inancınız itdi?

- Mürəkkəb məsələdir. Bilirsiniz, fərdi miqyasda da inqilablar olur. Ya da ruhların təkamülü baş verir. Qısa desəm, nədən ötrü kommunist idimsə, ondan ötrü də antikommunist oldum. Həqiqət və ədalətə görə. Həzrəti İsaya aid hədislərdən birində deyilir: “Sizə gözəl sözlər deyiləcək. Sözlərə görə qiymət verməyin. Sizin üçün gözəl əməllər ediləcək. Əmələ görə qiymət verməyin. Sözlərin və əməllərin nəticəsinə görə qiymət verin”. Nəticə belə oldu...

- Millətçiliyin tüğyan etdiyi dövrdə siz də millətçi idiniz?

- Mənim millətçiliyim sadəcə bir xalqa, konkret olaraq türklüyə, bir vətənə, Azərbaycana mənsubluq hissindən, şüurundan və bundan duyduğum fəxarətdən, sevgidən ibarətdir. Hamımızı Allah xəlq edib. Hamımız Adəm və Həvvanın övladıyıq. İrqçiliyə qarışıyam və irqçilərə düşmənəm. Bilirsiniz, millətçiliyin nə olduğu mühümdür. Lakin indi daha mühüm olan odur ki, millətçilik nə deyildir...

- Çox böyük tarixi hadisələrin içində olmusunuz. Yaşadıqlarınızı nə vaxtsa qələmə almağı düşünürsünüz?

- Zaman-zaman bu hadisələr haqqında müsahibələr vermişəm, məqalələr yazmışam. Bu müsahibə və məqalələrdən ibarət toplunu kitab şəklində buraxmağı planlaşdırıram. Ola bilər, yeni şeylərin yazılması da lazım gəlsin.

- Memuar yazsanız, adını nə qoyarsınız?

- Belə planım yoxdur. Əgər yazsam, o vaxt bir ad düşünərəm. Mən bir həyat yaşamışam. Öz həyatıma ad qoymaq istəməzdim, adı başqaları qoysun.

- Əlinizdə imkan olsaydı, bioqrafiyanızdan nəyisə silərdiniz?

- Heç nəyi.

- Heç şeir yazmısınız?

- Yazmışam. Şeir deyəndə ki.... Şeir insanın möcüzələrindəndir. Şairlik də Allah vergisidir. Mən sadəcə şeir adına nəsə yazmışam.

- Çapa verməmisiniz?

- Yox.

- Hansı mövzularda olub şeirlər?

- Müxtəlif.

- Nə vaxt olub?

- Axırıncı dəfə 2003-cü ildə Bayıl həbsxanasında “ölüm korpusu”nun təkadamlıq kamerasında.

- Yəqin sevgilinizə də yazmısınız...

- (düşünür, sonra isə gülümsəyir) Yazmışam.

- “Wikipedia”da yazılıb ki, ingiliscə də bilirsiniz.

- İngiliscə sadəcə oxuya bilirəm. Yaxşı danışa bilmirəm. Universitetdə oxuyanda öyrənmişəm.

- Sosial şəbəkələrdə gözə dəymirsiniz.

- Hə, nə Facebookda, nə də Twitterdə varam.

- Səbəb nədir?

- Mən sosial şəbəkələrə prinsipial olaraq girmirəm.

- Sizi ordan uzaqlaşdıran nəsə var?

- Anonimlik.

- Ərəb inqilablarından sonra bizdə bir düşüncə var idi ki, guya sosial şəbəkələr vasitəsilə böyük dəyişikliklər etmək mümkündür. Bu haqda nə düşünürsünüz?

- Virtual həyat heç vaxt real həyatı əvəz edə bilməz.

- İnternetdən heç istifadə etmirsiniz?

- İstifadə edirəm, təbii ki.

- İstər parlamentdə, istərsə də digər siyasi debatlarda mübahisə etdiyiniz şəxslərlə sonradan normal münasibət qurursunuz?

- Siyasi baxımdan qəbul etmədiyim adamlar var ki, onlarla dostam.

- Yeni Azərbaycan Partiyasından varmı belə adam?

- Bəlkə də elə dostlarım var ki, YAP-çıdır. Nə onun xəbəri var, nə mənim...

- Söhbət partiyanın rəhbərliyində olanlardan, funksionerlərdən, tanınmışlardan gedir.

- O kateqoriyadan olan adamlardan dostum yoxdur.

- Həmkarlarımdan biri deyirdi ki, parlament iclasından sonra, məsələn, Siyavuş Novruzovla oturub çay içdiyinizi görüblər. Olubmu belə şey?

- Ola bilər. Başqaları ilə birlikdə də ola bilər.

- Siyavuş Novruzova “bəy” deyirdiniz, yoxsa “müəllim”?

- Sözün doğrusu, xatırlamıram. Yəqin ki, nə bəy demişəm, nə müəllim.

- Bir də eşitmişik ki, Oqtay müəllimə parlamentin iclasından sonra “ağsaqqal” deyə müraciət edirmişsiniz.

- Bunu sizin zarafatınız kimi qəbul edək, keçək.

- Hakim partiyada simpatiyanız olan şəxslər varmı?

- Savadlı, peşəsini bilən insanlar var. Onları dəyərləndirirəm.

- Məsələn...

- Ad çəkmək doğru olmaz.

- Heç olmasa birinin adını çəkin.

- Bu, bizim məqsədlərimizə uyğun deyil. Amma yenə təkrar edirəm, belələri var. Gələcəkdə bizim təmsil etdiyimiz düşərgə hakimiyyətdə olacaqsa, həmin insanlar da ölkənin ictimai-siyasi həyatında iştirak edəcəklər. Məncə, onlar indi öz qabiliyyətlərini tam realizə edə bilmirlər.

- Sizin düşərgə hakimiyyətə gəlsə, hansı vəzifədə işləmək istəyərdiniz?

- Mən vəzifələr görmüş adamam. Tam səmimi deyirəm. Hazırda məndə vəzifə ehtirası yoxdur. Hakimiyyət məsələsi başqa....

- Musiqiyə marağınız var? Kimlərə qulaq asırsınız?

- Muğama, klassik caza daha çox qulaq asıram. Ancaq pop musiqini də xoşlayıram. Ümumiyyətlə, yaxşı ifanı sevirəm.

- Qadın müğənnilərdən kimlər sizin diqqətinizi cəlb edir?

- Müğənni kimi?

- Həm də qadın kimi.

- (sualdan yayınır) Son dövrdə mənim ən çox girdiyim saytlardan biri Youtube-dur. Səs gözəlliyini tam çatdırmasa da, seçim imkanları çoxdur. Gözəl səslər də, yaxşı olmayanlar da var.

- Ən yaxşılardan kimlərin adını çəkə bilərsiniz?

- Həyat yoldaşımla bir məktəbdə oxumuşuq. Elə orta məktəbdə oxuyandan indiyə kimi bizim ən çox bəyəndiyimiz, birlikdə dinlədiyimiz müğənni Flora Kərimova olub. Amma sevdiyim, təsirləndiyim səslər, ifalar, əlbəttə ki, çox olub və indi çoxdur.

- Youtube-da sonuncu dəfə kimi dinləmisiniz?

- İki nəvəm var. Repdən tutmuş, muğamata, meyxanaya qədər hər şeyi mənə dinlədirlər. Əvvəlinci, sonuncu itib gedir. Bir müddət əvvələ qədər insanlar musiqiyə qulaq asmağı, musiqidən həzz almağı, təsirlənməyi yadırğamışdılar. Ola bilər, cəmiyyət kütləvi nevroz yaşayırdı. İndi insanlar musiqiyə qulaq asırlar. Deməli, sağalıblar, ya da sağalırlar.

- Ömrünüzün yarısı Sovet dövründə keçib. O vaxtın nəyi üçün darıxırsınız?

- Sovet dövrü üçün cəmiyyət halına görə darıxmalı bir şey yoxdur. Dövr başqa, həyat başqa. Həyat dövrdən çox zəngindir. Sovet dövrünə düşən həyatımda o qədər anlar, duyğular, hisslər, gözəlliklər, nəşələr var ki... Darıx ki darıxasan.

- Məsələn, nələri xatırlayırsınız...

- Pisliklərdən başqa hər şeyi.

- Yaşadıqlarınız sizə nə öyrədib?

- Çox şeyi. Məsələn, yaşamaq böyük nemətdir.

- Namaz qılırsınız?

- Qılıram.

- Dini inanclarınız nə vaxtdan formalaşıb?

- Mən dindar mühitdə böyümüşəm. Ancaq uşaqlığımda və gəncliyimdə ideyalı ateist olmuşam. Universitetdə diplom işim “İslam sosializmi” mövzusu idi. Mövzu ilə bağlı “Quran”ı da öyrənməli oldum. Ərəbcə bilmədiyimə görə rusca tərcüməsini oxuyurdum. Bir də gördüm ateist deyiləm. Ancaq ateist olmamaq bir şeydir, dindar olmaq başqa şey...

- Sizcə müsahibə boyu nə qədər səmimi ola bildiniz?

- Əlimdən gələni etdim.

Oxşar xəbərlər

Xəbər lenti

Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Mikayıl Müşfiq qadına görə öldürülüb - İddia
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır - Qorxmaz Quliyev yazır...
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020
Kuklada uşaqlar üçün tamaşa
15:37 08 İyul 2020
Məşhur rəssamın əsəri tapılıb
14:59 08 İyul 2020